06 Noyabr 2024 08:00
1330
SİYASƏT
A- A+
44 günlük zəfərdən sonrakı 1044 gün

44 günlük zəfərdən sonrakı 1044 gün


Bir də möhtəşəm quruculuq işləri


44 günlük Zəfər müharibəsindən nə qədər danışsaq, nə qədər yazsaq, yenə də azdır!

* Çünki bu, xalqımızın möhtəşəm qələbəsidir!

* Çünki bu, dövlətimizin möhtəşəm qələbəsidir!

* Çünki bu, ordumuzun möhtəşəm qələbəsidir!

* Çünki bu, Zəfərin baş memarı Müzəffər Ali Baş Komandanımızın möhtəşəm qələbəsidir!

Bu qələbə sayəsində Azərbaycan beş əsrdə ilk dəfə olaraq itirdiyi torpaqları geri qaytardı!

Bu qələbə sayəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev ikiəsrlik Qarabağ münaqişəsinə birdəfəlik son qoydu!

Bu qələbə sayəsində Azərbaycan Ordusu qalib orduya, Azərbaycan xalqı müzəffər xalqa çevrildi!

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu təkcə Ermənistan ordusunu biabırçı məğlubiyyətə uğratmadı...

Azərbaycan həm də Ermənistanın havadarlarına və müdafiəçilərinə, dünya erməniliyinə sarsıdıcı məğlubiyyət acısını yaşatdı!

Erməniləri həqiqətdə layiq olduqları "zavallı", "məzlum" günə qoydu!

Dünya qalib xalqın, qalib dövlətin və qalib ordunun kimə məxsusluğunu əyani şəkildə gördü!

Lakin uğur və qələbələrimiz təkcə 44 günlə bitmədi!

***

Ermənipərəstlər ATƏT-in Minsk qrupunun dili ilə daim bəyan edirdilər: "Münaqişənin müharibə yolu ilə həlli yoxdur".

Bununla onlar bizi torpaqları güc yolu ilə azad etməkdən çəkindirmək və hərbi əməliyyatlara başlayacağımız halda dünya qınağı qarşısında qoymaq niyyətlərini gizlətmirdilər.

Xocalı qatili Serjik Sərkisyan isə "alim"lik nümayiş etdirərək özünün "ermənilərlə azərbaycanlıların birgə yaşamalarının genetik cəhətdən mümkünsüzlüyü" tezisini utanmadan isbata çalışırdı.

(Nədənsə dövlət departamentinə məktub yazaraq ermənilərin Qarabağa qaytarılmasına kömək istəyən ABŞ konqresmenləri Serjikin bu "elmi əsaslandırma"sını unudublar.) 

Ermənistanın ozamankı müdafiə naziri Tonoyan isə açıq hədə-qorxuya keçərək "yeni müharibə - yeni ərazilər itkisi olacaqdır" - deyirdi.

Sorosçu yeni baş nazir Paşinyan isə bütün deyilənlərə yekun vuraraq "Qarabağ Ermənistandır və nöqtə" söylədi!

Bununla da iki mühüm məqamı açıqlamış oldu:

* Ermənistan sülh yolu ilə torpaq qaytarmaq niyyətində deyil.

* Müharibə başlanacağı halda havadarlarına güvənərək işğal ərazilərini daha da genişləndirmək gücündə və imkanındadırlar.

Lakin sən öz saydığını say...

***

Otuz il erməni işğalında qalan Azərbaycan torpaqlarının azad edilməsi dörd mühüm mərhələdən keçmişdir.

Birinci, Ulu Öndər Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıdışı ilə əlamətdar olan və Qurtuluşdan başlayan ilk mərhələ.

İkinci, şiddətli və qanlı döyüşlərin baş verdiyi 44 günlük hərbi əməliyyatlar və Rusiyanın vasitəçiliyi ilə kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatın imzalanması.

Üçüncü, uğurlu əməliyyat sayəsində Laçın dəhlizinin qapadılaraq Azərbaycan Ordusunun nəzarətinə keçməsi, Qarabağ separatçılarını və terrorçularını qidalandıran şah damarın kəsilməsi.

