01 May 2026 23:32
187
Mədəniyyət
A- A+
Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Məktəb” bədii filminin təqdimatı olub

Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Məktəb” bədii filminin təqdimatı olub


Filmin təqdimatında Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər


Mayın 1-də Heydər Əliyev Mərkəzində “Tağıyev: Məktəb” bədii filminin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, təqdimatda Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, Alena Əliyeva, hökumət rəsmiləri, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Filmin nümayişindən əvvəl çıxış edən kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi Ayaz Salayev bildirib ki, bu ekran əsəri yalnız bir tarixi şəxsiyyətin həyatını əks etdirmir, eyni zamanda, milli yaddaşın və mənəvi dəyərlərin bərpası baxımından da xüsusi əhəmiyyət daşıyır.

"Hacı Zeynalabdin Tağıyev bugünkü Azərbaycanı görə bilsəydi, yəqin ki, yalnız arzularının deyil, bəlkə də heç təsəvvür edə bilmədiyi bir gələcəyin gerçəkləşdiyinin şahidi olardı. Biz bu gün elə bir dövrdə yaşayırıq ki, Tağıyev dövründə əsası qoyulan quruculuq, millətçilik və maarifçilik ideyaları özünün ən parlaq ifadəsini tapır", - deyə Ayaz Salayev bildirib.

Daha sonra “Tağıyev: Məktəb” bədii filminin nümayişi olub.

Film böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev” filminin sonuncu - dördüncü bölümüdür.

Bakı Media Mərkəzinin istehsalı olan filmdə XIX əsrin sonu - XX əsrin əvvəlində Bakı və regionda baş verən mühüm tarixi hadisələrə toxunulur.

Tağıyevin həyat yolu mübarizələrlə keçir. Hər yeni dövr onun üçün yeni bir məqsəd, yeni bir məsuliyyətdir. O, çətinliklərlə üzləşir, amma geriyə addım atmır, zərbələr alır, amma daha güclü olur. Artıq yaşlı vaxtında tale onun üçün daha bir sınaq hazırlayır. O, parlaq gələcək üçün zəka, təhsil və dünyagörüşü hər kəsə əlçatan olmalıdır deyərək vacib qərar verir. Sonrakı nəsillərin bilikli və savadlı olması üçün verilən bu qərar nəticədə onun öz taleyi ilə yanaşı, millətinin də taleyini dəyişir.

“Tağıyev: Məktəb” filmində böyük xeyriyyəçinin təşəbbüsü ilə 1901-ci il oktyabrın 7-də Bakıda müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin fəaliyyətə başlaması hadisəsi, onun bu zaman üzləşdiyi çətinliklər, maneələr bədii və estetik formada tamaşaçıya təqdim edilir.

Filmin nümayişindən sonra çıxış edən filmin quruluşçu rejissoru Zaur Qasımlı, Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov və yaradıcı heyətin digər üzvləri ekran əsərinin ideya və çəkiliş prosesi barədə fikirlərini bölüşüblər.

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva başda olmaqla filmin ərsəyə gəlməsində əməyi keçən bütün yaradıcı heyətə təşəkkür bildirilib. Qeyd olunub ki, layihənin yüksək səviyyədə hazırlanması komandada birgə əmək, peşəkarlıq və yaradıcı yanaşmanın nəticəsidir. Filmin çəkilişində iştirak edən hər kəsin zəhməti xüsusi olaraq vurğulanıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Azərbaycan tarixinin tanıdılması və milli dəyərlərimizin təbliğində vacib əhəmiyyət kəsb edən 4 hissəli filmin ilk bölümü “Tağıyev: Neft" məhz böyük xeyriyyəçinin vəfatının 100 illiyinin qeyd olunduğu 2024-cü ildə təqdim olunub. “Tağıyev: Məktəb”in təqdimatı da Azərbaycanın maarif və təhsil sahəsində canlanma yaradan, xalqımızın həyatında böyük rol oynayan qızlar məktəbinin yaranmasının 125 illiyinin qeyd olunduğu tarixə - 2026-cı ilə təsadüf edir.

“Tağıyev” filminin hər bölümü əlamətdar mədəniyyət hadisəsinə çevrilib və ölkə kinoteatrlarında yayımlanaraq geniş izləyici kütləsi toplaya bilib.

Məlumat üçün deyək ki, “Tağıyev: Neft” , “Tağıyev: Çar” və “Tağıyev: Sona” filmlərini ölkə üzrə kinoteatrlarda 200 minə yaxın tamaşaçı izləyib. İctimai maraq olduğundan hazırda bu filmlərin kinoteatrlarda baxışı davam edir.

