№ 421
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 4, maddə 501; 2022, № 4, maddə 412, № 10, maddə 1221; 2023, № 3, maddə 435; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 10 oktyabr tarixli 362 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.2-ci bənd üzrə:
1.1. “ixtisasları” sözündən sonra “(fənləri)” sözü əlavə edilsin;
1.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Sertifikatlaşdırma təhsilverənlərin tədris apardığı dildə keçirilir.”.
2. 4.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“4.2. Sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə “Təhsil Mərkəz-ləşdirilmiş İnformasiya Sistemi”ndə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan sertifikat verilir. Sertifikat sertifikatlaşdırmanın nəticələri elan olunduqdan sonra 5 (beş) iş günü müddətində hazırlanır.”.
3. Aşağıdakı məzmunda 4.2-1 - 4.2-6-cı bəndlər əlavə edilsin:
“4.2-1. “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə əldə edilmiş sertifikatın kağız daşıyıcıda olan surətinin təsdiqi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir.
4.2-2. Sertifikatın həqiqiliyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər.
4.2-3. Sertifikat Sertifikatlaşdırma Şurasının sədrinin elektron imzası ilə təsdiq edilir.
4.2-4. Sertifikat təhsilverən üçün açılmış “Şəxsi kabinet”də yerləşdirilir.
4.2-5. Sertifikatda aşağıdakı məlumatlar əks olunmalıdır:
4.2-5.1. sertifikatın nömrəsi və verildiyi tarix (altsistem tərəfindən verilir);
4.2-5.2. təhsilverənin sertifikatlaşdırmada iştirak etdiyi tarix;
4.2-5.3. sertifikatın etibarlılıq müddəti (müddətin başa çatdığı tarix və ya 3-cü dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər üçün müddətsiz olduğu göstərilir);
4.2-5.4. təhsilverənin identifikasiya məlumatları (soyadı, adı, atasının adı və doğum tarixi) və FİN kodu;
4.2-5.5. təhsilverənin çalışdığı təhsil müəssisəsinin (tabeçiliyi göstərilməklə) adı;
4.2-5.6. təhsilverənin tədris etdiyi ixtisasın (fənnin) adı;
4.2-5.7. təhsilverənin sertifikatlaşdırmada iştirak etdiyi dil;
4.2-5.8. təhsilverənin test və müsahibə mərhələlərində topladığı balı;
4.2-5.9. sertifikatın təhsilverənə Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil fənləri tədris edilən digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verdiyinə dair qeyd.
4.2-6. Sertifikatda bütün məlumatlar Azərbaycan dilində yazılır.”.
4. Həmin Qaydaya əlavə ləğv edilsin.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 21 noyabr 2023-cü il