Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə yenidən qayıdışı ilə müasir tariximizdə yeni dövrün, ölkəmizi müstəqil dövlət quruculuğuna doğru aparan böyük yolun başlanğıcı qoyuldu. Onun iradəsi, qətiyyəti, zəngin idarəçilik təcrübəsi, Vətənin azadlığı və müstəqilliyi uğrunda apardığı gərgin mübarizə nəticəsində ictimai-siyasi sabitlik, əmin-amanlıq bərqərar oldu, demokratik-hüquqi dövlət quruculuğunda böyük nailiyyətlər qazanıldı. Heydər Əliyev Azərbaycanda siyasi sabitlik yaratmaqla yanaşı, ölkənin iqtisadi müstəqilliyinin də əsasını qoydu.
2003-cü ildən Heydər Əliyev siyasi və iqtisadi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev milli inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək ölkənin bütün potensialını intellektual resursların, insan kapitalının gücləndirilməsi yönümündə səfərbər etdi.
İslahatçılıq müasir Azərbaycan cəmiyyətinin fərqləndirici xüsusiyyəti kimi diqqəti cəlb edir. Son illər ərzində Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi, siyasi, idarəçilik islahatları ölkənin həyatında yeni meyil və təşəbbüslərin əsasını qoymaqla yanaşı, Azərbaycanın beynəlxalq imicinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına təkan vermişdir.
Hazırda Azərbaycan dövlətinin çoxəsrlik şanlı tarixinin ən parlaq intibah dövrünü yaşadığını qürurla söyləyə bilərik. Bu gün dünya dövlətləri arasında ləyaqətlə ucalaraq sahibləndiyimiz mövqe hər bir azərbaycanlının qürur mənbəyidir.
Bu qürurun əsasında isə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın vətən və xalq naminə gərgin və miqyaslı fəaliyyəti, yüksək intellekt və dünyəvilik kimi şəxsi keyfiyyətlərinin möhtəşəm harmoniyası dayanır.
Tarixi həqiqətdir ki, vətəni, xalqı üçün çalışan, təmənnasız xeyirxahlığı, humanistliyi həyat amalına çevirən şəxslərin ideyaları, xoş əməlləri gələcək nəsillər üçün nümunəyə çevrilir. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xəti ilə daxil olan şəxsiyyətlərdəndir. Xeyirxah əməlləri ilə xalqının sevimlisinə çevrilən Heydər Əliyev Fondunun rəhbəri Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən nəciblik missiyasını şərəflə yerinə yetirir.
2016-cı ildə keçirilən referendum və Azərbaycanın Konstitusiyasında edilən dəyişikliklər ölkəmizdə siyasi və idarəçilik islahatlarının növbəti mərhələsini əks etdirir. Vitse-prezident institutunun təsis edilməsi dövlət idarəçiliyi sahəsində həm islahatçılıq konsepsiyasının ardıcıl surətdə həyata keçirilməsinin məntiqi nəticəsi, həm də yeni hədəflərə doğru inamlı addımların başlanğıcı sayılmaq qədər tarixi əlamətdarlıq yükü daşıyır. Lakin diqqəti çəkən və düşünülən islahatların gələcək uğurlu taleyinə zəmanət verən cəhət təsis edilən Birinci vitse-prezident vəzifəsinə ölkənin ictimai və siyasi həyatında yaxından iştirak edən, insanların dərin məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın təyin olunmasıdır.
Həmin tarixi hadisədən keçən müddətdə nəinki sözügedən təyinatın doğruluğunu tam təsdiq etdi, həm də bu seçimin Prezident İlham Əliyevin islahatlarının uğur simvoluna çevrildiyini nümayiş etdirdi.
Bütün dövrlərdə cəmiyyətin mütərəqqi yolla inkişafı məhz sağlam əqidəli, xalqa, dövlətə təmənnasız xidməti başlıca həyat amalına çevirən nəcib insanların fəaliyyəti ilə bağlıdır. Belə insanlar qısa zamanda cəmiyyətin sayılıb-seçilən şəxsiyyətlərinə çevrilir, üzərilərinə düşən sosial məsuliyyəti düzgün dəyərləndirir, xoş məram və məqsədləri ilə milyonların rəğbətini qazanırlar.