Filmlərin ölkə daxilində və xaricində də geniş təqdimat mərasimləri olub. Həmçinin “Tağıyev: Neft” filmi 98-ci Kino Sənəti və Elmləri Akademiyasının (“Oscar”) mükafatlarına “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında ölkəmizdən rəsmi namizəd seçilib və bədii filmin ABŞ-nin kino sənayesinin mərkəzinin – Hollivudun yerləşdiyi Los-Anceles şəhərində də təqdimatı keçirilib.

Bununla yanaşı, bədii filmin ilk bölümü dünyada məşhur “Dehancer Colourist Awards 2024” festivalına qatılaraq keyfiyyətli rəng korreksiyalı tammetrajlı film nominasiyasında qalib gəlib.

Filmin çəkilişləri öz miqyasına görə də Azərbaycan kinematoqrafiya tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri baş tutan filmdəki kütləvi səhnələrdə 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Filmin tarixi səhnələri üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı tarixi dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, quruluşçu rejissor Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, quruluşçu operator Vladimir Artemyev, quruluşçu rəssam Səbuhi Atababayev, geyim üzrə rəssam Vüsal Rəhim, bəstəkar Etibar Əsədli və montaj rejissoru Əsgər Rəhimovdur.

Xalq artistləri Pərviz Məmmədrzayev, Qurban İsmayılov, Məmməd Səfa, Mehriban Zəki, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov, Natəvan Hacıyeva və aktyorlar Manaf Dadaşov, Rövşən Ağayev, Rüstəm Cəbrayılov, Vüsal Hacıqədir, Sənan Əlləz, Dəniz Tacəddin, Fəridə Qurbanova, Rövşən Məmmədli, Namiq Ağayev, Kamran Yunis, Nofəl Şahlaroğlu, İsmayıl Kərimov, Nurlan Mürsəlzadə, Yusif Qasımlı, o cümlədən Rusiya və Belarusdan dəvət edilən peşəkar aktyor heyəti də daxil olmaqla geniş yaradıcı heyət filmdə tarixi personajları canlandırıb.

Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Kino Agentliyinin dəstəyi, Neqsol Holding, Kapital Bank, Bakcell və Norm şirkətlərinin sponsorluğu ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub.

Qeyd edək ki, Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq Bakı Media Mərkəzi üçün yarandığı ilk gündən böyük önəm daşıyır. Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini özündə əks etdirən “Hədəf Bakıdır”, “Miras”, “Son iclas”, “Əbədi ezamiyyət”, “Biz”, “Sükut içində addımlar” və “Şuşa, sən azadsan!” kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmlər istehsal edib. Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunan “Tağıyev” filmini ərsəyə gətirməklə Mərkəz Azərbaycanın tarixi kino sənayesinə öz növbəti dəyərli töhfəsini vermiş olur.

“Tağıyev: Məktəb” bədii filminin treylerini buradan izləmək olar.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə əlaqədar

02:10
02 May

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:05
02 May

Ə.N.Fərəcovun 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

02:02
02 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 8 iyun tarixli 218 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında

01:58
02 May

BİLDİRİŞ

01:57
02 May

Notification

01:56
02 May

Bakı Media Mərkəzinin istehsalı olan “Tağıyev: Məktəb” bədii filminin təqdimatı olub

23:32
01 May

Hikmət Hacıyev: Azərbaycan postmünaqişə dövrü şəhərsalma təcrübəsini beynəlxalq ictimaiyyətə təqdim edəcək  

22:27
01 May

Azərbaycan QHT-ləri Ermənistana gedən Avropa liderlərinə açıq məktub yazıb

21:43
01 May

“Bentley Baku” Rəşad Mehdiyevin yeni əsərlərini təqdim edib

21:33
01 May

Xankəndi şəhərində intellektual festival

21:09
01 May

Burundili tələbə: Müstəmləkəçilik zehniyyətindən uzaqlaşmalı, yeni bir təfəkkürə keçməliyik

21:07
01 May

“Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumuna yekun vurulub  

21:06
01 May

Tramp Aİ-dən ABŞ-yə gələn avtomobil və yük maşınları üçün tarifləri 25 faizə qaldırıb  

21:05
01 May

Media: İran ABŞ-yə sülh müqaviləsi layihəsi ilə bağlı cavab verib

21:01
01 May

DİN: Məktəbə gətirilən nəm salfetdən yaranan allergik hala görə polisə məlumat daxil olub, araşdırma başlayıb

20:48
01 May

III Çarlzın ABŞ-yə səfəri başa çatıb

20:28
01 May

Afrikada qida qıtlığı riski artır  

20:01
01 May

Nəhəng şirkətlər aşağı karbonlu enerjini necə təmin edir?

19:53
01 May

Böyük Britaniyada süni intellektlə bağlı yeni araşdırma

19:46
01 May

Gənclər milli kimlik və həmrəylik mesajları səsləndirib

19:39
01 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!