09 May 2024 08:00
293
SİYASƏT
A- A+

Ulu Öndərin örnək ömrü

 

Ulu Öndər Heydər Əliyevin anadan olmasından 101 il ötür. Çağdaş, müstəqil və qüdrətli Azərbaycan dövlətinin qurucusu, xalqımızın xilaskarı Heydər Əliyevin ölkəmiz üçün gördüyü işlər tariximizdə silinməz yer tutur. Bugünkü uğurlarımızın təməlində Ulu Öndərin apardığı uzaqgörən siyasət və zəngin dövlətçilik təcrübəsi durur. Heydər Əliyevin ölümsüz ideyalarına əsaslanan, çağdaş dövlətçiliyimiz, daxili və xarici siyasətimiz, o cümlədən güclü iqtisadiyyat və ordu quruculuğumuz qalib Azərbaycanın uğurlarının təməlinin sağlam olmasından irəli gəlir. Bəli, tarix sübut edib ki, "Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir!"
Ulu Öndərin ömrünü həsr və fəda etdiyi Azərbaycanın bu günü - ərazi bütövlüyünü, suverenliyini bərpa etmiş, heç kimdən asılı olmayan dövlət olması onun ruhunu şad, ideyalarının yaşarılığını sübut edən faktorlardır. O, tarixin müxtəlif çətin sınaqlarından uğurla çıxaraq çağdaş uğurlarımızın möhkəm əsaslarını yaratmışdır.  
Heydər Əliyev həm sovet dönəmində, həm də müstəqillik illərində Azərbaycana uğurla rəhbərlik edib. Ulu Öndərin 1969-cu ildə respublikanın rəhbəri seçilməsi Azərbaycanın həyatında yeni və uğurlu mərhələnin başlanğıcı oldu. Respublikanın həyatında ciddi canlanma baş verdi, öz siyasi nüfuzundan istifadə edən Ulu Öndər, bir çox iri - ittifaq əhəmiyyətli müəssisələrin məhz Azərbaycanda inşasına, böyük zavod və fabriklərin tikintisinə nail oldu. Respublikamızın çiçəklənməyə başladığı o dönəm Heydər Əliyevin idarəçilik sistemini təkmilləşdirməsi, ciddi kadr dəyişiklikləri, o cümlədən ölkənin milli kadr potensialının möhkəmləndirilməsi və neqativ hallara qarşı mübarizə ilə müşayiət olundu. 
Müdrik rəhbərin göstərişi əsasında hələ ötən yüzilliyin 70-80-ci illərində yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərildi. Yalnız 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc Moskva, Leninqrad, Kazan, Kiyev, Xarkov, Minsk və digər şəhərlərin aparıcı ali təhsil ocaqlarına göndərildi. Onların əksəriyyəti geri qayıdaraq Azərbaycanda müxtəlif sahələrdə çalışdı, respublikanın inkişafına töhfə verdi. 
Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin açılması onun gələcək milli hərbi kadrların hazırlanmasına verdiyi dəyərin parlaq örnəyidir. Məhz SSRİ dövründə milli kadr hazırlayan hərbi məktəbin Bakıda açılmasını istəməyən qüvvələrin sayı həddən artıq çox idi. Onlar Azərbaycanın belə bir hərbi məktəbə malik olmasını istəmir, hər vəchlə buna mane olmağa çalışırdılar. Lakin Heydər Əliyevin dəmir iradəsi bir daha nümayiş etdirdi ki, o, qarşısına qoyduğu, elan etdiyi və doğru bildiyi heç bir işdən geri çəkilmir. 

 

Azərbaycan naminə yaşanan ömür və qısqanc mənfurlar

 

