01 Dekabr 2023 10:20
741
CƏMİYYƏT
A- A+
Tifaqlar niyə dağılır?

Tifaqlar niyə dağılır?

 

"...18 yaşımda valideynlərimin razılığı olmadığı üçün sevdiyim oğlana qoşulub qaçmışdım. Amma elə ilk günlərdən içki və narkotik aludəçisi olan həyat yoldaşım tərəfindən məruz qaldığım mənəvi, psixoloji, fiziki şiddət məni ailə qurmağıma peşman etdi. Körpə qızımın xətrinə, eləcə də valideynlərimin təpkisinə, qonum-qonşunun qınağına görə düz beş il ailə adı altında işgəncə həyatı yaşadım. Bu əzabdan yalnız boşanandan sonra qurtula bildim..."
"...Sevdiyim qızla ailə qurmuşdum, bir övladımız dünyaya gəlmişdi. İlk üç il evliliyimiz normal davam etdi, amma bəzi səbəblərdən işimi itirəndən sonra sosial vəziyyətimizin pisləşməsinə görə həyat yoldaşımın valideynləri bizə maddi yardımlar etməyə başladılar. Lakin elə bununla da həyatımız darmadağın oldu, qayınanam, qayınatam başladılar ailədə hər işimizə qarışmağa, hər fürsətdə sözləri ilə məni alçaltmağa... Bu, dözülməz idi... Boşanmaqdan başqa çarəm qalmadı..." 
Bu, Sevinc və Vüqar adlı iki fərqli boşanmış şəxsin evliliklərini nə üçün sonlandırdıqları ilə bağlı suallarımıza verdikləri müxtəlif cavablarıdır.
Lev Tolstoy deyir ki, bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, bədbəxt ailələrin isə hərəsi bir cürdür... 
Çox təəssüf ki, bu gün səbəb hər nə olur-olsun, dağılan tifaqlarımızın, bədbəxt olan insanlarımızın sayı durmadan artır. Bu isə bütövlükdə Azərbaycan ailəsinin, ailə institutunun dağılması deməkdir...   

 

Nikahlar azalıb, boşanmalar artıb

 

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 39 134 nikah və 16 226 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 6-dan 5,1-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.
Ta qədimdən ölkəmizdə ailə dəyərləri üstün tutulub, tarixən formalaşaraq hazırkı günümüzə qədər ötürülüb. O da təsadüfi deyil ki, Azərbaycan ailəsi hər zaman dünyada ən yaxşı ailə modellərindən biri sayılıb. 
Təəssüf ki, boşanmalarla bağlı artan statistika, möhkəm təməlli ailələrimizin getdikcə azaldığından xəbər verir. 
Ümumiyyətlə, nikahın pozulmasının qeydə alınması zamanı vətəndaşlar əsasən xasiyyətlərinin uyğun gəlməməsi, uşaqlarının olmaması, ailədaxili zorakılıq, xəyanət, qısqanclıq, xəstəlik, narkotikə və içkiyə  aludəçilik, kənar müdaxilələri səbəb kimi göstərirlər. 
Gündən-günə boşananların statistikasının artması da göstərir ki, Azərbaycan ailələrində xeyli sayda həm sosial, həm də mənəvi-psixoloji problemlər mövcuddur. Ailə quran cütlüklər isə bu problemlərdən evliliklərini sonlandırmaqla yaxa qurtarmağa çalışırlar. Bu da danılmaz gerçəklikdir ki, boşanma sonrasında da onlar xeyli çətinliklərlə üz-üzə qalırlar, xüsusilə də qadınlar... 
Cəmiyyətdə adətən boşanmış qadın qınaq ünvanına çevrilir. Tabularımızın qadından tələbi ailədə əri, qayınanası və digərləri tərəfindən məruz qaldığı mənəvi basqılara, fiziki şiddətə dözməsi, səsini çıxarmamasıdır. Qadının bütün bu zorakılıq hallarından qurtulmaq üçün məhkəməyə boşanma üçün müraciət etməsi isə birmənalı qarşılanmır, hətta ona qarşı haqq etmədiyi iftiradolu ittihamlar səsləndirilməyə başlanır. Bəzən isə qətllə sonlanan cinayətlər baş verir. Reallıqdır ki, boşanmış qadının (xüsusilə də övladı olan) yenidən ailə qura bilməsi böyük müşküllərdən sonra ancaq mümkün ola bilir. Əksər qadınlar boşandıqları üçün adlarına yaxılacaq ləkədən çəkinərək, ümumiyyətlə, evliliyi bir daha ağıllarına gətirmirlər. 
Düzdür, Azərbaycanda ailə həyatı dağılmış kişilərin yenidən evlənməsi o qədər də çətin deyil, amma ümumilikdə onların da xeyli problemlərlə qarşılaşdıqları həqiqətdir. 
Dağılan tifaqların uçqunu altında qalıb əzilənlərin ilk növbədə uşaqlar olması isə məsələnin ən ağrı-acılı tərəfidir...  