Dördüncü, yüksək peşəkarlıq səviyyəsində aparılaraq cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri, terrorçu və separatçıların ağ bayraq qaldıraraq təslim olmaları və ərazimizi dinc şəkildə tərk etmələri.

Bundan sonra tam qələbəni başa çatdıran daha iki mühüm hadisə də baş vermişdi.

Birinci, öhdəsinə götürdüyü missiyanı lazımınca yerinə yetirə bilməyən RSK-nin dinc şəkildə, mehribancasına yola salınması.

İkinci, bu günədək davam edən Böyük qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qaytarılması.

***

Hamının qəbul etdiyi həqiqət budur ki, möhtəşəm Zəfərin təməli Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı ilə əlamətdar olan Qurtuluş günündən qoyulmuşdur!

Azərbaycan deklarativ müstəqillik qazandığı gündən 15 iyun 1993-cü ilədək daim itirə-itirə gəlmişdir.

Ölkədə xaos və anarxiya həyatın normal ahəngini pozmuş, iqtisadiyyat dağılmış ÜDM istehsalı aşağı düşmüş, heç bir iqtidar tərəfindən torpaqların müdafiəsi təmin olunmamış, ordu yaradılmamış, düzgün daxili və xarici siyasət xətti formalaşdırılmamışdır.

Ulu Öndər Heydər Əliyev hər şeyə yenidən başlamalı oldu:

* Müharibədə atəşkəsə nail olunaraq yeni ərazilərin işğalının qarşısı alındı;

* Qanunsuz silahlı dəstələr tərk-silah edilərək əhalidəki külli miqdarda silah-sursat yığıldı;

* İki dəfə - 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında dövlət çevrilişi cəhdlərinin qarşısı alındı;

* "Əsrin müqaviləsi" imzalanaraq ölkənin gələcək iqtisadi inkişafının təməli qoyuldu;

* Ölkənin yeni Konstitusiyası qəbul edildi, bazar iqtisadiyyatına keçidə başlanıldı;

* Dövlətə və milli maraqlara xidmət edən daxili və xarici siyasət xətti müəyyənləşdirildi;

* Ordu quruculuğuna başlanıldı, 1994-cü ilin yanvarında Horadiz qəsəbəsi daxil 22 kənd erməni işğalından geri alındı;

* Ən əsası, Ulu Öndərimiz Azərbaycan torpaqlarının erməni işğalından qurtarılması missiyasını yerinə yetirə biləcək qəhrəmanı - siyasi varisini yetişdirərək ölkənin gələcək taleyini etibarlı əllərə tapşırdı!

ATƏT-in Minsk qrupu vasitəsilə səmərəsiz sülh danışıqlarını davam etdirən Azərbaycan hərb variantına da hazırlığını dayanmadan davam etdirirdi.

***

Azərbaycan Prezidenti seçildiyi ilk günlərdən İlham Əliyev daim xalqla açıq danışmış, verdiyi vədləri şərəflə yerinə yetirmişdir.

Torpaqların işğalı ilə bağlı dediklərini dəfələrlə təkrar etmişdir:

* Biz bir qarış torpağımızı belə düşmən işğalında qoymayacağıq!

* Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmasına yol verməyəcəyik!

* Sülh yolu ilə baş tutmasa, torpaqlarımızı digər vasitələrlə azad edəcəyik!

Əsas milli ideya ölkənin ərazi bütövlüyünün təmin edilməsi idi.

Lakin ölkə daxilində öz həllini gözləyən kifayət qədər digər problemlər də vardı.

Ən böyük çətinlik isə ölkə daxilində mövcud olan bir milyonadək qaçqın və məcburi köçkünlərlə bağlı idi.

Regionlarda da vəziyyət ürəkaçan deyildi: işsizlik hökm sürür, sahibkarlıq zəif inkişaf edir, elektrik enerjisi müəyyən fasilələrlə verilir, qazlaşdırma aşağı səviyyədə idi və s.

Neft gəlirləri hələ büdcəyə daxil olmadığından problemlərin sürətli həlli çətinliklər yaradırdı.

Lakin cənab İlham Əliyev bütün çətinliklərin öhdəsindən uğurla gəldi!

Regionların sosial-iqtisadi inkişafına dair dörd dövlət proqramı qəbul edilərək müvəffəqiyyətlə yerinə yetirildi:

* 116 qaçqın şəhərciyi və yaşayış kompleksi tikilərək 300 mindən çox məcburi köçkün orada məskunlaşdırıldı.

