İlan və həşərat sancması zamanı ilk yardım necə olmalıdır
Havalar istiləşəndə ilan və digər zəhərli həşəratların insanları sancması hallarının da sayı artır. Bununla əlaqədar əhalinin toksikoloji mərkəzlərə müraciətləri çoxalır. Ötən ay ərzində 6 nəfər Kliniki Tibbi Mərkəzə ilan sancması ilə əlaqədar müraciət edib.
Bəs toksikoloqlara ən çox hansı zəhərlənmələrlə bağlı müraciətlər olunur? İlk yardım olaraq nələr edilməlidir? Sancmalar daha çox kimlər üçün təhlükəlidir?
Mövzu ilə bağlı qəzetimizə danışan Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkim-toksikoloqu Aynur Məmmədova deyib ki, ilansancma halları, əsasən, Bakıətrafı kəndlərdə, habelə Şamaxı, Ağsu, Qəbələ, Şəmkir, Tovuz, cənub və aran rayonlarında qeydə alınır: "Ölkəmizdə az da olsa, sarı əqrəb və "qara qurd" adlanan hörümçək zəhərlənmələrinə də rast gəlinir. Sarı əqrəb sancmasından zəhərlənmə zamanı ölüm halı, ağırlaşma baş vermir. Nadir hallarda xəstə zəhərə qarşı allergik reaksiya verə bilər. Sadəcə olaraq, sancma yerində bir az ağrı və şişkinlik olur. Bu halda ilkin yardım göstərib evə təyinat yazılır. "Qara qurd" isə ölkəmizə xas həşərat deyil. O, bizə Orta Asiyadan daha çox yükdaşımalar zamanı gəlir. Bu hörümçək 1,5 millimetr ölçüdə olur və belində 4 qırmızı nöqtə var. "Qara qurd" o qədər balacadır ki, bəzən onun sancdığını heç hiss etmək də olmur. Zəhəri gürzəninkindən bir neçə dəfə güclü olan həşəratın sancması o qədər şiddətli ağrı verir ki, hətta güclü ağrıkəsicilər belə kömək etmir. Bu ağrılar 3 gün davam edir".
Həkim-toksikoloqun sözlərinə görə, yay aylarında gənə sancmalarına da rast gəlinir. Onlar həm ölkəmizə xas olur, həm də qonşu ölkələrdən gəlir. Əsasən, Rusiyadan gələn bu həşəratlar çox zəhərli olub, birbaşa beyinə təsir edir. Ölkəmizə xas olan gənələr qorxulu deyil. Gənə sancması zamanı onlar ya xəstə tərəfindən çıxarılıb zərərsizləşdirilir və ya cərraha müraciət edilir.
A.Məmmədova bildirib ki, ilan sancması zamanı zədəli dəri ətrafını tərpətməməyə, hərəkət etdirməməyə çalışmaq lazımdır: "Həmin ətrafa yaxın oynaqları işlətmək olmaz. Əks təqdirdə, zəhər bədənə daha tez yayılacaq. Həmin nahiyə çirklidirsə, su ilə yuyulmalı, buz qoyulmalı, yara və ətrafı sıxılmamalıdır. Heç bir halda həmin nahiyəni kəsmək, çərtmək olmaz. İlan insanı sancan kimi zəhər birbaşa limfa damarı ilə yuxarı qalxır. İlan sancması halında insanın ilk ağlına gələn həmin nahiyəni sovurmaq olur. Amma bu tövsiyə edilmir. Belə ki, həmin şəxsin dişində və ya dodağında yara olub-olmadığı bilinmir. Həmin insanın ağzında balaca bir yara olsa belə, zəhər yaradan qana keçəcək. Əgər mümkündürsə, xəstənin yanında varsa, mütləq antihistamin qəbul edilməlidir".
Mütəxəssis vurğulayıb ki, ilan sancan insanı təcili olaraq xəstəxanaya çatdırmaq lazımdır: "Çünki ilan zəhərinə qarşı zərdab yalnız xəstəxanalarda vurula bilər. Həkim və ya tibb bacısı tərəfindən mütləq ağrıkəsici vurulmalı və nahiyə novakain ilə blokadaya alınmalıdır. Bu blokada yara yerindən təxminən 3-4 barmaq yuxarı dəri altına novakainin halqavari yeridilməsi deməkdir. Xəstənin vəziyyəti normaldırsa maye qəbul edə biləcək, ağırlaşdıqda isə qusmağa başlayacaq, təzyiqi kəskin enəcək. Ağız zəhərlənmələr daha çox ilanın əl, sinə, boyun, damar və ona yaxın nahiyələrdən sancmasında baş verir. İlan sancmaları uşaqlar, yaşlılar, hamilələr və xroniki xəstəliyi olanlar üçün xüsusilə təhlükəlidir".
Ülkər XASPOLADOVA,
"Azərbaycan"