16 Avqust 2022 00:49
771
Mədəniyyət
A- A+

Vaqif - özü və sözü

 

Xalqların mədəniyyət salnaməsində elə şəxsiyyətlər var ki, düşünürsən, əgər belələri dünyaya gəlib, yaşayıb-yaratmasaydılar, tarix səhifəsində böyük bir yer boş görünərdi. Azərbaycanın zəngin ədəbi mühitində görkəmli rol oynayan belə şəxsiyyətlərdən biri də Molla Pənah Vaqifdir. Bulaq suyu kimi dupduru, şirin şeirləri ilə ana dilimizin inkişafında müstəsna xidmətləri olan böyük şair, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri Vaqifin yaradıcılığı Azərbaycan ədəbiyyatında xüsusi bir mərhələni təşkil edir. 
Böyük şair öz ənənələri ilə seçilən ədəbi məktəb yaratmış ölməz sənətkardır. O, əhəmiyyətini əsrlərdən bəri qoruyub saxlayan bənzərsiz poeziya nümunələri meydana gətirməklə milli ədəbiyyatın yeni istiqamətdə inkişafına təkan vermişdir. Azərbaycan şeiri Vaqifin sayəsində tarixinin növbəti mərhələsinə qədəm qoymuşdur. Onun klassik bədii fikir salnaməmizin parlaq səhifələrindən birini təşkil edən irsi müasir dövrdə də insanların əxlaqi-mənəvi kamilləşməsinə xidmət göstərir. Azərbaycan tarixinə həmçinin siyasi xadim kimi daxil olan Vaqif taleyüklü məsələlərin həllində müdriklik və uzaqgörənlik nümayiş etdirmişdir.

 

Qarabağ xanının vəziri

 

