29 Aprel 2022 01:02
1862
Mədəniyyət
A- A+
Vahid Əzizin Vətən nəğmələri

Vahid Əzizin Vətən nəğmələri

 

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətənimizin ərazi bütövlüyü  uğrunda aparılımış mübarizə  siyasi olduğu qədər də ədəbi hadisədir ki, bunu XX əsrin sonu-XXI əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı öz tarixinə bütün ağrı-acı, həsrət-nisgil, ümid-intizar və  nəhayət, möhtəşəm zəfər  yaşantıları miqyasında az qala hər günün  xronoloji ardıcıllığı ilə həkk etmişdir. Elə qələm  adamları da olmuşdur ki, ədəbiyyatımızın xalq (və tarix!) qarşısındakı həmin məsuliyyətini üzərlərinə almağı yaradıcılıq tərcümeyi-halları üçün missiya saymışlar.

Xalq şairi Vahid Əziz  gözoxşayan "Param-parça illər..." (Azərnəşr, 2021) kitabına toplanmış son dərəcə təsirli şeirlərilə göstərdi ki, mənsub  olduğu millətin belə vətənpərvər söz ustalarından biridir. Azərbaycanın üzərini qara buludların almağa  başladığı ilk illərdən - keçən əsrin  80-ci illərinin sonlarından zəfərin qürurunu doya-doya yaşadığımız günlərə qədər xalqımızın keçirdiyi hisslərin müfəssəl poetik salnaməsi olan kitab zəfər nəğmələrilə başlayır:

"Zəfər millətimin altun tacıymış", "Qələbə!", "Bir bayatı çağırdılar",  "Payız bilə- bilə özü yubanır", "Sən mənim əbədi Qarabağımsan", "Tarix dərsi"...   Hər nə qədər geniş poetexnoloji özünüifadə  (və yaradıcılıq) imkanları olsa da, Vahid Əziz "Param-parça illər"də  xalq şeirinin ən doğma janrlarına - bayatı, gəraylı və qoşmalara daha çox müraciət edir ki, təsadüfi deyil. Çünki xalqın özü kimi, onun şair övladı da Vətənin damarlarında axan qanın ritmini öz vətənpərvər sələfləri Səməd Vurğun,  Bəxtiyar Vahabzadə, Nəriman Həsənzadə, Zəlimxan Yaqub kimi məhz həmin janrlarda tutur:

Düşmən öz zatına söyüb qaçacaq,

başına, dizinə döyüb qaçacaq,

sürünə-sürünə vaylar salacaq,

hələ çox salacaq, bu vay nədir ki?!

 

Payız  təzə girib, yay bizimkidi,

yaslar düşmənlikdir, toy bizimkidi,

hesabın itirib, say bizimkidi,

ləyin saydığı o say nədir ki?!

 

Yaşadıq yüzlərlə ağır ayları,

düşmən əsir etdi coşan çayları,

Qarabağ tanıyır bizim soyları,

Soyumuz yanında o soy nədir ki?!

Kitabda İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın sarsılmaz dostluğu, Vətən müharibəsi günlərindəki Azərbaycan-Türkiyə həmrəyliyi, bu dostluğun, həmrəyliyin simvoluna çevrilən Şuşa yalnız böyük məhəbbətlə tərənnüm olunmur, eyni zamanda haqlı olaraq zəfərin silinməz atributları kimi təqdim edilir.

"Düşmənin", "Gedir", "Qanımda", "Sabah", "Getdi", "Yalnız irəliyə, yalnız irəli", "Biriydik", "Ordu", "Qarabağda", "Tanrı qoru Azərbaycan ordusunu",  "Vətən sağ olsun" və s. onlarca  qoşma  təkcə mənfur düşmən üzərindəki tarixi qələbəni tərənnüm etmir, eyni zamanda bu qələbənin xalqımız (və müstəqil dövlətçiliyimiz!) üçün hansı itkilər, sınaqlar, gərginliklər hesabına başa gəldiyini də böyük bir şair həssaslığı ilə bəyan edir.

Gah düşmənin nankorluğuna hirslənir:

Yer qopub oynayır yenə yerindən,

Məkriniz söndürdü min-min ocağı.

Ay İblis övladı, it itdiyiynən

Çörək verən əli gəmirmir axı!..

Gah işğalçı xülyasının, iştahının öz başında çatlayacağını deyir:

Heç çıxmaz yadımdan, qudurğan alçaq

Deyirdi Bakıya gəlib çıxacaq...

