09 Sentyabr 2023 09:10
1313
CƏMİYYƏT
A- A+
"Azərbaycan" qalib ölkənin rəsmi dövlət qəzetidir

"Azərbaycan" qalib ölkənin rəsmi dövlət qəzetidir

 

Mətbuat meydana gəldiyi gündən ilk baxışda yalnız informasiya ötürücüsü kimi qəbul edilsə də, sonralar tədqiqatlar nəticəsində onun missiyasının daha böyük və əhatəli olduğu üzə çıxdı. Artıq burada mətbuatın mənəvi ünsiyyət vasitəsi olmağı ilə yanaşı, həm də insanın ictimai şüurunun, siyasi ideologiyasının, milli kimliyinin, ictimai-siyasi rəyinin formalaşmasında mühüm rol oynadığı məlum oldu.
Çeşməsi "Əkinçi" qəzeti olan Azərbaycan mətbuatı 1875-ci ildən üzü bəri uzun, keşməkeşli bir yol gəlir. Bu yolun "yolçuları" sırasında bütöv bir məmləkətin adını özündə yaşadan, milli dövlətçiliyi, müstəqilliyi, azərbaycançılıq ideologiyasını dönməz əqidəyə çevirmiş müdrük 105 yaşlı "Azərbaycan" qəzeti də var. 
Yarandığı ilk gündən istər birinci mərhələdə - XX əsrin əvvəllərində (1918-1920) Azərbaycan müstəqillik qazandığı dövrdən, istərsə də ikinci mərhələdə - 1991-ci ildə öz müstəqilliyini bərpa etdiyi gündən digər mətbu orqanlara lokomativlik edən "Azərbaycan" dövlətimizin siyasi-ideoloji kursunu daim diqqətdə saxlayaraq, onu yorulmadan böyük inamla irəli aparır.
Unutmayaq ki, Xalq Cümhuriyyətindən bizə miras qalmış "Azərbaycan" qəzeti milli dövlət quruculuğunda, milli təfəkkürümüzün və milli kimliyimizin formalaşmasında misilsiz rol oynadığından, xalqımızın milli dövlət quruculuğu tarixinin ayrılmaz, həm də ən parlaq bir hissəsinə çevrilib. 
Məhz elə bu üzdən də Azərbaycan Xalq Cümhuriyyəti bolşeviklər tərəfindən işğal edildikdən sonra, sovet hakimiyyəti dövründə "Azərbaycan"ın nəşri dayandırılmış, fəaliyyəti yasaq edilmişdir. Bu azmış kimi, özündə Azərbaycan ruhunu oyadan, milli kimliyimizi və təfəkkürümüzü formalaşdıran bu qəzetin arxivdə olan saylarındakı materiallardan bəhrələnmək üçün "xüsusi icazə" lazım olurdu. Bundan başqa, tədqiqatçıların o dövrdə nəşr edilmiş qəzetin materiallarına istinad etməsinə və ya qeydlər götürməsinə qadağa qoyulmuşdu. 
Bu arada onu qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ümumilikdə "Azərbaycan" qəzetinin 443 nömrəsi nəşr edilmişdir. Şübhəsiz ki, kommunistlər Azərbaycan xalqının oyanışını özündə əks etdirən bu qədər sayda   zəngin materiallardan istifadə edilməsinə icazə verməzdi. Çünki sovet imperiyası istənilən ittifaq respublikasının müstəqil demokratik ideyalarından, xalqların milli oyanışından çox ciddi şəkildə çəkinirdi. Bu səbəbdən də 70 il ərzində istiqlaliyyət istəyini içində boğan sovet Azərbaycanı mətbuatı xalqımızın milli ideyalarından zorla yan ötürdülərək yalançı sovet "dəyərlərini" təbliğ etməyə məcbur edilmişdi. Ancaq Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra "Azərbaycan" qəzeti də sovet əsirliyindən xilas olub, öz azadlığına qovuşub və indi öz sələfinin yolunu böyük əzmlə davam etdirir. Bu mənada "Azərbaycan" qəzeti bizim üçün ikiqat doğma və əzizdir.