 

Gərəksiz fədakarlıq münasibəti gücləndirməkdənsə, pozur

 

Boşanmaların psixoloji yöndən təhlilini verən uzman psixoloq və ailə terapevti Səbinə Bayramova deyir ki, ailədə cütlüklər arasında münaqişəyə səbəb olan problemlər əsasən ünsiyyət problemləri, həyat yoldaşlarının ailələri ilə olan münasibətləri, ortaq qərarlar verə bilməmə, empatiyanın olmaması, mədəni fərqliliklər, evlilikdən gözləntilərin müxtəlif olması, maddi məsələlər və sairdir: "Xüsusilə evliliyin ilk üç ili ən çətin, həm də ən aktiv və canlı dövrdür. Evliliyin ilk illərinin çətin keçməsinin əsas səbəbi fərqli ailələrdən bir araya gələn iki müxtəlif xarakterli insanın bir çox mövzuda bir-birinə güzəştə getməyinin çətin olması ilə əlaqəlidir". 
Psixoloq qeyd edir ki, çox zaman boşanmalarda qadınları günahlandırırlar, onun hər məşəqqətə dözməyini gözləyirlər. Qadının hər çətinliyə dözməsi fədakarlıqdır. Ümumiyyətlə, əgər cütlüklərdən biri münasibətlərini davam etdirmək üçün istəmədiyi halda fədakarlıq edir və sonra özünü kədərli, bədbəxt, tükənmiş hiss edirsə, bu, onlara faydadan çox zərər gətirmiş olur. Bu növ fədakarlıq münasibəti gücləndirməz, əksinə, pozar: "Məsələn, partnyorlardan yalnız qadına yönəlsək, onun dözməyi, fədakarlıq etməyi və sonda özünü məyus, tükənmiş hiss etməsi birinci onu, sonra ailəsini, hər şeydən də önəmli o ailədə uşaq varsa, övladını mənfi təsirləndirir. Xoşbəxt qadın xoşbəxt ailə deməkdir. Ana xoşbəxt deyilsə, xoşbəxt uşaqlar da böyüdə bilməyəcək. Bu da cəmiyyətimiz üçün sağlam olmayan, travmalı yeni nəslin formalaşması deməkdir".

 

Evliliyin, sadəcə, uşaq üçün davam etdirilməsi düzgündürmü?

 

