Azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi hər bir demokratik cəmiyyət üçün ali prinsipdir. Fikir və söz azadlığının təmin edilməsi bu mühüm meyarın həyata keçirilməsini şərtləndirən ən önəmli amildir desək, yanılmarıq. Bu mənada Azərbaycan Respublikasında mövcud olan seçki qanunvericiliyi sistemi olduqca mütərəqqi normalar müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. Məhz konstitusiyanın bu norması seçki prosesində fikir və söz azadlığının təmin olunmasını ehtiva edən əsas konstitusion norma olmaqla yanaşı, passiv seçki hüququnun reallaşdırılması üçün də vacib bir vasitədir. Bu gün biz əminliklə deyə bilərik ki, söz və fikir azadlığının tam təmin olunduğu ölkəmizdə seçki qanunvericiliyi istər qeydə alınmış namizədlərin, istərsə də namizədi qeydə alınmış siyasi partiya, həmçinin siyasi partiya bloklarının öz seçkiqabağı təşviqat hüquqlarını da sərbəst həyata keçirməsi üçün çox geniş imkanlar təmin edir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin on üçüncü fəsli seçkiqabağı (referendumqabağı) təşviqata həsr olunub. Məlumdur ki, hər bir prosesdə olduğu kimi, seçkiqabağı təşviqat prosesində də bu hüququn reallaşdırılması aidiyyəti subyektlər tərəfindən həyata keçirilməlidir. Seçki Məcəlləsində prezident seçkiləri ilə əlaqədar bu subyektlərin dairəsinə prezidentliyə qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar və siyasi partiyaların blokları daxildir.
Aydın görünür ki, qanun seçkiqabağı təşviqat hüququna malik olan subyektlərin dairəsini kifayət qədər geniş müəyyən edir. Bu isə təbii ki, həmin subyektlərə seçki kampaniyasının sərbəst və effektiv aparılması yönündə öz töhfəsini verir.
Seçkiqabağı təşviqatda ən vacib məsələ bu prosesin necə və hansı qaydada həyata keçirilməsidir. Müasir seçki texnologiyaları baxımından yanaşsaq, deyə bilərik ki, təşviqatın üsul və qaydaları ayrı-ayrı ölkələrin qanunvericilik sistemində fərqli normalaşdırılsa da, prinsip etibarı ilə oxşardırlar. Azərbaycanın seçki qanunvericiliyi bu üsulları belə müəyyən edir:
- media subyektləri vasitəsilə;
- kütləvi tədbirlərin (yığıncaqlar və vətəndaşlarla görüşlər, kütləvi müzakirələr, söhbətlər və s.) keçirilməsi yolu ilə;
- çap olunmuş, audiovizual və digər təşviqat materiallarının buraxılması və yayılması yolu ilə;
- qanunla qadağan edilməyən digər üsullarla.
Media subyektləri vasitəsilə seçkiqabağı təşviqat açıq müzakirələr, "dəyirmi masa"lar, mətbuat konfransları, müsahibələr, çıxışlar, siyasi reklamlar, televiziya və radio verilişləri, videofilmlər formasında və qanunla qadağan edilməyən digər formalarda həyata keçirilir.
Diqqətlə nəzər salsaq görərik ki, qanun yuxarıda sadalanan normaları müəyyən etməklə, passiv seçki hüququ subyektlərinə öz seçkiqabağı təşviqat hüquqlarını reallaşdırmaları üçün bütün mümkün imkanları tanımaqla kifayətlənməyərək, qanunla qadağan olunmayan digər üsullardan da istifadə etmək imkanı yaradır. Bununla yanaşı, onlara, yəni qeydə alınmış namizədlərə, namizədi qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına, referendum üzrə təşviqat qruplarına seçkiqabağı təşviqatın forma və üsullarını müstəqil müəyyənləşdirməyə icazə verir.
Bu məqamda haqlı olaraq belə bir sual yaranır: Seçkiqabağı təşviqat aparmaq hüququna malik subyektlərin dairəsi müəyyən edildiyi halda, bəs kimlər bu prosesdə iştirak edə bilməzlər?
