21 Sentyabr 2025 08:35
579
SİYASƏT
A- A+
Zəfərin taclandırdığı suverenlik

Zəfərin taclandırdığı suverenlik


Müzəffər Ali Baş Komandanla xalqın birliyi, milli iradənin təcəssümü


Müharibədə olunan mücadilə yalnız torpaq deyil, bu torpağın tam müstəqil, azad və heç kimdən asılı olmadan idarə edilməsi uğrundadır. Bu ifadə xüsusilə vətən, azadlıq mübarizəsi və ya milli-azadlıq hərəkatları kontekstində çox güclü səslənir. Azərbaycanın yaxın tarixindəki 44 günlük Vətən müharibəsi çərçivəsində bu cür ifadə həm ideoloji, həm də milli qürur baxımından böyük önəm daşıyır.

Müstəqil Azərbaycanın dövlətçilik tarixində əldə olunan hər bir zəfər, əslində, suverenliyimizin möhkəmləndirilməsinə atılmış strateji addımdır. Bu baxımdan 44 günlük Vətən müharibəsi və ardınca 2023-cü ildəki 23 saatlıq antiterror tədbirləri təkcə hərbi-siyasi qələbə deyil, həm də dövlətin tam suverenlik yolunda atdığı addımların dönüş nöqtəsidir.

Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, ölkənin ərazi bütövlüyü və suverenliyi toxunulmazdır. Lakin təxminən 30 il ərzində bu prinsip real olaraq pozulmuşdu. BMT, ATƏT və digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə baxmayaraq, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləri faktiki olaraq nəzarətdən kənarda qalmışdı. Bu isə dövlət suverenliyinin real şəkildə məhdudlaşdırılması demək idi.

Azərbaycan Silahlı Qüvvələrinin 2020-ci ilin payızında həyata keçirdiyi əks-hücum əməliyyatları Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suveren hüquqlarının bərpası üçün strateji bir mərhələ oldu. Lakin etiraf etməliyik ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla münaqişəyə son qoyulsa da, Xankəndi və ətraf ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin qalması suverenliyin tam təmin olunmasına maneə törədirdi. 

Vətən müharibəsindən əvvəlki dövrdə də, sonra da Azərbaycan-Ermənistan münaqişəsi mövzusunda danışarkən Prezident İlham Əliyev hər zaman bəyan edirdi ki, Azərbaycan ərazisində ikinci "Ermənistan" dövlətinin yaradılmasına heç vaxt imkan verilməyəcək. Amma 44 günlük hərbi əməliyyatlar nəticəsində diz çökdürülən Ermənistan, eləcə də Qarabağda olan separatizmin qalıqları nə bu bəyanatlardan, nə də müharibədən dərs çıxarmaq fikrində idi. Əksinə, Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərini icra etmək əvəzinə, gizli yollarla Qarabağdakı separatçılara silah-sursat göndərir, erməni silahlı dəstələri mütəmadi olaraq təxribatlar törədir, mina terrorunu davam etdirmək məqsədilə Ermənistanda istehsal edilmiş minaları ərazilərimizdə basdırmaqla məşğul olurdular. Erməni separtçılar həmçinin təbii resurslarımızı talayırdılar. Bunlar azmış kimi, silahlı dəstələrin Azərbaycan ərazisindən çıxarılması üçün ölkəmizin haqlı tələblərindən, eləcə də Qarabağda yaşayan əhaliyə reinteqrasiya çağırışından yayınan separatçılar "müstəqillik" iddialarından əl çəkmir, özlərinin oyuncaq "prezident"lərini seçir, qondarma "parlament"ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar verirdilər. 

2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdilər. Erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər, Daxili İşlər Nazirliyinin əməkdaşlarıı şəhid oldu və yaralandılar. Üstəlik,  ordumuzun bölmələri minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldu. Nəticədə Azərbaycan Ordusunun iki hərbi qulluqçusu yaralandı. Həmin gün Azərbaycanın Qarabağ bölgəsində qanunsuz yerləşdirilmiş erməni silahlı qüvvələrinin növbəti terror aktı nəticəsində Ağdam və Şuşa şəhərlərində müvafiq olaraq iki mülki əməkdaş da həlak oldu. 

