11 İyul 2026 08:28
435
SİYASƏT
A- A+
Bakının dəyişməz tələbi 

Bakının dəyişməz tələbi 


Yekun sülh sazişi üçün Ermənistan konstitusiyasını dəyişdirməli, ərazi iddialarından birdəfəlik imtina etməlidir


2025-ci ilin avqust ayından etibarən danışıqlar prosesində tamamilə yeni mərhələyə qədəm qoyan Azərbaycan və Ermənistan arasında real sülh şəraiti mövcuddur. Son bir ildə bu istiqamətdə müşahidə olunan müsbət dinamika özünü təkcə siyasi bəyanatlarda yox, həm də regionun iqtisadi potensialının aktivləşməsində göstərir. Tərəflər arasında ticarət əlaqələrinin qurulması, regional yük daşımaları və nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində addımların atılması sülhün praktiki faydalarını hiss etdirməkdədir. Bu reallıq həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi tərəfindən dəfələrlə bəyan edilib. Hazırda gündəmdə olan əsas məsələ mövcud iqtisadi və dinc şəraiti hüquqi müstəvidə təsbit etmək, delimitasiya prosesini tamamlamaq və gələcək münaqişə risklərini birdəfəlik aradan qaldırmaqdır. 

Tərəflər arasında aparılan danışıqlar və rəsmi nümayəndələrin açıqlamaları sülh prosesinin son mərhələyə qədəm qoyduğunu göstərir. Azərbaycan tərəfi bölgədə dayanıqlı sülhün bərqərar olması istiqamətində üzərinə düşən bütün öhdəlikləri yerinə yetirdiyini bəyan edərək yekun sənədin imzalanması üçün əsas maneənin aradan qaldırılmasını gözləyir. Bu günlərdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vaşinqton sammiti çərçivəsində birgə bəyanatın imzalandığını və sülh sazişinin mətni üzərində işlərin tamamlanaraq paraflandığını diqqətə çatdırıb. Nazir hazırda sənədin hüquqi bazasının hazırlandığını, mətnin 17 maddəsinin hər kəs üçün açıq olduğunu deyib: "Azərbaycan tərəfinin bununla bağlı yanaşması prinsipialdır. Dövlətin rəsmi mövqeyini Prezident İlham Əliyev bildirib. Bizim gözləntimiz Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Bundan sonra sülh sazişinin imzalanması üçün heç bir əlavə maneə qalmayacaq və sənəd növbəti gün imzalana bilər". 

XİN başçısı Ermənistan baş nazirinin konstitusiya islahatlarına dair vədini xatırladaraq, rəsmi Bakının mövqeyini bir daha diqqətə çatdırıb: "Bizi maraqlandıran və narahat edən əsas məqam bu ölkənin Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddialarıdır. Bu həll olunandan sonra bizim gözləntimiz bu işin tezliklə başa çatmasıdır". Azərbaycan tərəfi haqlı olaraq Ermənistanın Müstəqillik Bəyannaməsində yer alan ərazi iddialarının aradan qaldırılmasını dəyişməz şərt və mütləq tələb kimi ortaya qoyur. Sabah Ermənistanda hakimiyyətə revanşist qüvvələrin gəlməyəcəyinə, yaxud mövcud rəhbərliyin siyasi kursunun dəyişməyəcəyinə heç kəs təminat verə bilməz. Əgər yekun saziş Ermənistan konstitusiyası dəyişdirilmədən imzalanarsa, gələcəkdə hər hansı revanşist hökumət həmin sazişi özlərinin Müstəqillik Bəyannaməsinə zidd bəhanəsi ilə qüvvədən düşmüş elan edə bilər. Bu səbəbdən Bakı sülh sənədinin spekulyasiyalardan qorunmasının zəruriliyini gündəmə gətirir. 

Azərbaycanın qətiyyətli mövqeyi və hüquqi tələbləri fonunda artıq Ermənistan daxilində konstitusiya dəyişikliyi ilə bağlı müəyyən siyasi proseslərin icrasına başlanılıb. Ermənistanın Baş naziri Nikol Paşinyan parlament seçkilərindən sonra bu istiqamətdə addımların atılacağını təsdiqləyib. Baş nazir jurnalistlərə açıqlamasında ölkənin yeni konstitusiya layihəsinin bu ilin sonunadək dərc olunacağını vəd edib. Paşinyan layihənin daha əvvəl dərc olunmamasının səbəblərinə də toxunub: "Sənədin ictimai müzakirələrinin lazımi səviyyədə aparılması üçün layihənin açıqlanma müddətinin təxirə salınmasına qərar verilib". 