Bəzən cütlüklərin bir-birlərinə kini, eqosu imkan vermir ki, tərəflər düşmən kimi yox, normal münasibətlərlə ayrılsınlar. Əksər hallarda boşanan şəxslər ər və arvad kimi boşandıqlarını unudaraq, "ata-analıqdan da boşandıqlarını" düşünür, uşaqlardan qisas aləti kimi istifadə edirlər. Qadınların uşaqları atalarına göstərməməsi, kişilərin aliment verməkdən yayınması kimi, əslində, uşaqlara travma olacaq, maddi-mənəvi zərər yetirəcək davranışlar geniş yayılıb.
Səbinə Bayramova aparılan araşdırmalara əsasən məlumat verir ki, boşanma sonrasında uşaqların təxminən 20 faizində problemlər ortaya çıxmağa başlayır. Bu nisbət boşanmamış ailələrə görə riskin təqribən ikiqat artmış olduğunu göstərir. Ən çox rastlanan problemlər davranış nöqsanları, qaydalara riayət etməmə, akademik müvəffəqiyyətdə zəifləmə, təşviş, depressiya əlamətləridir. 
Boşanma zamanı və sonrası qızlarda 5-6, oğlanlarda isə 8-10 yaş kateqoriyası ən çox təsirlənə bilən yaş qrupudur. Oğlanlarla qızları müqayisə  etdikdə, qız uşaqları boşanma sonrasında daha çox təşviş və münasibət problemi yaşayır. 
Lakin Səbinə Bayramova onu da vurğulayır ki, uşaqlara görə boşanmama qərarı almaq da doğru davranış deyil: "Əslində, bitməsi gərəkən, uzandıqca ailəyə, ailədəki hər kəsin psixologiyasına mənfi təsir edən, uşaqda ciddi travmalar qoyan bir evliliyin, sadəcə, uşaq üçün davam etdirilməsi uşağa faydadan çox zərər verəcəkdir". 

 

Narkotik, alkoqol asılılığı...

 

Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova söyləyir ki, Azərbaycanda müxtəlif tip ailə modelləri - avtokrat, demokrat, uşağa yönəlikli, hüquq bərabərliyini qoruyan və sair ailələr var. Ümumən sosial problemlər, ailələrə kifayət qədər dəstək proqramlarının olmaması, dəyərlər sistemindəki dəyişikliklər, gender rollarının düzgün bölüşülməməsi, şübhələr, qısqanclıqlar, məcburi, məqsədyönlü nikahlar və bu kimi digər səbəblər ailənin dağılmasına gətirib çıxarır. 
"Narkotiklərin təsiri, alkoqol asılılığının yaranması - bu, təkcə kişilər yox, həm də qadınlarla bağlı problemlərə çevrilməyə başlayıb" söyləyən M.Zeynalova deyir ki, bəzi hallarda ailə münasibətlərində tərəflərin bir-birinə hörmət hissi nümayiş etdirməməsi, bir-birini dinləməməsi, bəzən kişilərin birmənalı şəkildə hər şeyin onların istədiyi kimi olmasını hesab etmələri - bəzən bu halı qadınlar da sərgiləyə bilir - boşanmalara gətirib çıxarır: "Yəni ailələrin dağılmasına bütün bu münasibətləri, sosial-psixoloji gərginlikləri, müharibəni, pandemiyanın təsirlərini və xeyli digər arqumentlər gətirmək olar. Amma hər bir ailə fərdidir və özünəməxsus problemləri var". 

 

Ailələrinin dağılmasında kişilər kimi günahlandırır? 

 

Sığınacaq rəhbərinin sözlərinə görə, əksər vaxtlar kənar müdaxilələr ailənin dağılmasına gətirib çıxarır: "Kişilər arasında sorğu keçirmişdim. Həmin vaxt etiraf etdilər ki, qohumların, digərlərinin müdaxiləsi onların ailə münasibətlərinin yekunlaşmasına, yaxud zorakılığın baş verməsinə səbəb olur. Buna bəzi hallarda kişilərin imkansız olması, qohumlarından asılılığı və digər hallar da öz təsirini göstərir". 
M.Zeynalova deyir ki, problemin həlli ilə bağlı müxtəlif yollar tapmaq üzərində düşünmək lazımdır və zorakı ailə modeli artıq heç kim tərəfindən dəstəklənmir, bu, hökumət siyasətində də yoxdur: "Boşanmaya müraciət edən şəxslər üçün kifayət qədər vaxt verilir ki, onlar bu barədə düşünsünlər. Yeni Mediasiya İnstitutu yaranıb ki, orada da tərəflərə münasibətlərinin sülh yolu ilə tənzimlənməsi təklif olunur. Buna baxmayaraq, ümumən ailə münasibətlərində eqolar var və bu, imkan vermir ki, tərəflər bəzən münasibətləri sülh yolu ilə həll etsinlər. Hər iki tərəf uşaqların taleyinə biganə qalır".
Sığınacaq rəhbəri qeyd edir ki, ailələrin dağılmasının qarşısının alınması üçün insan hüquq və azadlıqlarına söykənən, müəyyən milli xüsusiyyətləri özündə cəmləşdirən ailələrin yol xəritəsini hazırlamaq, eyni zamanda onlara sosial inkişaf, dəstək proqramları yaratmaq lazımdır: "Düşünürəm ki, cənab Prezidentin "Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023-2026-cı illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı da bu məsələdə kömək olacaq".