Seçki Məcəlləsinin 74.4-cü maddəsinə əsasən aşağıdakılara seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması qadağan edilir:
- xarici dövlətlərə və xarici hüquqi şəxslərə;
- xarici vətəndaşlara;
- vətəndaşlığı olmayan şəxslərə;
- 18 yaşına çatmamış vətəndaşlara;
- seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxsinin nizamnamə kapitalında xarici dövlətlərin və xarici hüquqi şəxslərin, xarici vətəndaşların, vətəndaşlığı olmayan şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə;
- beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;
- dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına;
- dövlət, bələdiyyə təşkilatlarına və idarələrinə;
- seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlətin və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;
- hərbi hissələrə;
- xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara;
- aşağıdakı məlumatlardan hər hansı birini göstərməyən anonim ianə köçürənlərə (vətəndaş üçün - soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədinin seriyasını, nömrəsini, verilmə tarixini, yaşayış yerinin ünvanını, doğum tarixini, hüquqi şəxs üçün - vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında dövlət və ya bələdiyyə payının olmasını, olduğu halda miqdarını, nizamnamə kapitalında xarici kapitalın pay miqdarını göstərməyənlərə və ya qeyri-düzgün göstərənlərə). Lakin göstərilən bu qadağalar tətbiq edilərkən Seçki Məcəlləsinin 12.2 və 12.3-cü maddələrinin tələblərini nəzərə almaq lazımdır. Belə ki, Azərbaycan Respublikasının seçki qanunvericiliyi ilə seçki hüququ olan və qanunun tələblərinə cavab verən, Azərbaycan Respublikasında 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin prezident seçkiləri zamanı səsvermədə iştirak etmək hüquqları vardır.
Məlumdur ki, azad, ədalətli və şəffaf seçki sisteminin tətbiqi istənilən halda inzibati resurslardan seçki prosesinə müdaxiləni əsaslı surətdə istisna edir. Seçki Məcəlləsinin 74.4.2-ci maddəsi müəyyən edir ki, öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslər, dövlət və bələdiyyə qulluqçuları, hərbi qulluqçular seçkiqabağı təşviqat apara bilməzlər.
Seçki komissiyalarına münasibətdə seçki qanunvericiliyi onların tərəfsiz olmağını müəyyənləşdirir. Məhz buna görə qanun seçki komissiyalarına, seçki komissiyalarının həlledici səs hüquqlu üzvlərinə və digər vəzifəli şəxslərinə seçkiqabağı təşviqatın aparılmasını qadağan edir.
Seçkiqabağı təşviqat üçün müəyyən olunmuş qaydalara riayət edilməsi üçün, qanuna nəzarət funksiyasını Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış və əsasən jurnalistlərdən ibarət olan mətbuat qrupu həyata keçirir.
Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır. Səsvermə günü və ondan əvvəlki gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır. Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada seçki məntəqəsi otaqlarının daxilində və xaricində yerləşdirilmiş seçkiqabağı təşviqat materialları səsvermə günü yığışdırılır.
Yuxarıda seçkiqabağı təşviqatın üsullarını sadalayarkən media subyektləri vasitəsi ilə bu hüququn reallaşdırılmasına toxunmuşduq. Tam anlaşılandır ki, seçkiqabağı təşviqatın üsulları arasında media vasitəsilə aparılan təşviqat öz populyarlığı ilə seçilir. İstər dünya, istərsə də ölkəmizin seçki təcrübəsinə nəzər salsaq görərik ki, seçki subyektləri tərəfindən bu üsula daha çox üstünlük verilir. Bu da təbii bir haldır. Ona görə Seçki Məcəlləsi seçkiqabağı təşviqat zamanı media subyektlərinin bir çox vəzifələrini müəyyən edir. Seçki Məcəlləsinin 77-ci maddəsinə əsasən, ictimai teleradio təşkilatları və ya dövri nəşrlərin redaksiyalarının təsisçiləri dövlət orqanları, təşkilatları, idarələri olduqda və ya onlar dövlət büdcəsindən maliyyələşdirilərsə, ictimai teleradio təşkilatları və dövri nəşrlərin redaksiyaları qeydə alınmış namizədlərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına seçkiqabağı proqramlarını təbliğ etməkdən ötrü, dövlət hakimiyyəti orqanlarının ayırdığı vəsait hesabına bərabər şərait yaradırlar. Göstərilən təşkilatlar qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının lehinə və ya əleyhinə öz təşəbbüsləri ilə seçkiqabağı təşviqat apara bilməzlər. Dövlətə məxsus olan teleradio verilişləri təşkilatları vasitəsilə isə seçkiqabağı təşviqat aparılmır.