Parlament seçkilərindən qalib çıxması Paşinyanın daxili idarəetmədə mövqeyini müəyyən dərəcədə möhkəmləndirib. Hakimiyyətini saxlaması baş nazirə sülhə qarşı çıxan revanşist qüvvələrlə daha genişmiqyaslı mübarizə aparmaq imkanları verir. Əslində, qanunvericilik müstəvisində addım atmaq üçün Paşinyanın önündə ciddi daxili siyasi əngəl yoxdur. Bununla belə, kənar dairələri arxasına almış revanşist müxalifət və kilsə bu məsələni Paşinyana qarşı ən böyük rıçaq kimi istifadə etməyə çalışır. Paşinyanın yeni layihə sənədini ilin sonunadək uzatması cəmiyyəti dəyişikliyə hazırlamaq və müxalifətin etirazlarını neytrallaşdırmaq məqsədi güdür.

Paşinyan dərk edir ki, mövcud konstitusiyanı dəyişmədən dayanıqlı sülh və onun gətirəcəyi iqtisadi dividendlər qeyri-mümkündür. Yəni Ermənistanın iqtisadi xilası, regional layihələrə inteqrasiyası tamamilə bu hüquqi addımdan asılıdır. 

Konstitusiya müstəvisindəki müzakirələrlə paralel hazırda sərhədlərin müəyyənləşdirilməsi istiqamətində də praktiki addımlar atılır. Sərhədlərin tənzimlənməsi prosesinin həssas nöqtələrindən olan anklav və eksklavlar mövzusuna Ermənistan rəhbərliyi öz münasibətini açıqlayaraq masada konkret variantların olduğunu bildirib. Baş nazir Nikol Paşinyan bu problemin həlli üçün iki mümkün ssenarinin nəzərdən keçirildiyini bəyan edib: "Birinci variant ondan ibarətdir ki, anklav və eksklavlar de-yure məxsus olduqları dövlətin ərazisi olaraq qalır. İkinci variant isə delimitasiya zamanı tərəflərin ekvivalent ərazilərlə mübadilə aparmasıdır". Paşinyan qeyd edib ki, Ermənistan bu mövzudan imtina etmir. 

Azərbaycan tərəfi bu məsələdə beynəlxalq hüquqi sənədlərə və tarixi xəritələrə əsaslanan ədalətli həll variantının tərəfdarıdır. Bakı xüsusilə anklav və eksklav kəndlərin geri qaytarılmasının delimitasiya prosesinin ayrılmaz tərkib hissəsi olduğunu vurğulayıb. 

Reallıq ondan ibarətdir ki, yekun sülh müqaviləsinin imzalanması, əməkdaşlığın genişləndirilməsi bütövlükdə region üçün əhəmiyyətli ola bilər. Həm də bu, daha çox Ermənistana lazımdır. İqtisadi tənəzzüldən qurtulmaq və öz təhlükəsizliyini təmin etmək üçün İrəvanın sülhdən başqa alternativi yoxdur. İki ölkə arasında de-fakto mövcud olan sülhü hüquqi sənədlə əbədiləşdirmək Ermənistan üçün tarixi fürsətdir. Bu baxımdan, Nikol Paşinyan daxildəki revanşist qüvvələrin bütün təzyiqlərinə rəğmən, siyasi iradə nümayiş etdirməli və hüquqi öhdəlikləri mütləq şəkildə icra etməlidir.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Göygöldə V Milli Yaylaq Festivalının təntənəli açılışı olub

20:07
25 İyul

Nazir: Milli Yaylaq Festivalında milli ab-havanı görür və hiss edirik

19:39
25 İyul

Rumıniya Azərbaycanı enerji təhlükəsizliyinin əsas tərəfdaşlarından biri hesab edir

18:31
25 İyul

Ağdamın daha iki kəndinin açıq ərazisində yanğın başlayıb

16:23
25 İyul

Urs Unkauf: Birgə Bəyannamə Almaniya iqtisadiyyatı baxımından mühüm siyasi siqnaldır

14:31
25 İyul

Bakıda növbəti daxili iməcilik keçirilib: Küçə və prospektlər yuyulub

14:02
25 İyul

Rusiya Sumı şəhərindəki "Nova Poçta" terminalına zərbə endirib: Ölənlər var

13:00
25 İyul

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

12:47
25 İyul

Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir

12:07
25 İyul

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb

12:01
25 İyul

BDYPİ sürücülərə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edib

11:59
25 İyul

Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsinin səbəbi nədir?

11:41
25 İyul

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

11:34
25 İyul

Qızıl və gümüş bahalaşıb

11:26
25 İyul

Azərbaycan nefti 102 dollara satılır

10:58
25 İyul

Dünyanın ən böyük raketi növbəti sınaq uçuşuna buraxılıb

10:55
25 İyul

FHN-dən su hövzələrinə üz tutan vətəndaşlara müraciət: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

10:32
25 İyul

Bilmək istəyirəm

09:20
25 İyul

"DREAM FEST-2026" möhtəşəm konsertlə açıldı 

09:15
25 İyul

"Operetta inciləri" konsert proqramı ilə mövsümə yekun vurulub

09:10
25 İyul

1 teatr, 200 rol 

09:05
25 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!