Hazırda bu nəcib missiyanı yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə, təmənnasızlıqla həyata keçirən insanlar arasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ön sıralarda dayanır. İnamla deyə bilərik ki, Ulu Öndərin ali ideyalarına əsaslanan, dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli siyasətə layiqli töhfələrini verən Azərbaycanın Birinci vitse-prezidentinin mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında müstəsna xidmətləri var.
Həyatının başlıca amalı məhz xeyirxahlıq və xoş niyyət olan birinci xanımın adı çoxşaxəli fəaliyyəti, insanlarla ünsiyyəti ilə sanki bir vəhdət təşkil edir. "Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam". Bu sözləri Mehriban Əliyeva Birinci vitse-prezident kimi ilk çıxışında səsləndirib. Bu gün biz Mehriban xanımın söylədiyi fikirlərinin real həyatda uğurla həyata keçirdiyinin şahidiyik.
Bütün dövrlərin belə parlaq simaları üçün səciyyəvi keyfiyyətlərdən biri də onların qlobal miqyasda insanlığın nicatına xidmət edən ictimai təşəbbüslərlə çıxış etmələri olmuşdur. Bu baxımdan deyə bilərik ki, narahat dünyamızda nəcib və ali məqsədlər naminə əzmlə çalışan, insan amilini daim uca tutan sülh elçiləri sırasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adı xüsusi çəkilir.
Xalqın taleyini öz taleyində yaşayan Mehriban xanımın mənəvi, ictimai və siyasi vəzifəni qürurla daşıması vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət etməsi ictimai mühitə gəldiyi vaxtlardan görünməyə başlamışdır.
Mehriban xanım gəncliyindən öz çalışqanlığı ilə hər yerdə və hər zaman birincilik statusunun qazanması, uğurlara nail olması ilə fərqlənib. Ziyalı ailədə doğulub-böyümüş, mükəmməl təlim-tərbiyə almışdır.
Gənc yaşından isə Ulu Öndər Heydər Əliyev kimi dövlət xadiminin ailəsində mənimsədiyi siyasi təlim və əhatəli sosial baxış, akademik Zərifə xanım Əliyevadan öyrəndiyi ictimai-mədəni davranış, insani nəciblik və mərhəmət, valideynlərindən aldığı nümunəvi ailə tərbiyəsi Mehriban xanım Əliyevanın illər boyu formalaşan ictimai-siyasi-mədəni təməli olmuşdur.
Mehriban xanımın qadın lider olaraq formalaşması və yüksəlməsi həm daxili istedadı, bacarığı, mükəmməl təhsili, praqmatik zəkası, həm də taleyinə yazılmış Ulu Öndər Heydər Əliyev kimi böyük strateqin həyat və siyasət məktəbindən yetərli dərs alması olmuşdur.
Mehriban xanım 1995-ci ildə Azərbaycan Mədəniyyət Fondunun prezidenti, 2002-ci ildə isə Azərbaycan Gimnastika Federasiyasının prezidenti kimi üzərinə böyük məsuliyyət götürərək, yaddan çıxmış sahələri ətalətdən çıxararaq onlara kütləvilik elementləri ilə zəngin olan ictimai məzmun verdi. Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması, təbliği üçün ilk olaraq "Azərbaycan-İrs" jurnalını təsis etməklə başladı. Təbii ki, görülən işlərin mahiyyətində nüfuzlu ictimai xadim olan Mehriban xanımın Azərbaycan mədəniyyətinə yeni nəfəs gətirməsi, onun tarixi keçmişindən bəhrələnməklə bugünkü inkişafına təkan vermək amalı dayanırdı.
