Xalqımız üçün özündən sonra zəngin bədii irs qoymuş, bir-birindən maraqlı, dəyərli əsərlər yazmış Abdulla Şaiq Talıbzadənin adı Azərbaycanın ədəbiyyat və düşüncə tarixinə romantik şair, nasir, dramaturq, ədəbiyyatşünas-alim, tərcüməçi və müəllim kimi əbədi həkk olunmuşdur. Abdulla Şaiqin anadan olmasının 145 illiyi tamam olur. Bu münasibətlə təhsil ocaqlarında, yaradıcı təşkilatlarda müvafiq tədbirlər keçirilir.
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda da Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Şaiqin yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan Yazıçılar Birliyi və Abdulla Şaiqin Mənzil-Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. Görkəmli ədibin 145 illiyinə həsr olunmuş yubiley tədbirində Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları və Bakıdakı Ev Muzeylərinin nümayəndələri iştirak ediblər.
Görkəmli ədibin 145 illik yubileyinə həsr olunmuş tədbiri Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid açaraq Abdulla Şaiqin ədəbiyyat qarşısındakı misilsiz xidmətlərindən danışıb. Sonra tədbirin idarə olunması AYB-nin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangirə həvalə edilib.
Tənqidçi Əsəd Cahangir çıxış üçün ilk sözü AYB-nin sədri, Xalq yazıçısı Anara verib. Anar Abdulla Şaiqin Azərbaycan ədəbiyyatındakı xidmətlərindən söz açıb.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov A.Şaiqi turançı şair kimi təqdim edib. O, Abdulla Şaiqi əsərlərində Qızıl almanı - mənəvi Turan idealını vəsf edən yeganə Azərbaycan şairi adlandırıb.
AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Asif Rüstəmli çıxışında A.Şaiqin ədəbi fəaliyyətindən ətraflı danışıb. Böyük ədibin cümhuriyyət dövrü yaradıcılığı üzərində xüsusi olaraq dayanıb. Fizika-riyaziyyat elmləri doktoru, professor Hamlet İsaxanlı A.Şaiqin incə ruhlu lirik şeirlərindən, mərhum akademik Kamal Talıbzadə ilə səmimi münasibətlərindən söz açıb. Filologiya elmləri doktoru, şair Zahid Xəlil A.Şaiqin uşaq şeirlərini səsləndirib. Görkəmli ədibin uşaq şeirlərini yüksək sənət nümunələri kimi dəyərləndirib.
AMEA Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı Abdulla Şaiqin uşaq yazıçısı kimi fəaliyyətindən ətraflı söz açıb. Filologiya üzrə fəlsəfə doktoru Arzu Əhməd Hacıyeva çıxışında Abdulla Şaiqin çoxcəhətli fəaliyyətinin digər bir sahəsindən - ədəbiyyatşünas alim kimi fəaliyyətindən danışıb. Ədibin bu mövzuda yazdığı əsərləri yüksək dəyərləndirib. Əməkdar elm xadimi, pedaqoji elmlər doktoru Fərrux Rüstəmov iştirakçılara Abdulla Şaiq məktəbinin yaranma tarixindən söz açıb. Onun sonrakı taleyi barədə geniş məlumat verib.
Çıxışlar başa çatdıqdan sonra tədbir bədii hissə ilə davam edib. Abdulla Şaiqin Mənzil-Muzeyinin nəzdində fəaliyyət göstərən "Vətən" uşaq-yaradıcılıq dərnəyinin və Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Çiçəyim" uşaq teatrının üzvləri Abdulla Şaiqin şeirlərini səsləndiriblər.
Sonda görkəmli ədibin nəvəsi, Abdulla Şaiq mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar başda olmaqla tədbirin keçirilməsində əməyi olan hər kəsə və iştirakçılara dərin minnətdarlığını bildirib.
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"