"Azərbaycan" qəzetinin 1993-2003-cü illərdəki fəaliyyətinin Ümummilli Lider Heydər Əliyevin mediamıza xüsusi diqqət və qayğı ilə yanaşdığı bir dövrdə olması bu mətbu orqanın məsuliyyətini daha da artırıb, onun kollektivinin azərbaycançılıq ideologiyası ilə çıxış etməsini ön plana çıxarmışdır. "Azərbaycan" qəzetinin ikinci fəaliyyəti dövründə 1000-ci sayının çapdan çıxması münasibətilə bu mətbu orqanın kollektivini təbrik edən Heydər Əliyev xüsusi qeyd etmişdir: "Əsası 1918-ci ildə qoyulmuş "Azərbaycan" qəzeti müstəqil dövlətçilik tariximizdə öz yeri olan nəşrlərdəndir. Vaxtilə Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi qəzeti kimi nəşr olunmuş "Azərbaycan" xalqımızın istiqlal mübarizəsində mühüm xidmətlər göstərmişdir. Məlum tarixi səbəblər üzündən Azərbaycan Xalq Cümhuriyyəti kimi, "Azərbaycan" qəzetinin də ömrü uzun olmamışdır. Xalqımız əsrin əvvəllərində itirdiyi müstəqilliyini əsrin axırlarında bərpa etdiyi zaman "Azərbaycan" qəzeti də yenidən fəaliyyətə başladı və müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət qəzeti kimi həyatda layiqli yerini tutdu".
Müasir dövrdə əksər ölkədaxili və xarici qəzetlər, saytlar, hətta radio-televiziyalar sensasiya, IP, reytinq ardınca qaçdığı, jurnalistikanın etik norma və prinsiplərini kobud şəkildə pozduğu bir halda, loqotipində dövlətçilik atributları əks olunan "Azərbaycan" qəzeti ölkədə nəşr edilən digər mətbu orqanlarla müqayisədə həmişə aparıcı rola malik olub. "Azərbaycan"nın ayrı-ayrı hər bir sahə - rəsmi sənədlər, parlament, siyasət, iqtisadiyyat, humanitar, dünya, cəmiyyət, idman və başqaları öz obyektivliyi, qərəzsizliyi ilə daim seçilir. 
"Azərbaycan" qəzetini oxuyanlar qəzetin ana dilimizin nə qədər təəssübkeşi olduğunu da aydın görür. Dilimizin zənginliyini və üslub imkanlarını yüksək səviyyədə təqdim edən "Azərbaycan", şübhəsiz ki, bu gün cəmiyyətimizin əksər təbəqəsinin, xüsusən də elitar təbəqənin mətbu orqanı hesab olunur. Qocaman qəzet eyni zamanda Azərbaycan ziyalılarının həm siyasi tribunasına, həm də elmi və yaradıcılıq məktəbinə çevrilib. Əlbəttə, əldə edilən bu nailiyyət qəzetdə çalışan peşəkar jurnalist kollektivinin öz isinə məsuliyyətli yanaşmasının və zəhmətinin nəticəsidir. 
Bu mətbu orqanın Vətən və millət qarşısındakı xidmətlərini yüksək dəyərləndirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Azərbaycan" qəzeti peşəkarlıq, obyektivlik və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etmiş, ölkəmizin sosial-iqtisadi tərəqqisi, vətəndaş cəmiyyətinin formalaşması, milli həmrəyliyin möhkəmlənməsi və digər sahələrdə həyata keçirilən dövlət siyasəti barədə həqiqətlərin Azərbaycan ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir".
Azərbaycan mediası 30 il Ermənistanın işğalına məruz qalmış Qarabağ uğrunda informasiya müharibəsində yorulmadan döyüşdü və bu gün də döyüşməkdə davam edir. 3 il öncə 44 günlük İkinci Qarabağ savaşı günlərində "Azərbaycan" qəzetinin əməkdaşları da qələmini süngüyə çevirib, Azərbaycana qarşı dünya mediasında yazılan dezinformasiyanın, "fake-news"un qarşısını almaq, həqiqəti olduğu kimi ictimaiyyətə çatdırmaq üçün var gücü ilə çalışdı. 
Vətən savaşının səhərisi günü "Azərbaycan" qəzetinin ana səhifəsində "İlham Əliyev dünyanın ali tribunasından Azərbaycanın prinsipial mövqeyini bir daha bəyan etdi" başlıqlı xəbərdə Ali Baş Komandanın sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş yüksək səviyyəli iclasda ümumilikdə 182 ölkənin dövlət və hökumət başçısının diqqətinə çatdırılan - "Ermənistan silahlı qüvvələri işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxmalıdır" bəyanatı yer aldı. 