Mehriban xanım 2004-cü il mayın 10-da Heydər Əliyev Fondunun yaradılması ilə Ulu Öndər Heydər Əliyevin vətənimizin və xalqımızın inkişafı naminə gördüyü işləri, işıqlı ideyalarını yüksək səviyyədə davam etdirir. Onun qarşıya qoyduğu məqsəd, demək olar ki, həyatımızın mühüm sahələrinin inkişafına yönəlmiş çalışmalar, milli-mənəvi dəyərləri özündə ehtiva edən prinsiplər üzərində qurulmuşdur. Görülən işlərin, irimiqyaslı layihələrin həcmini təsəvvürə gətirəndə aydın olur ki, bütün bunlar Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətən və xalq naminə qarşıya qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəldiyinin bariz nümunəsidir.
Heydər Əliyev Fondu nəinki irimiqyaslı, möhtəşəm layihələri həyata keçirmiş, hətta fəaliyyət göstərdiyi müddətdə Azərbaycanın həm daxildə, həm də xaricdə böyük nüfuz qazanmasına, yeni dünya cəmiyyətinin öndə olan ölkələrindən birinə çevrilməsinə güclü dəstək olmuşdur. Bu, ən çox insan faktoruna ali münasibəti, ölkəmizin beynəlxalq arenada layiq olduğu mərtəbədə qərarlaşması ilə dəyərlidir. Dövlət başçısı Prezident İlham Əliyev fondun fəaliyyətini yüksək qiymətləndirərək demişdir: "Mehriban Əliyevanın rəhbərliyi ilə fond nəinki Azərbaycanda, eyni zamanda regionda görülən işlərin həcminə görə ən böyük ictimai təşkilata çevrilmişdir".
Mehriban xanımın Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinə üzv seçilməsi də ölkəmizdə idmanın inkişafına təkan vermişdir. Azərbaycanda bir-birinin ardınca keçirilən beynəlxalq konfrans və festivallar, yüksək səviyyədə təşkil olunan idman oyunları dünyanın nüfuzlu dövlətlərinin böyük marağına səbəb olmuşdur. "Bakı-2015" 1-ci Avropa Oyunları Təşkilat Komitəsinin sədri kimi fəaliyyəti iştirakçı ölkələr tərəfindən yüksək qiymətləndirilmiş, ölkə rəhbərliyi tərəfindən "Heydər Əliyev" ordeni ilə təltif olunmuşdur. Ölkəmizdə 4-cü İslam Həmrəyliyi Oyunlarının uğurla keçirilməsində də Təşkilat Komitəsinin sədri kimi onun zəhməti əvəzsizdir.
Yeri gəlmişkən, bu il sentyabrın 28-dən oktyabrın 8-dək Azərbaycan növbəti böyük idman yarışına - III MDB Oyunlarına evsahibliyi edəcək. Bunun üçün bir neçə şəhər və rayon seçilsə də, MDB Oyunlarının açılış və bağlanış mərasimləri, həmçinin əsas oyunlar Gəncədə keçiriləcəkdir.
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhər stadionunda və digər idman obyektlərində aparılan hazırlıq işlərinin gedişi ilə tanış olublar.
Azərbaycanın Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın ilk keçirdiyi müşavirə müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin mənzillə təmin edilməsinə həsr edildi. Birinci vitse-prezident bildirdi ki, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatı üçün lazım olan tədbirlərin mərhələlərlə həyata keçirilməsi davam edir.
Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyətinin nəinki Azərbaycanda, ölkə hüdudlarından kənarda da rəğbətlə qarşılanmasının səbəbləri kifayət qədər sadədir. O, əzmkar fəaliyyəti ilə təkcə milli-mənəvi dəyərlərin, mənəvi və qeyri-maddi irsin dünya miqyasında təbliğini deyil, həm də sivil dünyada sülhü, sabitliyi, sivilizasiyalararası dialoqu, multikulturalizmi, bir sözlə, insanlığın tərəqqisinə yönələn ali ideyaların reallaşdırılmasını, bu sahələrdə səylərin birləşdirilməsini hədəfə almışdır.
Mehriban xanım Əliyeva üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilmişdir. Milli Məclisin deputatı kimi Mehriban xanım, sözün əsl mənasında, xalqın elçisi olmuşdur. Millət vəkili olaraq ölkədə iqtisadi islahatların hüquqi bazasının təkmilləşdirilməsi, sahibkarların qanuni mənafelərinin qorunması və işgüzar fəaliyyətinin gücləndirilməsi istiqamətində fəaliyyəti aktual problemlərə olan həssas münasibətin ifadəsi idi.