Azərbaycanı qarış-qarış gəzən Ulu Öndər xalqımızın rifahının yaxşılaşması, işsizliyin aradan qaldırılması, ən önəmlisi isə təhsil və səhiyyə kimi vacib məsələləri daim ön planda saxlayırdı. Heydər Əliyev uzaqgörən siyasəti, iti ağlı, analitik qabiliyyəti ilə respublikanın tərəqqisi yolunda əsl dönüş yaratmışdır. Onun Azərbaycanın rəhbərliyinə gəldiyi illərin -  XX əsrin 70-80-ci illərin sosial-iqtisadi və mədəni yüksəliş dönəmi kimi səciyyələnməsi artıq öz tarixi və akademik qiymətini almışdır. 
Mənfur niyyətli qonşularımız isə yaxşı anlayırdı ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etməsi respublikanın təhlükəsizliyinin, ərazi bütövlüyünün qarantıdır.  70-80-ci illərdə Ermənistanın müxtəlif vasitələrlə anti-Azərbaycan mövqeyində olmasının qarşısı Heydər Əliyev tərəfindən qətiyyətlə alınırdı. "Böyük Ermənistan" xülyasına düşmüş daşnakların atdığı bütün addımlar Ulu Öndər tərəfindən dayandırılırdı. 
1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi, hakim partiyanın Siyasi Büro üzvü seçildi və bununla SSRİ-nin rəhbərlərindən biri oldu. Bu, anti-Azərbaycan qüvvələrə ağır zərbə olduğu kimi, SSRİ rəhbərliyindəki konfiqurasiyanı maraqla izləyən xarici qüvvələrin də diqqətini cəlb etdi. 1980-ci illərdə Böyük Britaniyanın "Tayms" nəşri Heydər Əliyevi yüksək bacarıq və keyfiyyətlərinə görə "SSRİ-nin parlayan ulduzu" adlandıraraq onu Sovet İttifaqının növbəti rəhbəri olmağa əsas namizəd kimi qiymətləndirmişdir. 
Ürəyi Azərbaycanla döyünən müdrik dövlət xadimi Heydər Əliyev Kremldə yüksək vəzifədə olduğu müddətdə Azərbaycanla (eləcə də digər türk ölkə və respublikaları ilə) bağlı layihələri hər zaman dəstəkləmişdir. Heydər Əliyev keçmiş SSRİ rəhbərliyinin səriştəsizlik göstərdiyi ən mürəkkəb məsələlərlə bağlı ən optimal yollar tapan lider şəxsiyyət idi. Heç təsadüfi deyil ki, bu yaxınlarda Baykal-Amur Magistralının 50 illik yubileyinin qeyd olunması zamanı Rusiya rəhbərliyi, ictimaiyyəti Heydər Əliyevin  xatirəsinə yüksək ehtiram göstərərək onun böyük xidmətlərini minnətdarlıqla xatırlamışdır. 
1987-ci ildə SSRİ rəhbərliyinin, şəxsən M.Qorbaçovun ona qarşı qısqanclığını və atılan yanlış addımları görən Ulu Öndər daşıdığı yüksək vəzifələrdən istefa verdi. Lakin onun Azərbaycana sevgisi azalmamışdı! Ulu Öndərin Azərbaycana olan sevgisi bütün titullardan, vəzifələrdən yüksək idi! 
1987-ci ildən sonra Heydər Əliyevə qarşı amansız təzyiqlər və təhdidlər həyata keçirilirdi. 14 iyul 2001-ci ildə - xarici ölkələrin media rəhbərləri ilə görüşdə Ulu Öndər özü həmin günləri xatırlayaraq bildirirdi: "Mənim həyatımda çox şey olubdur. Ancaq mühüm olanı odur ki, mən bütün bu sınaqlardan, bütün bu çətinliklərdən keçmişəm və yaşayıram. Yəqin ki, hələ çox illər yaşayacağam. Belə taleyi olan insan indi çətin ki, tapılsın. Çünki mən 14 il burada işləmişəm, respublikaya rəhbərlik etmişəm, sonra 5 il Moskvada Siyasi Büronun üzvü, Sovetlər İttifaqı kimi fövqəldövlətin Nazirlər Soveti sədrinin birinci müavini işləmişəm. Sonra isə təqib dövrü olmuş və o, təxminən üç il davam etmişdir".
Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyindən getməsini fürsət bilən ermənilərin boş durmayacağı bəlli idi. Gizli fəaliyyətdən açıq müstəviyə keçən ermənilər müxtəlif platformalarda anti-Azərbaycan fəaliyyətlərini gücləndirdilər. 1987-ci ildə Fransada "Humanite" qəzetində Aqenbekyanın Ermənistanın Azərbaycana qarşı torpaq iddiasını  "əsaslandıran" müsahibəsi dərc olundu. 1988-ci ildən başlayaraq respublikamız üzərində olan qara buludlar daha da sıxlaşdı. Azərbaycan xalqına qarşı, necə deyərlər, bütün cəbhəboyu amansız hücumlar başladı. Dinc əhali, günahsız azərbaycanlılar qətlə yetirildi. Təəssüf ki, Ulu Öndərdən sonra respublikaya rəhbərlik edənlərin buraxdığı ardıcıl, kobud səhvlər hesabına Azərbaycan amansız hadisələrlə üzləşməyə məcbur oldu. 
Dünyada, regionda və konkret olaraq keçmiş SSRİ-də baş verən hadisələr fonunda 1990-cı ilin 20 Yanvar faciəsi - tariximizin qanlı səhifəsi yaşandı. Əli günahsız soydaşlarımızın qanına batmış, dinc əhaliyə amansız divan tutmuş M.Qorbaçova, ümumən keçmiş SSRİ rəhbərliyinə qarşı ilk mötəbər səsi ucaldan da yenə Ulu Öndər oldu. Bütün təhdidlərə baxmayaraq, Moskvadakı Azərbaycanın Nümayəndəliyinə gələn Heydər Əliyev beynəlxalq ictimaiyyətə baş vermiş faciə ilə bağlı həqiqəti söyləyib etirazını bildirdi. Ulu Öndərin o cəsarətli çıxışı ağır faciə yaşamış xalqımıza ürək-dirək verdi.