* Yeni yol infrastrukturu yaradıldı, işsizlik və yoxsulluq 40-50 fazidən 4-5 faizədək endirildi, bölgələrin fasiləsiz elektrik enerjisi ilə təminatı qaydaya salındı, ölkə üzrə qazlaşdırma 96 faizə çatdırıldı.

* İqtisadiyyatın diversifikasiyası həyata keçirildi, qeyri-neft sektoru inkişaf etdirildi, ölkənin iqtisadi gücü artırıldı, insanların sosial rifahı əsaslı şəkildə yaxşılaşdırıldı.

* Azərbaycanın beynəlxalq nüfuzu da yüksəldildi, uzaqgörən xarici siyasət sayəsində dostlarının, əməkdaşlıq etdiyi ölkələrin və müttəfiqlərinin sayı xeyli artdı.

Bütün bunlarla bərabər, ordu quruculuğu da daim diqqət mərkəzində saxlanıldı.

Yeni vətənpərvər gənc nəsil yetişdirilərək beynəlxalq idman arenalarında sınaqdan çıxarıldı, dünyanın tanınmış hərbi məktəblərində çoxsaylı zabit kadrları hazırlandı, müasir ordu qurularaq ən yeni silahlarla təchiz edildi, müntəzəm şəkildə hərbi təlimlər keçirilərək əsgər və zabitlərin peşəkarlığı, hərbi vərdişləri dayanmadan yüksəldildi.

Ermənistanın sülh danışıqlarını əsassız şəkildə uzatması onun dinc vasitələrlə torpaqları qaytarmayacağını aydın göstərirdi...

***

Artıq Azərbaycanın səbir kasası dolmuşdu.

Sorosçu Paşinyanın daxili çaxnaşmalar nəticəsində meydandan birbaşa Ermənistan rəhbərliyinə gəlməsi və içib sərxoş olaraq "Qarabağ Ermənistandır - nöqtə" söyləməsi dolu kasanı daşdırdı.

Üstəlik, Ermənistan Azərbaycanla hədə dilində danışmağa başlamışdı...

İlham Əliyev Ermənistanın baş nazirinin qudurğan davranışına böyük təmkin və soyuqqanlılıqla cavab verdi.

Əvvəlcə Soçidə keçirilən Beynəlxalq Diskussiya Klubunda ona tarix dərsi keçərək sonradan torpaqlarımızın işğaldan azad olunmasının simvoluna çevrilən "Qarabağ Azərbaycandır - nida" çağırışını etdi!

Sonra Münxen Təhlükəsizlik Konfransında üzbəüz debatda Paşinyanı rüsvay edərək Qarabağın heç zaman Ermənistana məxsus olmadığını və olmayacağını qətiyyətlə söylədi!

Bu həm də dünyaya sülh danışıqlarının işğalçı dövlət tərəfindən dayandırıldığını açıqlayan bir mesaj idi.

Hadisələrin sonrakı inkişafı Azərbaycan Prezidentinin bu addımının uzaqgörənlik olduğunu bir daha nümayiş etdirdi.

Ermənistanın havadarlarına güvənərək sistemli şəkildə təmas xəttində atəşkəsi pozması, müxtəlif təxribatlar törətməsi artıq bu azğınlıqlara qəti cavab verilməsini zərurətə çevirirdi.

***

Azadlıq müharibəsinin ilk günlərindən Azərbaycanın bu savaşa mükəmməl və ciddi hazırlaşdığını, ən yeni strategiya və taktika tətbiq etdiyini əyani şəkildə göstərdi.

Hər gün düşmən ordusuna sarsıdıcı zərbələr endirilir, onun müdafiə mövqeləri dağıdılır, ciddi tələfata uğradılır, bir və ya bir neçə yaşayış məntəqəsi azad olunurdu!

44 gün ərzində Azərbaycan Ordusu daim hücum etdi, yalnız irəli getdi: nə dayandı, nə də geri çəkildi!

Belə bir hücum, belə bir mütəşəkkil ordu və taktika görməyən "məğlubedilməz" erməni ordusu qarşımızda pərən-pərən düşdü, silah-sursatını, döyüş mövqelərini, zirehli texnikasını ataraq qaçmağa üz qoydu.

