Bu yaxınlarda nəfis tərtibatda işıq üzü görmüş "İlham Əliyevin ekoloji siyasəti: dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)" üçcildliyini (layihənin rəhbəri və baş məsləhətçisi - Azərbaycan Respublikası Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri dosent Sadiq Qurbanov; nəşrin redaktoru - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru akademik Urxan Ələkbərov) Azərbaycan dövlətinin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ekoloji siyasətinin güzgüsü hesab edərək, onu "Yaşıl dünya naminə həmrəylik ili"nə qiymətli töhfə adlandırsaq, yanılmarıq.
Üçcildliyin məhz Azərbaycan Prezidentinin nitqlərindən, çıxışlarından, müsahibələrindən götürülmüş ekologiya və ətraf mühitə dair iqtibaslarla başlanılması kitabın dövlət siyasətinin əsas konturlarını əks etdirməsi baxımından xarakterikdir. Qeyd edilən iqtibaslar Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması, təbiətin və biomüxtəlifliyin qorunması və səmərəli istifadəsi, ölkəmizin beynəlxalq ekoloji siyasət mühitində nüfuzlu yeri, eləcə də ümumən gələcək, ilk növbədə xalqımızın sabahı və rifahı naminə dövlətin öz üzərinə götürdüyü öhdəliklərlə bağlı qısa, orta və uzunmüddətli proqram xarakteri daşıyır. Kitabı vərəqlədikcə və çıxışlardan ustalıqla seçilmiş iqtibasları zamanın və müasir Azərbaycan tarixinin gedişi boyunca izlədikcə, ölkəmizin necə etibarlı əllərdə olduğunu daha aydın dərk edir və bundan qürur hissi duyuruq.
Sadiq Qurbanovun üçcildliyin ön sözündə qeyd etdiyi kimi, bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi Ulu Öndər tərəfindən hazırlanmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin isə davam və inkişaf etdirdiyi, addım-addım həyata keçirdiyi siyasətə, eləcə də onun böyük şəxsi nüfuzuna dünya birliyi tərəfindən verilmiş yüksək qiymətin göstəricisidir.
Prezidentin aşağıdakı sözləri Azərbaycanda uzun illər ərzində aparılan ekoloji siyasətin əsas istiqamətlərini əks etdirir: "İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su - bütün bunlara biz çox böyük diqqət göstərməliyik..."
Məlumdur ki, BMT Baş Assambleyası 2015-ci ildə "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik" qəbul etmişdir. "Gündəlik"də ekologiya ilə bağlı verilmiş məqsədləri "təbii ehtiyatların dayanıqlı şəkildə idarə olunması və iqlim dəyişikliyi ilə bağlı təxirəsalınmaz tədbirlər görməklə planeti korlanmadan qoruyaraq indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi" kimi ümumiləşdirmək olar.
Üçcildlikdə ölkə Prezidentindən gətirilmiş iqtibaslarla tanış olduqca görürük ki, "Gündəlik"də qeyd edilən məsələlərlə bağlı bir çox məqamlar onun qəbulundan 10-12 il əvvəl Azərbaycanda yüksək uzaqgörənliklə həyata keçirilməyə başlanılmışdır. Bununla bağlı faktlara, Bakının ekoloji görünüşündəki inqilabi yeniliklərə Sadiq Qurbanovun kitaba yazdığı ön sözdə xüsusi diqqət çəkilir və dəyişikliklər onları daha yaxşı hiss etmək üçün kontrastlarla təsvir edilir. Bakıya aid Bibiheybət buxtası, "Qara şəhər", Balaxanı zibilxanası, Böyükşor gölü və digər bu kimi çox sayda ərazinin əvvəlki və hazırkı vəziyyətlərini bir anlıq göz önünə gətirərək müqayisə etdikdə görülmüş işlərin möhtəşəm olduğuna şübhə yeri qalmır.
Xatırlatmaq yerinə düşər ki, Ulu Öndərin respublikaya rəhbərlik etməyə başladığı ilk vaxtlardan məqsədyönlü siyasəti və planlı fəaliyyəti sayəsində təbiətin Azərbaycana verdiyi imkan və potensialdan daha geniş və səmərəli istifadə edilməyə başlanılmış, kənd təsərrüfatında "Yaşıl inqilab" həyata keçirilmiş, yeni-yeni yaşıl massivlərin, meşə zolaqlarının salınması kütləvi xarakter almış, prosesə geniş şəkildə dövlət resursları və əhali cəlb olunmuşdu. Əlamətdar haldır ki, Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə siyasətin qanunvericilik müstəvisində formalaşdırılmasına böyük önəm verən Ümummilli Liderin təşəbbüsü və səyləri ilə ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadəyə dair çox mühum 8 qanun, Azərbaycan KP MK-nın və Nazirlər Sovetinin 32 qərarı qəbul olunmuşdu.
Mövcud siyasi kursun hüquqi təminatı, ekologiya və əlaqəli sahələrdə qanunvericilik bazasının təkmilləşdirilməsi Azərbaycanın müstəqilliyi dövründə xüsusilə sistemli xarakter almışdır. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin ilk addımlarından biri də "Yaşıl dünya" məfkurəsinin yenidən ön plana çıxarılması olmuşdur. Böyük dövlət xadiminin təşəbbüsləri ilə Azərbaycan Respublikası ətraf mühit və biomüxtəlifliklə bağlı çoxsaylı konvensiyalara, onların protokollarına qoşulmuş, beynəlxalq öhdəliklər də nəzərə alınmaqla ölkə qanunvericiliyi təkmilləşdirilmişdir.
