Rusiya ilə Azərbaycanın böyük iqtisadi potensialı var və bu potensial qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılmasına imkan verir. Hər iki tərəf bu potensialdan istifadə etməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, şuranın əsas məqsədi iqtisadi əlaqələrin inkişaf tempini artırmaqdan ibarətdir.
“Biz yaxın qonşu dövlətlərik və iqtisadi-ticarət əlaqələrin zəifləməsinə imkan verməməliyik. İşgüzar Şuranın işini intensivləşdirməklə qarşıya qoyulan məqsədlərə çata bilərik. Şuraya daxil olan rusiyalı iş adamları və şirkət nümayəndələri Azərbaycanda biznesin inkişafı üçün yaradılmış imkanlarla yaxından tanış olmalı, sərmayə yatırımı imkanlarını araşdırmalıdırlar. Ümid edirəm ki, Azərbaycan-Rusiya İşgüzar Şurası bu istiqamətdə ciddi addımlar atacaq”, - deyə Rusiya rəsmisi qeyd edib.
Aleksey Overçuk əlavə edib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üçün Azərbaycanın nəqliyyat infrastrukturu hazırdır: “Bu dəhliz Türkiyəyə, Körfəz ölkələrinə, Cənub Şərqi Asiya bazarlarına çıxmaq imkanı verir. Biz İran ilə Rəşt-Astara dəmir yolunun tikintisini davam etdiririk. Bu 162 kilometrlik dəmir yolu Rusiya və Azərbaycanın Körfəz ölkələrinə çıxışını təmin edəcək”.
Turizm sahəsində əməkdaşlıq əlaqələrinə toxunan Rusiya Baş nazirinin müavini bildirib ki, dəfələrlə Bakıda olub və hər gəlişində şəhərin daha da inkişaf etdiyini müşahidə edib: “Təsadüfi deyil ki, ötən il Bakıya Rusiyadan 500 min turist səfər edib ki, bu da böyük göstəricidir”.