19 Iyul 2024 08:20
187
SİYASƏT
A- A+

Bəşəri idealların aliliyi naminə

Bakı Təşəbbüs Qrupu insanlığa qarşı cinayətlərlə mübarizəyə mühüm dəstək verir

 

"Azərbaycan hər zaman beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsiplərin aliliyinin təmin edilməsinin, dünyada bəşəri dəyərləri rəhbər tutaraq sülh, sabitlik və dialoq mühitinin bərqərar olunmasının tərəfdarıdır. 2023-cü ilin 6 iyul tarixində Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində yaradılan Bakı Təşəbbüs Qrupu da məhz bu ali niyyətlərin realizəsini hədəfləyib".

Bu sözləri "Azərbaycan" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. O bildirib ki, Bakı Təşəbbüs Qrupu XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən, dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir. Azərbaycan bu prosesdə daim aktiv rol oynamaqla bəşəri dəyərlər adına utanc olan neokolonializmin birdəfəlik kökünün kəsilməsini israrla arzu edir. Bakıda Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə təşkil olunan birinci qurultay da ilk növbədə Azərbaycanın bu istiqamətdə verdiyi töhfəsi hesab olunmalıdır. Sirr deyil ki, ən müasir kommunikasiya texnologiyalarının inkişafı, yeni münasibətlərin formalaşdığı bir dövrdə neokolonializm özünün yeni transformasiyası ilə hələ də davam etməkdə və dünyanın bir çox istiqamətlərində insan hüquq və azadlıqlarının realizəsi qarşısında əsas əngəl kimi çıxış etməkdədir. Yeni dövr neokolonializminin isə əsas və cinayətkar siması Fransadır. "Bu ölkənin nüvə dövləti olması, həmçinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi dünya idarəçiliyində faktiki yer alması fonunda bu günə qədər heç bir beynəlxalq subyekt Fransanın bu cinayətlərini ifşa etməyə təşəbbüs göstərməyib, rəsmi Paris isə cəzasızlıq mühitində özünün cinayətlərini davam etdirib. Lakin Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyə başlaması ilə Prezident İlham Əliyev bu məsələdə qətiyyət nümayiş etdirərək, xüsusən 2022-ci ilin noyabr ayının 21-də Əlcəzair Xalq Demokartik Respublikasının paytaxında Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında fəxri qonaq statusunda iştirakı və çıxışı zamanı Fransa neokolonializminin iç üzünü ilk dəfə qlobalmiqyaslı tribunadan bəyan edib, Fransanı cinayətkar əməllərini dayandırmağa çağırmışdı. Sonrakı dövrlərdə Prezident İlham Əliyev, əslində, bu niyyətlərlə yaradılmış, lakin həmin dövrə qədər daha çox ətalətdə və kölgədə qalmış təsisat olan Qoşulmama Hərəkatının imkan və güclərini səfərbər edərək neokolonializm və onun fəsadlarının aradan qaldırılması istiqamətində köklü mübarizəyə start verib", - deyə deputat əlavə edib.

O qeyd edib ki, Bakıda keçirilən konfrans da məhz bu proseslərin davamıdır. Azərbaycan, eləcə də prosesə qatılan digər subyektlər qəti və haqlı olaraq o qənaətdədirlər ki, bu kimi platformalar iştirakçı tərəflərə müstəqillik uğrunda mübarizədə daha sıx təşkilatlanma, habelə vahid platforma yaradaraq Fransa müstəmləkəçiliyinə qalib gəlmək üçün nəticəyönümlü fəaliyyətin əlaqələndirilməsinin yolları barədə müzakirə aparmaq imkanı yaradacaq. Həmçinin koloniyaların təmsilçiləri belə tədbirlərdə öz müqəddəratını təyin etmək mübarizəsində ən səmərəli təcrübə və  strategiyalar barədə fikirlərini bölüşmək və  təcrübə mübadiləsi aparmaq imkanları əldə edirlər.