Sonradan özlərinin etirafına görə, 12 mindən çox erməni əsgərinə fərariliklə bağlı cinayət işi açıldı.

Dünənədək lovğalanaraq bizi hədələyənlər indi İlham Əliyevin ayaqlarına düşərək aman diləyir, dostlarını minnətçi salaraq atəşkəs üçün yalvarırdılar...

Müxtəlif dövlət başçılarının, siyasətçilərin xahişlərinə, hətta bəzən üstüörtülü təhdidlərinə baş Sərkərdəmizin bircə cavabı vardı: "Əvvəlcə Ermənistan öz qoşunlarının ərazilərimizdən çıxarılması qrafikini təqdim etməlidir!"

Diplomatiya sahəsində də böyük zəfərə imza atan Müzəffər Ali Baş Komandan İlham Əliyev istədiyinə nail oldu!

10 noyabr 2020-ci ildə Rusiya Prezidenti V.Putinin vasitəçiliyi ilə Ermənistanın baş naziri N.Paşinyan kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzaladı!

44 gün ərzində informasiya cəbhəsində də şiddətli çarpışmalar getdi.

Cənab İlham Əliyev həmin dövrdə otuzdan çox dünya KİV-nə, televiziya kanallarına və informasiya agentliklərinə müsahibələr verdi.

Jurnalistlərin əksəriyyəti ermənipərəst mövqedən çıxış edərək Azərbaycanı atəşkəsi və sülh danışıqlarını pozmaqda, muzdlulardan istifadə etməkdə, qadağan olunmuş sursatlardan istifadədə, Türkiyənin hərbi əməliyyatlarda iştirakında suçlamağa can atır, təxribatçı suallar verirdilər. 

Lakin cənab İlham Əliyev hər bir suala soyuqqanlılıqla yanaşır, feyk xəbərləri faktlarla ifşa edir, əsl həqiqətləri konkret misallarla göstərirdi.

Qərəzli niyyətlərlə Azərbaycan Prezidentindən müsahibə almağa gələnlərin "tribuna"sından məharətlə istifadə edən İlham Əliyev, əslində, onları ifşa edərək bütün gerçəklikləri və həqiqətləri bu yolla dünya ictimaiyyətinə çatdırmaqla informasiya müharibəsinin də əsl qəhrəmanına çevrildi!

44 günlük Zəfər müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu otuzillik erməni işğalına son qoyaraq öz ərazisini  azad etdi!

Lakin bu da son deyildi...

***

Diz çöküb təslim olduqdan, kapitulyasiya aktını imzaladıqdan sonra ermənilər yenə də öz xislətlərinə sadiq qaldılar.

Yalançı, qorxaq və riyakarlıqlarını növbəti dəfə sübut etdilər.

Üçtərəfli Bəyanatın bir sıra maddələrini müxtəlif bəhanələrlə yerinə yetirməkdən boyun qaçırmağa başladılar.

Laçın dəhlizinə birgə nəzarəti təmin etmədilər.

Əksinə, RSK-nin vəzifə borclarına səhlənkar yanaşmalarından, ermənipərəst mövqeyindən və onların bədnam əməllərinə göz yumduqlarından istifadə edərək separatçı rejimə dəstəklərini və yardımlarını davam etdirdilər.

Laçın dəhlizi üzərindən Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinə və terrorçu qruplarına yardım məqsədilə:

* Silah-sursat daşınır;

* Minalar gətirilərək ərazilərimizdə basdırılması davam etdirilir;

* Canlı qüvvənin dislokasiyası həyata keçirilir;

* Arzuolunmaz şəxslər bu yolla Qarabağa asan gəlib-gedirdilər.

Hətta azğınlaşaraq Azərbaycan postuna əl qumbarası belə atdılar!

23 aprel 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələri daha bir unikal hərbi əməliyyat keçirdi!

Həkəri çayı üzərindəki körpüyə yiyələnən cəsur döyüşçülərimiz orada post yaradaraq Laçın yoluna nəzarəti ələ aldılar!

Beləliklə, 44 günlük Zəfərin davamı olaraq ölkəmizin ərazi bütövlüyü də tam təmin olundu!