Prezident seçkilərində Seçki Məcəlləsi ilə müəyyən olunmuş audiovizual media vasitəsilə aidiyyəti seçki subyektlərinə seçkiqabağı təşviqat aparmaq üçün şərait yaradılması vəzifəsi müəyyən edilmişdir. Bu vəzifə yalnız ödənişsiz əsaslarla həyata keçirilən seçkiqabağı təşviqata aiddir.
Seçkiqabağı təşviqat kampaniyası aktiv və passiv seçki hüququ subyektlərinin təması baxımından, demək olar ki, həlledici mərhələdir. Ona görə də əksər ölkələrin seçki qanunvericiliyində olduğu kimi, respublikamızda mövcud olan və seçki hüquq münasibətlərini tənzimləyən qanunvericilik aktlarında da seçkiqabağı təşviqat aparmaq imkanları əhatəli şəkildə ehtiva olunur. Ödənişli əsaslarla aparılan seçkiqabağı təşviqat buna bariz misal ola bilər. Bu cür seçkiqabağı təşviqata yer ayrılması, ödənişsiz əsaslardan fərqli olaraq media subyektlərinin hüququdur. Lakin qanun bu hüquqla yanaşı, namizədlərin və digər seçki subyektlərinin bərabər hüquqlarını nəzərə alaraq, imkanların da eyni əsaslarla təmin olunması vəzifəsini media subyektlərinin üzərinə qoyur.
Ödənişli əsaslarla seçkiqabağı təşviqat həm Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş, təsisçiləri dövlət orqanları, təşkilatları və idarələri olan, həmçinin dövlət büdcəsindən maliyyələşən media subyektləri vasitəsilə, həm də özəl media subyektləri ilə aparıla bilər. Müqavilə əsasında ödənişli efir vaxtı və dövri nəşrlərdə yerlərin verilməsinin dəyəri ödənilir. Ödənişin məbləği və şərtləri müvafiq olaraq qeydə alınmış bütün namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün eyni olmalıdır.
Seçki Məcəlləsi ilə müəyyən edilmiş müvafiq media subyektləri efir vaxtının verilməsinin və dövri nəşrlərdə yer ayrılmasının mümkünlüyü barədə qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına və Mərkəzi Seçki Komissiyasına bildirişlə yanaşı, ödənişin məbləği barədə məlumatı da seçkilərin təyin edilməsi haqqında qərarın (sərəncamın) rəsmi dərcindən sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.
Özəl media subyektləri və çap mediası seçkiqabağı təşviqat materiallarını dərc etməkdən imtina edə bilərlər. Onlar bu fəaliyyətə məcbur edilə bilməzlər. Lakin bu cür materiallar dərc edilirsə, dərc edilmə şərtləri bütün namizədlərə və digər aidiyyəti subyektlərə münasibətdə eyni olmalıdır.
Qanunun eyni qaydada və bərabər əsaslarla tətbiqini təmin etmək baxımından seçkiqabağı təşviqatın aparılmasına nəzarət funksiyasına əsasən, qanunla səlahiyyətləndirilmiş media subyektləri qeydə alınmış namizədlərə, siyasi partiyalara və siyasi partiyaların bloklarına və digər seçki subyektlərinə pulsuz və ya pullu efir vaxtı və ya dövri nəşrlərdə yer ayrılması ilə əlaqədar efir vaxtının və ya dövri nəşrlərdə yerin həcminin və dəyərinin qeydiyyatını aparmalı və bu qeydiyyat barədə səsvermə gününə azı 5 gün qalmış və səsvermə günündən ən tezi 5 gün sonra onların qeydiyyatını həyata keçirən seçki komissiyasına məlumat verməlidirlər.
Həmçinin müvafiq sorğuya əsasən qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları ödənişli efir vaxtının və dövri nəşrdə yerin dəyərinin ödənilməsinə razılığı təsdiq edən sənədləri müvafiq seçki komissiyasına təqdim etməyə borcludurlar.