 

Xəyanət, maddi səbəblər, sonsuzluq, zərərli vərdişlərə aludəçilik...

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə məsələləri şöbəsinin böyük məsləhətçisi Səmra Əliyeva bildirir ki, komitə tərəfindən mütəmadi olaraq ailələri narahat edən məsələlərlə bağlı araşdırmalar aparılır. 2020-ci ildə əhali arasında aparılan sorğuda vətəndaşlar əsasən sosial şəbəkələrin, sosial vəziyyətin, qeyri-rəsmi nikahların rəsmi nikahlara münasibətdə çoxalmasının ailələrə mənfi təsirlərinin olduqca böyük olduğunu vurğulayıblar. Eyni zamanda bəzi gənclərin düşünmədən, qarşı tərəfi tanımadan ailə qurmaq xatirinə nikaha daxil olmalarının gələcəkdə təməli möhkəm olmayan bu cür ailələrin dağılmasına gətirib çıxardığını bildiriblər. Sözügedən tarixdə 2400-dən çox respondent arasında keçirilmiş sorğuda iştirak edən şəxslərin çoxu boşanmanın səbəbləri sırasında aşağıda qeyd edilən faktorları vurğulayıblar: xəyanət, maddi səbəblər, sonsuzluq,  zərərli vərdişlərə aludə olmaq, sosial şəbəkələr, ailə məsuliyyətini anlamamaq, kənar müdaxilələr və sair.  
S.Əliyeva qeyd edir ki, Dövlət Komitəsinə mütəmadi edilən vətəndaş müraciətlərinin araşdırılması nəticəsində bir daha bu qənaətə gəlmək olur ki, problemsiz ailə yoxdur. Lakin problemlərin ər-arvad tərəfindən birgə həll edilməsi, digər ailə üzvlərinin də bu yolda yardımı, ailə daxilində kənar müdaxilələrə izn verilməməsi və bu kimi hallar yalnız təməli möhkəm olan, anlayış və ünsiyyətin bol olduğu ailələrdə mümkün olur: "Bütün bunların kökü isə yenə də ər-arvadın biri-birini anlamasına, xarakter uyğunluğuna və hörmətə bağlıdır".

 

Sosioloqdan SOS

 

