01 May 2024 09:20
256
Mədəniyyət
A- A+

"Yeni Tərtər"in səsi 90 illik tarixdən gəlir

 

90 illik şərəfli bir yol haqqında danışmaq böyük məsuliyyətdir və ona görə də mən bunu imtahan hesab edirəm. 1975-ci ildə belə bir imtahanı universitet auditoriyasında vermişdim. Universitetin Jurnalistika fakültəsinin sonuncu kursunda təhsil alır, həmçinin "Qızıl Bayraq" qəzetində çalışırdım. 
Diplom işi yazmaq üçün mövzular bölünürdü. O zaman Jurnalistika fakültəsinin dekanı, hamımızın sevimlisi və Azərbaycan jurnlaistikasının korifeyi, rəhmətlik professor Şirməmməd Hüseynov Tərtər rayonundan olduğumu və yerli qəzetdə çalışdığımı bilib dedi:
- Qızım, gəl sən diplom işini öz qəzetinizin tarixinə həsr elə. Çünki bu, elə bir mövzudur ki, onu öyrənmək çox vacibdir. Rayon qəzetləri hər bir bölgənin inkişafını, keçmişini və bu gününü özündə əks etdirən zəngin tarixdir. İllər ötsə də, bu tarix nəinki əhəmiyyətini itirir, əksinə, daha qiymətli olur. 
Diplom işimə rəhbərliyi də rəhmətlik Şirməmməd müəllim öz üzərinə götürdü. Yadımdadır, müdafiə zamanı qəzetin fəaliyyəti ilə bağlı mənə çoxlu suallar verdilər. Bunun özü də paytaxtda yaşayan alimlərimizin yerli qəzetlərin işinə, onların problemlərinə olan marağından irəli gəlirdi. İndinin özündə də qəzetimizə olan marağı görəndə, həmçinin rayon rəhbərliyinin qayğısını hiss edəndə düşünürəm ki, Şirməmməd müəllimin verdiyi tövsiyələr, dediyi sözlər hələ aktuallığını itirməyib. 
Yubiley ərəfəsində köhnə qəzet qovluqlarını vərəqlədim, yazdıqlarımızı dönə-dönə oxudum. Və bir daha əmin oldum ki, qəzetimiz kolxoz quruculuğundan başlayaraq bu günə qədər rayonumuzda görülən işlərin, yüksəlişin, müharibə illərinin, tərtərlilərin mərdliyinin, dəyanətinin, qəhrəmanlığının salnaməsini yaradıb. Bu tarix indi o saralmış səhifələrdə yaşayır və tarixçilər üçün etibarlı mənbədir.
1937-ci ildən "Qızıl Bayraq" adı ilə çıxan qəzetin 1939-cu ilin mayınadək  redaktoru Qənbər Nəbiyev olub. 1939-cu ilin mayından 1943-cü ilə qədər isə "Qızıl Bayrağ"a Əli Ağayev redaktorluq edib. İkinci Dünya müharibəsi başlayanda qəzet də öz fəaliyyətini dövrün tələblərinə uyğun qurub. Lakin tirajı azalıb - cəmi 1000 nüsxə ilə çap olunub. Çünki qəzetin bir neçə əməkdaşı - Mirməhəmməd Babayev, Ağa Ağayev, Hacı Abbasov və başqaları müharibəyə getmişdilər. Əgər o illərin qəzet qovluqlarına nəzər salsaq, tərtərlilərin fədakarlıqlarından, cəbhəyə köməkliklərindən, həmyerlilərimizin müharibədə göstərdikləri igidliklərdən bəhs edən çoxsaylı yazıları görərik: "Kişilər cəbhəyə getmişdilər. İşin bütün ağırlığı bizim cəfakeş qadınların üzərinə düşürdü. Qazyan kəndində yaradılmış kolxozun sədri Məryəm Cavadova idi. Vəziyyət ondan sərt olmağı, heç kimə güzəştə getməməyi tələb edirdi. Ona görə də insanlar Məryəmdən çəkinirdilər, bəzən də onu at belində görəndə qorxurdular". Bu,  "Kolxoz sədri Məryəm" adlı məqalədən sitat idi. 
Uzun müddət - 1944-cü ildən 1962-ci ilə qədər "Qızıl Bayrağ"ın redaktoru Zülfüqar Fərəcov olmuşdur. Lakin 1961-ci ildə "Qızıl Bayraq" Bərdənin "Kommunizm yolu" qəzeti ilə birləşdirildi. 1966-cı ildən isə o, yenidən öz əvvəlki adı ilə çıxmağa başladı. Həmin dövrdə qəzet, digər rayon qəzetləri kimi, həftədə üç dəfə 4 səhifəlik nəşr olunurdu.
1966-1998-ci illərdə "Qızıl Bayrağ"a Aydın Məmmədxanov, Zahid İsmayılov, Əmiraslan Qurbanzadə, Zöhrab Məmmədov, Hilal Bayramov, Təvəkkül Nəcəfov redaktorluq etmişlər. 1991-ci ildə qəzetin adı dəyişdirilərək "Tərtər" qoyulmuşdur. 1998-ci ildən 2005-ci ilədək fəaliyyəti dayandırılan qəzet 2005-ci ildən "Yeni Tərtər" adı ilə yenidən nəşrə başlamışdır.
Ulu Öndər Heydər Əliyevin sovetlər zamanı Azərbaycana rəhbərlik etdiyi illərdə rayonumuz dirçəliş dövrünü yaşamış və bu yüksəliş qəzetdə də öz əksini tapmışdır. Həmin dövrdə Heydər Əliyevin Tərtərə və tərtərlilərə göstərdiyi qayğı nəticəsində rayonumuz bütün sahələrdə uğurlar əldə etmişdir. 