"Rəcəb Tayyib Ərdoğan: Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısının alınmaması dünyada riyakarlığın əsl nümunəsidir" adlı xəbərdə isə qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyə hökumətinin onun sədrliyi ilə keçirilən növbəti iclasından sonra xalqa müraciətində "Suriya, Liviya, Yəməndə hələ də davam edən humanitar böhranlarla bağlı riyakarlığını və prinsipsizliyini sübut edən ölkələrin dünyaya haqq-ədalət verə bilməyəcəyini bir daha təkrar edirəm. Ermənistanın Azərbaycan torpaqlarına hücumlarının qarşısını almaq üçün addımın atılmaması bunun əsl nümunələrindən biridir", - deyə mövqeyi "Azərbaycan" oxucularına təqdim edildi.
Əlbəttə, o günlərdə Azərbaycan xalqının əsas fikri cəbhədən gələn xəbərlərdə olsa da, xarici ölkələrdən gələn xəbərlərə də böyük diqqət ayrılırdı. "Xarici KİV Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini geniş işıqlandırıb" başlıqlı xəbərdə "Azərbaycan" qəzeti bir sıra xarici ölkələrin aparıcı kütləvi informasiya vasitələrinin Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına verdiyi müsahibəsini geniş işıqlandırmasından bəhs edilən xəbəri öz səhifəsində oxuculara çatdırdı.
Burada əsasən, Türkiyənin "Anadolu" Agentliyi, "Hürriyet", "Milliyet", "Sabah", "Takvim" və digər populyar qəzetləri, TRT HABER, TGRT, HABER TÜRK, A HABER, NTV televiziya kanalları, Rusiyanın TASS, "İnterfaks" və "RİA Novosti" federal informasiya agentlikləri, "Lenta.ru" "News.ru", "Vesti Kavkaza", "Pravda.ru" saytları, "Moskovski komsomolets" və "Kommersant" qəzetləri, "REN TV", "TVC", "360 tv" telekanalları, Avropa İttifaqının "EU Politics" informasiya-analitik nəşri, Misirin "Asyaelyoum" agentliyi və "Aldiplomasy" nəşri, Rumıniyanın "News24hours", Ukraynanın "RBK-Ukraina", Qırğızıstanın "Goldenbridgenews" portalları, Gürcüstanın "Interpressnews", "Dalgatv", "24news", "News" saytları Prezident İlham Əliyevin müsahibəsi ilə bağlı materiallar yayıb, sitatlar gətirməsindən bəhs edilirdi. Bununla yanaşı, xarici mediada yayılan materiallarda Prezident İlham Əliyevin Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, işğal etdiyi ərazilərdə qanunsuz məskunlaşdırma həyata keçirməsi, cəfəng şərtlər irəli sürərək münaqişənin həlli üzrə danışıqlar prosesini pozması, hərbi təxribatların davam edəcəyi təqdirdə işğalçılara daha sərt cavab veriləcəyi barədə fikirləri yer alırdı. 
Sözsüz ki, uzaqdan-yaxından hansı xəbərlərin gəlməsindən asılı olmayaraq, Azərbaycan xalqı bütün varlığı ilə özünü cəbhədən gələn qələbə xəbərlərinə kökləmişdi.
Bu arada qeyd edək ki, hələ 1918-ci ildə türk-islam ordusunun Bakıya gəlişi və qələbələri haqqında "Azərbaycan" qəzetinin səhifələrində xəbərlər verilirdi. O zaman ermənilərin işğal etdiyi Əsgəran rayonunun azad edilməsi ilə bağlı xəbər oxuculara "Əsgəran alındı" başlığı ilə təqdim edilmişdi. Xalqımız ötən əsrin 90-cı illərində Ermənistanın işğalına məruz qalmış Qarabağın və ətraf rayonların bir gün "Azərbaycan" qəzetinin səhifələrində "Qarabağ alındı" və ya "Qarabağ azad edildi" müjdəli xəbərini həmişə səbirsizliklə gözləyirdi. 