Milli Məclisdə respublikamızın qeyri-neft sektorunun, xüsusilə də regionlarda kiçik və orta sahibkarlığın inkişafı istiqamətində ayrı-ayrı regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbul edilməsi, iri infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı qanunlara dəyişiklik edilməsi, əhalinin yoxsulluq səviyyəsinin minimuma endirilməsi, kiçik və orta sahibkarlığın, xüsusən fermer təsərrüfatlarının daha da inkişaf etməsinə şərait yaradan yeni qanunların qəbul edilməsində Mehriban xanımın iştirakı diqqətəlayiq olmuşdur. Elə bu səbəbdən Birinci vitse-prezident Mehriban xanımın ölkə iqtisadiyyatının aktual problemlərinə olan həssas münasibəti Azərbaycan sahibkarları tərəfindən yüksək qiymətləndirilir.
Mehriban xanımın rəhbərliyi altında əvvəlki illərdə Rusiya Federasiyasında keçirilmiş Azərbaycan-Rusiya Regionlararası Forumlarında Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri də iştirak etmişlər. Forum zamanı kiçik və orta sahibkarlığın inkişafı, kənd təsərrüfatı, turizm sektorları üzrə panellərə konfederasiya prezidentinin rəhbərlik etdiyi nümayəndələr də qatılmışlar.
Keçən il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsini beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə böyük hörmət və etimadın, eləcə də milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfələrimizin təqdirinin bariz nümunəsidir. Bu tədbirin həyata keçirilməsi işinin təşkilində ölkənin Birinci vitse-prezidenti kimi Mehriban xanım Əliyevanın da müstəsna əməyi vardır.
Azərbaycanın birinci xanımının həyata keçirdiyi layihələr ölkə hüdudları ilə məhdudlaşmayıb, ümumbəşəri mahiyyəti ilə diqqəti cəlb edir. Xüsusən də Şərqlə Qərb arasında mədəni dialoqa nail olmaq, fərqli sivilizasiyaları bəşəri ideallar naminə bir araya gətirmək, dini tolerantlığı, multikulturalizmi gücləndirmək, gender bərabərliyini təmin etmək istiqamətindəki fədakar fəaliyyəti beynəlxalq miqyasda təqdir edilir.
44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal antiterror əməliyyatı zamanı qazanılan möhtəşəm qələbə də ölkədə formalaşmış siyasətin layiqincə davam etdirilməsinin məntiqi nəticəsidir. Torpaqlarımızın işğaldan azad olunması Qurtuluş günündən sonra tariximizə və dövlətçiliyimizə qızıl hərflərlə yazılan növbəti böyük Zəfərdir.
2024-cü il prezident seçkilərində dövlət başçısı qarşıda dayanan vəzifələri, milli prioritetləri elan etdi. Prezident İlham Əliyevin andiçmə mərasimindəki çıxışı respublikamızın gələcəyinə olan konseptual baxış idi. O, çıxışında qeyd etdi ki, "Hər birimiz öz fəaliyyət sferamızda fəal olmağı, əməllərimizlə ölkədə həyata keçirilən siyasi kursa layiqli töhfələr verməliyik".
Uğurların əsası, əlbəttə ki, Azərbaycan iqtisadiyyatıdır. Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə ümumi daxili məhsul 4 dəfə, büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi 10 dəfədən çox artıb. Valyuta ehtiyatlarımız 1,6 milyard dollardan 72 milyard dollara yüksəlib. Minimum əməkhaqqı 400, minimum pensiyalar 320 manata çatıb. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərin bərpasına, yenidən qurulmasına, tikinti-abadlıq işlərinə 22 milyard manat vəsaitin ayrılması Azərbaycan iqtisadiyyatının davamlı inkişafda olmasının nəticəsidir. Dövlət başçısı haqlı olaraq bildirir ki, Azərbaycanın güclü iqtisadiyyatı müstəqil xarici siyasət kursu həyata keçirməyə imkan yaradır.