Müsahibimiz vurğulayıb ki, Bakı Təşəbbüs Qrupuna artan maraq və getdikcə güclənən inam sayəsində Prezident İlham Əliyev bu istiqamətdə fəaliyyətin konsepsiyasını kifayət qədər aydın formada müəyyənləşdirə və XXI əsrin əsas cinayətlərindən biri olan neokolonializmlə mübarizədə effektiv və səmərəli nəticələr ortaya qoyan model formalaşdıra bilib: "Bəlağətli bəyanatlara, insan haqları və demokratiya barədə dünyaya mühazirələr oxumaq "niyyət"lərinə baxmayaraq, reallıq göstərir ki, əslində, Qərbin heç bir böyük gücü faktiki olaraq neokolonializm ilə mübarizədə səmimi, ümumiyyətlə, istəkli deyil. Hətta Qərb cəmiyyətlərində müşahidə olunan siyasi əhvali-ruhiyyə də proseslərlə bağlı müsbət heç nə vəd etmir. Xüsusən Avropa İttifaqına və Fransa parlamentinə son seçkilər də göstərir ki, Fransa və müstəmləkəçiliklə bağlı məsələlərdə onun həmfikirləri neokolonializm ideologiyasından nəinki əl çəkmək niyyətində deyil, əksinə bu cəmiyyətlərdə nüfuz, güc və hakimiyyət qazanmaq üçün bu siyasətə üstünlük verən siyasi qüvvələr daha çox dəstək və rəğbət görməkdədir".

B.Məhərrəmov bildirib ki, Azərbaycan Prezidentinin başlatdığı və hazırda qlobal miqyasda dəstək görən Bakı Təşəbbüs Qrupunun formalaşdırdığı platformalar faktiki olaraq insanlıq adına cinayətlərlə mübarizədə yeganə platforma kimi çıxış edir. Əlbəttə ki, onillərdir müstəmləkə əsarətində zülüm çəkən, minimum hüquqlarından məhrum edilən Fransanın dənizaşırı əraziləri başda olmaqla, bütün neokoloniyalarındakı xalqlar da bu reallığın fərqindədir. Azərbaycanın təşəbbüsləri və israrlı səyləri ilə qət edilən bu yolu çox yüksək qiymətləndirirlər. Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibinin Bakıda Azərbaycan Hökumətinə xüsusi təşəkkür etməsi və Azərbaycanı cəsarətli addımlarına görə təbrik etməsi də bu prosesdə artıq reallıqların aydın formada müşahidə edildiyini göstərir. Tədbirin yüksək səviyyədə təşkil olunması, bu tədbirdə demək olar ki, bütün müstəmləkələrdən siyasilərin iştirakı, fikir azadlığı və plüralizm şəraitində, azad formada bəyanatların səslənməsi, o cümlədən dünya mediasının bu prosesə artan marağı göstərir ki, Bakı qurultayı çox ciddi geosiyasi nəticələrə gətirib çıxaracaq. "Bu mənada, qurultayda beynəlxalq azadlıq cəbhəsinin yaranması mövzusuna xüsusi diqqətin yönəlməsi də təsadüfi hesab edilmir. Bu, əslində, gələcək fəaliyyətin yol xəritəsinin müəyyənləşməsi hesab olunmalıdır. Dünya bu prosesləri təhlil edərək hələ də müstəmləkə siyasətinə sadiq qalan, xüsusən Fransa kimi müstəmləkələrində cinayətlər törədən, siyasi təqiblər, siyasi terror aktlarına əsas davranış modeli kimi baxan beynəlxalq subyektlərə "dur!" deməyi bacarmalı, əks halda həmin güclər özləri neokolonializm siyasətinin tərəfdarları elan olunmalıdır. Bu mənada, Bakı Təşəbbüs Qrupu bəşəri idealların aliliyi naminə yaxşı imkan hesab olunmalıdır. Eyni zamanda bu günə qədər cəsarətsizlik göstərərək Fransa və digər neokolonialistlərin cinayətlərinə göz yuman dövlətlər üçün nəhayət ki, ədalətli mövqe göstərmələri üçün şansdır".

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video