Budur, bu gün "Azərbaycan" artıq qalib dövlətin rəsmi dövlət qəzetidir. "Azərbaycan"ın 8 noyabr 2020-ci il tarixli nömrəsinin ana səhifəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından xalqa müraciəti - "Əziz Şuşa, sən azadsan!" başlığı ilə təqdim olundu: "Əziz həmvətənlər, əziz bacılar və qardaşlar. Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!" Geniş müraciətin sonunda Prezident İlham Əliyev hər bir azərbaycanlını təsirləndirən ifadəni dilə gətirdi: "Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" 
"Azərbaycan" qəzetinin tarixində indiyədək bu xəbərdən sevincli xəbər, eyni zamanda gözəl, oxunaqlı nömrə bəlkə də olmamışdı. Həmin gün Azərbaycanın haqq etdiyi, ədalətsizliyə, ikili yanaşmaya son qoyan qələbəsi ildırım sürətilə bütün dünyaya yayıldı və əksər ölkələrin aparıcı mediasının baş xəbərinə çevrildi. Azərbaycan xalqının sevincinə şərik olan xarici ölkə mediasını yaxından izləyən "Azərbaycan" qəzeti öz səhifələrində bu xəbərlərə yer verir, bizə dost olanları öz oxucularına tanıdırdı. 
Qeyd edək ki, "Prezident İlham Əliyevin Şuşanın işğaldan azad edilməsi ilə bağlı xalqa müraciəti Türkiyənin aparıcı televizya kanalları vasitəsilə canlı yayımlanıb", "Rəcəb Tayyib Ərdoğan Şuşanın azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib", "Anadolu" Agentliyi Şuşanın azad olunması ilə bağlı infoqrafika hazırlayıb", "İƏT-in Milli Xəbər Agentlikləri Birliyinin saytı və Misir portalları Şuşanın işğaldan azad olunmasından bəhs edirlər", "Aldiplomasy" portalı: Prezident İlham Əliyev Şuşanın işğaldan azad edildiyi müjdəsini verib", "Ərəb telekanalları Şuşanın işğaldan azad edilməsini flaş xəbər kimi verib", "Qırğızıstan mətbuatı Şuşanın azad olunmasından yazıb", "Gürcüstan mətbuatı: İlham Əliyev: 8 noyabr Azərbaycan tarixində əbədi qalacaq. Şuşa şəhəri işğaldan azad olunub" başlığı altında dünya mediasında tirajlanan xəbərlər və onlarca digər bu qəbildən olan yazılar "Azərbaycan" qəzetinin diqqətindən kənarda qalmırdı, öz daimi oxucularına təqdim edilirdi.
Qalib ölkənin rəsmi dövlət qəzeti Azərbaycanın dövlət adamlarının və siyasi partiyaların Ali Baş Komandana, həmçinin xalqa ünvanladığı təbriklərinə öz səhifələrində geniş yer ayırır, xalqımızın qələbə sevincini böyük ruh yüksəkliyi ilə bölüşürdü. Bu böyük tarixi gündə "Azərbaycan" qəzeti "Mehriban Əliyeva: Biz Şuşamızı qaytardıq! Bu əlamətdar tarixi hadisə münasibətilə hamınızı təbrik edirəm", "Milli Məclisin Sədri Şuşa şəhərinin azad edilməsi münasibətilə xalqımıza təbriklərini çatdırıb", "Siyasi partiyaların Şuşanın işğaldan azad edilməsi münasibətilə Ali Baş Komandan, Prezident İlham Əliyevə təbrik məktubu" başlıqlı xəbərləri ilə iqtidar-müxalifət demədən hər kəsin qəzeti olduğunu bir daha təsdiq etmiş oldu.
Xalqımızın Şuşa sevincini öz səhifələrində dərc edən "Azərbaycan" qəzeti yüz minlərlə insan əllərində Azərbaycan bayrağı paytaxtın küçə və prospektlərinə axışaraq Şuşa zəfərinin sevincini paylaşanlar arasında azyaşlı bir uşağa xüsusi yer ayırdı. 
"Şuşa sevincimiz mübarək olsun!" başlıqlı essedə "Azərbaycan" yazır: "Titrək əllərində üçrəngli Azərbaycan bayrağı tutan balaca! Əlində yellədiyin aylı-ulduzlu bayraq indi Şuşa şəhərinin ən uca nöqtəsində dalğalanır! 28 il 6 ay işğalda olmuş xalqımızın mədəniyyət, ədəbiyyat beşiyinin, qədim tarixi şəhərinin bugünkü azadlıq gününə sən də sevinirsən. Gözün aydın olsun! Biz 10 min 400 gündən artıq bu günü gözləmişik! 10 min 400 gün! 