Ulu Qarabağda yaxdığı ocaq

Özünü yandırdı, kül oldu getdi...

Gah da qisasın qiyamətə qalmadığına  görə bütöv bir nəslin adından qürur duyur, fəxr edir:

Azad olan Qarabağım daha şaqraq güləcək,

Alçalmadıq! - yeni nəsil bizi Kişi biləcək.

İlk misramdan bir pərvanə "Vahid Əziz" deyəcək,

"özgəsinə bənzəməyən yazısından tanıdım"...

Əlbəttə, Vətənin zəfərinə ən çox sevinən sərkərdələrdir. Sonra isə həmin zəfəri tərənnüm edən şairlər gəlirlər. Və heç şübhəsiz, bu tərənnüm zəfərin özü qədər ürəkdən, candan (və möhtəşəm!)  olmasa, o, milli yaddaşa çevrilə, millətin tarixində əbədi yaşaya, gələcək nəsillər də onunla qürur duya, fəxr edə bilməz. Və öz tarixi zəfərlərindən zövq almağı unudan millət  zaman-zaman özünü unudar.

Vahid Əziz Vətən müharibəsinin ən məsuliyyətli günlərində üzünü Vətən oğullarına tutub deyirdi:

 

Azadlığın yolu çətin -

Duman-çəndədi, çəndədi.

Vətən oğlu, millətinin

Gözü səndədi, səndədi.

 

Savaş-sınaqlar çağıdı,

Qalib gələn - qoçağıdı!

Vətən - Ata ocağıdı,

Közü səndədi, səndədi.

 

...Hər yana mərmi ələnər -

Yağıya nə kənd, nə şəhər?!

Tanrı, qoru, bizim əsgər

Gözəl bəndədi, bəndədi...

 

"Koroğlu"  eposunun intonasiyasında  deyilmiş (yazılmış yox, məhz deyilmiş!) bu gəraylı Vahid Əzizin həmin günlərə məxsus həmin janrdakı çoxlu şeirlərindən - "Vətən", "Qarabağda", "Qarabağ", "İrəvana qədər", "Yaşatdılar" və s.-dən biridir ki,  onun yüyrək misraları, coşqun intonasiyası  dövrün döyüş əhvali-ruhiyyəsini birbaşa əks etdirir. Və "Param-parça illər"i vərəqlədikcə görmək çətin deyil ki, şairin çox tez-tez müraciət etdiyi  "poetik ünvan" Qarabağdır... İsmin bütün hallarında... Daha çox, təbii ki, yerlik  halda:

Yağıya sınmadı bu doğma yerlər,

Səbir sınağıymış ötən fəsillər.

Şikəstə söyləyər, bayatı deyər

Telə qovuşanda tel Qarabağda.

"Qarabağ bayatıları"nda önə hər nə qədər çıxışlıq hal çıxsa da, mətləb yenə yerlik haldadır:

 

Bağımda üzüm ola,

Deməyə sözüm ola,

İrəvan bizim ola -

Gül gedə Qarabağdan.

 

Gül dodağı qənd ola,

Yanağıma bənd ola,

Üfüq aynabənd ola -

Tül gedə Qarabağdan.

 

Gülüm, özgəyə uyma,

Sevməkdən məni doyma,

İlahim, bir də qoyma -

El gedə Qarabağdan...

 

Və Qarabağın çıxışlıq halına qazandırılmış bu bədii keyfiyyəti də şairin poetik kəşfi saymaq üçün, görünür, hər cür əsas vardır:

Cahanda qüdrətli nə var ki, sözdən?

 

Bunlar bir xatirə Vahid Əzizdən:

Keçə Zəngəzurdan, Dərələyəzdən

Gözəl Naxçıvana yol Qarabağdan...

 

Harda Vətən uğrunda döyüşlər gedirsə, orda şəhidlər var. Və "Param-parça illər"in bir çox şeiri Vətən müharibəsi şəhidlərinin heç  zaman unudulmayacaq obrazlarını bütün ruhsal təfərrüatı ilə yaratdığına görə də dəyərlidir. Və "Şəhidlik zirvəsi", "Naməlum şəhid məzarı", "Şəhid məzarına məktub", "Şəhid xəbərini gətirən qazi", "Şəhid məzarına gül gətirən qız" və s. şeirlər buna misal ola bilər.

"Heyrət səcdəsi" poemasına gəldikdə isə müəllif bu əsərlə Vətən müharibəsi silsiləsinə hələ ki, yekun vurur...