Bu proses 2003-cü ildən sonra xüsusilə genişləndirilərək daha böyük vüsət almış, hətta beynəlxalq hüquqi müstəvinin fövqündə olan addımlar atılmışdır. Fikrimizi sübut etmək üçün 2010-cu ilin "Ekologiya ili" elan edilməsini, Azərbaycan Respublikasının "Qırmızı kitab"ının 2-ci (2013) və 3-cü (2023) nəşrlərini, nadir canlı təbiət incilərinin bərpası və reintroduksiyası işlərini, Ulu Öndərin 100 illik yubileyi ilə bağlı bütün respublika ərazilərini əhatə edən təbiəti mühafizə, meşəsalma, ağacəkmə aksiyalarını və onlarla digər tədbirləri xatırlamaq kifayətdir.
Haqqında söhbət açdığımız kitabın 2-ci cildində 2003-2023-cü illərdə ölkə Prezidentinin imzaladığı mühüm qanunlar, bu müddətdə Azərbaycan dövlətinin qoşulduğu beynəlxalq konvensiyalar, qəbul edilmiş dövlət proqramları və milli strategiyalar, 3-cü cilddə isə Prezidentin qanunvericiliklə sıx bağlı olan, "yaşıl iqtisadiyyat"a və ümumilikdə ekoloji siyasətin ana xəttini təşkil edən bütün vacib sahələrlə bağlı fərman və sərəncamları öz əksini tapmışdır. Toplunun bu cildləri ekoloji siyasət üzrə qanunvericiliyi araşdıranlar, müvafiq sahələrin alim və mütəxəssisləri, hüquqşünaslar, qanunvericilik təşəbbüsü hüququ olanlar və digər aidiyyəti şəxslər üçün çox qiymətli mənbədir. Yeri gəlmişkən, müvafiq qanunvericiliyin təkmilləşdirilməsində Milli Məclisin, onun Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin rolunu, zəhmətini də xüsusi qeyd etmək lazımdır.
Azərbaycanın sosial-iqtisadi inkişafına dair 2030-cu ilə qədər reallaşdırılması planlaşdırılan beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Bu prioritetə uyğun olaraq, yaşıllıqların bərpası və artırılması, ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, ümumən iqtisadiyyatın "yaşıl rels"lərə keçirilməsi istiqamətində işlər bütün gücü ilə davam etdirilir.
Quru yarımsəhra şəraitinin hakim olduğu Bakı, Sumqayıt və digər şəhərlərin sənaye müəssisələrinin dairəvi istehsala, tullantısız texnologiyalara keçirilməsi, yaşıllaşdırılmanın yüksək tempi, dəniz və göllərin, çirklənmiş ərazilərin təmizlənməsi, təmiz su, kanalizasiya və s. layihələrin reallaşdırılması sahəsində Azərbaycan Prezidentinin siyasətinə yüksək təşəbbüskarlıqla real dəstəyin göstərilməsində Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin rolunu da qeyd etmək istərdik. Respublikada nadir və həssas növlərin qorunması və bərpası məqsədilə əhəmiyyətli layihələr, kütləvi ağacəkmə aksiyaları ilə bağlı irəli sürülən və gerçəkləşdirilən təşəbbüslərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri də əvəzsizdir.
Azərbaycan 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəfləmişdir. İşğaldan azad edilmiş torpaqlar "Yaşıl enerji" zonası elan edilmiş, 2022-2026-cı illər üzrə müvafiq tədbirlər planı təsdiqlənmişdir, bu ərazilərin 2050-ci ilədək "Netto sıfır emissiya" zonasına çevrilməsi nəzərdə tutulur.
Prezident İlham Əliyevin son 20 il ərzində etdiyi və üçcildlikdə əks olunmuş çıxışları, ümumən bütün əlaqədar qurumlar və şəxslər, o cümlədən elm qarşısında qoyduğu vəzifələr, fərman və sərəncamları, imzaladığı qanunlar, proqram və strategiyalar "yaşıl iqtisadiyyat"ın, "yaşıl enerji"nin, "yaşıl texnologiyalar"ın, "yaşıl dünya"nın inkişafına, respublikada "yaşıl ətraf mühit"in və "yaşıl artım"ın təmin edilməsinə töhfələr verməkdədir və bu töhfələr getdikcə daha da artacaqdır.
Azərbaycan Prezidentinin siyasi kursunun ardıcıl reallaşdırılması sayəsində "Yaşıl dünya"nın əsası olan "yaşıl iqtisadiyyat"la yanaşı, "yaşıl mədəniyyət"in, "yaşıl əxlaq"ın, "yaşıl həyat tərzi"nin cəmiyyət həyatında, insan toplumunun şüurunda və əməllərində oturuşması, özünə tam şəkildə yer qazanmasında ciddi uğurlar əldə olunmaqdadır.
"İlham Əliyevin ekoloji siyasəti: dayanıqlı inkişaf və yaşıl dünya (2003-2023)" kitabında əsasları verilmiş siyasi kursun tam reallaşdırılması nəticəsində "iqtisadiyyat", "enerji", "mədəniyyət", "əxlaq", "həyat tərzi", "iqtisadi artım", "ictimai fikir" və s. terminlərin qarşısındakı "yaşıl" epitetini işlətməyə ən yaxın zamanlarda daha ehtiyac qalmayacaqdır. Çünki onların heç birinin "yaşıl məfkurə"dən kənar alternativi yoxdur.
Bu üçcildlik kitabın nəşri layihənin rəhbəri və baş məsləhətçisinin, eləcə də elmi redaktorunun və tərtibçilərinin böyük uğurudur və gələcək nəslin sağlam mühitdə böyüməsi üçün qiymətli mənbə olacaqdır.
İradə HÜSEYNOVA,
AMEA-nın vitse-prezidenti,
akademik