01 Sentyabr 2024 08:45
90
Mədəniyyət
A- A+

Azərbaycan teatrları yeni mövsümdə tamaşaçılara nə vəd edir? 

 

Yeni teatr mövsümünün başlamasına sayılı günlər qalıb. Sənət ocaqlarımızın əksəriyyətində artıq görüləcək işlər, hansı əsərlərin səhnələşdiriləcəyi müəyyənləşdirilib. 
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bu ilin sonunadək 4 yeni tamaşa hazırlanacaq. Teatrın mətbuat katibi Cavid Zeynallı bildirdi ki, artıq yaradıcılıq işlərinə başlanılan və Uilyam Şekspirin "Maqbet" faciəsinin motivləri əsasında səhnəyə qoyulacaq "Ledi Maqbet" tamaşası Xalq artisti Bəsti Cəfərovanın yubileyi münasibəti ilə benefis tamaşa olacaq.
Bu sənət ocağında yeni mövsümdə premyerası keçiriləcək daha bir səhnə əsəri "Müharibə"dir. Bu tamaşa Mehriban Ələkbərzadə və Nihad Qulamzadənin eyniadlı əsəri əsasında hazırlanacaq.
Teatrın mətbuat katibi Akademik Milli Dram Teatrının uzun illərdən sonra yenidən Cəfər Cabbarlının "Aydın" əsərinə də müraciət etdiyini açıqladı.
Milli Teatrın növbəti yaradıcılıq işi isə məşhur fransız yazıçı-dramaturqu Rober Tomanın "Səkkiz qadın" pyesi əsasında hazırlanacaq eyniadlı tamaşa olacaq. 

 

Kuklaçıların yaradıcılıq planları

 

Azərbaycan Dövlət Kukla Teatrı özünün yeni - 93-cü mövsümünə dolğun tamaşa planı, həmçinin səfər proqramları, sosial-mədəni aksiyalar ilə başlayır. 
Teatrın baş rejissoru, Prezident mükafatçısı Anar Məmmədovun verdiyi məlumata görə, ötən mövsüm olduğu kimi, bu mövsümdə də yaradıcı heyət istər plana uyğun, istərsə də plandan kənar tamaşalar hazırlayacaq: "Kollektiv ötən mövsüm bir neçə festivala qatıldı, eləcə də özü iki festivala evsahibliyi etdi. Bunlardan biri Azərbaycan və Türkiyə kuklaçılarını bir araya gətirən sənət bayramı - III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı idi. Bu mövsümdə də ənənəvi festivalda iştirakımız nəzərdə tutulub". 
Əməkdaşlıq zəncirinin daha da genişləndiyini vurğulayan baş rejissor bildirdi ki, qardaş ölkə kuklaçıları ilə birgə türk dünyasında məşhur Molla Nəsrəddin lətifələri əsasında komik, eləcə də ibrətamiz hekayələrdən ibarət bir tamaşa üzərində ilkin işlər başlayıb. 
Teatrımızın beynəlxalq əlaqələri fonunda qonşu Gürcüstanla əməkdaşlığa da xüsusi önəm veririk. Məlumat üçün deyək ki, Azərbaycan Dövlət Kukla Teatrı ilə Gürcüstan Dövlət Kukla Teatrları Birliyi arasında əməkdaşlıq memorandumu imzalanıb və bu sənədə əsasən, gürcü rejissorlarla danışıqlar aparılıb. Klassik nağıl nümunələrimizdən birini bu dəfə gürcü rejissor Nikoloz Sabaşvilinin quruluşunda görəcəyik. Özbəkistanın Qaraqalpaq Dövlət Kukla Teatrı ilə də əməkdaşlıq haqqında müqaviləmiz var. Bu mövsüm qəhrəmanlıq, vətənpərvərlik mövzulu müştərək tamaşa planımızı reallaşdıracağıq", - deyə Anar Məmmədov bildirdi.
İlin sonunadək teatrda cari repertuar planına uyğun "Bir gün Şamaxı xanlığında", "Nənəmin aş qazanı" tamaşalarını, eləcə də plandan kənar olaraq, dahi Üzeyir bəy Hacıbəylinin felyetonları, novellaları əsasında böyüklər üçün "Ordan-burdan" tamaşaları hazırlanacaq.
Plandan kənar növbəti tamaşa teatrın rus bölməsi üçün seçilib. Bu, belaruslu rejissor-dramaturq Dmitri Boqoslavskinin "Mən necə səyahətçi oldum" əsəri əsasında hazırlanacaq eyniadlı tamaşadır.
Bu teatrda mövsümü premyera ilə açmaq kimi bir ənənə də var. Teatr təmsilçiləri bu ənənəyə sadiq qalaraq, tamaşaçıların qarşısına sentyabrın 20-də "Lokomotiv və vaqonlar"ın premyerası ilə çıxacaqlar.