 

Öz yerini tapdı Haqq -

duyduq su, hava kimi,

Sərkərdəsiz olan xalq

dolanar tayfa kimi

 

misraları bir də ona görə inandırıcıdır ki, Vətən müharibəmiz  sərkərdəli olan xalqın nəyə qadir olduğunu bütün dünyanın gözləri qarşısında nümayiş etdirdi:

 

Ali Baş Komandan dəmir yumruğun

düşmənin başına vuran kişidi,

millət, Prezidentin - böyük dayağın

sözünün üstündə duran kişidi!

 

Şair "Param-parça illər"in sonuna "Utanırdım deyəndə Qarabağdan gəlirəm" adlı ayrıca bir bölmə əlavə etmişdir. Və bu bölmə olmasaydı, Vahid Əzizin Vətən nəğmələri yarımçıq görünərdi...  "Çağırış", "Laçın koridoru, Sumqayıt yolu", "Doğma  o körpəni", "Qələm yoldaşlarıma", "Hərbçi paltarı geyindi qızlar", "Xocalı vağzalısı", "Partizan  canavarlar", "Bilin Ərmən dağlarıdı o dağlar" və s. şeirlər elə bilirik ki, yarandığı illərin ictimai ovqatını ifadə edən  təsirli şeirlərdir.

Kitabın son şeirinin son misraları atalar sözü kimi səslənir:

 

Çox oldu ömrümdə ağrılı illər,

şanlı tarixini yazdı nəsillər,

qələbə əzmiylə yumruğa dönər,

gərək inanasan Azərbaycana!..

 

Hər cəhətdən görünür ki, şair bu qənaətə həm param-parça illəri, həm də Vətən müharibəsinin sonsuz  vəchlə izlədiyimiz hər bir qələbə gününü sözün böyük mənasında  yaşaya-yaşaya gəlir. Və onun  şeirləri istər  zilində, istərsə də bəmində vətəndaşın ruhunu oxşayan həqiqi Vətən nəğmələridir.

 

Nizami CƏFƏROV,

Milli Məclisin deputatı, akademik

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bəzi ərazilərdə leysan xarakterli yağış yağacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ  

17:40
28 Noyabr

Xəzər dənizində zəlzələ qeydə alınıb

17:39
28 Noyabr

“Barselona”nın hücumçusu Lamin Yamal Avropanın ən yaxşı gənc futbolçusu seçilib  

17:36
28 Noyabr

Prezident İlham Əliyev Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib 

15:46
28 Noyabr

Ağdam Sənaye Parkında ilk məhsul ixracına başlanılıb  

15:39
28 Noyabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında könüllülərlə görüş olub

15:36
28 Noyabr

“Xarabalıqdan çıxmış milyonçu” filminin davam çəkilir  

15:11
28 Noyabr

Qərbi Azərbaycan İcması Yunanıstanın Ermənistanı silahlandırması ilə bağlı xəbərlərə münasibət bildirib  

15:10
28 Noyabr

Nazir müavini: Ölkədə əməkhaqqı fondu üç dəfəyədək artıb

15:09
28 Noyabr

Polşa NATO-nu Ukraynaya qoşun göndərməməyə çağırıb  

13:30
28 Noyabr

Qayıdış hüququ mövzusunda keçiriləcək ikinci beynəlxalq konfransla bağlı mətbuat konfransı təşkil olunub

13:16
28 Noyabr

Fransada həmkarlar ittifaqları yenidən tətil elan ediblər

12:58
28 Noyabr

Ağdam Sənaye Parkında ilk məhsul ixracına başlanılıb  

12:46
28 Noyabr

İcma: Polşanı Cənubi Qafqazda vəziyyəti gərginləşdirən addımlar atmamağa çağırırıq  

12:41
28 Noyabr

DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb  

12:36
28 Noyabr

Moskvada MDB Hökumət Başçıları Şurasının iclası olacaq  

12:31
28 Noyabr

İş və istirahət günlərinin yerləri dəyişdirilib  

12:26
28 Noyabr

“Qərbi Azərbaycan tarixi Azərbaycan torpağıdır” elektron məlumat bazası hazırlanıb  

12:20
28 Noyabr

Bəzi dağlıq ərazilərdə qar yağacaq  

12:16
28 Noyabr

ABŞ-ın Britaniyadakı hərbi bazaları üzərində naməlum PUA-lar görünüb  

12:11
28 Noyabr

Polşanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırılıb  

12:05
28 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!