Vaqifin anadan olduğu il dəqiq məlum deyil. Bir çox məlumatlarda şairin doğulduğu tarix kimi 1717-ci il götürülür. Ümumi qənaətlərə görə, Vaqif Qazaxın indiki Yuxarı Salahlı kəndində dünyaya gəlmişdir. Atası Mehdi ağa, anası Ağqız xanım uşaq yaşlarından onu mədrəsəyə göndərmişdilər. Burada  dövrünün tanınmış alimi və müəllimi Şəfi Əfəndidən dərs almışdı. Gərgin zəhməti hesabına ərəb və fars dillərinə mükəmməl yiyələnmişdi. Eyni zamanda astronomiya, riyaziyyat, musiqi və poetika üzrə elmlərə də vaqif olmuşdu. Erkən yaşlarından şeirlər yazan şairə sonradan Vaqif təxəllüsünün verilməsi bəlkə də elə onun bir çox sahələrdə dərin biliklərə bələdliyindən irəli gəlirdi. 
Mədrəsə təhsilini başa vurandan sonra Qazaxda müəllimliklə məşğul olduğundan el arasında Molla Pənah kimi tanınırdı. Şair 42 yaşına qədər doğulduğu yurdda yaşayıb fəaliyyət göstərmişdi. Sonra tale onu Şuşaya gətirib çıxarmışdı. 
XVIII əsrin 50-ci illərinin sonlarında Qazax mahalında və qonşu Gürcüstan sərhədlərində feodal münaqişələri ara vermirdi. Bu münaqişələr nəticəsində 1759-cu ildə Qazax kəndlərindən onlarla ailə Qarabağ xanlığına köçürüldü. Vaqifin ailəsi də əvvəlcə Cavanşir mahalının Tərtərbasar kəndində yerləşdi. Vaqif bu kənddə məktəb açıb müəllimlik fəaliyyətinə davam etməyə başladı. Bir müddətdən sonra o, Qarabağ xanlığının mərkəzi Şuşa şəhərinə köçdü. Saatlı məhəlləsində öz məktəbini yaratdı. 
Onun Saatlı məhəlləsindəki məktəbinin və özünün müəllim, alim kimi şöhrəti tezliklə bütün Şuşaya yayılır. O dövrdə Şuşanın ziyalı mühiti artıq formalaşmışdı. Şəhərdə bir çox alimlər, müəllimlər, sənət adamları yaşayıb yaradırdılar. Vaqif onlarla dostluq münasibəti qurmuşdu. Molla Pənahın sözü-sorağı tezliklə Qarabağ xanı İbrahimxəlil xan Cavanşirə də çatır. O, Vaqifi saraya dəvət edir, onunla xeyli söhbətləşir. Söhbət zamanı Vaqifin astranomiya biliklərinə əsaslanaraq ay tutulması və zəlzələ barədə verdiyi məlumatlar xanı heyrətləndirir. Biliklərini yüksək qiymətləndirərək, onu xanlığın rəhbərliyinə cəlb edir. Molla Pənah Vaqif İbrahimxəlil xanın sarayında əvvəlcə eşikağası - müasir dillə desək, xarici işlər naziri, sonra isə baş vəzir olur. O, ömrünün sonuna qədər bu vəzifəni yerinə yetirir. 
Həmin dövrün saray xadimi və tarixçilərindən Mirzə Camal Cavanşir Qarabaği Vaqifin ağıllı, təcrübəli vəzir kimi böyük rəğbət qazandığını yazır. İbrahimxəlil xan Vaqifin dərin zəkasına həm inanır, həm də heyran qalırdı. Dövlət idarəçiliyində, daxili və xarici siyasətdə onun tövsiyələrini, məsləhətlərini həmişə nəzərə alırdı. 
Vaqifin Qarabağ xanlığında vəzir olduğu vaxtlar tarixin ən mürəkkəb dövrlərindən idi. 1747-ci ildə Nadir şah Əfşarın öldürülməsindən sonra Azərbaycanda müstəqil xanlıqlar təşəkkül tapmışdı. Amma bu xanlıqlar qonşudakı böyük dövlətlərdən, eləcə də digər xanlıqlardan yönələn təhdidlər, aramsız feodal müharibələri qarşısında hər an müstəqilliyini itirmək təhlükəsi qarşısında idi. Qarabağ xanlığı üçün xüsusilə böyük təhlükəyə çevrilmiş Ağa Məhəmməd şah Qacar bu diyara yaxınlaşdıqca Vaqif təhlükəyə qarşı birləşməkdən ötrü İbrahimxəlil xan, II İrakli, İrəvan hakimi Məhəmməd xan və Talış hakimi Mir Mustafa xan arasında gedən diplomatik danışıqlarda fəal şəkildə iştirak edirdi. 
1795-ci ildə Ağa Məhəmməd şahın qoşunları Araz çayını keçərək, Şuşa istiqamətində irəliləməyə başlayır. Şuşalılar Vaqifin başçılığı altında müdafiə olunmaq üçün hazırlıq işləri görürlər. Ağa Məhəmməd şah ağır müqavimətlə rastlaşsa da, qəzəbini boğub, top atəşlərini davam etdirməyə əmr verir. Şuşanın mühasirəsi 33 gün davam edir. Amma qalanın müdafiəçilərinin müqavimətini sarsıtmaq mümkün olmur. Şah məcbur olub, mühasirəni dayandıraraq, çar II İraklinin qoşunlarını darmadağın edib, Tiflisi xarabazara çevirir. 
Həmin dövrdə Rusiyanın Qafqazdakı gücünü nəzərə alaraq Qarabağ xanlığının müdafiəsində bu imkandan istifadə etməkdən ötrü çariça II Yekaterina ilə yazışmalar aparılırdı. İbrahimxəlil xanın II Yekaterinaya bütün məktublarının mətnini Vaqif yazırdı. İmperator onun güclü yazı qabiliyyətini, məktublarının ədəbiliyini, zərifliyini 1784-cü ildə Q.A.Potyomkinə yazdığı risaləsində xüsusi qeyd etmişdi. Həmin məktubların müəllifinin kimliyi ilə maraqlanmağı ondan xahiş etmişdi. 1796-cı ildə qraf V.Zubovun başçılıq etdiyi rus qoşunları Şamaxıdan keçərək Qarabağ sərhədlərinə yaxınlaşanda İbrahimxəlil xan oğlu Əbülfət xanın başçılığı ilə onun yanına elçilər göndərir. Bu heyətdə Vaqif və tanınmış Qarabağ əmirlərinin oğlanları da vardı. Həmin görüşdə II Yekaterinanın adından İbrahimxəlil xana və Vaqifə qiymətli hədiyyələr verilir. Vaqifin hədiyyəsi bahalı daş-qaşlarla bəzədilmiş əsa olur. 
1796-cı ildə II Yekaterina vəfat edəndən sonra yeni imperator I Pavel Qafqazdakı rus qoşunlarını geri çağırmağa qərar verir. Ağa Məhəmməd şah isə ona qarşı çıxmış xanları cəzalandırmaqdan ötrü bunu fürsət bilir. Həmin il o, yenə hərbi yürüşə çıxıb Şuşaya yol alır. Böyük təmtəraqla Şuşa qalasına daxil olub, İbrahimxəlil xanın böyük oğlu Məhəmmədhəsən ağanın qalanın aşağı qapısının yaxınlığındakı evində yerləşir. Onda İbrahimxəlil xan ölüm təhlükəsindən xilas olmaq üçün Car-Balakənə getmişdi. Vaqif isə Şuşada qalmışdı. Ağa Məhəmməd şah İbrahimxəlil xanla birlikdə gedə bilməyən əyanların və xanın qohumlarının, dostlarının axtarılıb tapılması və həbs edilməsi əmrini verir. Həbsə alınanlar içərisində Molla Pənah da olur. Amma tale elə gətirir ki, həmin günlərdə Ağa Məhəmməd şah özü Şuşada yaxın adamlarının sui-qəsdi nəticəsində öldürülür. Qoşun geri çəkilir. İbrahimxəlil xanın kiçik qardaşı Mehrəli bəyin oğlu Məhəmməd bəy vəziyyətdən istifadə edib hakimiyyəti ələ keçirir və onu öz əlində saxlamaqdan ötrü əmisinin tərəfdarlarını qətlə yetirməyə başlayır. Əfsuslar olsun ki, Məhəmməd bəyin əmri ilə 1797-ci ildə Molla Pənah Vaqif və şairin oğlu Əli bəy də edam edilir. 
Şuşa sakinləri Vaqifi böyük ehtiramla dəfn edirlər. Məzarının üstündə kiçik bir məqbərə tikirlər. Bura sonradan böyük bir ziyarətgaha çevrilir. 