İqtisadi inkişafın tərkib hissəsi olan Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərində Mehriban Əliyevanın nümayiş etdirdiyi quruculuq əzmi olduqca qürurvericidir.
Qarabağ müharibəsində həlak olmuş şəhid ailələrinə və qazilərə Mehriban xanımın təşkilatçılığı ilə göstərilən sosial yardımlar davam edir. Ümumiyyətlə, şəhid ailələri və qazilərin qayğıları hər zaman dövlət üçün prioritet məsələ olmuş, onların çətinliklərinin həlli daim dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Bu sahədə dövlət orqanları ilə yanaşı, Heydər Əliyev Fondu da geniş və səmərəli işlər görür. Fond tərəfindən qazilər protez ortopedik vasitələrlə təmin edilir, şəhid və qazi övladlarının problemləri həll olunur, onlarla mütəmadi əlaqələr qurulur.
Bu sahədə görülən tədbirlərdən biri də bütün yerli icra hakimiyyəti orqanlarında şəhid ailələri və qazilərlə iş üzrə müvafiq struktur bölmənin yaradılmasıdır. Yerli icra hakimiyyətlərində yeni yaradılmış bu şöbələrin əsas funksiyası şəhid ailələri və qazilərin müraciətlərinin dərhal icraata qəbul edilməsi, onların həlli istiqamətində müvafiq addımların atılması və nəticələri barədə məlumatların verilməsidir.
Mehriban xanım öz çıxışlarının birində demişdir: "Bu gün biz Azərbaycan Ordusuna, əsgər və zabitlərimizə hədsiz dərəcədə minnətdarıq! Qəhrəmanlığınıza, şücaətinizə, cəsarətinizə və dözümlülüyünüzə görə sizə minnətdarıq! Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə görə! Vətənə sədaqətlə xidmət etmək nümunəsinə görə! Siz bizim fəxrimizsiniz! Bu əlamətdar gündə Vətən uğrunda həlak olmuş qəhrəman oğullarımızın nurlu xatirəsini ehtiramla yad edir, onların doğma və yaxınlarına səbir arzulayıram! Bütün əsgər və zabitlərimizi səmimi-qəlbdən təbrik edirəm, Uca Tanrıdan onların hər birinə möhkəm cansağlığı, sevinc, sevgi və səadət, doğma Azərbaycanımıza sülh və əmin-amanlıq bəxş etməsini diləyirəm!"
Doğma Qarabağ və Şərqi Zəngəzur torpaqlarında geniş quruculuq işləri aparılır, 30 ildə erməni vandalları tərəfindən dağıdılan evlər, sosial infrastruktur, talan olan ərazilər, meşələr, tarixi-mədəni-dini abidələr bərpa olunur. Bu işlərdə də şəxsən Mehriban xanımın xüsusi yanaşmasını hiss etməmək mümkün deyil. Onun tapşırıqları əsasında həyata keçirilən layihələr tezliklə Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcək, bir çox beynəlxalq tədbirlərin keçiriləcəyi məkan olacaqdır.
Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda 8 avqust 2025-ci ildə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyevlə Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan arasında sülh müqaviləsi layihəsi paraflanmışdır.
Sülh sazişinin iqtisadi əhəmiyyəti regionda davamlı sabitliyin güclənməsi və xarici sərmayələrin artımı, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında maneəsiz quru yolun açılması, yeni tranzit imkanlarının formalaşması və qeyri-neft sektorunun inkişafı üçün əlverişli şərait və nəqliyyat-logistika potensialının əhəmiyyətli dərəcədə güclənməsi kimi mühüm aspektləri özündə birləşdirir. Bu təşəbbüslər sayəsində Azərbaycan genişmiqyaslı infrastruktur layihələrinə evsahibliyi edərək, Avropa-Asiya ticarət dəhlizində strateji mövqe tutacaq. Nəticədə iqtisadiyyatımızın şaxələnməsi sürətlənəcək, qeyri-neft sahələri mühüm investisiya yönlü sektorlar olaraq formalaşacaq.