***

Ermənistan "dəmir yumruğ"un ikinci zərbəsindən də ağıllanmadı!

Özlərinə "artsax" adı qoyan separatçı rejim fəaliyyətini davam etdirir, qondarma qurumun "silahlı qüvvələri" tərk-silah olunmur, Ermənistana məxsus hərbi birləşmələr ərazilərimizdə qalırdılar.

Hətta iş o yerə çatdı ki, separatçı rejim yenidən özünə "prezident" seçdi, Paşinyan isə ona təbrik məktubu göndərdi.

Hadisələrin bu sayaq davamı "dəmir yumruğ"un üçüncü zərbəsini zərurətə çevirirdi.

Nəticədə dünya hərb tarixinə düşəcək lokal xarakterli antiterror tədbirləri keçirildi!

Ermənilər, adətən, atəş nöqtələrini, hərbçilərin kazarmalarını, hərbi texnikanın dislokasiya yerlərini mülki əhalinin yaşadığı yerlərin lap yaxınlığında qurur, beləliklə, özlərini bir növ "qoruyur" və mülki əhali arasında tələfat yaranacağı halda gələcək təbliğat kampaniyalarına "əsaslar" yaradırdılar.

Adətən, onlar üçün vətəndaşlarının dəyəri yox, keçirəcəkləri anti-Azərbaycan kampaniyalarının daha səs-küylü olması vacib sayılır. 

Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə ən yüksək səviyyədə hazırlaşaraq onu böyük peşəkarlıqla həyata keçirdi.

İrəlicədən aparılan kəşfiyyat sayəsində terrorçu qrupların, qanunsuz silahlı birləşmələrin, silah-sursat anbarlarının, gizli bunkerlərin yerləri dəqiqliklə müəyyənləşdirilmişdi.

Cəmi 6 saat çəkən hərbi əməliyyat, dəqiq raket və mərmi zərbələri nəticəsində düşmən darmadağın edildi. Sağ qalanlar isə ağ bayraq qaldıraraq təslim oldular!

Əməliyyatın başlanması ilə düşmənin tərk-silah edilərək zərərsizləşdirilməsi bütövlükdə 23 saata yekunlaşdı.

Azərbaycan aman diləyənlərin, təslim olaraq silahlarını təhvil verənlərin ərazimizi tərk etmələrinə şərait yaratdı!

Bundan başqa, Azərbaycan vətəndaşlığını qəbul edərək Azərbaycan Konstitusiyası əsasında yaşamaq istəyənlərin təhlükəsizliyinə təminat verdiyini də söylədi.

Pasportunu daşıdıqları Ermənistana getmək istəyənlərə isə hər cür şərait yaratdı.

Beləliklə, 2023-cü il 20 sentyabrda Azərbaycanın dövlət suverenliyi və konstitusiya əsasları da bərqərar olundu.

Cari ildə isə Azərbaycan Prezidenti İlham Əliyev 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə sərəncam verdi.

***

Otuz il işğal günlərini "qara bayram" kimi qeyd edənlər artıq 8 noyabr 2020-ci ildən - Zəfər müharibəsindən sonra "şəhər günləri"ni - təqvimimizə yazılan yeni bayramları sevinclə keçirməyə başlayıb.

Zəfərin yaratdığı xoş günlərimiz də var!

* Belə ki, Zəfərdən 896 gün sonra Azərbaycanın ərazi bütövlüyü bərpa edildi!

* Ərazi bütövlüyündən 150 gün sonra ölkəmizin dövlət suverenliyi və Konstitusiya əsasları təmin olundu!

* Vətən müharibəsindən 1044 gün sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin "dəmir yumruğ"u sayəsində ikiəsrlik Qarabağ münaqişəsinə son qoyuldu!

Bütövlükdə 30 illik işğal 1088 gün ərzində bütün parametrlər üzrə möhtəşəm qələbə ilə başa çatdırılmış oldu!

12 iyun 2024-cü ildə isə Rusiya Sülhməramlı Kontingenti qarşılıqlı razılıq əsasında Azərbaycan ərazisini tərk etdi!

***

Əvvəlcə üç cəbhədə - hərbi, diplomatiya və informasiya müharibəsində döyüşlər möhtəşəm Zəfərlə başa çatdı!