Qanunsuz erməni silahlı birləşmələrinin döyüş mövqelərini gücləndirməsi və bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirməsi Azərbaycan Ordusunun bölmələri tərəfindən təsbit edildi. Bütün bu təxribatların qarşısının alınması, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı. Cəmi 23 saat 43 dəqiqə ərzində separatçılar ağ bayraq qaldırmalı oldular və bununla da Azərbaycan ərazilərində separatizmin kökü kəsildi. 

Separatçı rejimin rəhbəri Samvel Şahramanyan sentyabrın 28-də qondarma rejiminin ləğvi ilə bağlı sənəd imzaladı. Antiterror tədbirləri nəticəsində Qarabağdakı xunta rejimi, bu rejimə rəhbərlik edən və imkan düşən kimi xalqımıza qarşı hədə-qorxular səsləndirən, müharibə olacağı halda Bakıya qədər gələcəklərini deyən  "prezident"lər, "nazir"lər və "general"lar həbs edildilər. Azərbaycan oğullarının müşayiəti ilə onların qolları bağlı vəziyyətdə həbsxana kameralarına salınması isə dünya xəbər agentliklərinin ən çox tirajladığı xəbərə çevrildi. İmperialist siyasətindən əl çəkməyən bəzi dövlətlərin, islamofob beynəlxalq qurumların dəstəklədiyi ermənilərin həbs edilməsi dövlətimizin iradəsinin, gücünün və prinsipiallığının növbəti göstəricisi idi. 

Üçrəngli bayrağımız Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda da ucaldıldı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş, uzaqgörən, qətiyyətli siyasəti nəticəsində ərazi bütövlüyümüz və dövlət suverenliyimiz tam təmin edildi. Dövlət başçısının müvafiq sərəncamına əsasən, sentyabırn 20-si Xankəndi, Xocalı, Ağdərə, Xocavənd Şəhər günləri kimi qeyd olunmağa başladı. 

Məhz buna görə də 2023-cü ilin sentyabrında Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal antiterror tədbirləri son nöqtəni qoydu - ölkənin bütün ərazisində konstitusiya quruluşu bərpa olundu. Bu, yalnız hərbi deyil, həm də hüquqi, siyasi və ideoloji baxımdan suverenliyin bərpası idi.

Suverenliyin təmin olunması yalnız bayrağın dalğalanması ilə ölçülmür. Dövlətin qanunlarının həmin ərazilərdə tam qüvvədə olması, idarəetmənin, hüquq-mühafizə və sosial institutların orada fəaliyyət göstərməsi, vətəndaşların hüquq və azadlıqlarının reallaşması suverenliyin praktiki tərəfləridir.

Hazırda Azərbaycan dövləti azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparır. Bu, təkcə fiziki infrastrukturun deyil, həm də ictimai institutların və milli kimliyin yenidən qurulması deməkdir. Bu prosesin mərkəzində isə Azərbaycan vətəndaşı dayanır. Reinteqrasiya prosesində etnik, dini və mədəni müxtəlifliyin qorunması da dövlətin suveren, eyni zamanda humanist xarakterini göstərir.

Azərbaycanın əldə etdiyi bu suverenlik regional və qlobal kontekstdə də ciddi əks-səda doğurub. Cənubi Qafqazda yeni reallıqlar yaranıb və bu reallıqların mərkəzində güclü, suveren Azərbaycan dövləti dayanır. Bu gün regionun enerji, nəqliyyat və təhlükəsizlik arxitekturasında Azərbaycanın rolu suverenliklə birbaşa bağlıdır. Eyni zamanda Azərbaycanın prinsipial mövqeyi beynəlxalq hüququn aliliyinə əsaslanır. Bu da ölkəmizin suverenliyinin legitim və hüquqi bazasını gücləndirir.

Azərbaycanın əldə etdiyi zəfərin ən ali nəticəsi onun suverenliyidir. Bu suverenlik nə yalnız hərbi güc, nə də diplomatik manevrlər nəticəsində bərpa olunub. Bu, xalqın birliyi, dövlətin strateji uzaqgörənliyi və milli iradənin təcəssümüdür. Zəfər yalnız qələbə deyil, öz torpağında azad yaşamaq haqqının təminatıdır. Və bu baxımdan tam haqlı olaraq deyə bilərik ki, Zəfərin tacı suverenlikdir.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!