Azərbaycanın beynəlxalq hüquqa əsaslanan məntiqli mövqeyi danışıqlarda müvəffəqiyyət qazanılmasını təmin etmişdir. Dövlət başçısı ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığını və qonşu ölkələrlə əməkdaşlığa əsaslanan münasibətləri daim vurğulamış, danışıqlarda məhz bu prinsipləri müdafiə etmişdir. ABŞ Prezidenti Tramp çıxışında "35 il münaqişədən sonra indi tərəflər dost olublar" sözləri ilə bu tarixi razılaşmanın əhəmiyyətini vurğulamışdı. Eyni zamanda Avropa Birliyi bu sənədi "dayanıqlı sülhə gedən yol" adlandırmışdır. Bütün bunlar Azərbaycanın milli maraqlarına sadiq qalaraq apardığı fəal diplomatiyanın beynəlxalq səviyyədə dəstəkləndiyinin bariz nümunəsidir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bu məsələ ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edərək bildirmişdir: "Bu gün Vaşinqtonda Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın baş naziri tərəfindən Birgə Bəyannamə imzalandı və sülh sazişi paraflanmaqla yekun sülh sazişi istiqamətində mühüm addım atıldı. Bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edirəm! Qoy hər zaman sülh olsun! Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman oğullarımıza Allah rəhmət eləsin! Uca Tanrı hər zaman doğma Azərbaycanımızı qorusun!"
Son illərdə Azərbaycanda bütün addımlar postmüharibə dövrünün yeni reallıqlarına uyğun atılır. Vətən müharibəsindəki böyük Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurun minalardan təmizlənməsi, yenidənqurma, tikinti-quruculuq işlərinin başlanması qarşıda duran ən prioritet məsələlərdir. Azərbaycan heç kimdən yardım almadan bu missiyanı da uğurla icra edir.
Ölkə Prezidenti və Birinci vitse-prezident mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən layihələri nəzarətdə saxlayır, müxtəlif yeni obyektlərin təməlini qoyur, hazır olan infrastruktur obyektlərinin açılışını edirlər.
Azərbaycan Prezidenti işğaldan azad olunmuş rayonlara səfəri zamanı öz çıxışlarında iş adamlarına müraciət edərək onları bu ərazilərə sərmayə qoymağa çağırır. Dövlət başçısı çıxışlarının birində qeyd etdi ki, "Mən çox şadam ki, Azərbaycan sahibkarları böyük həvəslə, ürəklə bu işlərə qoşulurlar".
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ölkə Prezidentinin bu çağırışını dəstəkləyir və ona görə də iqtisadi siyasətimizin istiqamətlərini nəzərə alaraq azad edilmiş torpaqlarda sahibkarlığın inkişafı Böyük qayıdışın daha tez bir vaxtda həyata keçirilməsinə öz töhfəsini verir.
Prezident İlham Əliyevin yeni inkişaf konsepsiyasına uyğun olaraq həyata keçirilən siyasət ölkədə bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirdi. Dövlət başçısının söylədiyi kimi, Azərbaycanın uğurlu inkişafı məhz buna söykənir.
Azərbaycan Sahibkarlar Konfederasiyası mütəmadi olaraq üzv sahibkarları ilə birlikdə tədbirlər keçirir, sahibkarların maarifləndirilməsi istiqamətində öz fəaliyyətini genişləndirir.
Təsadüfi deyil ki, dövlət və özəl sektor arasında səmərəli tərəfdaşlığın keyfiyyətcə növbəti mərhələyə yüksəldilməsi və risklərin, məsuliyyətin dövlət və özəl sektor arasında optimal paylaşdırılması müasir dünyanın ən mühüm çağırışlarından biridir. Bu dayanıqlı inkişaf üçün mühüm alətlərdən hesab olunur və əsas məqsədi müvafiq investisiya mühitinin təkmilləşdirilməsi yolu ilə bu sahədə beynəlxalq investisiyaların ölkəmizə axınının stimullaşdırılmasından ibarətdir.
