Kino bəşər tarixində ən təsirli təbliğat vasitələrindən biri olmaqla yanaşı, keçmişi gələcəyə daşıyan nadir sənət sahələrindəndir. O, yalnız estetik dəyər yaradan incəsənət növü deyil, eyni zamanda ictimai proseslərin və tarixi hadisələrin sənədləşdirilməsi baxımından misilsiz rol oynayır. Kinematoqrafiya öz mahiyyətinə görə reallığı bütün çılpaqlığı və konkretliyi ilə əks etdirir, onu gələcək nəsillər üçün qoruyub saxlayır. Məhz bu səbəbdən kino tarixşünaslıq üçün də qiymətli və etibarlı mənbə hesab olunur.
Tamaşaçı filmə baxır və o, bitdikdən sonra gündəlik həyatına qayıdır. Lakin bu proses tamaşaçı üçün nə qədər sadə və ötəri görünsə də, filmin ərsəyə gəlməsi bir o qədər mürəkkəb, çətin, zəhmətli və uzun yoldan keçir. Ekranda gördüyümüz bir neçə dəqiqəlik səhnənin arxasında günlərlə, aylarla, bəzən illərlə davam edən gərgin əmək, böyük bir yaradıcı və texniki komandanın fədakarlığı dayanır. Tamaşaçı ekranda sadəcə aktyorları görür, lakin kadrarxasında onlarca, hətta yüzlərlə insanın zəhməti gizlənir. Bu, hər bir kadrında gərgin əmək, peşəkarlıq və məsuliyyət olan kino sənətinə böyük sevginin göstəricisidir.
Rejissorlar, operatorlar, səs mühəndisləri, işıqçılar, dekoratorlar, qrim ustaları, prodüserlər və digər texniki heyət üzvləri istənilən hava şəraitində, şaxtada, yağışda, çətin relyeflərdə qarşılarına çıxan bütün maneələrə baxmayaraq, tamaşaçıya keyfiyyətli məhsul təqdim etmək üçün var gücləri ilə çalışırlar. Onlar bəzən fiziki və mənəvi baxımdan son həddə qədər çalışaraq, sözün əsl mənasında, canlarını ortaya qoyurlar.
Beynəlxalq Kino Günü ərəfəsində kino çəkilişi prosesini yerində izləmək üçün yolumuzu "Mənə bənzər adam" filminin çəkiliş meydançasından saldıq...
Bir nəslin yaşadığı travma
Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) və "Rakurs Film-Media" MMC-nin birgə ərsəyə gətirdiyi "Mənə bənzər adam" tammetrajlı bədii filmi Birinci Qarabağ müharibəsindən sonra bir nəslin yaşadığı travma haqqında hekayədir. Minimalizmin ön planda olduğu filmdə insanın daxili dünyası, psixoloji mübarizəsi və reallığın çətinliklə də olsa, qəbul edilməsi əsas xətti təşkil edir.
Həmin illər televiziyada operator kimi çalışan baş qəhrəman uzun illər qürbətdə yaşadıqdan sonra torpaqlarımızın işğaldan azad olunmasını eşidib vətəninə qayıdır. Uzun illər zehnini məngənə kimi sıxan suallarına cavab tapmaq üçün həmin ərazilərə yollanaraq, itkin düşmüş insanların taleləri ilə maraqlanır, onların məzarlarını axtarır. Filmboyu qəhrəmanı müşayiət edən əsas qorxulardan biri unudulmaqdır. O, metaformik anlamda özünə bənzər insanları axtarır. Eyni taleyi yaşamış, eyni müharibədən keçmiş insanları...
Çəkilişlərin aparıldığı əraziyə gedərək bir epizodun ərsəyə gəlmə prosesinin canlı şahidi olduq. İlk baxışdan qısa və sadə görünən bu epizodun çəkilməsi üçün saatlarla vaxt sərf olunurdu. Hər detal - aktyorun mimikası, hərəkəti, kameranın bucağı, işıqlandırma, səs balansı dəfələrlə yoxlanılır, səhnə təkrar-təkrar lentə alınırdı. Məqsəd epizodu daha canlı, daha inandırıcı və texniki baxımdan qüsursuz etmək idi.
"Təkbətək", "Yuki üçün layla", "Sakitlik dənizi", "Mən hələ də sənin daşa dönməyini izləməliyəm" adlı qısametrajlı, "Balıqçının qızı" tammetrajlı bədii filmlərinin də rejissoru olan İsmayıl Səfərəli deyir ki, üzərində uzun müddətdir işlənilən layihənin çəkiliş prosesindəki ən çətin məqam mövzunun ağırlığı, məsuliyyəti, filmin atmosferini və qəhrəmanın daxili vəziyyətini tamaşaçıya ötürməkdir: "Bu, şəxsən mənim üçün ən önəmli faktordur. Çünki 1990-cı illərin əvvəllərində baş verən hadisələri yaxşı xatırlayıram və ölkəmizin o acı tarixindən doğan travmanı bütün həmvətənlilərimiz kimi mən də illərlə içimdə daşıyıram. Və bunu ssenari həmmüəllifi və rejissoru olduğum filmdə işıqlandırmaq imkanım oldu".
