Dekabrın 13-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə jurnalistlər üçün “Yeni dönəmin xarici siyasət prioritetləri və media” mövzusunda təlim keçirilib.
AZƏRTAC xəbər verir ki, təlimdə əsas məqsəd ölkəmizə qarşı bilərəkdən və qərəzli formada həyata keçirilən qara piar və dezinformasiya kampaniyalarının önünə keçmək, medianın mümkün təhdidlər qarşısında operativlik və məlumatlılığının artırılmasına töhfə verməkdir.
BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev xarici siyasət sahəsində media təlimlərinin təşkilinin sözügedən sahə üzrə ixtisaslaşan jurnalistlərdə məlumatlılıq səviyyəsinin artırılması baxımından əhəmiyyətli olduğunu qeyd edib. Onun sözlərinə görə, media təmsilçilərinin bu sahədə peşəkarlıq səviyyəsinin artırılması milli maraqlarımızın beynəlxalq müstəvidə düzgün işıqlandırılması baxımından vacibdir.
Mətbuat nümayəndələri üçün təlimlərin vacibliyinə toxunan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, məqsəd həm də jurnalistlərin ekspert kimi yetişdirilməsi və analitik yanaşmalarının təkmilləşdirilməsidir.
Birinci hissədə Fərid Şəfiyev “Azərbaycanın qonşu dövlətlər və qlobal güc mərkəzləri ilə münasibətləri: çağırışlar və imkanlar”, Ayxan Hacızadə “Azərbaycan- Ermənistan sülh prosesi: fürsətlər və əngəllər”, BMTM-in şöbə müdiri Cavid Vəliyev isə “Azərbaycan xarici siyasətində Türk Dövlətləri Təşkilatı” mövzularında təlim keçiblər.
İkinci hissədə isə XİN-in Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəisi Əkrəm Zeynallı “Azərbaycan-Çin münasibətləri yeni mərhələdə: gözləntilər”, BMTM-in aparıcı məsləhətçisi Mətin Məmmədli “Donald Tramp dövründə ABŞ-Azərbaycan münasibətləri: əngəllər və fürsətlər” mövzularında təlim keçiblər.
Təlimdə 11 media təmsilçisi iştirak edib.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.