14 Yanvar 2024 09:20
5199
İQTİSADİYYAT
A- A+
Yaşıl həyat

Yaşıl həyat

 

Baş plana əsasən, Bakıda hibrid dəhlizlər yaradılacaq, ictimai parkların sahəsi artırılacaq 

 

İqlim dəyişikliklərinə, atmosfer havasının çirklənməsinə təsir edən amillərdən biri dünyada yaşıllıq sahələrinin getdikcə azalmasıdır. Meşələrin qırılması, qanunsuz ağac kəsimləri, yanğınların baş verməsi də belə sahələrin azalmasına gətirib çıxarır. 
Azərbaycanda isə vəziyyət başqadır. Ölkəmiz beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə daim öz töhfəsini verir.
Bu il ölkəmizdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un keçirilməsi bu baxımdan böyük əhəmiyyətə malikdir. Məhz buna görə Prezident İlham Əliyevin sərəncamına əsasən, 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub.
Bakı şəhərinin 20 illik inkişaf dövrü ilə bağlı hazırlanan baş planda da şəhər ərazisində yaşıllıqlar və açıq məkanlarla təminat səviyyəsinin artırılması prioritet hədəflərdən biridir. 
Beynəlxalq meyarlara əsasən, yaşıllıqlarla təminat normaları adambaşına 5-15 kvadratmetr arasında dəyişir. Bu isə Nazirlər Kabinetinin "Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları" ilə uyğunluq təşkil edir. Bakının baş planında perspektivdə şəhər səviyyəsində yaşıllığın adambaşına 8 kvadratmetr olması məqsədəuyğun hesab olunub və bunun həyata keçirilməsi mümkün hədəf kimi görünür.
Paytaxtda ümumi istifadədə olan yaşıllıqların 2020-ci ilə olan göstəricilərinə əsasən,  ictimai parkların sahəsi 920 hektar, meşəliklər, yenidən əkilmiş ağaclıq ərazilərin sahəsi 615 hektar olmaqla, cəmi 1 535 hektardır. 2040-cı ilə qədər isə ümumi istifadədə olan yaşıllıqlar üzrə hədəf göstəricinin 2535 hektara çatdırılması planlaşdırılır. Yaşayış zonaları daxilindəki ictimai parklar və meşə-parklardan başqa, bu kateqoriyaya açıq sahil zonaları və ekoloji əhəmiyyətə malik təbii landşaft əraziləri də daxildir. Hazırda ictimai parklar (oyun meydançaları, idman, istirahət sahələri), meşə-parklar və yenidən əkilmiş ağaclıq ərazilər, qəbiristanlıqlar, turizm sahələri (ictimai çimərliklər) və mühafizə olunan təbiət əraziləri daxil olmaqla təbii və açıq yaşıllıq ərazilər təqribən 11 830 ha ərazini əhatə edir ki, bu, ümumi layihə ərazisinin 5,56 faizi deməkdir. Bakını gələcəyə hazır olan bir şəhər kimi inkişaf etdirmək üçün baş plan çərçivəsində bütün layihə ərazisində təbii yaşıllıqların və açıq məkanların ümumi ərazidəki payının minimum 10 faizə çatdırılması hədəflənib. 

 

Dənizkənarı sahil parkının sahəsi böyüyəcək

 

Son illər Azərbaycanda, xüsusən Bakıda yaşıllıqların artırılması, təbii landşaftın saxlanılaraq qorunmasının, paytaxt sakinlərinin asudə vaxtlarını keçirmələri üçün bir çox ərazidə müxtəlif tipli parkların salınmasının şahidi oluruq. 
Prezident İlham Əliyevin tapşırığı əsasında yaşayış məhəllələrinə yaxın ərazilərdə yaşıllıqların qorunmasına, xüsusən meşə tipli parkların salınmasına üstünlük verilir.  
Bütün bunlar nəzərə alınaraq baş planda ictimai parkların sahəsinin artırılması hədəflənib. 2040-cı ilədək mövcud məskunlaşma və yeni inkişaf ərazilərində ictimai parklar (2020-ci ilə olan göstərici 920 ha) üçün təqribən 1151,3 hektar əlavə torpaq sahəsi ayrılacaq. Buraya Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu ətrafında təklif olunan yeni park da daxildir. Bu park yaxınlıqda yerləşən sıx məskunlaşmış məhəllələrdən, ictimai-işgüzar zonalardan və elmi-tədqiqat mərkəzlərinin yerləşdiyi ərazilərdən yüksəkkeyfiyyətli ictimai yaşıllıqlara və rekreasiya ərazilərinə çıxışı təmin edəcək. Qeyd olunan ərazi SOCAR tərəfindən Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun transformasiyası və modernləşdirilməsi layihəsi tamamlandıqdan sonra park kimi inkişaf etdiriləcək. Zavodun ətrafında təklif olunan hibrid "yaşıl dəhliz"lərlə birlikdə bu park yaşıl mühafizə zolağı funksiyasını daşıyaraq davamlı, sağlam və yüksəkkeyfiyyətli yaşayış mühiti təmin edəcək.
2027-ci ilədək dənizkənarı sahil parklarının 266,8 ha, 2040-cı ilə qədər 985,9 ha, hibrid "yaşıl dəhliz"lərin 2027-ci ilə kimi 303,9 ha, 2040-cı ilə kimi isə 361,6 hektara çatdırılması planlaşdırılır. 