Rejissor Azərbaycan filmlərinin beynəlxalq arenada yetərincə tanınmamasının əsas səbəbini maliyyə dəstəyinin azlığında görür. Onun fikrincə, kino industriyasının inkişafı üçün bu sahəyə ciddi insan və kapital investisiyası, eləcə də intensiv istehsal prosesi vacibdir. Çünki intensiv istehsal təcrübəni, təcrübə isə keyfiyyəti artırır. O vurğulayır ki, kino komanda işidir və yaxşı filmin ərsəyə gəlməsi üçün düzgün kastinq də həlledici amillərdən biridir: "Bəzən görürsən ki, aktyor olduqca istedadlıdır, lakin obraz ona uyğun deyil. Bu zaman istənilən nəticəni də əldə etmək mümkün deyil".
"Mənə bənzər adam"
"Mənə bənzər adam" filmində hadisələr iki zaman kəsimində cərəyan edir. Hadisələrin həm keçmişdə, həm də indiki zamanda baş verdiyi filmlərdə bu zaman fərqinin tamaşaçıya inandırıcı şəkildə çatdırılması böyük peşəkarlıq tələb edir. Bu prosesdə ən mühüm və eyni zamanda ən çətin sahələrdən biri məkanların hazırlanmasıdır. Çünki məkan yalnız hadisələrin baş verdiyi fiziki mühit deyil, həm də zamanın ruhunu, dövrün sosial, mədəni və estetik xüsusiyyətlərini əks etdirən mühüm dramaturji vasitədir.
Filmin rəssamı Turan Yusifova deyir ki, "Mənə bənzər adam" filmi üçün aylarla hazırlıqlar görülüb, eskizlər çəkilib, məkanlar seçilib: "Filmin çəkilişləri Qarabağ, Şamaxı, İsmayıllı, Qobustan və Bakıda aparılıb. Məkanın dekorasiyasından asılı olaraq bir neçə gün və ya həftə öncə kinonun çəkiləcəyi əraziyə gedib müvafiq hazırlıqlar görülüb. Məkanların hazırlanması zamanı təbii ki, müəyyən çətinliklərlə də üzləşmişik. Məsələn, bizə sovet dövrünə uyğun parlaq, zərli olmayan divar kağızları lazım idi. Nə qədər axtarsaq da, satışda tapa bilmədik. Biz də texnologiyadan faydalanıb printə üz tutduq".
Turan Yusifova keçmişi əks etdirən səhnələrin çəkilişi zamanı rastlaşdıqları digər bir çətinliyin də müasir dövrə aid elementlərin kadrdan çıxarılmasının olduğunu dedi: "Elektrik dirəkləri, müasir yol nişanları, plastik pəncərələr, kondisionerlər, reklam lövhələri və asfalt örtüklər kimi detallar keçmiş dövrün təsvirini pozur. Bu səbəbdən ya uyğun məkan tapmaq, ya da həmin elementləri dekorasiya ilə örtmək və ya sonradan kompüter qrafikası vasitəsilə silmək zərurəti yaranır".
Qrim sənətinin həlledici rolu
Kino çəkilişində obrazın inandırıcılığı təkcə aktyor oyunu ilə deyil, onun vizual görünüşü ilə də formalaşır. Xüsusilə "Mənə bənzər adam"dakı baş qəhrəman kimi həyatın ağır sınaqlarından keçmiş, yorğun və əzabkeş bir obrazın yaradılmasında qrim sənətinin rolu həlledicidir. Belə obrazlarda qrim sadəcə gözəlləşdirmə vasitəsi deyil, xarakterin keçmişini, psixoloji durumunu və daxili ağrılarını üzə çıxaran əsas ifadə vasitəsidir. Qrim üzrə rəssam Adilə Alıyeva bildirir ki, ən böyük çətinliklərdən biri aktyorun üzündə yorğunluğu və həyat izlərini süni görünmədən əks etdirməkdir. Qırışların, gözaltı kölgələrin, sallanmış dərinin və solğun üz rənginin həddindən artıq vurğulanması obrazı karikaturaya çevirə bilər. Əksinə, kifayət qədər vurğulanmaması isə personajın həyat yükünü tamaşaçıya ötürməz. Qrim ustası bu balansı tapmaq üçün aktyorun real üz quruluşunu, mimikasını və yaş xüsusiyyətlərini dərindən öyrənməlidir.
