Mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ilə əlaqədar olaraq, ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədilə respublikamızın müxtəlif şəhərlərində WUF13 Festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, festivalın növbəti ünvanı mayın 12-də Sumqayıt şəhəri olub.
Festival çərçivəsində əvvəlcə Sumqayıt Dövlət Universitetində (SDU) WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub. Sessiyada universitetin tələbə və müəllim heyəti iştirak edib.
Tədbirdə çıxış edən SDU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Elmar Xəlilov WUF13-ün ölkəmizdə təşkilinin Azərbaycan üçün mühüm hadisə olduğunu vurğulayıb, WUF13 ilə əlaqədar sessiyanın Sumqayıt Dövlət Universitetində keçirilməsindən məmnunluğunu ifadə edib.
"Şəhərsalmanın məşğuıluğa, mobilliyə və imkanlara çıxışa təsiri" mövzusunda çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, şəhərsalmanın əsas prinsiplərindən biri vətəndaşların məşğulluq imkanlarının asanlaşdırılması və ölkənin iqtisadi potensialının genişləndirilməsidir: "Paytaxtın timsalında baxsaq, Mərdəkan, Hövsan, Lökbatan, Ələt kimi qəsəbələr özünün iş yerləri, müasir ticarət zonaları, təhsil və səhiyyə infrastrukturu olan müstəqil cazibə mərkəzləri kimi fəaliyyət göstərir. Şəhərsalmanın məşğulluğa və iqtisadi dirçəlişə təsirinin ən bariz və qürurverici nümunəsini isə Qarabağ və Şərqi Zəngəzurda görürük. Azad edilmiş ərazilərdə təsdiqlənən Baş Planlar əsasında qurulan ekosistem yalnız yaşayış binalarının deyil, sənaye müəssisələrinin, hava limanlarının, enerji infrastrukturunun, təhsil ocaqlarının tikintisini özündə birləşdirir. Ölkəmizdə yeni şəhərsalma modeli yaşıl məkanların qorunması və genişləndirilməsini qırmızı cizgi kimi müəyyən edir. Yaşıllıq zonası normasının məcburi şəkildə qorunması tələbi hər bir tikinti layihəsinin mərkəzində dayanır. Daha bir vacib məsələ isə şəhərlərin tarixi simasının mühafizəsidir. Tezliklə Təzəpir məscidi ətrafında icra olunacaq layihə çərçivəsində 120-dən çox tarixi və memarlıq qərarına malik binanın qorunaraq öz əzəmətini yenidən nümayiş etdirməsi təmin olunacaq. Tarixi irsə eyni həssas yanaşma respublikanın hər bir bölgəsində eləcə də Qarabağ və Şərqi Zəngəzurda da tətbiq olunur".
Ramiz İdrisoğlu çıxışı zamanı şəhərsalma proseslərinin vətəndaşlar üçün şəffaf və əlçatan olması istiqamətində görülən işlərdən də bəhs edib.
Daha sonra Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fərman Kazımov Sumqayıtın tarixindən danışıb, "Şəhərsalma və Memarlıq İli" çərşivəsində görülən işlər barədə ətraflı məlumat verib.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə WUF13 haqqında təqdimatla çıxış edib. O Ümumdünya Şəhərsalma Forumunun 2001-ci ildə təsis edildiyini və BMT-nin qanunvericilik səlahiyyəti olmayan ən böyük qlobal tədbiri olduğunu diqqətə çatdırıb. İlk dəfə 2002-ci ildə Keniyanın Nayrobi şəhərində keçirilən forum bu günədək 5 qitədə 100 mindən çox iştirakçını bir araya gətirib. Qeyd olunub ki, forum bilik və təcrübə mübadiləsi baxımından güclü platforma rolunu oynayır və hər kəs üçün açıqdır.
Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, iki hissədən ibarət WUF13 Festivalı saat 18:00-da Sumqayıt şəhərindəki Göyərçin parkında keçiriləcək ictimai proqramlarla davam edəcək.