08 May 2024 03:42
350
İDMAN
A- A+

İdman ölkəsinin növbəti uğuru

 

Bakının dünyanın "İdman paytaxtı" seçilməsi Azərbaycanda bu sahədə görülən işlərə verilən yüksək qiymətdir

 

İdman paytaxtına çevrilən Bakıda ən nüfuzlu beynəlxalq yarışların təşkili Azərbaycana böyük imic qazandırıb. 
"Bakı-2015" ilk Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının, XV Avropa Gənclər Olimpiya Festivalının, "Formula-1" yarışlarının, Futbol üzrə Avropa Çempionatının final mərhələsinin 4 qarşılaşmasının, UEFA Avropa Liqasının finalının və müxtəlif idman növləri üzrə təşkil olunan dünya və qitə birinciliklərinin Azərbaycana həvalə edilməsi son illər ölkəmizdə bu sahədə görülən işlərə verilən ən yüksək qiymətdir. Elə bunların nəticəsidir ki,  Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakı şəhərini 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib. 
Beynəlxalq təşkilatdan ölkəmizə göndərilmiş rəsmi məktubda Bakı şəhərinin bu statusa layiq görüldüyü bildirilib. Azərbaycanda əhalinin sağlamlığının möhkəmləndirilməsi, yüksək standartlara uyğun mövcud idman infrastrukturu və idmanın təbliği üçün görülən nümunəvi fəaliyyət yüksək qiymətləndirilib.
Sevindirici haldır ki, bu gün Azərbaycan idmanı inkişafının ən yüksək dövrünü yaşayır. Hər il müxtəlif nüfuzlu beynəlxalq yarışların Azərbaycanda keçirilməsi və atletlərimizin turnirlərdə qazandığı yüksək nəticələr ölkəmizə dünyada böyük imic qazandırıb. Elə ötən bir ildə keçilən yola nəzər salsaq, böyük nailiyyətlər qazanıldığını görə bilərik.
Ümumiyyətlə, 2023-cü il ərzində Azərbaycan idmançıları Avropa və dünya çempionatlarında, kubok yarışlarında, digər rəsmi beynəlxalq turnirlərdə 1472 medal qazanıblar. İdmançılarımız Avropa Oyunları, MDB Oyunları kimi mötəbər turnirlərdə qüvvələrini sınayıblar. Əsas millilərlə yanaşı, yeniyetmələr, gənclər və veteranlar da beynəlxalq turnirlərdə uğurlu çıxışlarla yadda qalıblar. 
Ötən il Azərbaycan 3 dünya çempionatına evsahibliyi edib. Bakıda taekvondo üzrə 26-cı, atıcılıq üzrə 53-cü və hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı təşkil edilib. Həmçinin idman gimnastikası, bədii gimnastika, Şahmat üzrə Dünya Kuboku, "Formula-1" üzrə Azərbaycan Qran-prisi üçün idmançılar ölkəmizdə səfərdə olublar.
Yola saldığımız ildə ən yaddaqalan idman hadisələrindən biri Polşada keçirilən III Avropa Oyunları idi. Avropa Oyunlarında Azərbaycanı 86 idmançı 13 növdə təmsil edib. Atletlərimiz 11 medal qazanıblar ki, bunlardan 3-ü qızıl, 2-si gümüş və 6-sı bürünc əyarlıdır. 
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi Serbiyanın paytaxtı Belqradda reallaşan dünya çempionatında tarixi uğura imza atıb. Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) dünya çempionu olublar, Murad Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) gümüş medal qazanıblar. Həsrət Cəfərov və Sənan Süleymanov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya əldə ediblər. Yığmamız 120 xal toplayaraq ilk dəfə komanda hesabında dünya çempionu olub. Sərbəst güləşçilərdən Osman Nurməhəmmədov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) dünya ikincisi olublar. Maqomedxan Maqomedov həm də olimpiadaya lisenziya əldə edib.
Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən Bədii Gimnastika üzrə 39-cu Avropa Çempionatının qalibi adını qazanıb. Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda üç lent və iki topla yarışın qalibi olub. Bundan başqa, böyüklərdən ibarət komandamız çoxnövçülükdə üçüncü yeri tutub. Gimnast Zöhrə Ağamirova isə topla yarışda bürünc mükafata yiyələnib.
Eyni zamanda Azərbaycan dünyanın ən böyük idman tədbirlərindən biri olan "Formula-1" üzrə dünya çempionatına ötən mövsüm 7-ci dəfə evsahibliyi etdi.  Azərbaycan Qran-prisi maraqlı və gərgin mübarizə ilə yadda qaldı. 500 milyondan artıq tamaşaçı kütləsinə malik yarışı 60-dan çox ölkədən çoxlu sayda azarkeş paytaxtımızda tribunalardan izlədi. 
Ötən il minifutbol üzrə milli komandamızın dünya çempionatında uğurlu çıxışı, "Qarabağ" klubunun isə avrokuboklarda ardıcıl 10-cu dəfə qrup mərhələsinə vəsiqə qazanması, ardınca Avroliqada 1/8 final mərhələsinə yüksəlməsi yaddaqalan idman hadisələri sırasındadır. 
Bu gün işğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin rəhbərliyi ilə geniş abadlıq-quruculuq işləri gedir. Azad edilmiş ərazilərdə müasir tələblərə cavab verən idman infrastrukturunun qurulması da əsas diqqət mərkəzindədir. Heç şübhə yoxdur ki, tezliklə yeni olimpiya idman komplekslərinin, digər idman müəssisələrinin inşa ediləcəyi əsas məkanlardan biri də işğaldan azad edilən ərazilərimiz olacaq. Dünyanın ən mötəbər idman yarışlarının keçirildiyi məkanlardan biri də məhz Qarabağ və Şərqi Zəngəzur olacaq.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video