27 Aprel 2024 09:00
267
CƏMİYYƏT
A- A+

Böyük ehtiramın ifadəsi

 

Bu günlərdə Prezident İlham Əliyev "Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb. 
Müstəqil Azərbaycan hazırda özünün yeni inkişaf dövrünü yaşayır. Zəfər qazanmış ölkəmizin bütün bölgələrində inkişaf göz oxşayır. Qarabağda və Şərqi Zəngəzurda aparılan möhtəşəm yenidənqurma işləri ölkəmizin iqtisadi qüdrətinin nümunəsidir. 
İşğaldan azad olunan digər ərazilərimiz kimi, Şuşa da özünün tarixi bir dövrünü yaşayır. Dünyanın ən gözəl məkanlarından birinə çevrilən gözəl məkanımızda irimiqyaslı layihələr icra olunur. 
Prezidentin sərəncamına əsasən, Nazirlər Kabinetinə Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı fəaliyyət planı hazırlayıb həyata keçirmək və bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Xatırladaq ki, Şuşa şəhəri 2023-cü il üçün türk dünyasının mədəniyyət paytaxtı seçilmişdi. Əsrarəngiz, füsunkar təbiəti, nadir tarixi-memarlıq abidələri, zəngin irsi bu şəhərin türk dünyasının mədəniyyət paytaxtı elan olunmasında əsas meyar kimi nəzərə alınmışdır. Bu barədə qərar Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında qəbul olunmuşdu. Ötən il ərzində Şuşada türk dünyasının mədəni tədbirləri keçirildi və bu qəbildən olan tədbirlər hələ də davam etməkdədir. Şuşanın mədəni həyatının canlanmasına dəstək məqsədilə musiqi festivalları, poeziya günləri, çoxsaylı yerli və beynəlxalq mədəni tədbirlər keçirilib. 
Şuşa şəhəri nəinki Azərbaycanın, türk dünyasının, eləcə də bütün dünyanın mədəniyyət paytaxtı elan olunmağa layiq şəhərdir. Zəngin və şanlı tarixi keçmişə malik olan Şuşa ətrafındakı yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir.
Türk dünyasının mədəniyyət paytaxtından estafet islam dünyasına ötürüldü. 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün islam dünyasının mədəniyyət paytaxtı elan edildi. Bu qərar islam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və islam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində müstəsna əhəmiyyət kəsb edir. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan tarixi keçmişi, dini, mədəni və mənəvi dəyərləri ilə dünyaya öz töhfəsini verir. Bununla belə, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş torpaqlarımızda islam dininə aid tarixi və mədəni irs, ibadət ocaqları dağıdılıb və təhqir olunub. Şuşaya gələn hər bir insan bu vəziyyəti görür.  Məmnunluq doğuran isə odur ki, qısa bir zamanda Şuşa türk, islam dünyasının mədəniyyət paytaxtına çevrilib. Şuşa şəhəri xalqımız üçün son dərəcə əziz, müqəddəs bir məkandır və bu şəhərə olan sevgi, bağlılıq hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Nə xoş ki, bu gün Azərbaycanın, türk və islam dünyasının mədəniyyət beşiyi olan qədim Şuşa yeni bir dövrünü yaşayır.
Hələ XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün xalçası, ipəyi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxmış və bununla da böyük şöhrət qazanmışdı. Bu qala şəhərinin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" adlandırmışlar. İşğaldan azad olunmuş Şuşada qısa zamanda həyata keçirilən yenidənqurma işləri nəticəsində şəhər dünyanın ən gözəl məkanları siyahısında öz layiqli yerini tutacağına şübhə yoxdur. Heydər Əliyev Fondu tərəfindən bu şəhərdə geniş bərpa işləri həyata keçirilir. Bunların sırasına Mehmandarovların malikanə kompleksinin təmir və bərpası, dahi Azərbaycan şairi və ictimai xadim Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Vaqifin büstünün yenidən qurulması, görkəmli bəstəkar Üzeyir bəy Hacıbəylinin heykəlinin Şuşada yenidən ucaldılması, Yuxarı Gövhər ağa məscidinin yenidənqurma və bərpa işləri, Saatlı məscidinin və Milli Xalça Muzeyinin Şuşa filialının açılışları və s. daxildir. Şuşa yaşayır və yeni dövrü onun işıqlı gələcəyinin lap yaxında olduğundan xəbər verir.
Şuşa azadlığının ilk dövrünə mədəniyyət paytaxtı kimi qədəm qoydu və bu yol onun beynəlxalq aləmdə tanınması üçün geniş imkanlar açdı. Xurşidbanu Natəvanın, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ermənilər tərəfindən güllələnmiş büstlərinin Şuşada yenidən əvvəlki yerlərinə qoyulması, mədəniyyət şəhərində vaxtilə keçirilən "Xarıbülbül" festivalının bərpa olunması bu məkanın sədasını dünya ölkələrinə yaydı. Dünyanın gözü şəhərin gözəlliyinə yönəldi. 
"Şuşa ili"ndə Diaspor Gənclərinin III Yay Düşərgəsinin iştirakçıları Şuşada olaraq tarixi zəfərimizin təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla bağlarını daha da möhkəmləndirmək, ölkəmizi uğurla təmsil etmək, yeni dostlar qazanmaq imkanı əldə etdilər. Şuşada Azərbaycan və Özbəkistan şairlərinin iştirakı ilə "Məclisi Fəramuşan" şairlər məclisi keçirildi. Hər iki ölkənin mədəniyyət, ədəbiyyat nümayəndələrinin tarixi Şuşa şəhərində bir araya gəlməsi, dünyaya böyük mədəniyyətimiz, sənətimiz, qardaşlığımız və birliyimizi göstərmək və ədəbiyyat sahəsində gözəl əməkdaşlıq platformasını ortaya qoymaq təqdirəlayiq hal kimi dəyərləndirildi. Şuşa şəhərinə qonaq gələnlər Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin Məqbərəsi, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Qazançı kilsəsi, Şuşa qalası və Cıdır düzü, erməni separatçıları tərəfindən dağıdılmış Qarabağ xristian kilsələri ilə tanış olaraq yararsız hala salınan məkanlar haqqında təsəvvürlərini daha da genişləndirmiş oldular. 

Rəhman SALMANLI, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video