Avropa İttifaqı (Aİ) 19-cu anti-Rusiya sanksiyalar paketini müzakirə etməyə başlayır. Brüssel, həmçinin Ukraynaya hərbi dəstəyi, o cümlədən Ukrayna silahlı qüvvələrinin təlimini davam etdirəcək. Macarıstan və Slovakiya istisna olmaqla, vahid Avropa ölkələri ABŞ Prezidenti Donald Trampın nikbinliyinə baxmayaraq, Rusiyaya təzyiqləri davam etdirmək niyyətindədir.
Bu arada Ağ Ev təsdiq edib ki, Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında yaxın gələcəkdə şəxsi görüş baş tuta bilər. "Kommersant"ın siyasi müşahidəçisi Dmitri Drize isə hesab edir ki, yaxın gələcəkdə Ukrayna münaqişəsinin sülh yolu ilə həllini tapmaq mümkün olmayacaq.
Məlum olduğu kimi, avqustun 19-da Vaşinqtonda keçirilən danışıqlardan sonra Aİ ölkələri fövqəladə sammit keçirib. Bundan sonra onlayn formatında "İstəklilər koalisiyası"nın məsləhətləşmələri baş tutub. Bildirildiyinə görə, müttəfiqlər sülh prosesində nəzərəçarpacaq irəliləyiş əldə olunana qədər Kiyevi dəstəkləməyə və Rusiyaya təzyiq göstərməyə davam etməyə razılaşıblar.
Növbəti - 19-cu anti-Rusiya sanksiyalar paketi də gündəmdədir. Paket payıza yaxın müzakirə olunacaq. Bundan əlavə, Avropa Amerika ilə birlikdə yeni təsdiqlənmiş plan çərçivəsində Ukraynanın təhlükəsizlik zəmanətlərini hazırlamağa başlayır. Söhbət NATO nizamnaməsinin beşinci maddəsinin bir növ analoqundan - kənar hücum zamanı hərbi dəstək vermək vədindən gedir. Amma Ukraynanın alyansa üzvlüyü gündəmdə deyil.
İlk növbədə diqqəti cəlb edən məqam odur ki, bu gün heç bir təhlükəsizlik zəmanəti yoxdur. Yalnız onları inkişaf etdirmək niyyəti və gözəl ifadələr var. Amma bu barədə məlum hadisələrin lap əvvəlindən danışılır. Avropa, əvvəllər də dəfələrlə deyildiyi kimi, qəti şəkildə döyüşmək istəmir. Qoşunların göndərilməsi ilə bağlı da razılaşma olmayıb - əksəriyyət etiraz edib. ABŞ-nin razılaşdığı isə maksimum, qeyri-müəyyən səlahiyyətlərə malik mifik hərbi kontingentlərə havadan dəstək verməkdir. Amma ən əsası odur ki, əvvəlcə sülh bağlanmalıdır. Bununsa yaxın gələcəkdə əldə edilə biləcəyinə inam yoxdur.
Hazırda təklif olunur ki, Putinlə Zelenski arasında görüş təşkil edilsin və onlar özləri həll yolu tapmağa çalışsınlar. Amma bununla bağlı böyük şübhələr var. Ən azı ona görə ki, Kreml dəfələrlə bəyan edib: görüşdən əvvəl ekspertlər işləyib müzakirə üçün variantlar hazırlamalıdır. Münaqişə tərəflərinin mövqeləri isə daban-dabana ziddir. Böyük bir risk var ki, hətta yüksəkvəzifəli şəxslər səviyyəsində də onları yaxınlaşdırmaq mümkün olmayacaq. Avropa İttifaqının xarici əlaqələr üzrə komissarı Kaya Kallasın rəsmi açıqlamalarına görə, Rusiyaya etimad yoxdur və ona qarşı təzyiqlər davam etdirilməlidir.
Bu arada, "Kyodo News" agentliyinin son məlumatına əsasən, Yaponiyanın Baş naziri Şiqeru İşiba ölkəsinin Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsində iştirak etməyə hazır olduğunu bildirib. Eyni zamanda siyasətçi dəstəklə bağlı konkret hərəkətləri sadalamaqda çətinlik çəkib. O deyib: "Biz hüquqi normalarımız və imkanlarımız çərçivəsində nə edə biləcəyimizi və etməli olduğumuzu nəzərə alaraq öz rolumuzu layiqincə oynayacağıq".
Agentlik aydınlaşdırır ki, Yaponiya Konstitusiyası hərbi gücdən yalnız özünümüdafiə məqsədi ilə istifadə etməyə icazə verir, ölkənin xaricdəki fəaliyyətinə məhdudiyyətlər qoyur. Yaponiyanın özünümüdafiə qüvvələri digər ölkələrdə sülhməramlı missiyalarda və piratlığa qarşı mübarizədə iştirak edir.
Bundan əvvəl məlum olub ki, Fransa, Böyük Britaniya və Almaniya hərbi əməliyyatlar başa çatdıqdan sonra Ukraynada öz qoşunlarını yerləşdirmək planlarını açıqlayıb. Bu, avqustun 18-19-da Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp, Avropa ölkələrinin liderləri və Ukrayna Prezidenti arasında görüş zamanı müzakirə edilən Ukrayna üçün təhlükəsizlik təminatlarının bir hissəsi olmalıdır.
Rizvan HİLALOĞLU,
"Azərbaycan"