Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin İdman komitəsinin sədri Şahin İsmayılov gürcü həmkarı Viktor Sanikidze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən idman sahəsində əməkdaşlıq, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və s. məsələlər diqqət mərkəzində olub.
Viktor Sanikidze, ilk növbədə, Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyi üçün minnətdarlığını bildirib. Eyni zamanda, Gürcüstanın da Azərbaycanın ərazi bütövlüyünü daim dəstəklədiyini vurğulayıb.
Bildirib ki, komitə əsasən, idman sahəsində beynəlxalq arenada xüsusilə seçilən, ölkəyə medallar gətirən şəxslərdən təşkil olunub.
Gürcüstan parlamentinin İdman komitəsi aparatının rəhbəri, beynəlxalq dərəcəli hakim Edişer Maçaidze Azərbaycan Prezidenti tərəfindən mükafatlandırıldığını xüsusi qeyd edib. Bildirib ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin imzası olan xüsusi döş nişanı ilə təltif olunub. E.Maçaidze bu nişanın onun aldığı ən yüksək mükafatlardan biri olduğunu xüsusi qeyd edib.
Azərbaycan Respublikası Milli Məclisinin Gürcüstan parlamenti ilə əlaqələr üzrə işçi qrupunun rəhbəri, təhlükəsiz və müdafiə məsələləri daimi komitəsinin sədri Arzu Nağıyev iki ölkə arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd edib. Bildirib ki, digər sahələrdə olduğu kimi, idman sahəsində də əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var. A.Nağıyev vurğulayıb ki, hər iki ölkənin müvafiq komitələri arasında münasibətlərin möhkəmləndirilməsi, idman sahəsində uğurlu əməkdaşlıq çox vacibdir.
Sonra Şahin İsmayılov və başqaları idman sahəsində birgə əməkdaşlıq və bu sahə ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsi barədə fikirlərini bölüşüblər.