Azərbaycan ilk dəfə bu milli bayramı suverenliyini tam təmin etmiş ölkə kimi qeyd edir
Bu gün müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 106-cı ili tamam olur. 1918-ci il may ayının 28-də cümhuriyyətin elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli-azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi.
Birinci Dünya müharibəsinin sona çatması, Rusiyada oktyabr inqilabı və çarizmin süqutundan yaranmış gərgin vəziyyət, Rusiyanın keçmiş ərazisinin hamısına lazımi qədər nəzarət edə bilməməsi Azərbaycan Xalq Cümhuriyyətinin yaranması üçün əlverişli şərait yaratmışdı. Xüsusilə qeyd olunmalıdır ki, belə bir şəraitdə müstəqil cümhuriyyəti qura biləcək qabaqcıl ziyalılar təbəqəsinin yetişməsi də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında müstəsna rol oynamışdı. Müstəqil dövlətçilik ideyasını gerçəkləşdirmək arzusu ilə alışıb-yanan, yazdıqları məqalələrdə, ictimai və siyasi fəaliyyətlərində bu hisslərini fəxarətlə büruzə verən vətənpərvər insanların yorulmaz səyləri nəticəsində müstəqilliyə aparan yollardakı maneələr dəf edildi. Məhz o insanların müstəqil dövlətçiliyin bərpa olunmasına xidmət edən əqidə və məslək birliyi son nəticədə öz sözünü dedi və 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsi qəbul edildi.
Qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş ilk milli hökumətimiz cəmi 23 aylıq fəaliyyəti dövründə xalqımızın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirdi.
Təəssüf ki, 1920-ci ilin aprelində yaranmış tarixi şərait xalqımıza istiqlal mücadiləsini sonadək davam etdirməyə imkan verməmişdir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun şüurlara aşılamış olduğu müstəqillik ideyaları bütün məhrumiyyətlərə baxmayaraq, xalqımızın yaddaşından heç vaxt silinmədi. Azərbaycanın dövlətçilik tarixində bu varislik ənənəsini xalqımız cümhuriyyətin süqutundan sonrakı 70 illik sovet hakimyyəti dövründə qəlbində və şüurunda yaşatdı.
Xüsusən Ümummilli Lider Heydər Əliyevin respublikamızda uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsinə və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.
Bu dövrdə xalqımızın sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində baş verən yüksəliş, sürətli inkişaf milli dövlətçilik ideallarının bərpası və gələcək müstəqillik baxımından əhəmiyyəti misilsiz idi. Elə üçrəngli bayrağımızın da Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet hakimiyyətinin mövcud olduğu 1990-cı ilin noyabrında Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərarın qəbul edilməsi Ulu Öndərin müstəqillik ideallarına nə qədər bağlı olduğunu göstərirdi.
1991-ci il 18 oktyabr dövlət müstəqilliyinin elan olunması Azərbaycanın yeni intibahının bünövrəsi idi. Xalqımız cümhuriyyətin dövlətçilik ənənələrini davam etdirərək bu tarixi varislik üzərində öz dövlətini yaratdı. O dövrü şərh edən Ulu Öndər Heydər Əliyev bu tarixi prosesi belə qiymətləndirib: "Əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq Üzeyir Hacıbəyovun və Əhməd Cavadın yaratdıqları Dövlət himnini, Xalq Cümhuriyyətinin üçrəngli bayrağını və gerbini bərpa elədi. Bu dövlətçilik atributları bu gün də hər bir Azərbaycan vətəndaşı üçün olduqca əzizdir… Bu dövlət, bu quruluş 1918-ci ildə yaranmış ilk xalq cümhuriyyətinin varisidir".
Fəqət, müstəqilliyin ilk illərində hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi az qala bu müstəqilliyin də əldən getməsinə gətirib çıxaracaqdı. Yalnız yenidən hakimiyyətə qayıdan Ulu Öndərin sayəsində müstəqilliyimizi qorumaq mümkün oldu. Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu, xalqımızın azadlıq intibahının banisi oldu.
Heydər Əliyev xalqımıza əbədi müstəqillik bəxş etdi. Onun siyasi məktəbinin ən layiqli məzunu Prezident İlham Əliyev isə tam müstəqil, qətiyyətli, prinsipial siyasəti ilə müstəqilliyimizi daha da möhkəmləndirdi, sarsılmaz etdi. Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, dünya birliyində söz sahibi kimi qəbul olunması məhz müstəqilliyimizin və müstəqil siyasətin bəhrəsidir.
Azərbaycanın bu gün əldə etdiyi möhtəşəm Zəfərin, suverenlik və ərazi bütövlüyünün tam təmin edilməsi uğurlarının fonunda müstəqilliyimizin möhkəm olması daha aydın görünür. Bu qüdrətin göstəriciləri Azərbaycanın kosmik klubun üzvünə çevrilməsi, BMT Təhlükəsizlik Şurasına, Qoşulmama Hərəkatına sədrlik etməsi, beynəlxalq enerji təhlükəsizliyi və digər qlobal məsələlərdə öz sözünü deməsi və sairə bu kimi digər məsələlərdir. Bütün bunlar həm də Azərbaycanın inamla addımladığı yoldan xəbər verir. Bu yol müstəqil Azərbaycan dövlətinin daha da qüdrətlənməsinə, xalqımızın daha yüksək rifahına aparır.
Prezident İlham Əliyevin ötən 21 illik fəaliyyətində diqqəti çəkən məqamlardan biri də dövlətçilik tariximizin öyrənilməsi, araşdırılması və gələcək nəsillərə çatdırılmasıdır. Bu sırada Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı görülən işlər xüsusi qeyd edilməlidir.
Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli qanunu ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı" təsis olunub.
2021-ci il 15 oktyabr tarixdə "Müstəqillik günü haqqında" Azərbaycan Respublikasının qanunu qəbul olunub. Sözügedən qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Bir sözlə, ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi - işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması...
Bu gün tarixinin ən qüdrətli Azərbaycanı Müstəqillik Gününü ilk dəfə suverenliyini tam təmin etmiş ölkə kimi qeyd edir. İlham Əliyev elə bir Azərbaycan yaradıb ki, regiondakı yeni reallıqlarla hər kəs hesablaşır. Müstəqil siyasət yürüdən Azərbaycan artıq regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır. İlham Əliyevin dövlətimizin milli maraqlarını bütün sahələrdə inamla təmin etməsi Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, əbədi və sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət edir. Bu gün müstəqil Azərbaycanın üçrəngli bayrağı bütün ərazimizdə dalğalanır. Bu azadlığı və hürriyyəti heç bir qüvvə xalqımızdan ala bilməz...
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"