 

Yeni mövsüm Milli Musiqi Günündən başlayacaq 

 

Hər il olduğu kimi, 115-ci mövsümündə də Azərbaycan Dövlət Akademik Musiqili Teatr maraqlı layihələrlə teatrsevərlərin görüşünə gələcək. Bu barədə qəzetimizə sözügedən teatrın mətbuat katibi Fəridə Aslanova məlumat verdi. Bildirdi ki, yeni mövsüm 18 Sentyabr - Milli Musiqi Günündə dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin "O olmasın, bu olsun" tamaşası ilə açılacaq. 
Dörd gün ardıcıl davam edəcək ənənəvi "Üzeyir Hacıbəyli həftəsi" çərçivəsində bəstəkarın "Leyli və Məcnun", "Ər və arvad", "Arşın mal alan" tamaşaları nümayiş olunacaq. 
Teatrın mətbuat katibi sentyabrın 22-də "Nəğməmə inan", sentyabrın 28-də "Qızıl toy", sentyabrın 29-da Bəxtiyar" tamaşalarının oynanılacağını dedi: "Teatrda məşqləri uğurla davam etdirilən "Bir qalanın sirri", "Əliqulu evlənir", "Palata", "Killerdən teleqram" və digər tamaşaların premyeralarına hazırlıq işləri də görülür. Yaradıcı heyət ilboyu istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənarda maraqlı layihələrlə çıxış edəcək".

 

97-ci teatr mövsümünə yeni tamaşalarla…

 

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında da teatrsevərlərə maraqlı tamaşalar təqdim etmək planlaşdırılır. Teatrın mətbuat katibi Samirə Əşrəf bu ay teatrlarda iş gününün sentyabrın 3-dən başlayacağını söylədi: "Bildiyimiz kimi, sentyabrın 1-i parlament seçkiləridir. Növbəti gün istirahət günüdür. Sentyabrın 3-dən teatrımız iş rejiminə başlayacaq. Sentyabrın 21-də isə Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının 97-ci teatr mövsümü açılır. Bu münasibətlə gündüz saat 12:00-da uşaqlar üçün "Qaraca qız" tamaşası təqdim olunacaq. Axşam saat 19:00-da Pyer Bomarşenin eyniadlı əsəri əsasında "Fiqaronun toyu" tamaşası nümayiş olunacaq. Bu tamaşa ötən mövsümün sonuncu premyerası olmuşdur. Biz iyun ayında bu tamaşanı təhvil verib, istirahətə yollandıq. Elə həmin tamaşa ilə də mövsümü açacağıq. Yeni teatr mövsümü üçün hələ ki, planlarımızdan biri İlqar Fəhminin "Şahnamə" pyesi əsasında hazırlanan eyniadlı tamaşadır. Bu mövsümdə tamaşanın oxunuş məşqləri və daha sonra məşqlərinə başlanacaq. Bir də "Cırtdan" nağılı əsasında Elşad Rəhimzadənin "Cırtdan" tamaşası hazırlanacaq". 
Teatrın mətbuat katibi onu da əlavə etdi ki, ötən mövsümdə "Man Feyerbax"am monotamaşı festival üçün nəzərdə tutulmuşdu: "Amma bu cür tamaşalar festival üçün səhnələşdirilsə də, sonralar teatrın repertuarına daxil olur. Bu tamaşa da hazırlanırdı, sadəcə, tamamlanmayıb. 97-ci mövsümdə bu tamaşanı bitirib, festivala yollanacağıq. Sonra da tamaşaçılara təqdim edəcəyik".