Azərbaycanda boşanmaların kökündə dayanan sosial-iqtisadi, mənəvi-psixoloji səbəblərin çoxçeşidli olduğu qənaətində olan sosioloq Asif Bayramov isə deyir ki, ümumiyyətlə, əgər hər hansı cəmiyyətdə bəlli bir sosial institut dağılmağa üz tutubsa, deməli, cəmiyyət bu institutun üzərində bərqərar olduğu sütunları ya qoruya bilmir, ya da sadəcə qorumaq istəmir. 
Hazırda Azərbaycanda bu faktorların hər birinin olduğunu vurğulayan sosioloq deyir ki, ilk növbədə istənilən cəmiyyətdə ailə institutlarının dağıdılması qlobal səviyyədə aparılan bir siyasətdir və beynəlxalq güc mərkəzləri ayrı-ayrı cəmiyyətləri idarəolunan, milli ideya və ideallardan məhrum sosial kütləyə çevirmək istəyirlər: "Azərbaycan cəmiyyətinin də üzərində aparılan bu ideoloji, psixoloji oyuna qarşı hansısa sipər, döyüşmək üçün müvafiq ideoloji cəbhə yoxdur. Azərbaycanın televiziya efirində, mediasında ailə institutumuzun mənəvi təməllərinin və dəyərlər sisteminin qorunması istiqamətində hansısa  bir iş görülmür. Əksinə, qlobal mərkəzlərin bu istiqamətdə gördüyü işlərə daha çox dəstək hiss olunur. Ona görə də ölkənin bu məsələdən narahat olan rəsmi şəxsləri, mədəniyyət insanları dəfələrlə Azərbaycan efirinin yenilənməli olduğunu bildiriblər". 
Cəmiyyətimizin özünün də bu psixoloji, ideoloji hücumlardan qorunmağa hazır olmadığını hesab edən sosioloq bildirir ki, bu gün sosial medianı izləsək, şahid olarıq ki, cəmiyyətimizdə çox kiçik kəsim ailə dəyərlərinin qorunmasında maraqlıdır və onu dərk edir: "Burada sosial-iqtisadi faktorlar da var, amma bunları ailə institutunun dağılmasında həlledici faktorlar sırasına daxil edə bilmərik. Çünki babalarımız yüz, iki yüz il qabaq bundan daha ağır sosial-iqtisadi problemlərlə üzləşiblər. Amma bu, Azərbaycan ailə institutunun dağılmasına gətirib çıxarmayıb. Hər bir qərarı verən insan şüurudur, insanın dünyaya baxışı, əqidəsidir". 
Sosioloqun fikrincə, ölkəmizdə ciddi ailə böhranı yaşanır və bu tendensiya Azərbaycan cəmiyyətinin perspektivdə demoqrafik inkişafına son dərəcə mənfi təsir göstərəcək. 

 

Telefon boşanmaya səbəb ola bilərmi?

 

Ailə dəyərdir və onu hansısa qanunlarla, hazır düsturlarla idarə etmək mümkün deyil. Cəmiyyətin ən kiçik modeli olan ailənin sağlam olması məhz cəmiyyətin sağlam şüurundan, düşüncəsindən asılıdır. 
İndi zaman o zaman deyil ki, ailənin müqəddəratını el ağsaqqalları, ağbirçəkləri yığışıb həll etsinlər. Bu günün ailəsinin çətinlikləri də, problemləri də cütlüklərin bir-birinə sevgisi, güvəni ilə aşılır. Bu münasibətlərə əsaslanmayan ailələr isə əksərən dağılmağa məhkum olur. Fiziki, yaxud psixoloji şiddətin baş verdiyi ailələrin isə dağılması yox, bu cür vəziyyətdə sürdürülməsi əsl problem sayılmalıdır. 
Ancaq müşahidələrimizə, KİV-də, sosial mediada izlədiklərimizə əsasən deyə bilərik ki, bəzən adi səbəblər də ailələrdə boşanmalara aparıb çıxara bilir. Məsələn, həyat yoldaşı dadlı yemək bişirə bilmədiyinə, şalvarı yaxşı ütüləyə bilmədiyinə... görə boşanan kişilər, əri bahalı geyim, zinət əşyaları almadığına, onu hər gün gəzməyə aparmadığına... görə evliliyini bitirən qadınlarımız var... 
Elə bu günlərdə də bir xanım psixoloq efirdə "əgər mənim 3000 manatlıq telefon kimi emosional ehtiyacım varsa, ya həyat yoldaşım onu almalıdır, ya da boşanmaq kimi şansım var" deməsi ilə ailələrimizin necə absurd səbəblərdən dağıldığının mənzərəsini gözlər önünə sərdi. Həmin qadının psixoloq olması isə məsələnin bir başqa tragikomik tərəfidir...
Göründüyü kimi, XXI əsrdir və cütlüklər sivil şəkildə ailə qurduqları kimi, qarşılaşdıqları problemlərə, ürəkləri istəyən səbəblərə görə də boşanırlar...
Səbəbindən asılı olmayaraq boşanma hallarının durmadan artması Azərbaycan ailə institutunu dağıdır. 
Analar, atalar, uşaqlar isə parçalanmış ailələrin yarımçıq hissələrinə çevrilirlər... 

Yasəmən MUSAYEVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!