Bu hədəflərə nail olunmasında isə özəl sektorun üzərinə böyük məsuliyyət və öhdəliklər düşür və Azərbaycan Sahibkarlar Konfederasiyası bu missiyanı uğurla icra etməkdə biznesə dəstək verməyə hazırdır.
Bu gün hər bir sahibkar anlayır ki, Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilməli və onlar bir sahibkar olaraq bu işdə yaxından yardımçı olmalıdırlar.
Bütün müharibə dövründə ölkə rəhbərinin ətrafında sıx birləşərək "dəmir yumruğ"un bir parçası olmağı bacarmış Azərbaycan sahibkarları Qarabağın yenidən firavanlığına qovuşması, işğaldan azad olunmuş torpaqların iqtisadi cəhətdən dirçəlməsi naminə səylərini daha da gücləndirirlər.
Azərbaycan sahibkarları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sahibkarlığın inkişafına verdiyi töhfəni yüksək dəyərləndirirlər. Son illərdə ölkədə qadın sahibkarların sayı əhəmiyyətli dərəcədə artmışdır ki, bu işdə Mehriban xanımın rolu danılmazdır. Ölkədə qadınların əmək bazarında kişilərlə bərabərhüquqlu iştirakına imkan yaradılması onların idarəetmə, biznes və hakimiyyət strukturlarında daha geniş təmsil olunması ilə nəticələnir.
Mehriban xanım tərəfindən görülən bütün işlər, atılan addımlar yalnız bir məqsədə - Prezident İlham Əliyevin inkişaf strategiyasının uğurla reallaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edir.
Bütün Azərbaycan xalqı kimi sahibkarların da ölkənin birinci xanımına yüksək hörməti və ehtiramı danılmazdır. Bu hörməti Mehriban xanım Əliyeva hər bir azərbaycanlının istək və maraqlarına yaxın olması ilə qazanmışdır. Xeyirxahlıq onun amalında, mənəviyyatında, dövlətçiliyə sədaqət əqidəsindədir.
Praqmatiklik, kreativlik, siyasi çeviklik, yüksək erudisiya, alicənablıq, humanizm kimi ali şəxsi keyfiyyətlərə malik olan, milli köklərimizə, bəşəri ideyalara daim sadiq qalan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva vətənimizin və xalqımızın taleyində bundan sonra da müstəsna rol oynayacaq, ölkəmizin inkişafına yeni-yeni töhfələr verəcəkdir. Onun dövlətçiliyimizə və xalqımıza xidmət etmək arzusu bizdə olan bu inamı daha da gücləndirir.
Qarşıdakı illərdə ölkəmizin yüksəlişi naminə Prezident İlham Əliyevin həyata keçirdiyi tarixi missiyaya Mehriban Əliyevanın daha möhtəşəm töhfələr verəcəyinə cəmiyyətimizdə dərin inam mövcuddur.
"Tanrı Azərbaycanı qorusun" söyləyən xanım Mehriban Əliyeva, Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasətinin uğurla davam etdirilməsində, Prezident İlham Əliyevin "Güclü Azərbaycan" modelinin gerçəkləşdirilməsində müstəsna rolu və mövqeyi olan, modern Azərbaycan qadınının obrazını ölkəmizdə və beynəlxalq aləmdə parlaq surətdə canlandıran ictimai-siyasi xadimdir.
Mehriban xanım Əliyeva ölkəmizdə milli dövlətçilik institutunun formalaşmasına böyük töhfələr verən siyasi-mədəni rəhbər, çoxyönlü fəaliyyət meydanı ilə dünyada tanınan, qəbul edilən humanist siyasi xadimdir. Çağdaş Azərbaycan tarixinə onun adı artıq modern qadın rəhbər, fenomen qadın lider kimi yazılmışdır.
Azərbaycan Sahibkarlar Konfederasiyası Mehriban xanım Əliyevanın xalqımızın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin vüsətli inkişafına yeni və davamlı töhfələr verəcəyinə inanır, ona Azərbaycanın parlaq gələcəyinin qurulması istiqamətində göstərdiyi yorulmaz fəaliyyətində uğurlar arzulayır.
Məmməd MUSAYEV,
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti