Brüsseldə Ermənistana ediləcək hərbi yardımı təsdiqləyən sənədin imzalanması Vaşinqton və Aİ-nin bütün yalanlarını ifşa etdi
ABŞ Dövlət Departamenti aprelin 5-də Brüsseldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündə Hayastana geniş hərbi dəstəyin göstərilməsi məsələlərinin əksini tapdığı sənədi "dezinformasiya" adlandırıb.
Departament iddia edib ki, həmin görüşdə təhlükəsizlik məsələləri gündəmdə olmayıb, guya diqqət yalnız ticarət tərəfdaşlıqlarını şaxələndirməyə və humanitar ehtiyaclarını həll etməyə çalışan Ermənistanın iqtisadi dayanıqlılığına, o cümlədən bu ölkədə demokratiya və qanunun aliliyi kimi sahələrdə davam edən islahatları dəstəkləməyə yönəlib.
Ağ Evin "qara siması"
Görəsən, Dövlət Departamenti konkret fakt kimi yayılan sənədi niyə təkzib edir? Axı Brüsseldə keçirilmiş ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşü ilə bağlı yayılan sənədlərdən birinin fotosundan da göründüyü kimi, üçtərəfli görüşlə bağlı daha əvvəldən verilən açıqlamaların əksinə, həmin sənəddə həm ABŞ-nin, həm də Avropa İttifaqının Ermənistana geniş hərbi dəstək göstərməsi əks olunub.
Hadisələrin bu cür inkişafı ABŞ-nin geosiyasi ambisiyalarını nəzərə alsaq, təəccüblü deyil və kifayət qədər gözləniləndir.
Bir qədər əvvələ qayıdaraq aprelin 5-də keçirilmiş Brüssel görüşündən sonra ABŞ Dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Cozep Borelin mətbuat qarşısında çıxışlarında bəyan edildi ki, Aİ 4 il ərzində Ermənistana 270 milyon avro qrant, Birləşmiş Ştatlar isə 65 milyon dollardan çox yardım edəcək. Amma diplomatlar Ermənistana "təhlükəsizlik təminatı" və ya hərbi yardım veriləcəyi barədə heç nə demədilər.
Amma yayılan yeni sənəd təsdiq edir ki, Brüssel görüşündə bağlı qapılar arxasında tərəflər arasında hərbi pakt bağlanıb. Bu əməkdaşlığa əsasən, ABŞ İrəvana Strateji Müdafiə İcmalının aparılması və Ermənistan üçün yeni hərbi doktrina hazırlanması üçün ekspert dəstəyi verəcək. Bu məqam Ermənistanla ABŞ arasında hərbi əməkdaşlığın əhəmiyyətli dərəcədə dərinləşməsindən xəbər verir. Strateji müdafiə baxışı və yeni hərbi doktrinanın hazırlanması təkcə cari müdafiə strategiyalarının nəzərdən keçirilməsinə deyil, həm də Ermənistanın milli təhlükəsizlik məsələlərinə yanaşmasının tamamilə yenidən baxılmasına hesablanıb.
ABŞ-nin təmsil etdiyi Ermənistanın Qərb tərəfdaşları öz təhlükəsizlik qüvvələrinin bütün aspektlərini və potensial zəifliklərini qiymətləndirməli, həmçinin erməni tərəfinə yeni geosiyasi reallıqlara, maraqlara uyğun doktrina formalaşdırmağa kömək etməli olacaqlar.
Təbii ki, hərbi doktrinada bu cür dəyişikliklər ABŞ-nin aktiv maliyyə və texniki dəstəyi ilə müşayiət olunacaq ki, bu da Qərbin Cənubi Qafqazda sabitliyə təsir edən proseslərdə fəal iştirak etmək istəyini təsdiqləyir. Deməli, görüşdə açıqlanan 65 milyon dollar "aysberqin görünən hissəsidir".
ABŞ və Aİ İrəvana hansı hərbi yardımları göstərəcəklər?!
