Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində keçirilən “Yenidənqurma kontekstində mənzil hüquqları – humanitar yardım və bərpa arasında körpü” adlı sessiyada böhran və münaqişə şəraitində mənzil hüquqları, köçkünlük, şəhər toxumasının dəyişməsi və yenidənqurma prosesləri ilə bağlı aktual məsələlər müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, sessiyada beynəlxalq ekspertlər və təşkilat nümayəndələri çıxış edərək mövcud çağırışlar və həll yanaşmaları barədə fikirlər səsləndiriblər.
Bildirilib ki, münaqişələr nəticəsində yaşayış evlərinin və şəhər infrastrukturunun məqsədli şəkildə dağıdılması beynəlxalq hüquq normalarına zidd olsa da, bir çox hallarda bu proseslər davam edir və hüquqi öhdəliklərlə real vəziyyət arasında ciddi fərqlər yaranır.
Qeyd olunub ki, dağıntılar əhalinin təhlükəsizliyi, sağlamlığı, dolanışıq imkanları və əsas xidmətlərə çıxışına ciddi təsir göstərir.
Sessiyada çıxış edən Norveç Qaçqınlar Şurasının (NRC) Qlobal Sığınacaq və Məskunlaşma üzrə müşaviri Lana Barreto bildirib ki, qeyri-rəsmi məskunlaşmalar və şəhər toxumasının deformasiyası şəhərlərin strukturuna təsir göstərir və bu səbəbdən mənzil məsələsinə təkbaşına yanaşma deyil, mənzil, torpaq və mülkiyyət (HLP) hüquqlarını əhatə edən inteqrasiya olunmuş yanaşma zəruri hesab edilir. O, köçkünlüyün şəhər mühitini dəyişdirdiyini, dağılan evlərin və ictimai binaların çox vaxt müvəqqəti məskunlaşma məkanlarına çevrildiyini və bunun dayanıqsız şəhər formaları yaratdığını vurğulayıb.
Sessiyada çıxış edən “Habitat for Humanity International” təşkilatının Mənzil, Fəlakətlərə Dayanıqlılıq və Bərpa üzrə Sahə Əməliyyatları direktoru Mario Flores qeyd edib ki, böhran və fəlakətlər zamanı mənzil sahəsində təmin edilən təhlükəsizlik mexanizmləri ailələrin yenidənqurma mərhələsində təkrar köçürülməsinin qarşısını almaqda mühüm rol oynayır. Onun sözlərinə görə, “geri qayıdış hüququ”nun tanınması və təhlükəsiz məskunlaşmanın qorunması vacibdir. O, əlavə edib ki, bir çox hallarda formal mülkiyyət sənədi olmadan da insanların əvvəlki təhlükəsiz məskunlaşma hüququ tanına və bərpa prosesində qoruna bilər.
Digər çıxışçı BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Ukrayna üzrə Ölkə Proqramının Baş direktor müavini Mariana Lessa Voita bildirib ki, Ukraynada genişmiqyaslı məcburi köç və mənzil fondunun zədələnməsi şəhər sisteminə ciddi təsir göstərir. Onun sözlərinə görə, hazırda milyonlarla insan həm ölkə daxilində, həm də xaricində məcburi köç vəziyyətində yaşayır. O, həmçinin vurğulayıb ki, Ukraynada mənzil fondunun təxminən 14 faizi zədələnib və bu, xüsusilə Xarkov kimi şəhərlərdə ciddi mənzil çatışmazlığı yaradır.
Sessiyada çıxış edən London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) Coğrafiya və Ətraf Mühit üzrə elmi əməkdaşı Deen Sharp münaqişə zonalarında dağıntıların miqyasının görünməmiş səviyyəyə çatdığını bildirib. O qeyd edib ki, dağıntıların təmizlənməsi uzunmüddətli prosesdir və bu, yenidənqurma fəaliyyətlərini ciddi şəkildə ləngidir. Onun sözlərinə görə, mövcud şəraitdə bir çox regionlar üçün real yenidənqurma planlarından danışmaq çətindir və bərpa prosesləri xətti xarakter daşımır.
Sonda vurğulanıb ki, yenidənqurma prosesləri humanitar yardım, inkişaf və şəhərsalma yanaşmalarının inteqrasiyasını tələb edir və dayanıqlı bərpa üçün hüquqlara əsaslanan yanaşma mühüm əhəmiyyət daşıyır.