 

Azərbaycan sözünə ucaldılmış abidə 

 

Hazırda Vaqifin məzarı üzərindəki əzəmətli məqbərənin ideya müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Klassik ədəbiyyatı yüksək qiymətləndirən və Azərbaycan ədəbi irsinin göz bəbəyi kimi qorunmasına çalışan Ulu Öndər hələ sovet Azərbaycanına rəhbərliyi dövründə üç böyük şairimizin - Nizami Gəncəvinin, Molla Pənah Vaqifin və Hüseyn Cavidin məzarları üzərində möhtəşəm məqbərələri ucaltmışdı. 
1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin qəbri tapılmamışdır. Onun göstərişi ilə məzar tapılmış və Heydər Əliyev yaxşı vəziyyətdə olmayan bu dağılmış məzarı ziyarət edərək Vaqifə ehtiramını bildirmişdi. Sonradan nitqlərinin birində gördüyü "bu məzarın Vaqifə layiq olmadığını" diqqətə çatdırmışdır. Azərbaycanın rəhbəri olduğu illərdə isə Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üzərində 1977-1981-ci illərdə abidə və türbə inşa olunmuş, 1982-ci ilin yanvar ayında Ulu Öndərin özünün də iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı olmuşdur. 1992-ci ilin mayın 8-də Şuşanın işğalı zamanı bu məqbərə erməni vandalları tərəfindən dağıdılmış, 2020-ci ilin 8 noyabrında şanlı ordumuzun gücü ilə Şuşa azad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi, Heydər Əliyev Fondunun yaxından iştirakı ilə məqbərə və Vaqifin bu məkandakı büstü əvvəlki görkəmində tam bərpa edilmişdir. 
Xatırladaq ki, 1982-ci ildə Vaqifin məqbərəsinin açılışı ilə yanaşı, burada Ulu Öndər Heydər Əliyevin iştirakı ilə "Vaqif Poeziya Günləri" də keçirilmişdir. O vaxtdan belə bir mədəniyyət tədbiri xoş bir ənənəyə çevrilmişdir. Təxminən 30 illik fasilədən sonra 2021-ci ilin mayında Şuşada "Vaqif Poeziya Günləri" ənənəsi də bərpa olundu.
Vaqifin Şuşadakı məqbərəsi şairin timsalında Azərbaycan sözünə ucaldılmış abidədir. Onun ədəbi irsinə göstərilən ehtiram Azərbaycan milli ruhuna sevgidən gəlir. Onun şeirləri xalqımızın milli ruhunun tərcümanı, ana dilimizin saflığının, şirinliyinin, diriliyinin təcəssümüdür. 