 

Ulu Öndərin ürəyi hər zaman xalqımız üçün döyünürdü

 

Dövlət müstəqilliyinə gedən yol, müstəqilliyin ilk illəri xalqımız üçün olduqca ağrılı keçdi. 1991-ci ilin 18 oktyabrında öz dövlət müstəqilliyinin bərpasını elan edən Azərbaycan Respublikası istiqlaliyyətin sevincini yaşamağa macal tapmamış, çox böyük iqtisadi, siyasi, hərbi çətinliklərlə üz-üzə qaldı. Ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, ambisiyaları üzündən kövrək dövlət müstəqilliyimiz ciddi təhdidlər qarşısında qaldı. Respublika tam bir xaosa sürüklənirdi. Tarix sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq, onu qazanmaqdan qat-qat çətindir.
Belə bir gərgin durumda xalqın və ictimaiyyətin tanınmış nümayəndələrinin Ulu Öndəri Naxçıvandan Bakıya dəvət etmələri ölkənin xilasının yeganə düzgün yolu idi. Üstəlik, xalqımızın, insanlarımızın qəlbində Heydər Əliyevə sonsuz məhəbbət və güclü inam hissi yaşayırdı. Məhz bu xalq məhəbbətinə, inamına cavab olaraq Ulu Öndər Azərbaycanın dövlət müstəqilliyinin sual altına düşdüyü 1993-cü ilin o ağır günlərində xalqımızın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıtmağa razılıq verdi. Daxili çəkişmələrin, vətəndaş müharibəsi təhlükəsinin qara duman kimi başımızın üstünü kəsdirdiyi, işğalçı Ermənistanın təcavüzünün və havadarlarının təzyiqinin ölkəmizi acınacaqlı duruma saldığı o dönəmdə yalnız Heydər Əliyev dühası dövləti, xalqı nicata yetirə bilərdi.  
Ulu Öndərin ali hakimiyyətə tarixi qayıdışı ilə Azərbaycanın üz-üzə qaldığı taleyüklü problemlər həll olunmağa başladı, o cümlədən silahlı vətəndaş qarşıdurması, müxtəlif separatçı tendensiyalar aradan qaldırıldı. İctimai asayişin bərpası, cinayətkarlıqla mübarizə, dövlət quruculuğu, Ermənistanın təcavüzünün dayandırılması, iqtisadi durumun normallaşdırılması yönündə tədbirlər görüldü. Heydər Əliyevin titanik səyləri ilə xalq öz dövlətinə inamını bərpa etdi, müstəqilliyin əbədi olacağına əmin oldu.

 

Hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu

 

Belə gərgin dönəmlərə, taleyüklü məsələlərin çoxluğuna baxmayaraq, Heydər Əliyev insan hüquqları və qanunun aliliyinin təmin olunması kimi məsələləri diqqətdən kənarda qoymadı. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının layihəsi hazırlanıb xalqın müzakirəsinə verildi. Bu Konstitusiya insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması baxımından 90-cı illərdə olduğu kimi, bu gün də böyük önəmə malikdir. Qəbul edilmiş Konstitusiyanın 3-cü fəsli bütövlükdə, yəni 158 maddənin 48-i insan və vətəndaş hüquqlarına, azadlıqlarına həsr edilib. Eləcə də həmin hüquq və azadlıqların qorunması, müdafiə olunması vəzifəsi qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyulub. Beləliklə, Azərbaycanda çağdaş hüquq sisteminin, dövlət-vətəndaş münasibətləri sisteminin, habelə məhkəmə hakimiyyətinin əsası qoyuldu, yeni məcəllələr, qanunlar qəbul edildi. 
Ulu Öndər deyirdi: "Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə". Aforizmə çevrilmiş bu bir cümlə belə, Heydər Əliyevin hüquqa, hüququn fəlsəfi əsaslarına, davranışların, münasibətlərin hüquq zəmininə parlaq baxışını ifadə etmək gücündədir. Bu aforizmdən çıxış edərək deyə bilərik ki, dünya və beynəlxalq birlik də məhz bu formulun zədələnməsindən pozular, necə ki pozulur... Əgər işğalçı dövlətlər vaxtında beynəlxalq birlik tərəfindən cəzalandırılsa, haqqı tapdanan, ərazi bütövlüyü, suverenliyi pozulan dövlətə ədalətli yanaşılsa, dünya birliyi müharibələrsiz, qarşıdurmalarsız keçinər, sülh şəraitində yaşayar.  
Konstitusiyanın hazırlanması və qəbulu ilə yanaşı, ölkəmizdə ciddi hüquq islahatları həyata keçirildi. O cümlədən Konstitusiya Məhkəməsi və Ombudsman institutu yaradıldı. Ölüm hökmünün və mətbuatda senzuranın ləğvi Ulu Öndərin demokratik islahatları sırasında ən ümdə yerlərdən birini tutur. "İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında Konvensiyaya" da məhz Ulu Öndər Heydər Əliyevin dönəmində - 2001-ci ildə ratifikasiya edildi. Burada bir məqamı vurğulamaq istərdik: 2002-ci ildə həmin Konvensiyaya ölüm cəzasının ləğv edilməsi ilə bağlı 13 saylı protokol əlavə edilmişdi. Ulu Öndər isə ölüm cəzasının ləğvi ilə bağlı həmin protokoldan 4 il qabaq - 1998-ci ildə fərman imzalamışdı.
Bəli, Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən siyasətçi olaraq bir çoxlarından, hətta mötəbər qurumlardan irəlidə olmağı bacarırdı.

 

Gənc nəslə qayğı

 

Ulu Öndər SSRİ dönəmində də, müstəqillik illərində də gənclərə böyük önəm verirdi. Heydər Əliyev ölkədə gənclər siyasətinin düzgün aparılmasını çox vacib və önəmli hesab edirdi. Ulu Öndərin sitatlarından birini xatırlatmaq istəyirəm: "Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Prezident kimi mən Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır".
Sabitliyin bünövrəsi möhkəmləndikdən sonra dövlətin gənclər siyasəti daha geniş forma və daha dərin məzmunda davam və inkişaf etdi. Heydər Əliyev gəncləri ölkənin həm bu günü, həm də sabahı hesab edirdi. Bu sahədə ilk böyük addım Azərbaycan Prezidentinin 26 iyul 1994-cü il tarixli fərmanı oldu. Bu fərmanla ölkəmizdə gənclər və idman siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı - Gənclər və İdman Nazirliyi yaradıldı. Nazirliyin fəaliyyətə başlaması ilə qısa vaxtda gənclər siyasətinin əsas konturları müəyyənləşdirildi, gənclərin müəyyən qədər ümidsizliyi aradan qaldırıldı, habelə beynəlxalq gənclər platformalarına peşəkar çıxış təmin edildi. 
İkinci böyük addım 1995-ci ilin noyabrında Gənclər Təşkilatlarının Milli Şurasının yaradılması və sonrakı aylarda bir konfereativ qurum kimi onun sıralarının genişləndirilməsi, dövlət orqanları ilə işbirliyinin qurulması oldu. Bunun davamı kimi cəmiyyətin inkişafında və müxtəlif problemlərin həllində gənclərin rolunu artırmaq, onların ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə Ulu Öndər Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi haqqında sərəncam imzaladı. 2 fevral 1996-ci ildə gənclərin I Forumu uğurla keçdi. İlk forum Azərbaycanda gənclər siyasətinin müəyyən olunmasında, problemlərin, uğurların, təcrübənin öyrənilməsində mühüm rol oynadı. 
Üçüncü böyük addım Ulu Öndərin 1997-ci ilin 2 fevral tarixində Azərbaycanda Gənclər Gününü təsis etməsi oldu. Bununla gənclərimiz öz uğurlarını, təcrübələrini, qayğılarını bölüşmək, necə deyərlər, hesabat vermək üçün fürsət qazanmış oldular. Yeri gəlmişkən, beynəlxalq gənclər günü BMT-nin qərarı ilə Azərbaycandan 2 il sonra - 1999-cu ildə elan edilmişdir. Bir sözlə, Heydər Əliyev Azərbaycanda gənclər siyasətinin bünövrəsini yaratmış, onu möhkəmlətmiş və gənclərimizi böyük gələcəyə yönləndirmişdir. 

 

Ənənə davam edir

 

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Zəfər qazandığımız II Qarabağ müharibəsinin əsas hərəkətverici qüvvəsi gənclər oldu. Vətən müharibəsindəki qələbəmiz həm də gənclərlə, dövlət gənclər siyasəti ilə sıx bağlıdır. - "Elə gənclər yetişdirmişik ki, bu gənclər dağı dağ üstə qoya bilər və əslində, bunu da etdilər. Biz elə bir gənc nəsil yetişdirdik ki, onlar həm yüksək mənəvi, həm də yüksək fiziki keyfiyyətlər göstərərək, uzun illər ərzində işğal altında olan torpaqları azad etdilər və Şuşa kimi alınmaz qalanı faktiki olaraq yüngül silahlarla, əliyalın azad etdilər". - Bu sözləri Prezident İlham Əliyev Ulu Öndərin 100 illik yubileyi münasibətilə 2023-cü il mayın 10-da Şuşadan Azərbaycan xalqına müraciətində deyib.
Heç təsadüfi deyil ki, həm 44 günlük müharibədə və bir gündən də qısa sürən antiterror tədbirlərində, həm də 2016-cı ilin Aprel, 2020-ci ilin Tovuz döyüşlərində Silahlı Qüvvələrimizdə bir dənə olsun fərarilik faktı qeydə alınmadı. Halbuki Ermənistan ordusunda minlərlə (ilkin bilgilərə görə 12 min) fərarilik halı baş vermişdi və həmin fərarilik hallarıyla bağlı Ermənistanda bu gün də məhkəmə işləri davam edir. 
Gənclər dedikdə, ilk növbədə, yada düşən həm də idman olur. Ona görə də gənclərimizin hər hansı əməli fəaliyyət sahəsindəki uğurundan danışırıqsa, bu, gənclər siyasətinin bütün parametlərinin, o cümlədən "sağlam bədəndə sağlam ruh olar" formulunun nəzərə alınması deməkdir. Azərbaycanın dünyada qabaqcıl idman və güclü idmançılar ölkəsi kimi tanınması təsadüfi deyil. Ölkəmiz az qala hər ay müxtəlif nüfuzlu idman yarışlarına böyük uğurla evsahibliyi edir. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyi də Azərbaycanda olimpiya hərəkatını, idman cəmiyyətini çox ciddi şəkildə canlandırmışdır. 

 

"Turana qılıncdan daha kəskin, ulu qüvvət Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət" 

 

Ulu Öndər Heydər Əliyev o tarixi şəxsiyyətlərdəndir ki, onun adını bütün fəaliyyət sahələri ilə birgə çəkə, onların inkişafına önəmli töhfələrini, tarixi xidmətlərini yada sala bilərik. Vətəndaşlarımızın inkişafının çağdaş səviyyəsi, soydaşlarımızın yaratdığı, nəsildən-nəslə ötürdüyü maddi, qeyri-maddi - mənəvi dəyərlər sistemi, azərbaycanlı əli, ağlı və ruhu ilə yaradılmış bütün pozitivləri Azərbaycan mədəniyyəti olaraq qəbul edirik. Ümummilli Lider özündən öncəkilərə - əcdadımızın yaratdığı mədəniyyət, sənət hadisələrinə, mədəni irsimizə diqqətlə yanaşdığı kimi, öz dövrünün görkəmli sənətkarlarına, mədəniyyət-sənət hadisələrinə də qayğı ilə yanaşıb. Heydər Əliyevin bu örnəyi yalnız keçmişi, öz dövrünü əhatə etməklə qalmayıb, bu günümüzə, gələcəyimizə də işıq salıb. Bununla yanaşı, Heydər Əliyevin örnək ömrü, dövlət, xalq qarşısında böyük xidmətləri özü də ədəbiyyat, incəsənət əsərlərinə mövzu olmaqla, mədəniyyət-sənət dünyamızı zənginləşdirib. 
Müstəqilliyimizin ilk illərində çoxsaylı daxili və xarici problemlərlə yanaşı, respublikamızın mədəniyyətdə, sənət aləmində də müəyyən mənfi tendensiyalar baş qaldırır, xeyli gərginliklər müşahidə olunurdu. 1993-cü ildə Heydər Əliyevin ümumxalq istək və tələbi ilə ali hakimiyyətə gəlməsindən sonra mədəniyyət-sənət dünyamızda da köklü dəyişikliklər baş verdi. Mədəniyyət siyasətinin çağdaşlaşdırılması, mədəni irsə diqqətlə yanaşı, yeni milli və beynəlxalq mədəni çağırışlara cavab verilməsi potensialının qayğısına qalındı. Ulu Öndər yeni mədəniyyət siyasətinin təşəkkülü, onun məqsədlərinin, prinsiplərinin dəqiqləşməsi, çağdaş çağırışlara yetkin cavab verə bilməsini müvafiq strukturların qarşısında əsas vəzifə olaraq qoydu.  
Ədəbiyyat, mədəniyyət-sənət xadimlərinə, gənc istedadlara Azərbaycan Prezidentinin fərdi təqaüdünün, fəxri adların, dövlət mükafatlarının verilməsi, eləcə də, yaradıcı qurumların, ədəbi nəşrlərin dövlət büdcəsi hesabına maliyyələşdirilməsi yalnız sosial planda deyil, mənəvi-psixoloji planda ciddi amilə çevrildi. Ədəbiyyat, mədəniyyət-sənət xadimlərimizin, klassiklərin yubileylərinin, əlamətdar hadisələrin təntənəli keçirilməsi, müxtəlif festival, simpozium, konfrans və digər tədbirlərin təşkili Heydər Əliyevin adı ilə sıx bağlıdır. 
Ümummilli Liderin əsasını qoyduğu digər önəmli işlər kimi, Azərbaycanın peşəkar mədəniyyət siyasəti də onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə davam və inkişaf etdirilir.  Belə davamiyyət və inkişaf həm də Ulu Öndərin adını daşıyan fond sayəsində yeni miqyas və zənginliklər qazanır. Heydər Əliyev Fondunun yaradılmasından 20 il ötür. Ulu Öndərimizi anadan olmasının 101-ci ildönümündə dərin minnətdarlıqla yad edərkən, onun adını şərəflə daşıyan fondun fəaliyyətini də minnətdarlıq, qədirşünaslıq duyğuları ilə vurğulayırıq.  
Heydər Əliyev Fondu yalnız ölkəmizdə, regionda deyil, beynəlxalq aləmdə tanınmış nüfuzlu humanitar qurum olaraq qürur qaynağımızdır. Mehriban xanım Əliyevanın mükəmməl rəhbərliyi sayəsində fond mədəni irsimizə qayğı, klassiklərimizə, yaşayan sənətkarlarımıza, gənc istedadlara diqqətin yüksək örnəyini yaradıb. Heydər Əliyev Fondu sübut etdi ki, xalqı, mədəniyyəti sevmək, məsələlərə peşəkarlıqla yanaşmaq necə xariqələr yaradır. Heydər Əliyev Fondu artıq bir fonddan daha üstün mənəvi mövqe qazanaraq  məktəbə, ocağa çevrilib.

Adil ƏLİYEV,
Milli Məclisin Sədr müavini, Gənclər və idman komitəsinin sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video