Sən xoşbəxtsən!
Sən həm də ona görə xoşbəxtsən ki, bu dözülməz ağrını, bu iztirabı, bu həsrəti yaşamaq sənə nəsib olmadı. Sən bu yolda gedən qurbanları, axıdılan qanı, didilən sinələri, qovrulan ürəkləri görmədin. Əlbəttə, illər keçəcək, böyüyəndən sonra sənin atanın, babanın və onların mənsub olduğu nəslin bu qədim diyara, bu möhtəşəm şəhərə, Azərbaycanın muğam-musiqi beşiyi sayılan Şuşaya qovuşmaq üçün hansı əziyyəti çəkdiyini, onun hansı zəhmət bahasına öz sahibinə qayıtdığını biləcəksən.
Şuşa həsrəti sözə gəlməz, Şuşa iztirabı qələmə sığışmaz, Şuşa yanğısı dəryalarla soyumaz, necə ki Şuşa özü təsvirə gəlmir... Sevin, balaca dost, sevin, əziz Vətən sevdalısı! Üzündəki təbəssüm, gözündəki sevinc əbədi olsun! Sən qədim Şuşaya qalib əsgər, məğrur vətəndaş kimi daxil olacaq və qürur hissi ilə orda yaşayacaqsan! 
Şuşa sevincin mübarək olsun! Təkcə sənin yox, hamımızın..."
Əlbəttə, bu yazı ilk baxışda "Azərbaycan" qəzetinin azyaşlı bir uşağa "Şuşa sevincin mübarək olsun!" deyə ünvanladığı təbrik olsa da, əslində, onu bütün Yer üzündə yaşayan soydaşlarımıza çatdırılan ən səmimi, ən kövrək, ən böyük təbrik kimi qəbul etməliyik. 
İndi "Azərbaycan" qəzetinin özünün ünvanına çoxsaylı təbriklər gəlməkdədir. 1918-ci il sentyabrın 15-də doğma yurdumuzun qədim mədəniyyət mərkəzlərindən biri, dünya poeziyasına və ədəbi-fəlsəfi fikrinə Nizami Gəncəvi kimi bir dahi bəxş etmiş və Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı Gəncə şəhərində dünyaya "göz" açmış "Azərbaycan" qəzetinin 105-ci "doğum" günü ərəfəsindəyik. Bu münasibətlə "Azərbaycan" qəzetinin kollektivini - hörmətli həmkarlarımı ürəkdən təbrik edir, onlara öz məsuliyyətli və şərəfli peşələrində yaradıcılıq uğurları arzulayıram!

Mübariz ƏHMƏDOV,
Bakı Slavyan Universitetinin dosenti

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Moldovada anılır

18:12
26 Dekabr

Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasdan  

18:11
26 Dekabr

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

18:10
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan  

18:09
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan  

17:03
26 Dekabr

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan

16:42
26 Dekabr

Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir YENİLƏNİR

15:59
26 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən

15:58
26 Dekabr

Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Mindən

15:57
26 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

15:56
26 Dekabr

Gürcüstanın xarici işlər naziri: Hər zaman Azərbaycanın yanındayıq

15:55
26 Dekabr

Xankəndidə keçirilməsi nəzərdə tutulan “Qış nağılı” yarmarkası təxirə salınıb 

15:55
26 Dekabr

Pilot İqorun dostu: Onun itkisi təkcə ailəsi üçün deyil, həm də aviasiya sahəsi üçün böyük boşluq olacaq

15:53
26 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən

15:14
26 Dekabr

Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodikdən

14:18
26 Dekabr

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Denis Beçiroviçdən

14:18
26 Dekabr

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!