Həmin sənədə əsasən, Birləşmiş Ştatlar Ermənistanın hərbi və müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə inkişaf etdirmək, İranla sərhədə xüsusi diqqət yetirməklə, sərhəd nəzarətini və təhlükəsizliyi gücləndirmək üçün lazımi yardım göstərəcək.
Bu məsələ Ermənistan-İran sərhədinin Rusiya sərhədçiləri tərəfindən mühafizəsi kontekstində xüsusilə aktualdır.
Söhbət ABŞ-nin Ermənistan ərazisindən kəşfiyyatı üçün məhdudlaşdırıcı amil olan Rusiya sərhədçilərinin yaxınlaşan dəyişdirilməsindən gedir. Bu baxımdan İranın reaksiyası maraq doğurur. Ehtimal etmək lazımdır ki, İranın ali rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin ABŞ və NATO-nun regionun işlərinə qarışmaq istəməsi ilə bağlı son bəyanatından da göründüyü kimi, Tehran İrəvanın oyununu anlayıb. Vilayətinin sözlərinə görə, NATO-nun Brüsseldə keçirilmiş sammiti çərçivəsində bəyan edilmiş məqsəd "sülhün bərqərar olması" olduğu halda, Qafqaz regionunun işlərinə qeyri-qanuni müdaxilə barədə qərar qəbul edilib: "Bu davranış göstərir ki, bu qrup ölkələr gərginliyi artırmaq istəyir və region ölkələrinin təhlükəsizliyi və müstəqilliyi bahasına hərbi mövcudluğa bəhanə yaradırlar".
Maraqlıdır, görəsən, bundan sonra İranın Ermənistana qarşı münasibətlərində bir dəyişiklik olacaqmı?!
Sənədə əsasən, ABŞ Ermənistanın KTMT-nin Birgə Hava Hücumundan Müdafiə sisteminə inteqrasiyasını nəzərə alaraq, hava qüvvələrinin və hava hücumundan müdafiə imkanlarının yerində qiymətləndirilməsi üçün Ermənistana analitik qruplar göndərəcək. Birləşmiş Ştatlar Ermənistanın qabaqcıl hərbi texnika və yeni texnologiyalara çıxışını asanlaşdırmaq üçün xarici hərbi maliyyələşdirmə (FMF) vəsaiti ayıracaq.
Bundan əlavə, ABŞ Silahlı Qüvvələri qarşılıqlı fəaliyyətin təmin edilməsi üçün Ermənistan Silahlı Qüvvələri ilə birgə hərbi təlimlərdə iştirak edəcək. ABŞ Beynəlxalq Hərbi Təhsil və Təlim (IMET) proqramı vasitəsilə Ermənistanın müdafiə qabiliyyətini gücləndirəcək. ABŞ bütün Ermənistan ərazisində GPS texnologiyasının geniş tətbiqini sürətləndirməyə çalışacaq.
Ermənistana öldürücü silahların verilməsinə dair razılığa gəliblər
Eyni zamanda Avropa İttifaqı Ermənistan Silahlı Qüvvələrinə dəstək məqsədilə Avropa Sülh Fondu (AƏF) çərçivəsində yardım paketini qəbul edəcək. Bu paket Ermənistanın müdafiə sektorunda milli təhlükəsizliyini, sabitliyini və dayanıqlılığını gücləndirmək məqsədi daşıyır. O həmçinin əməliyyat səmərəliliyini artıracaq, Aİ və NATO standartlarına uyğunluğu sürətləndirəcək və Ermənistan silahlı qüvvələrinin qarşılıqlı fəaliyyətini təmin edəcək. Yardım paketi həmçinin Ermənistan Silahlı Qüvvələrinin Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (CSDP) çərçivəsində əməliyyat və missiyalarda iştirak imkanlarını gücləndirmək məqsədi daşıyır.
ABŞ və Avropa İttifaqı Ermənistanın müdafiə və təhlükəsizlik davamlılığı proqramının həyata keçirilməsini əlaqələndirmək üçün birgə hərbi və müdafiə işçi qrupu yaradacaq.
Aprelin 5-də Brüsseldə razılaşdırılan bir mühüm məqam isə Aİ və ABŞ-nin Ermənistana öldürücü silahların verilməsinə dair razılığa gəlinməsidir. Üstəlik, hücum silahlarının tədarükü gözlənilir. Nəticədə İrəvan Qərbin Gürcüstana belə vermədiyini və uzun illər Ukraynaya verməkdən imtina etdiyini alacaq.
İlham Əliyev dəfələrlə söyləmişdi axı...
Həm Blinken, həm Lyayen görüşdən əvvəl Prezident İlham Əliyevlə telefon danışıqlarında dövlət başçısını əmin etməyə çalışırdılar ki, görüşdə Azərbaycana qarşı yönəlməyən və yalnız iqtisadi komponentə təsir edəcəyi ilə bağlı faktlar əksini tapacaq.
Məlum oldu ki, Cənubi Qafqazda yeni bastion və gərginlik mənbəyi yaradılır. Bunun arxasında bilavasitə ABŞ dayanır. ABŞ dövlət xətti ilə də Ermənistanda genişmiqyaslı militarizasiya proqramının həyata keçirilməsinə başlayıb.
Ümumiyyətlə, Ermənistan ordusunun yenidən qurulması, xüsusi xidmət orqanlarının fəaliyyətinin təşkili (bu orqanların əməkdaşları ABŞ, Fransa və digər Qərb ölkələrində hazırlanacaq, onlar üçün xüsusi bazalar təşkil ediləcək) Ermənistana yeni silahların, hərbi təyinatlı texnologiyaların verilməsi və onun Azərbaycana, Türkiyəyə, İrana qarşı müharibəyə hazırlanması deməkdir.
Bütün bu faktlar İlham Əliyevin söylədiyi fikirlərin təsdiqidir. Azərbaycan Prezidenti keçirdiyi görüşlərdə bu məkrli planları ifşa edərək deyirdi ki, hazırda dünyada, o cümlədən Cənubi Qafqazda proseslər çox təhlükəli istiqamətdə gedir və bununla bağlı Azərbaycan haqlı olaraq öz narahatlığını ifadə edir. Belə ki, Cənubi Qafqaz üçün cızılan plan gələcəkdə böyük fəlakətə gətirə bilər. Əlbəttə ki, ABŞ və Qərbin regionda növbəti təhlükə mənbəyi yaratmaq cəhdləri Azərbaycanın da maraqlarına ziddir və bölgədə sülhün təminatına birbaşa təhdiddir.
İndi ABŞ Dövlət Departamenti yayılmış ciddi sənədi "dezinformasiya" adlandırmağa cəhd edir. Fakt qarşısında qalanda ən asan yol doğrunu yalan kimi qələmə vermək olur. Sənəddə əks olunan məqamlar onu deməyə əsas verir ki, hərbi yardım məsələsi ABŞ ilə Ermənistan arasında açıq şəkildə müzakirə olunub. 5 aprel görüşünə qədər də müzakirələr davam edib, sadəcə Azərbaycanın ciddi narahatlığına görə Brüssel görüşündə bu komponenti ört-basdır ediblər. İndi də bunu "dezinformasiya" adlandraraq gündəlikdən çıxarmaq istəyirlər. Azərbaycanın müdaxiləsindən sonra 5 aprel görüşündə məsələ gizlədilsə də, ortada real gizli pakt var. Bu sənəd göstərir ki, real müzakirələr aparılıb və addımlar atılıb.
Bir sözlə, bütün yalanlar ifşa olunur. Bəlli olur ki, İlham Əliyevin söylədiyi kimi, Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Əlbəttə ki, bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür. Bu həm də onu deməyə əsas verir ki, Ermənistanın silahlı forpost kimi formalaşdırılması cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"