Ölkəmizin paytaxtı mayın 1-3-də Beynəlxalq Xalça Festivalına evsahibliyi edəcək. "Azərxalça" ASC-nin Mətbuat xidmətindən aldığımız məlumata görə, festivalın zəngin və maraqlı proqramına bu il də müxtəlif, həm yerli, həm də xarici müəlliflərin sərgiləri daxil olacaq.
Məlumatda bildirilir ki, onlardan biri - "Elysium" sadəcə, bir sərgi deyil, həm də sənətin müxtəlif sahələrinin birləşməsidir: "Rəssam Aida Mahmudovanın fırçasından çıxan abstrakt rəng qatları "Azərxalça" ASC-nın toxucuları tərəfindən ilmələrə köçürülüb. Bu, rəsm əsərinin "toxunulmaz" kətan halından çıxıb, daha fiziki və strukturlu bir formaya çevrilməsidir. Xalçaların Nardaran, Şəmkir və Qubada toxunması layihənin həm də sosial tərəfini - yerli sənətkarlığın və qadın əməyinin müasir incəsənətlə dəstəklənməsini vurğulayır. "Azərxalça" ASC-nin tarixi təcrübəsi ilə Aida Mahmudovanın müasir baxışı 1-3 may tarixlərində İçərişəhər kimi tarixi məkanda (Böyük Qala 15) bir araya gəlir". Fərid Rəsulov və "Azərxalça" ASC-nin tərəfdaşlığından ortaya çıxan "Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları" xalça kolleksiyası isə ənənəvi Qarabağ xalçaçılıq sənətini sadəcə keçmişin qalığı kimi deyil, müasir sənət dilinin canlı bir parçası kimi təqdim edir.
İçərişəhərdə yerləşən Qgallery sərgi salonunda nümayiş olunacaq sərginin əsas qayəsi irs ilə müasirlik arasında ciddi bir dialoq yaratmaq, toxunmuş hər ilmədə nağılları və tariximizi bugünkü bədii təfəkkürlə birləşdirməkdir. Beynəlxalq Xalça Festivalı üçün xüsusi hazırlanan kolleksiyaya "Ağ at və quşların nağılı", "Qarabağ atının əfsanəsi", "Zəriflik naxışı", "Qızılı lələklərin əks-sədası", "İlmələrdəki pələng" və "Gecənin tacı nar" adlı fərqli 6 xalça daxildir. Yun və ipək qarışığından ibarət, 3D texnikası ilə hazırlanan "Nağılları yaşadan ilmələr. Qarabağ xalçaları" sərgisinin əsas ideyası belədir - təkcə qorumaq kifayət deyil. Mədəni irs aktual qalmaq üçün dinamik olmalıdır.
Festival günlərində Bakı Fotoqrafiya Evində tamaşaçıların ixtiyarında olacaq növbəti sərgi "Hərəkətdə olan ruhlar ("SOULS IN MOTION")" adlanır. Qeyd edək ki, müasir tekstil sənətində ənənəvi sənətkarlıqla innovativ texnikaları birləşdirən önəmli simalardan biri - Laurin Malanqronun yaradıcılığının mərkəzində dayanan "Nuno Silk" (Nuno ipəyi) texnikası, ipək və yun liflərinin bir-birinə keçərək vahid, axıcı və rəngkar bir tekstur yaratmasına əsaslanır. Onun beynəlxalq səviyyədə tanınan əsərləri şəxsi kolleksiyalarda və dizayn layihələrində yer alır. Bu işlər həm ənənəvi sənətkarlığa dərin hörməti, həm də davamlılığa olan güclü bağlılığı əks etdirir. Hazırda Fransanın məşhur qobelen mərkəzi olan Obüsson şəhərində yaşayan sənətkar - əsərləri Latviyadakı Rotko Muzeyinin daimi kolleksiyasına qəbul edilən ilk rəssam da hesab olunur.
Festivalın digər sərgisində isə alban-amerikalı rəssam Cəvahir Kolqininin yaradıcılığı təqdim ediləcək. İçərişəhərdəki Zaman Qalereyasında təqdim olunacaq sərgi "Hörülmə" adlanır. Əsərlər əllə toxunma (düyünləmə) texnikası ilə yaradılıb. Yaşanmış təcrübələr xətlərin, düyünlərin, torların və piksellərin dili ilə toxunmuş struktura çevrilir. Bu, rəssamın mədəniyyətlərin kəsişməsi və sivilizasiyaların toqquşması mövzularına uzunmüddətli marağını əks etdirir. "Azərxalça" ASC-nin Mətbuat xidmətindən bildirilib ki, sərgi tekstili həm bir təsvir, həm də bir düşüncə forması kimi təqdim edir. Burada duyğusal, zehni və mədəni anlayışlar bir-birinə keçərək birgəyaşayış və özünüifadə haqqında dərin bir meditasiya məkanı yaradır.
