20 Sentyabr 2022 00:36
512
Mədəniyyət
A- A+

Unikal məkan

 

Şuşa şəhəri müalicə və unikal memarlıq üslubu baxımından fasiləsiz turizm potensialına malikdir. Buranı haqlı olaraq Qarabağın ən dilbər guşəsi sayırlar. Onun hər parçası, hər daşı bir tarixdir. Şəhərin gözəlliyi və özünəməxsusluğu hər kəsi heyran edir. Qarabağ xanlığının paytaxtı olmuş Şuşa Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Bu torpağın yetişdirdiyi məşhur insanlar tarixi şəhərə böyük şöhrət qazandırıblar. 
Şuşanı Azərbaycan musiqisinin məbədi və beşiyi, Qafqazın konservatoriyası da adlandırırlar. Xalq şairi Səməd Vurğun deyirdi ki, Azərbaycanın bütün məşhur müğənni və musiqiçiləri şuşalıdır. Təbiətin öz möcüzələrini əsirgəmədiyi Şuşanın yetişdirdiyi şairlər, rəssamlar, memarlar, musiqiçilər ölkənin tarixi-mədəni irsinə öz töhfələrini vermişlər. Bu səbəbdən də Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edilmişdir. Şuşa Qarabağ xalçaçılıq sənətinin mərkəzlərindən biri kimi inkişaf imkanlarına da malikdir.

 

Erməni vandallığının sübutu

 

Təəssüflər olsun ki, erməni işğalı altında qalan digər şəhərlərimiz kimi, Şuşa, onun təbiəti də 30 ilə yaxın işğal dönəmində erməni vandalizminin dağıdıcı təsirinə məruz qalıb. Vətən müharibəsi dönəmində Şuşa meşələrinin ermənilər tərəfindən məqsədli şəkildə yandırılması, təbiətin məhv edilməsində qadağan edilmiş ağ fosfor bombalarından istifadə edilməsi vandalların ekoloji terroruna sübutdur. Bu baxımdan Şuşanın tarixi, mədəniyyəti, infrastrukturu ilə yanaşı, onun təbiətinin də 30 illik işğal dönəmindən böyük ağrılarla çıxdığı birmənalıdır.
Ermənilərin 30 ilə yaxın işğalı nəticəsində bu ərazilərdə bütün sərvətlərimiz istismar olunub, talanıb. Düşmən hər şeyi özününküləşdirərək iyrənc əməllərindən geri qalmamışdır. Burada olan mədəniyyət ocaqları, muzeylər, tarixi abidələr də məhv edilmişdir. İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Qarabağın müxtəlif bölgələrində qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır. Bununla yanaşı, qədim memarlıq abidəsi sayılan məscidlərimiz və onların minarələri vəhşicəsinə uçurulmuş, ziyarətgahlar darmadağın edilmişdir. Qədim Şuşa şəhərində Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, Şuşa mağara düşərgəsi, Şuşa qalası kimi tarixi abidələr və muzeylər dağıdılıb. Hazırda dövlətimiz barbarlığa məruz qalan dini, tarixi, mədəni abidələrimizin bərpası ilə məşğuldur. Qarabağın mədəniyyət beşiyi hesab edilən Şuşada başlanılan mədəni quruculuq işləri digər bölgələrimizdə də davam etdirilir.  

 

Şəfalı bulaqları, müalicəvi suları insanları heyran edir

 

Şuşa Azərbaycanın turizm mərkəzi olmaq imkanına da malikdir. Hələ işğaldan əvvəl buranın əsas gəlir mənbəyi turizmdən idi. Bu da bədxah erməniləri həmişə qıcıqlandırırdı. Çünki Şuşa öz unikallığı, qədimliyi və təmiz havası ilə bütün SSRİ-nin əsas turizm mərkəzlərindən biri hesab olunurdu. Hələ sovet dövründə də ümumittifaq əhəmiyyətli marşrutlar içərisində Qarabağ marşrutu çox tanınan idi. Şuşa tarixi, sağlamlıq və mədəni turizm mərkəzi kimi ad çıxarmışdı. 
Kurort şəhəri olan Şuşa gözəlliyi ilə təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da insanların diqqətini çəkib. Şuşa dağlarında elə bir çiçək bitir ki, ona dünyanın heç bir yerində təsadüf olunmur. Təbiətin məhz Şuşa torpağında yaratdığı bu möcüzəli çiçək xarıbülbül adlanır. Turşsu, Səkili, İsa, Şəmilin bulaqları, Cıdır düzü yerli əhalinin və qonaqların sevimli istirahət yerləri olub. İsa bulağı çoxlu tarixi hadisəyə şahidlik edib, yüz minlərlə qonaq qarşılayıb, yola salıb. 
Şuşanın quru və saf havası ağciyər, astma, nəfəs borusu xəstəliklərindən əziyyət çəkənlər üçün əvəzsizdir. Tarixi mənbələrə görə, Şuşa şəhərində turizm fəaliyyətinin rəsmi təşəkkülü 1935-1936-cı illərə təsadüf edir. Şuşada ilk istirahət evi 1936-cı ildə istifadəyə verilib. Bu şəhərdə pansionat 1964-cü ildə yaradılıb, 1970-ci ildən sanatoriyaya çevrilib. Təbii ki, bura həm də müalicə məqsədilə gəlirdilər. Sanatoriya mədə-bağırsaq xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşmışdı. Şuşa Turşsu turist bazası isə 1970-ci ildən fəaliyyətə başlayıb və tez bir zamanda keçmiş SSRİ-də məşhurlaşıb. Turşsu yaylaqları, Səkili bulağı, İsa bulağı, Şəmilin bulağı, Cıdır düzü və digər məkanlar turizm üçün geniş perspektivlər vəd edir. Turşsu şəfalı və müalicəvi suyu isə sağlamlıq turizminin inkişafına imkan yaradır. Şəhərin mərkəzinə yaxın Turşsu müalicəvi suyu Şuşaya gələnlərin sevimli yeri idi. Təbii dərman, əvəzsiz mineral su olan şəfalı Turşsu eyni zamanda bir çox başqa xəstəlikləri də müalicə edir. 

 

Mədəni ruhu özünə qayıdan Şuşa

 

Azərbaycan bu gün imkanlarını səfərbər edərək erməni işğalından azad olunan torpaqlarda geniş quruculuq işləri aparır. Hazırda dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə nəhəng layihələr həyata keçirilir. Dövlət başçısının diqqət və qayğısı sayəsində Şuşada mərkəzi küçələrin təmiri, tarixi abidələrin, memarlıq nümunələrinin, sosial obyektlərin bərpası prosesi uğurla davam etdirilir. Görülən işlərin miqyası onu söyləməyə əsas verir ki, Şuşa qısa zamanda daha gözəl və möhtəşəm bir şəhərə çevriləcək.
Artıq Vaqifin məqbərəsi, büstü açılıb. Üzeyir bəy Hacıbəylinin abidəsi yerinə qoyulub, onun dağıdılmış evinin bərpasına başlanılıb, Bülbülün ev-muzeyinin açılışı olub, Natəvan bulağı bərpa edilib. Prezident İlham Əliyevin göstərişi ilə ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin - Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün büstləri mərkəzi meydanda qoyulub. Vaqif Poeziya Günləri və "Xarıbülbül" festivalı da bərpa olunub. Bütün bu işlərin həyata keçirilməsində Heydər Əliyev Fondunun böyük xidmətləri var. 
Qısa müddət ərzində Şuşada "Qarabağ" və "Xarıbülbül" hotelləri istifadəyə verildi. Qarabağda 3 hava limanının tikilməsi də təsadüfi deyildir. Füzuli Beynəlxalq Hava Limanı artıq fəaliyyətə başlamışdır, Zəngilan və Laçın hava limanlarının da yaxın vaxtlarda fəaliyyətə başlaması gözlənilir. Bu isə Qarabağın incisi hesab olunan və Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə gəlmək istəyən, Kəlbəcərin füsunkar təbiəti, ekoturizm imkanları, İstisu kurortuna üz tutan istər yerli, istərsə də xarici turistlərin bu hava limanlarından istifadə etməklə səyahətlərini daha rahat və asan gerçəkləşdirmələrinə imkan yaradacaqdır.

Elşən YƏHYAYEV,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video