Sonra dördüncüdə - yeni açılan inşaat meydanında sürətli bərpa və quruculuğa başlanıldı! 

İllər boyu Azərbaycan xalqı, xüsusən məcburi köçkünlər böyük qələbəni sonsuz intizarla gözləyirdilər.

Ən böyük bayram istəklərimiz "Növbəti bayramı Qarabağımızda keçirək!" arzusu idi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik və uzaqgörən siyasəti, möhkəm iradəsi və qətiyyətli addımları sayəsində xalqımız əsas milli ideyasını gerçəkləşdirdi!

Prezidentimiz Böyük qayıdışa dair dövlət proqramını da imzalamış, artıq illərdir ki, uğurla həyata keçirilməkdədir.

Barbar düşmən Qarabağda və Şərqi Zəngəzurda qeyri-insani əməllərə, vəhşiliklərə əl atmış, ekosid, urbisid, kultursid törətmişdir.

Faktiki olaraq xarabazara çevrilmiş ərazilərdə hər işə yenidən başlanılmışdır:

* Yeni yollar çəkilir, körpülər qurulur, tunellər qazılır;

* Su-elektrik stansiyaları tikilərək işə salınır, elektrik xətləri çəkilir;

* Məktəblər, uşaq bağçaları istifadəyə verilir;

* Sənaye məhəllələri, sənaye parkları tikilir, iş yerləri yaradılır;

* Yaşayış evləri, mehmanxanalar, ictimai binalar inşa olunur;

* "Smart" tipli kəndlər, qəsəbələr salınır;

* Geri dönən keçmiş məcburi köçkünlərin rahat, qayğısız yaşamalarına hər cür şərait yaradılır.

Uzun illər həsrətini çəkdikləri doğma yurd-yuvaya qayıdanların sayı aybaay artır, insanlar ən müqəddəs arzularına qovuşurlar!

İndiyədək işğaldan azad olunmuş ərazilərə 8660 nəfər - 2263 ailə qayıtmışdır.

19 iyul 2022-ci ildə - Vətən müharibəsinin qurtarmasından cəmi 1 il 8 ay sonra (616 gün) 53 nəfərdən ibarət 10 ailə ilk olaraq Zəngilanın Ağalı kəndinə qayıdıb.

2024-cü ilin üçüncü rübündə daha 755 nəfər (231 ailə) doğma yurduna dönüb.

Media Təhlil Mərkəzinin apardığı araşdırmalara görə:

* Vətənə qayıdan keçmiş məcburi köçkünlərin miqyasına görə Füzuli şəhəri birinci yerdədir: 822 ailə və ya 3132 nəfər.

* Laçın şəhəri ikinci sıradadır: burada 570 ailə və ya 2090 soydaşımız məskunlaşıb.

* Keçmiş məcburi köçkünlərin ilk olaraq döndükləri Zəngilanın Ağalı kəndi isə 175 ailənin və ya 871 nəfərin daimi yaşayış yerinə çevrilib.

* Mədəniyyət paytaxtımız Şuşa isə 204 ailəni və ya 763 keçmiş sakinini yenidən qoynuna alıb.

Böyük qayıdış proqramı sürətlə icra olunur, doğma yurda daha tez qayıtmaq arzusunda olanların istəyi reallaşır.

Azərbaycan bu sahədə - işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi və yenidən məskunlaşdırılmasında da yeni rekordlara imza atır!

***

9863 gün həsrətlə yaşadıq, arzularla yaşadıq!

9863 gün ümidlə yaşadıq, intizarla yaşadıq!

9863 gün əzab çəkdik, sıxıntı içində yaşadıq!

Kor dünya nə bizi gördü, nə dərdimizə çarə qıldı!

Nə halımıza yanan oldu, nə yadına salan!

Nə dadımıza çatan oldu, nə sözümüzü deyən!

Tanrıdan və öz dövlətimizdən başqa kimsə bizə acımadı...

Sən demə, demokratiya da, BMT qətnamələri və bəyanatlar da, beynəlxalq hüquq və beynəlxalq təşkilatlar da yalnız ikili standartların əl alətləriymiş.

Sonda Allah özü bizə rəhm etdi.