 

İnsan gözəlliyinin tərənnümü

 

Ölümündən sonra Vaqifin şeirlərinin əlyazmaları da əfsus ki, məhv edilmişdir. Şairin "Divan"ı bu səbəbdən dövrümüzə qədər gəlib çatmamışdır. Buna baxmayaraq, aşıq poeziyasının milli yaddaşı hesabına onun bir sıra əsərləri qorunub saxlanılmışdır. Vaqifin şeirləri ilk dəfə 1856-cı ildə Teymurxanşurada (Dağıstanın indiki Buynaksk şəhəri) tarixçi-yazar Mirzə Yusif Qarabaği tərəfindən kitab halında çap olunub. Görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadə isə şair haqqında materialları toplayaraq məşhur şərqşünas alim Adolf Berjeyə verib. O isə həmin materialları 1867-ci ildə Leypsiq şəhərində nəşr etdirib. 
Vaqifin bütün yaradıcılıq nümunələri tam şəkildə bizə gəlib çatmasa da, əlimizdə olan şeirləri onun poetik irsinin, əsasən, qoşma, təcnis, qəzəl, müxəmməs, müstəzad və müəşşər janrları üzərində formalaşdığını göstərir. Bu mənada Vaqif poeziyası bir tərəfdən Azərbaycan folklorundan, digər tərəfdən klassik şeirimizdən qidalanır. Bununla belə, şairin klassik üslubda qələmə aldığı şeirlərin məzmunu, ifadə tərzi, ideya-bədii keyfiyyəti  sələflərindən tamamilə fərqlidir. Tədqiqatçıların fikrincə, Vaqifin lirikası daha milli, daha xəlqi, realist, sadə və bir o qədər də nikbin ruhdadır. Bütün bunlar şairin yaradıcılığının əsas xarakterik xüsusiyyətləridir və bu onu Vaqifə qədərki klassik şairlərimizin çoxundan fərqləndirir. Hətta klassik poeziyanın bir çox ənənəvi janrlarının belə Vaqif poeziyasında xeyli dəyişdiyini, yeniləndiyini, sadələşdiyini, mahiyyətcə fərqli məzmun qazandığını göstərir. "Badi-səba, bir xəbər ver könlümə", "Namə gedər olsan yarın kuyinə", "Bayram oldu", "Gözlərin cəlladdır, baxışın yağı", "Durnalar", "Heyran olmuşam","Sevdiyim, ləblərin yaquta bənzər", "Pəri", "Görmədim", "Bax" və digər şeirləri Vaqif poeziyasının təkrarsız incilərindəndir. 
Bir çox sələfləri kimi Vaqifin yaradıcılığında da məhəbbət mövzusu aparıcıdır. Gözəllərin vəsfi Vaqif lirikasının əsas motividir. Onların bədii portretini məharətlə yaratmış şair maraqlı etnoqrafik detallar, milli koloriti qabarıq şəkildə əks etdirən məqamlarla misralarını təkrarsız edib. 
Tədqiqatçıların yazdıqlarına görə, insan gözəlliyinin və mərhəmətinin tərənnümü Vaqif üçün aktual idi. Əgər bir çox klassik şairlərimizdə bu mövzunun işlənməsi zamanı Şərq dünyasına xas ruhani ehkamlar əsas istinad mənbəyidirsə, Vaqif bütün bunları kənara qoyur. Poeziya üçün tamam yeni bir tip yaradır. Azərbaycan xalqının adət və ənənələrini, yerli xüsusiyyətlərini son dərəcə parlaq şəkildə şeirlərinə gətirir. Onun şeirlərində təsvir olunan insan fiziki və mənəvi cəhətdən kamil, harmonik inkişafda olan şəxsdir. Vaqif insanla bağlı arzusunu misralarında belə tərzdə ifadə edir və şeirləri ilə həyatsevərlik aşılayır. Bu mənada, şairin əksər şeirlərində böyük bir ruh yüksəkliyi var, həyata bağlılıq hiss olunur. Bir çox şeirlərində isə ictimai ədalətsizliyə və insanlar arasındakı bərabərsizliyə dərin nifrət hissi öz ifadəsini tapır. O, xalqdan qüvvət alaraq insanların güzəranını, ictimai motivləri, həyat və zəmanədən şikayətləri öz şeirlərinə gətirir. 

