Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda mənzil böhranının idarə olunması, qlobal öhdəliklərin yerli səviyyədə tətbiqi və inklüziv şəhər inkişafı mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Seul Şəhər Bələdiyyəsi yanında fəaliyyət göstərən Dünya Ağıllı Şəhər Təşkilatı tərəfindən ADA Universiteti, İsveçrənin Cenevrə Universiteti, İsveçrə Federal Materialşünaslıq və Texnologiya Laboratoriyaları (Empa), Eawag və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
AZƏRTAC-a açıqlamasında Cenevrə Universiteti və İsveçrə Federal institutlarında fəaliyyət göstərən tədqiqatçı, Ətraf Mühit və Sosial Elmlər Departamentinin Siyasət Təhlili və Ətraf Mühitin İdarəedilməsi (PEGO) qrupunun nümayəndəsi Tural Əliyev bildirib ki, əsas məqsəd qlobal mənzil idarəçiliyi üzrə müzakirələrlə şəhərlərin çoxtərəfli öhdəlikləri praktik siyasətə çevirməsi zamanı üzləşdiyi çağırışlar arasında əlaqə yaratmaqdır.
Onun sözlərinə görə, sessiyada gənclərin, tələbələrin və gələcəyin şəhər liderlərinin daha inklüziv mənzil siyasətinin formalaşdırılmasında rolu da xüsusi diqqət mərkəzində saxlanılıb.
Tural Əliyev vurğulayıb ki, müzakirələr torpaq idarəçiliyi, bələdiyyələrin institusional potensialı, ictimai iştirakçılıq və əlçatan, dayanıqlı mənzil təminatının həyata keçirilməsi ilə bağlı məsələləri əhatə edir.
Sessiya çərçivəsində əvvəlcə Azərbaycanın mənzil sektorunda mövcud əsas çağırışlara dair təqdimat olub. Sonra ADA Universitetinin İctimai və Beynəlxalq Münasibətlər Məktəbinin İctimai işlər üzrə dosenti Anar Vəliyev təqdimatla çıxış edib.
Daha sonra İsveçrə təcrübəsi üzrə İsveçrə Federal İnstitutunun nümayəndəsi Maşal Yazdani çıxış edib.
Tədbirin yekun hissəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri üzrə Baş Memarlıq və Şəhərsalma İdarəsinin memarlıq sektorunun müdiri Aysel Kərimli Bakıda əlçatan mənzil siyasətinin inkişafı ilə bağlı yanaşmaları və şəhər həyatının keyfiyyətinin yüksəldilməsi istiqamətində təklifləri təqdim edib.
Qeyd olunub ki, belə platformalar beynəlxalq təcrübə ilə yerli idarəetmə mexanizmləri arasında əlaqələrin gücləndirilməsi və şəhərlərin davamlı inkişafı üçün praktik həllərin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.