* İlham Əliyev kimi müdrik, qətiyyətli və prinsipial Prezident yetirdi!

* İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində BMT-nin 30 ilədək müddətdə icra edə bilmədiyi 4 qətnaməsi yerinə yetirildi!

* İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu diz üstə çökdürdü, ona kapitulyasiya aktını imzalatdırdı!

* İlham Əliyevin rəhbərliyi ilə iki düşmən dövlət arasında sülh müqaviləsinin imzalanması üçün otuz il danışıqlar imitasiyası yaradan ATƏT-in Minsk qrupunun görə bilmədiyi işlər reallaşdırıldı!

* İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız erməni vandallarından təmizləndi, bir milyonadək məcburi köçkünün hüquqları bərpa olundu, beləliklə, beynəlxalq hüququn da tələbləri yerinə yetirildi!

* İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu möcüzələr yaradaraq XXI əsrin müharibələr tarixində yeni səhifə açdı!

9863 günlük məşəqqətli məcburi köçkün həyatına 44 gündə son qoyuldu!

Bu gün qalib, milli mənliyi geriyə qaytarılmış xalq olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək fəxrlə bildiririk:

Qarabağ Azərbaycandır!

"Dəmir yumruq" Vətənimizi və xoş günlərimizi etibarlı şəkildə qoruyur!



Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

COP29 çərçivəsində Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi məsələsi müzakirə edilib  

00:00
15 Noyabr

Energetika naziri moldovalı və mərakeşli həmkarları ilə görüşüb 14.11.2024 [20:05]  

23:57
14 Noyabr

Tahir Budaqov: Azərbaycan dövlətlərarası münasibətlərin konstruktiv müstəvidə inkişafının tərəfdarıdır  

23:55
14 Noyabr

Tonqanın Qanunvericilik Assambleyasının sədri Azərbaycana səfərə gəlib  

23:54
14 Noyabr

Ədliyyə naziri BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru ilə görüşüb  

23:52
14 Noyabr

YAP nümayəndə heyəti Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunda iştirak edib  

23:50
14 Noyabr

COP29 çərçivəsində İqlim, innovasiya, yaşıl iqtisadiyyat və ticarət üçün TDT Tərəfdaşlığına dair bəyanat imzalanıb  

23:48
14 Noyabr

Azərbaycanla Moldovanın prokurorluq orqanları hüquqi əməkdaşlığı genişləndirirlər  

23:46
14 Noyabr

Britaniyalı nazir: COP29-da iştirak etmək böyük bir imtiyazdır  

23:39
14 Noyabr

Cəbrayıl və Füzulidə bir qrup sakinə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim edilib  

23:30
14 Noyabr

Dövlət Komitəsinin sədri Şirvanda vətəndaşlarla görüşüb  

23:29
14 Noyabr

Türkiyə mediası: COP29-da dünyanın ən böyük mərcanının aşkar edildiyi açıqlanıb  

23:24
14 Noyabr

COP29-da iştirak edən Çin nümayəndə heyəti Milli Məclisdə olub

23:01
14 Noyabr

Azərbaycan ilə Anqola arasında elm və təhsil sahəsində əməkdaşlıq genişləndiriləcək  

22:41
14 Noyabr

Akademik: Azərbaycanda keçirilən COP29 yeni sənaye inqilabının anonsu təsirini bağışlayır  

22:40
14 Noyabr

COP29-un ən gənc iştirakçısı: Məqsədim uşaqların səsini bütün dünyaya çatdırmaqdır  

22:38
14 Noyabr

Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb YENİLƏNİB 

22:34
14 Noyabr

“AzərEnerji” ilə “Schneider Electric” şirkəti memorandum imzalayıb  

22:29
14 Noyabr

Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Prezidenti ilə görüşüb YENİLƏNİB VİDEO  

22:22
14 Noyabr

İsrail səfiri: COP29-un yüksək səviyyədə təşkil edilməsi Azərbaycan üçün böyük nailiyyətdir  

22:19
14 Noyabr

COP29 çərçivəsində Mərkəzi Asiya ölkələri iqlim dəyişikliyi və buzlaqların qorunması üzrə birgə Bəyannamə imzalayıblar  

22:17
14 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!