Azərbaycan son illərdə dünya turistlərinin daha çox üz tutduqları ölkələr sırasında yer almışdır və demək olar ki, bu istiqamətdə artıq nəzərəçarpacaq uğurlar da əldə etmişdir. Sözügedən məqsədin reallaşdırılması üçün ölkəmizdə turizm infrastrukturunun müasirləşdirilməsi və mövcud potensialın səmərəli şəkildə realizəsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Bu sektorda aparılan islahatların əsas məqsədi respublikada qabaqcıl səviyyədə turizm mədəniyyətinin formalaşdırılması və xidmət səviyyəsinin davamlı şəkildə yüksəldilməsidir.
Hazırda Şahdağ, Tufandağ və bu kimi turizm layihələrin reallaşması Azərbaycanda bu sahənin mövsümilik probleminin aradan qaldırılmasına geniş imkanlar yaratmışdır. Digər tərəfdən sevindirici haldır ki, ölkəmizin turizm imkanları istənilən seqmentə daxil olan turistin tələblərinə cavab verəcək qədər zəngindir. Ekoturizm, dağ-xizək turizmi, çimərlik, sağlamlıq-müalicə, işgüzar turizm, dini turizm və s. istiqamətdə gələn qonaqların ildən-ilə artması ölkəmizdəki turizm sahəsinin müxtəlifliyinə əyani sübutdur.
Beynəlxalq əməkdaşlıq əlaqələri də günbəgün genişlənir. Əməkdaşlığın aparıldığı ölkələrlə müxtəlif istiqamətlər üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məqsədilə dövlətlərarası və beynəlxalq təşkilatlarla sazişlər və müqavilələr bağlanılıb. 2020-2022-ci illər üçün turizm sahəsi üzrə 2 Əməkdaşlıq Proqramı imzalanıb. Sözügedən sənədlərin icrasının həyata keçirilməsi ilə bağlı tədbirlər proqramı hazırlanaraq təsdiq olunub, qarşı tərəflərlə görüşlər təşkil olunaraq əməkdaşlıq perspektivləri müzakirə edilib, habelə imzalanmış sənədlərin müddəa və şərtlərinə əsasən tədbirlər həyata keçirilməyə başlanılıb.
Bu günlərdə Hindistanla turizm üzrə əməkdaşlıq perspektivləri müzakirə olunub. İkitərəfli münasibətlərin inkişaf perspektivləri, qarşılıqlı tanıtım tədbirləri, ölkəmizdə hindistanlı turistləri cəlb edən mədəni-tarixi amillər, son dövrlərdə onların Azərbaycana səfərlərinin intensivləşməsi, birbaşa uçuşların sayının artırılması məsələləri barədə danışılıb. Həmçinin qeyd olunub ki, cari ilin avqust ayından etibarən "IndiGo Airlines" aviaşirkəti tərəfindən Hindistandan Azərbaycana birbaşa uçuşların həyata keçirilməsi planlaşdırılır. Onu da qeyd edək ki, 2023-cü ilin I yarımilliyində Hindistandan Azərbaycana 47 670 nəfərdən çox xarici ziyarətçi səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfədən çox, 2019-cu ilin eyni dövrü ilə müqayisədə isə 1,7 dəfə artım deməkdir.
Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycanın qastroturizm imkanları Londonda keçirilən "National Geographic Traveller" kulinariya festivalında təbliğ edilib. Tədbirdə milli mətbəx irsi, Azərbaycana məxsus çay mədəniyyəti, milli şirniyyatlar təqdim edilib.
Azərbaycanın ornitoloji turizm imkanları Böyük Britaniyanın Rutland vilayətində keçirilən Qlobal Quş Müşahidəçiliyi ("Global Bird Fair") turizm sərgisində tanıdılıb.
Sərgidə Böyük Qafqaz və Talış dağlarında, Nabran sahili, Mingəçevir su anbarı və Kür çayı sahilində, Beşbarmaq, Xınalıq, Ləzə kimi təbiət ərazilərində mövcud quş müşahidəçiliyi potensialı, Azərbaycanda olan nadir quş növləri, Qızılağac, Altıağac, Ağgöl, Abşeron və Şirvan milli parklarındakı biomüxtəliflik və quş müşahidəsi üçün əlverişli mövsümlər haqqında sərgi ziyarətçilərinə ətraflı məlumat verilib.
Qeyd edək ki, Qlobal Quş Müşahidəçiliyi ("Global Bird Fair") turizm sərgisi ekoturizmin vacib bir istiqaməti kimi ornitoloji turizmin təbliği üzrə beynəlxalq tədbir kimi hər il keçirilir. Bu il sərgidə Kipr, Yunanıstan, Malta, Portuqaliya, Çili, Ekvador, Kolumbiya, İslandiya, Bolqarıstan, Fransa, Türkiyə, Böyük Britaniya, ABŞ, Avstraliya, Tayvan, Malayziya kimi ölkələrin nümayəndələri daxil olmaqla 270-dən çox şirkət və qurum təmsil olunub.
Bundan başqa, BƏƏ ilə turizm əlaqələrinin cari və gələcək inkişaf perspektivləri iyul ayında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Əl Bluşi arasında keçirilən görüşdə müzakirə olunub. Görüşdə turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, ölkələrimiz arasında vizasız rejimin tətbiqinin qarşılıqlı səfərlərin artmasına verəcəyi töhfə, BƏƏ şirkətlərinin Azərbaycanın turizm sahəsinə investisiya imkanları barəsində fikir mübadiləsi aparılıb. Qeyd edək ki, 2023-cü ilin I yarımilliyində Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana səfər edən vətəndaşların sayı 18 884 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artım deməkdir. Hazırda ölkəmizə BƏƏ-nin Dubay, Şarjah və Əbu-Dabi şəhərlərindən həftədə 50 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.
Bu günlərdə Azərbaycanla Pakistan, Meksika, Türkmənistan arasında da turizm əlaqələrinin genişləndirilməsi ilə əlaqədar görüşlər olub, müzakirələr aparılıb. Hazırda Pakistanın Lahor şəhərindən Bakıya həftədə 2 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.
Ötən ayın 25-də Dövlət Turizm Agentliyinin sədri F. Nağıyevlə UNESCO-nun baş direktorunun sosial və humanitar elmlər üzrə müavini xanım Qabriela Ramosun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə turizm sahəsində həyata keçirilən layihələr, eləcə də mədəni irsin qorunması istiqamətində aparılan işlər, Azərbaycanın UNESCO-nun mədəni irs siyahısında yer alan mədəni və tarixi nümunələrinin təbliği ilə bağlı əməkdaşlığın artırılması, turizm sahəsində təcrübə mübadiləsi, UNESCO və Azərbaycanın İpək yolu boyunca ortaq mirasın tanıdılması və istifadəsi, həmçinin digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İ.ƏLİYEVA,
"Azərbaycan"