Beynəlxalq Xalça Festivalında iştirak etmək üçün Qazaxıstandan gələcək Assol Alimova (Assolya) xalçalar üzərində hiperrealizm üslubunda işləyir. Sənətkar ənənəvi xalçaları müasir incəsənət nümunəsinə çevirərək onların üzərində portretlər yaradır. Böyük Çölün qadınları, türk tarixi və milli ornamentləri əsərlərinin əsas mövzusudur. O, həm kurator kimi ənənəvi irsi müasir sənətlə birləşdirir, həm də bir rəssam kimi xalçanı kətan kimi istifadə edərək yeni bir janr yaradır. Yaradıcılığı geniş ictimaiyyət tərəfindən qəbul edilib. Festival iştirakçıları onun əsərləri ilə "Azərxalça" ASC-nin yeni sərgi salonunda, Bakı Xanlarının Saray Kompleksi (Böyük Qala 44) ünvanında nümayiş olunacaq "Türk çölünün qadınları" adlı sərgisində tanış ola biləcəklər.
"DanceAbility Azərbaycan" Beynəlxalq Xalça Festivalı çərçivəsində İnklüziv Multidissiplinar Sərgini təqdim edir. Şəxsi hekayələrdən və "Azərxalça" ASC-nin toxucularının təcrübəsindən ilhamlanan "Nənəmin xalçası" adlı bu tədbir xalçanı yalnız ənənəvi obyekt kimi deyil, canlı və paylaşılmış təcrübə kimi təqdim edir. Müasir üslubda rəqəmsal performans, hekayə təqdimatı, praktiki məşğələ və panel müzakirələrini bir araya gətirən proqram çərçivəsində bütün fəaliyyətlər əlilliyi olan və olmayan şəxslərin birgə iştirakı ilə hazırlanır. Tədbir Azərbaycan və ingilis dillərində keçirilir, insan mərkəzli dizayn prinsipləri əsasında qurulub. İçərişəhərdə yerləşən Müasir İncəsənət Mərkəzində baş tutacaq tədbirin əsas tərəfdaşı bp şirkətidir.
"Azərxalça" ASC-nin Mətbuat xidmətindən o da bildirilib ki, festivalın əhatə dairəsi təkcə qalereya və qapalı məkanlarla məhdudlaşmır, həm də İçərişəhərin tarixi küçə və meydanları geniş sənət platformasına çevriləcək. Qoşa Qala meydanı və Bakı Xanları parkı festival boyu mərkəzi sərgi-satış yarmarkalarına evsahibliyi edəcək. Burada şəhər sakinləri və turistlər unikal sənət nümunələrini yaxından görmək və əldə etmək imkanı qazanacaqlar.
İçərişəhər Festival Zonaları və Açıq Səma Altında Sərgilər eyni zamanda Vahid bağı boyunca uzanan yarmarka zonası qonaqlara müxtəlif sənətkarlıq məhsullarının nümayişini təqdim edəcək. Əsrlərin yaddaşını yaşadan Multani və Buxara karvansaraları isə öz qapılarını eksklüziv sərgilər və yeni sənət məhsullarının təqdimatları üçün açaraq tarixlə müasirliyin kəsişməsini vizual bir bayrama çevirəcək.
Şirvanşahlar Sarayı Kompleksinin muzey məkanında təqdim olunacaq AtəşHub: bədii-maarifləndirici proqram xalçanın mənəvi irs və sakral funksiyalarına həsr edilir. Proqram çərçivəsində kurator və sənətşünas M.Məmmədəliyevanın "Naxışdan alqoritmə: Azərbaycan xalçasının ənənədən müasirliyə təkamülü" mövzusunda mühazirə-prezentasiyası da dinləniləcək. Təqdimatda Azərbaycan xalçasının mədəni şüurdan rəqəmsal incəsənətə keçid aspektləri və video-instalyasiyalar nümayiş olunacaq.
Z.FƏRƏCOVA,
"Azərbaycan"