 

Mənəvi körpü

 

Ümumən Azərbaycan ədəbiyyatında realizmin Molla Pənah Vaqifdən başlandığını qeyd edən tədqiqatçılarımız bu mövqelərində tam haqlıdırlar. Vaqifin şeirlərində Azərbaycan realizminin ilkin pöhrələri görünür. Şair ölkə həyatının real peyzajını yaradır. Klassik ədəbiyyata qarşı inkarçı mövqe tutmayaraq xalq-aşıq şeiri üslubunu real həyatın ifadəsinə doğru istiqamətləndirir. Tamam yeni tipli şeir formalaşdırır və ədəbiyyat tariximizdə böyük bir mərhələnin qapılarını açır. 
Vaqif yaradıcılığı ilə daha bir keçid prosesi də Azərbaycan ədəbi dilinin inkişafı tarixinin iki dövrü arasında baş verir. Belə ki, Azərbaycan ədəbi-bədii dilinin tarixində Məhəmməd Füzulidən sonra bütöv bir dövr yaradan məhz M.P.Vaqifdir. Görkəmli ədəbiyyatşünas alim Firudin bəy Köçərli bu xüsusda yazırdı ki, "milli şairlərimizdən onun kimi sadə və açıq lisanda və ana dilimizin şivəsində şeir və qəzəl yazan az olubdur. Müasirləri ona nəzirə yazmağa səy və təlaş ediblərsə də, onun kimi mühəssənatlı, gözəl və açıq kəlam söyləməkdə aciz qalıblar". Vaqifin dil və üslubunu  özünəməxsus edən onun klassik üslubu, şifahi xalq yaradıcılığı və canlı dili bir araya gətirməsidir. 
Vaqifin bir mühüm xidməti də folklor üslubunu klassik üslub materialı ilə zənginləşdirməsindədir. Çünki bu cəhət olmasaydı, folklor üslubu sonrakı dövrlər üçün normativə çevrilə və milli ədəbi dilin miqyasına yiyələnə bilməzdi. Bu mənada Vaqif dilinin tarixi keyfiyyətləri daha çox onun folklor janrlarında qələmə aldığı əsərlərində, o cümlədən qoşmalarında nəzərə çarpır. Bunu nəzərə alaraq F.Köçərli vaxtilə yazırdı: "Molla Pənahın gözəllik babında və dilbər vəsfində yazdığı qafiyələr bir o qədər lətif, açıq və aydın sözlər ilə nəzmə çəkilmiş kəlamlardır ki, nə qədər cövhərsiz və mərifətsiz adam onları eşitsə, mütəəssir və məsrur olar". 

 

Vaqifin şirin dili

 

Tədqiqatçılar yazırlar ki, Vaqif Azərbaycan ədəbi dilinin milli əsaslar üzərində təşkilində hərtərəfli iş görmüşdür. Məhz onun xidmətləri sayəsində folklor üslubunun klassik üslub üzərində üstünlüyü təmin edilmiş, ümumxalq dilinin mövqeyi yüksəlmişdir. Şairin milli ədəbiyyat qarşısındakı xidmətləri qədər milli ədəbi-bədii dil qarşısında da misilsiz xidmətləri var.
Vaqifin yaşayıb-yaratdığı dövrdə onunla yanaşı, bir çox sənətkarlar da ədəbi dilin milli əsaslar üzərində yenidən təşkili sahəsində bu və ya digər səviyyədə çalışmışlar. M.H.Müştaqın, şəkili Nəbinin, şirvanlı Salehin yaradıcılığı buna nümunədir. Həmin söz ustalarının dili də Vaqifin dil-üslub xüsusiyyətləri ilə oxşar əlamətlərə malikdir. Bu da onu göstərir ki, Vaqifin öz yaradıcılığı ilə apardığı dil islahatları təkcə özünün poeziyası çərçivəsində qapanıb qalmır. Ədəbiyyat və dil tariximizdə bütöv bir mərhələyə çevrilir. Bu mənada, Vaqif bizim üçün tarixin bütün dövrlərindən görünən, həm keçmişimizə, həm bu günümüzə, həm də gələcəyimizə aydın istiqamət verən möhtəşəm istinad mənbəyidir. Vaqifin yaradıcı irsi xalq olaraq bizim uğur hekayəmizdir. 
Böyük şairin irsi azərbaycançılıq məfkurəsi işığında bu gün də daha dərindən araşdırılıb öyrənilir.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video