 

"İrəvanda yanan çıraq"la açılan yeni mövsüm

 

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı keçən teatr mövsümünü şair-dramaturq Hidayətin "İrəvanda yanan çıraq" mistik tarixi dramı və dramaturq Emil Məmmədlinin "Qadın" monopyesi əsasında yeni teatr sistemi ilə, qeyri-səlis məntiqlə hazırlanan "Siluet" tamaşasının premyeraları ilə başa vurub.
İrəvan Dövlət Azərbaycan Dram Teatrı növbəti - 143-cü teatr mövsümünü də "İrəvanda yanan çıraq" tamaşası ilə açacaq. Bu barədə teatrın ədəbi dram hissəsinin rəhbəri Nərminə Ağayeva məlumat verdi. 
Bu ilin repertuarına daxil edilən Uilyam Şekspirin "Kral Lir" faciəsi, Adilə Nəzərlinin "Axirətdən gələn səs" pyesləri üzərində də hazırlıq işləri gedir. İlin sonunadək bu tamaşaların da premyeraları nəzərdə tutulub.
Müraciət etdiyimiz paytaxtda yerləşən digər teatrlardan - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrından, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrından məlumat verdilər ki, növbəti teatr mövsümündə də teatrsevərlərə yeni tamaşalar təqdim edəcəklər. Ancaq hansı əsərlərin səhnələşdiriləcəyinə tam qərar verməyiblər. 
Şuşa Dövlət Musiqili Dram Teatrının inzibatçısı Yaşar Muradov yeni teatr mövsümünü sentyabrın 13-ü Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" əsəri əsasında hazırlanmış tamaşa ilə açacaqlarını söylədi. O bildirdi ki, yeni teatr mövsümündə tamaşaya bir neçə əsər hazırlayacaqlar.
 

Gəncə Dövlət Milli Dram Teatrı da yeni repertuarla çıxış edəcək

 

Bu ilin sonunadək Gəncə Dövlət Milli Dram Teatrında 4 tamaşanın premyerası nəzərdə tutulub. Teatrın baş rejissoru Elşad Əhmədov qəzetimizə məlumat verdi ki, Rey Kunun "Nömrə 13" komediyası, Birgül Gülər Yaşıloğlunun "Qadınlar danışarsa" sosial dramı, Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" komediyası, Toyğun Orbayın "İnsanoğlunun şərəfinə" tamaşası Gəncə Dövlət Milli Dram Teatrının repertuarına daxil ediləcək. 
Teatrın baş rejissoru bildirdi ki, növbəti teatr mövsümünün açılışı sentyabrın 19-da Əziz Nesinin "Toros canavarı" sosial komediyası ilə olacaq.

 

Qaxlı uşaqları sevindirəcək tamaşalar…

 

Qax Dövlət Kukla Teatrının kollektivi tam heyətlə sentyabrın ilk günlərindən məzuniyyəti başa vurub yeni mövsümə başlayacaq.
Teatr növbəti mövsümdə dramaturq Vüqar Haqverdiyevin qələmə aldığı "Qarınqulu Ayı balası" nağıl-pyesi əsasında hazırlanmış eyniadlı səhnə əsəri ilə tamaşaçıların görüşünə gələcək. Bu barədə qəzetimizə Qax Dövlət Kukla Teatrının ədəbi hissə müdiri, şair-dramaturq Osman Abdullayev məlumat verdi. 
O qeyd etdi ki, üçüncü rübdə Çingiz Ələsgərlinin "Pinokkionun sərgüzəştləri" tamaşasının hazırlanması nəzərdə tutulub. Tamaşa dövlət sifarişi əsasında hazırlanır: "Repertuar planımızda dördüncü rüb üçün Vladimir Orlovun "Qızıl cücə" pyesinin səhnələşdirilməsi var".

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video