Qəzetimizin həm Birinci, həm də İkinci Qarabağ müharibəsi dövründəki fəaliyyətinə gəldikdə qürur duyuruq ki, bu tarixin yaşadılmasına, onun gələcək nəsillərə çatdırılmasına öz gərgin zəhmətimizlə kömək etmişik. 1992-ci ildə - İlaxır çərşənbədə ermənilər redaksiyamızın binasını da hədəfə alıb raket atəşinə tutdular. Ancaq qəzet nəşrini dayandırmadı. Biz işlədik, yazdıq, əhalidə qələbəmizə olan ümidi sönməyə qoymadıq. O zaman Tərtərdə rus hərbçiləri ağalıq edirdilər. Bəzən bizə qadağalar da edilirdi. Buna baxmayaraq, qəzet sözünü deməyi bacarırdı. əməkdaşlarımız hər bir şəhid ailəsinin qapısını döyür, onların dərdinə şərik olur, ən başlıcası, qəhrəman oğulların xatirəsinin yaddaşlara əbədi köçürülməsi üçün əllərindən gələni edirdilər. 
1993-cü ildə xalqımızın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Bu dövr qəzetimizin fəaliyyətində xüsusi yer tutur. O zaman cəbhə xəttindəki kəndlərimizin həyatı, qaçqın və məcburi köçkünlərin problemləri, bununla bərabər, tədricən kəndlərimizə, şəhərimizə yeni ruh, yeni nəfəs gəlməsi yazılarımızın başlıca mövzuları idi. 
Qəzetin vəzifələrindən biri də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında  iştirak etməkdir. Bir zamanlar redaksiyamıza çoxlu məktub gəlirdi. Əksəriyyətinin müəllifi şagirdlər idi. Rayon qəzeti hər ailədə oxunurdu. Bəzən kiçik bir məqalə müəllifin həyat yolunun formalaşmasında böyük rol oynayırdı. 44 günlük Vətən müharibəsində iştirak edib bizlərə Qələbə sevincini yaşadan gənclərin qəlbinə Vətən sevgisi toxumlarını səpən həm də yerli mətbuat olub. Çünki həmin dövrəcən atəşkəs olsa da, Tərtərdə atəş səsləri bir gün belə dayanmırdı. Erməni cəlladları tərəfindən qətlə yetirilənlər, yaralananlar arasında uşaqlar, günahsız qocalar, qadınlar olurdu. Bütün bunlar barədə xəbərləri əhali ilk növbədə rayon qəzetində oxuyurdu. 
2005-ci ildə 7 illik fasilədən sonra rayon qəzeti fəaliyyətə başlayanda adı "Yeni Tərtər" oldu. "Yeni" sözü Tərtərin qarşısına boş yerə yazılmamışdı. Həqiqətən də rayonumuzun həyatında yeni bir dövr başlayırdı. Prezident İlham Əliyevin sərəncamları əsasında qəbul edilən dövlət proqramları çərçivəsində həyatımızın bütün sahələri sürətlə dəyişirdi - yollar çəkilir, su-kanalizasiya xətti qurulur, elektrik, qaz infrastrukturu yenilənir, istehsal müəssisələri yaradılırdı. O illərin qəzet qovluqlarını vərəqləyəndə hər bir sayımızda açılışlardan, yeniliklərdən, oxucuların sevinc dolu munnətdarlığından bəhs edən materiallara rast gəlirik. Prezidentin Tərtərə hər gəlişi toy-bayram olurdu. Şahmat məktəbinin, Olimpiya İdman Kompleksinin və onlarca digər açılış haqqında xəbərləri oxucularımızla sevinclə bölüşürdük. 
Ancaq 2020-ci iləcən bir gözümüz gülürdüsə, o biri ağlayırdı. Qarabağ dərdi bizi rahat buraxmırdı. Hər bir jurnalist kimi, bizim də ən böyük arzumuz qəzetimizdə Qələbə haqqında xəbərləri vermək və işğaldan azad olunmuş ərazilərdən reportaj hazırlamaq idi. Şükürlər olsun ki, bu arzumuza da çatdıq. Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirlər çərçivəsində Suqovuşan, Talış kəndlərində, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə Şuşada olduq. Həmçinin Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun təşəbbüsü və köməyi ilə "Tərtərin tarix yazan oğulları" adlı kitab nəşr etdik. Tərtərli igidlərin  həyatından və qəhrəmanlığından bəhs edən kitab qəzetimizin səhifələrində dərc olunmuş məqalələr əsasında yazılmışdır. 
Bu gün bölgə mətbuatının çətinlikləri, problemləri də az deyil. Həmin çətinliklər əsasən maddi durumla bağlıdır. Sosial şəbəkələrə marağın artdığı bir zamanda abunəçilərimizin sayı getdikcə azalır. Reklam bazarı isə ya yoxdur, ya da çox zəifdir. Belə olan halda hər bir rayonun iş adamları, ziyalıları yerli qəzetlərə doğma münasibət göstərməlidirlər. Unutmamalıdırlar ki, rayon qəzetləri hər bölgənin həyatının bir parçasıdır, onların sıradan çıxmasına yol vermək olmaz. 
Hazırda ölkəmizin həyatında yeni dövr başlayıb. Bu ilin Novruz bayramında Ali Baş Komandan, Prezident İlham Əliyev bütöv Azərbaycanın bayram tonqalını Xankəndidə alovlandırdı. O tonqalın işığı indi hər birimizin qəlbində nur saçır.  İnanırıq ki, rayon  qəzetlərinin, o cümlədən "Yeni Tərtər"in də gələcəyi işıqlı olacaq. 

Svetlana BAĞIROVA, 
"Yeni Tərtər" qəzetinin redaktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video