 

Hibrid "yaşıl dəhliz"lərin əhəmiyyəti

 

Ümumiyyətlə, Bakı şəhərinin gələcək inkişaf mənzərəsi geniş, təbii və açıq yaşıl məkanları, mühəndis kommunikasiya infrastrukturu obyektlərini özündə ehtiva edən çoxfunksiyalı hibrid "yaşıl dəhliz"lər vasitəsilə mərkəzlər arasında qarşılıqlı əlaqənin yaradılmasını özündə ehtiva edir. Bu baxımdan həm şəhərdaxili, həm də şəhərxarici hibrid dəhlizlərin yaradılması nəzərdə tutulur. 
Hibrid "yaşıl dəhliz"lər gəzinti məsafəsində yerləşən ictimai yaşıllıqların sayını artırmaq və yaşıllıqların az olduğu ərazilərdə yaşıl məkanların sahəsini genişləndirmək üçün tətbiq olunan vasitədir. Bu, eyni zamanda piyada gəzinti, velosiped və digər aşağı sürətli mobillik vasitələri (məsələn, elektron skuterlər) ilə hərəkəti təşviq edən yaşıl zolaqlar şəbəkəsi yaratmaqla şəhərdə əlaqələndirmənin gücləndirilməsi üçün tətbiq olunur. Bu dəhlizlər ictimai nəqliyyat - avtobuslar və tramvay xətləri ilə inteqrasiya olunaraq şəhər daxilində  nəqliyyatın əlçatanlığının artırılmasına da müsbət təsir göstərə bilər. Hibrid "yaşıl dəhliz"lər, həmçinin hibrid parklar Bakını sosialyönümlü bir şəhərə çevirməyə imkan verəcək.
Məsələn, 28 May dəhlizi layihəsinə əsasən, istismardan çıxarılmış dəmir yolu xətlərinin şəhərdaxili hibrid "yaşıl dəhliz" kimi inkişafı təklif edilir. Dəhliz xətti park vasitəsilə "Gənclik" metrostansiyasının ətrafını Bakı limanı və Bakı bulvarı ilə birləşdirəcək və burada tramvay xətləri, ictimai yaşıllıq marşrutları, istirahət, əyləncə, yaşayış (təqribən 15,1 ha) və hətta mədəniyyət, yaradıcılıq sahələri (təqribən 9,7 ha) yaradılacaq. Ümumilikdə 28 May hibrid dəhlizinin xətti parkı təxminən 15,6 ha ərazini əhatə edəcək. 

 

Bakının yaşıl parkı

 

Paytaxtda uzun illər müəyyən ərazilərdə kəskin, pis qoxulara səbəb olan bataqlıqlara çevrilmiş göllər ətrafında da müxtəlif yaşıllaşdırma layihələri nəzərdə tutulub.
Məsələn, Xocəsən gölü və Xocəsən Nəbatat Parkının bərpası təklifinin davamı kimi Xocəsən-Lökbatan hibrid "yaşıl dəhliz"inin inkişafı nəzərdə tutulur. 
Eyni zamanda Bibiheybət ərazisi daxil olmaqla Bakı bulvarının uzunmüddətli perspektivdə uzadılması, Böyükşor, Xocəsən, Zığ və Bülbülə göllərinin ətrafının yaşıl istirahət zonalarına çevrilməsi də planlaşdırılır. Şəhərdə əlçatan yaşıllıqların sayının artırılması hədəfinə və baş planın təkliflərinə uyğun olaraq, Xocəsən gölü ətrafında təxminən 500 ha ərazidə geniş ictimai parkın salınması ətrafda sıx məskunlaşmış yaşayış məntəqələrinə xidmət edəcək və gölün ekoloji təmizlənməsinə təkan verəcək. Uzunmüddətli perspektivdə Lökbatan ilə Xəzər dənizi arasındakı bataqlıq əraziləri daxil etməklə park cənuba doğru genişləndirilə bilər.