Əziyyət çəkmiş insanın yorğunluğunun təkcə fiziki deyil, həm də psixoloji izlər buraxdığını qeyd edən Adilə Alıyeva bu izləri qrimlə ifadə etməyin xüsusilə çətin olduğunu bildirir: "Gözlərin dərinliyindəki boşluq hissi, baxışların sönüklüyü, dodaq kənarlarının aşağı düşməsi kimi detallar yalnız boya ilə deyil, aktyorun mimikası ilə uzlaşmalıdır. Qrim ustası bu nöqtədə rejissor və aktyorla sıx əməkdaşlıq etməlidir. Müasir dövrdə texnologiyanın da inkişafı ilə qrim ustalarının işi asanlaşıb. Əvvəllər lap çətin olub. Müəllimim bizə deyirdi ki, SSRİ vaxtı üzə qrim yalnız yaşıl rəngdə vurulurdu. Kamerada o dəri rəngi kimi görünürdü. İşığın qurulmağından asılı olaraq eyni makiyaj çox gözəl və ya əksinə çox bərbad da görünə bilər. Bu bir komanda işidir".
Qayıdış hekayəsi
Bu film bir insanın doğulduğu torpağa həm fiziki, həm də mənəvi qayıdış hekayəsidir. Torpaqların işğaldan azad olunması baş qəhrəman üçün yalnız siyasi və coğrafi dəyişiklik deyil, daxili bir çağırış, uzun illər susdurulmuş yaddaşın oyanışıdır. Vətənə dönüş, əslində, keçmişlə üzləşmək, itirilənləri və özünü yenidən tapmaq cəhdidir.
Filmdə yalnız bir qəhrəmanın olması hekayənin yükünü daha da ağırlaşdırır. Tək bədən, tək səs, tək yaddaş və arxasında minlərlə talenin sükutu dayanır. Film müharibədən sonra insanın içində davam edən mübarizədən, yaddaşın susmayan səsindən və unudulmamaq istəyindən bəhs edir.
Bu çətin obrazı canlandıran Elnur Babayev üçün Azər obrazı yad deyil. Aktyorun sözlərinə görə, onların həyat yollarında oxşarlıqlar çoxdur. "Hər ikimiz sakit, azdanışan, təmkinliyik, qürbətdə yaşamışıq. Mən də düşmənin mənfur əməllərinin qurbanı olan insanlarla görüşmüşəm. 1990-cı illərdə qaçqınların Sabirabadda, Salyanda yerləşən çadır düşərgələrində fotoqraf, operator kimi işləmişəm. Onların gözlərindəki dəhşəti sözlə ifadə etmək mümkün deyil. Nələr yaşadıqlarını, nələr çəkdiklərini görmək üçün bircə dəfə gözlərinə baxmaq kifayət idi".
Bu, Elnur Babayevin ilk ekran işi olsa da, o, obrazı elə məharət və peşəkarlıqla canlandırırdı ki, sanki illərdir kamera qarşısındadır. Aktyorun sözlərinə görə, iki il əvvəl uzunillik dostu İsmayıl Səfərəli bu rolu ona təklif edəndə tərəddüd etsə də, sonda razılıq verib: "Kamera önü olduqca maraqlıdır. Amma bu qədər çətin olduğunu bilsəydim, müsbət cavab verməyə tələsməzdim", - deyə gülərək xatırlayır.
Elnurun sözlərinə görə, çəkilişlərin ən çətin mərhələsi İsmayıllıda baş tutub. İki gecə ard-arda səhərə qədər davam edən çəkilişlər həm fiziki, həm də mənəvi baxımdan son dərəcə ağır olub: "Təsəvvür edin, buz kimi şaxta, qaranlıq meşə və mükəmməl nəticə üçün dəfələrlə təkrar olunan kadrlar. Bu, insanı həm fiziki, həm mənəvi baxımdan tükəndirirdi".
Aktyor üçün ən unudulmaz an isə filmin son səhnəsinin çəkilişindən sonra yaşanıb: "Çəkiliş bitmişdi. Hər kəs öz işi ilə məşğul idi, avadanlıqlar yığılır, kadrlar yoxlanılırdı. Mən isə qaranlıqda, kənarda bir daşın üzərində oturmuşdum. Birdən kadrlardakı şəxsə baxdım. O, mən idim… amma eyni zamanda mən deyildim. Həyatı, özümü sorğuladım. Bu an mənim üçün son dərəcə təsirli və dərin bir mənəvi yaşantı idi".
Bəlkə də bu filmə baxan hər kəs ekrandakı qəhrəmanda bir az özünü görəcək. Hər kadrda tək bir insanın hekayəsi danışılır, amma bu hekayənin içində bütöv bir nəslin ağrısı, yaddaşı və susqunluğu yaşayır. Və kino məhz bu nöqtədə sənətdən daha artıq olur...
Ülkər XASPOLADOVA,
"Azərbaycan"