Yuxarıda seçkiqabağı təşviqatın aparılması ilə bağlı məsələləri şərh edərkən qeyd etmişdik ki, aidiyyəti seçki subyektləri müvafiq media subyektlərində öz seçkiqabağı təşviqat hüquqlarını həyata keçirərkən qanunla dövlətin onlara pulsuz əsaslarla yaratdığı imkana sahibdirlər. İndi isə həmin hüququn verilməsi şərtlərinin nədən ibarət olmasına dair məqamları bildirmək yerinə düşərdi. Belə ki, Seçki Məcəlləsinin 80-ci maddəsinə əsasən, prezident seçkilərində bu hüquq prezidentliyə qeydə alınmış namizədlərə tanınır. Seçkiqabağı təşviqat prosesi başlandıqdan sonra bir həftə müddətində, qeydə alınmış namizədlər arasında, onların verdikləri ərizə əsasında, Seçki Məcəlləsinin 80.7-ci maddəsinə uyğun olaraq, ayrılmış pulsuz efir vaxtının bölgüsü məqsədi ilə püşkatma keçirilir. Seçki Məcəlləsinin tələblərinə əsasən pulsuz efir vaxtının verilməsi üçün konkret müddət müəyyən olunur. Qanun bu müddəti müəyyən etməklə, media subyektlərinə seçkiqabağı təşviqatın aparılması ilə bağlı şəxsi mülahizələrə yol verməmələrini təlqin edir. Seçki Məcəlləsinin 80.5-ci maddəsində göstərilir ki, aidiyyəti media subyektlərinin seçkiqabağı təşviqat üçün ayırdıqları pulsuz efir vaxtının ümumi həcmi 3 saatdan az olmamalıdır. Ödənişli əsaslarla fəaliyyət göstərən müvafiq media subyektlərinin isə pulsuz efir vaxtının ümumi həcmi həftədə 1 saat 30 dəqiqədən az ola bilməz. Həmin təşkilatların verilişlərinin ümumi vaxtı gün ərzində 2 saatdan az olarsa, göstərilən efir vaxtı verilişlərin ümumi həcminin 1/4 hissəsindən az olmamalıdır. Pulsuz efir vaxtı daha geniş auditoriyanın baxması mümkün olan vaxtda ayrılmalıdır.
Audiovizual mediada seçkiqabağı təşviqatın ödənişli əsaslarla aparılması qanunla müəyyən olunmuş şərtlər daxilində baş verir. Belə ki, bu hüququn əldə olunması üçün ilkin şərt tərəflər arasında bağlanan mülki müqavilə əsasında yaranır. Daha sonra tərəflər arasında mövcud olan müqaviləyə və seçki qanunvericiliyinə əsasən, digər şərtlərin dairəsi müəyyənləşir. Həmin şərtlərin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və Mülki Məcəlləsinə uyğun olaraq, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının seçkiqabağı proqramında, yığıncaqlarda, media subyektlərində yayılan təşviqat materiallarında və çıxışlarda hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və dövlətin ərazi bütövlüyünün pozulmasına çağırışlar, vətəndaşların şərəf və ləyaqətini təhqir edən mülahizələr olmamalıdır. Lakin bu məhdudiyyət Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində təsbit edilmiş fikir və söz azadlığının məhdudlaşdırılmasına səbəb ola bilməz.
Seçkiqabağı təşviqat aparılarkən sosial, irqi, milli, dini nifrət və düşmənçilik yaradan təşviqat aparılarsa, bu Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən olunmuş məsuliyyət yaradır.
Seçkiqabağı təşviqat hüququnun reallaşdırılmasında aidiyyəti seçki subyektlərinin mülki qanunvericiliyin tələblərindən və əqli mülkiyyət hüququnun qorunmasına dair müvafiq normativ hüquqi aktdan irəli gələn məsələlərə diqqət etməsi olduqca vacibdir. Belə ki, seçkiqabağı təşviqatın aparılması zamanı bilavasitə, yaxud dolayısı ilə seçicilərin hər hansı üsulla ələ alınması qadağandır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Göründüyü kimi, seçkiqabağı təşviqat hüququ ilə bağlı çox mühüm normaları təsbit edən seçki qanunvericiliyi, ilk dəfə ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam bərpa olunmuş bir şəraitdə keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçki subyektlərinin fəaliyyəti üçün hərtərəfli şərait və geniş imkanlar yaradır.
Qabil ORUCOV,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü