2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanat Azərbaycanın hərbi-siyasi qələbəsinin, Ermənistanın isə kapitulyasiyasının rəsmi təsdiqidir. Bu sənədin imzalanması həm də Ermənistanın özü haqqında yaratdığı mifi darmadağın etdi.
Bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsi Azərbaycan dövlətinin qətiyyətini, ordumuzun gücünü, xalqımızın birliyini növbəti dəfə dünyaya nümayiş etdirdi:
“Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun 44 gün ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra etdi. 2020-ci il noyabrın 8-də isə Şuşanın işğaldan azad edilməsindən sonra işğalçı Ermənistan məğlubiyyətini dərk etdi, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktını imzalamağa məcbur oldu. Üçtərəfli Bəyanat həm də rəsmi İrəvanın regionun inkişafına təhdid yaradan işğalçı siyasətinə son qoydu. 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi və “Böyük Ermənistan” planı fiaskoya uğradı. “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi. Ermənistanın və onun havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına əsaslanan planları alt-üst oldu”.
Deputat bildirib ki, üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın bir sıra siyasi, diplomatik və iqtisadi uğurlarının əsası qoyuldu:
“Müzəffər Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmağa məcbur oldu. Ölkəmizin ayrılmaz hissəsi olan Ağdam, Laçın, Kəlbəcər rayonları, Laçın şəhəri, Zabux və Sus kəndləri qan tökülmədən qaytarıldı. Bundan başqa, 2021-ci il 15 iyun tarixində “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalandı. Hesab edirəm ki, bu tarixi sənədin imzalanması da iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı”.
S.Salmanova vurğulayıb ki, ötən ilin aprelin 23-də “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu:
“Bir məsələni də qeyd edim ki, ötən dövr ərzində Ermənistanın üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəliklərin icrasından yayınırdı. Ermənistan Azərbaycan ərazilərində mövcudluğunu saxlamağa cəhd göstərir, təxribatlara əl atırdı. Ancaq sənəddə göstərilmişdi ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilməli idi. Bütün bunlara cavab olaraq isə 2023-cü ilin sentyabrın 19-da başlanılan antiterror əməliyyatları nəticəsində Azərbaycan torpaqlarında erməni silahlı birləşmələrinin mövcudluğuna son qoyuldu, ölkəmizin dövlət suverenliyi tam bərpa edildi”.