 

Keyfiyyətli ictimai yaşıllıqların yaradılması planlaşdırılır

 

Baş plan çərçivəsində nəzərdə tutulan xüsusi ehtiyat zonalar 2040-cı ildən sonrakı dövrdə Bakı şəhəri ərazisində keyfiyyətli ictimai yaşıllıqların yaradılmasını təmin edəcək. Buna nümunə olaraq, Bakı hipodromunu misal gətirmək olar. Bakının mərkəzində yerləşən bu ərazi aktiv istifadədən çıxdığı zaman ictimai yaşıllığa çevrilə bilər.
Ümumilikdə baş plan çərçivəsində ekoloji vəziyyətin və ətraf mühitin sağlamlaşdırılması ilə bağlı  üçmərhələli yanaşmanın tətbiqi təklif olunur. Bunlar Bakı göllərinin yenidən fəal istifadəsi, şəhər və region daxilində yaşıllıqların və açıq məkanların, əlaqələndirici "yaşıl dəhliz"lərin artırılması, Abşeron yarımadasının mədəni landşaftının qorunması və aktivləşdirilməsidir. Bakının davam edən iqlim dəyişikliyinə qarşı dayanıqlılığını artırmaq üçün "Mədəni Landşaftların Mühafizə Zonası"nın yaradılması da təklif olunur.
Baş planda həmçinin Bakının şəhər ərazisində yaşıllıqların bərabər paylanmasına da xüsusi diqqət yetirilib. Planda mümkün qədər çox əhalinin (əhalinin ən azı 80 faizi) 500 m piyada gəzinti məsafəsində ictimai yaşıllıqlara çıxışının olması hədəflənib. Mövcud yaşıllıqların qorunması ilə yanaşı, bu hədəfə nail olmaq üçün yaşayış məntəqələri və yeni inkişaf əraziləri daxilində yeni yaşıllıqların müəyyən edilməsi üçün dördmərhələli yanaşmanın tətbiqi tövsiyə olunur.
Bakının baş planında paytaxtda görüləcək yaşıllaşdırma işləri çərçivəsində müxtəlif tipli parkların salınması, həmçinin yeni element olan hibrid "yaşıl dəhliz"lərin yaradılması böyük əhəmiyyətə malikdir. Hər şeydən öncə, sağlam həyat naminə bu faktorlar önəmlidir. Bununla yanaşı, Bakıda qanunsuz ağac kəsilmələrinin qarşısının alınması ilə bağlı tədbirlərin gücləndirilməsi, cəzaların sərtləşdirilməsi də labüddür. Ekspertlər də qeyd edirlər ki, ümumilikdə yaşıllıqların azalmasında xüsusən antropogen amillərin rolu böyükdür. Bu baxımdan meşələrin, yaşıllıqların ətraf mühiti sağlamlaşdırmaqla insan orqanizminə müsbət təsirini unutmayaraq, aidiyyəti qurumlar Bakının baş planında nəzərdə tutulan layihələr çərçivəsində üzərlərinə düşən öhdəlikləri məsuliyyətlə yerinə yetirərək, Bakını yaşıl şəhərə çevirməyi məqsəd kimi qarşılarına qoymalıdırlar. 

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva ÜST-nin Avropa üzrə Regional Ofisinin xüsusi nümayəndəsi ilə görüşüb  

20:17
18 Dekabr

Belarus Prezidenti: Minsk ölkənin qapalı və təcrid olunması barədə Qərbin formalaşdırdığı mifi məhv edib  

19:11
18 Dekabr

Aleksandr Lukaşenko: Dünyada üç güc qütbü var – Çin, Rusiya və ABŞ  

19:03
18 Dekabr

BMT-nin rezident-əlaqələndiricisi minatəmizləmə fəaliyyəti barədə məlumatlandırılıb  

18:59
18 Dekabr

YAP Gənclər Birliyi hesabat verib  

18:51
18 Dekabr

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 74-cü iclası keçirilib  

18:48
18 Dekabr

Kreml Amerika tərəfi ilə Mayamidə görüşə hazırlığı təsdiqləyib  

18:41
18 Dekabr

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub  

18:33
18 Dekabr

Ekspert: Azərbaycandan Ermənistana neft yükünün tədarükü Vaşinqtonda sülhə dair əldə edilmiş razılığı təsdiqləyir  

18:23
18 Dekabr

Rəqəmsal inkişaf və nəqliyyat naziri Naxçıvanda səfərdədir  

18:18
18 Dekabr

Laçın və Xocavənd rayonlarının meşə örtüyü və relyefinin 3D modelləri hazırlanıb  

18:02
18 Dekabr

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!