03 Fevral 2026 09:00
235
Mədəniyyət
A- A+
Terminologiya: ideoloji mübarizənin əsas cəbhələrindən biri

Terminologiya: ideoloji mübarizənin əsas cəbhələrindən biri


Ötən əsrin əvvəllərində terminologiya sahəsi ideoloji mübarizənin əsas cəbhələrindən birinə çevrilmişdi. Türk xalqları arasında vahid terminoloji sistem mövcud deyildi. Azərbaycan ədəbi dilində milli terminlərin formalaşması XIX əsrin ikinci yarısına təsadüf edir və həmin dövrədək elmi terminlərin böyük qismi ərəb mənşəli olmuş və tərcümə əsərlərində əsasən orijinaldakı kimi saxlanılmışdır. 

Terminologiya sistemlərində ərəb və fars mənşəli sözlərin say dinamikası isə Azərbaycan dilinin keçdiyi mürəkkəb tarixi proseslərlə üzvi surətdə bağlı olmuşdur. Azərbaycan milli dilinin təşəkkülü mərhələsinədək elmi üslubun əsas terminoloji mənbə rolunu oynayan ərəb və fars sözlərinin ictimai zərurət baxımından əhəmiyyətini nəzərə alan I Ümumittifaq Türkoloji Qurultay dilimizin normalarına uyğunlaşaraq mənimsənilmiş bu sözlərin seçmə yolu ilə istifadəsini məqsədəuyğun hesab etmişdir. Bu yanaşmanın nəticələri bu gün də öz təsdiqini tapmaqdadır. 

XX əsrin əvvəllərindən etibarən Azərbaycan dilinin ictimai və kommunikativ funksiyası genişlənmiş, ictimai həyatda baş verən dəyişikliklər, eləcə də elm və mədəniyyətin inkişafı dilin lüğət tərkibinə və sözlərin semantikasına ciddi təsir göstərmişdir. Yeni ictimai-siyasi şəraitin formalaşması ilə əlaqədar sözalma mənbələri də dəyişmiş, meydana çıxan yeni anlayışları ifadə etmək üçün çoxsaylı yeni söz və terminlər yaranmış, bəzi leksik vahidlər isə arxaikləşərək dildən çıxmış və ya yeniləri ilə əvəz olunmuşdur. Ötən əsrin ilk onilliklərinədək ərəb və fars dilləri yeganə terminoloji mənbə funksiyasını tam itirmiş, kəmiyyət və keyfiyyət baxımından yeni anlayışların ifadəsi üçün rus və Qərbi Avropa dillərindən alınmış terminlərdən istifadə edilməyə başlanılmışdır. Bununla belə, rus və müasir Avropa dillərinin terminoloji təsirinə baxmayaraq, ərəb və fars mənşəli terminlər Azərbaycan dilinin terminologiya sistemində mövqelərini qoruyub saxlamış və müəyyən mənada bünövrə xarakteri daşımağa davam etmişdir. 

Terminoloji sistemdə ərəb və fars mənşəli sözlərə ikili münasibət yaranmışdı. Bəzi tədqiqatçılar dilimizin qrammatik qaydalarına uyğun gəlməyən mürəkkəb, digərləri isə hətta artıq mənimsənilərək "vətəndaşlıq hüququ" qazanmış ərəb və fars mənşəli söz və terminlərin dilimizdən tamamilə çıxarılmasını təklif etmişlər. Məsələn, F.Ağazadə "Türkcəni zənginləşdirmək yolları" adlı məqaləsində ərəb və fars sözlərinin əleyhinə olduğunu açıq şəkildə bildirir və onların "türkləşdirilməsi üsulları"nı göstərir. Bu üsulların səmərəsiz olduğu hallarda digər tədbirlərin görülməsini təklif edərək yazırdı: "Əvvəla, türkləşə bilməyən kəlmələrin əski türkcəsi varsa, həmin əski kəlmələri tapıb canlandırmalı; ikincisi, hərgah türkləşə bilməyən kəlmələrin əski türkcəsi yoxdursa, başqa türk şivələrindən qarşılıqlarını almalı". Beləliklə, termin yaradıcılığı sahəsində purizm adlanan və dilin lüğət tərkibinin zənginləşməsi və təkmilləşməsinə müəyyən təsir göstərən ziddiyyətli bir cərəyan formalaşmışdır. 

Puristlər ərəb və fars mənşəli terminlərə birtərəfli yanaşır, Azərbaycan terminologiyasında mövcud nöqsanların aradan qaldırılmasının əsas yolunu bütün bu sözlərin dildən çıxarılmasında və onların yerinə hər vəchlə qarşılıqlar qoyulmasında, yaxud sözlərin sonluqlarının Azərbaycan dilinə uyğunlaşdırılmasında görürdülər. Bu yanaşmanın konkret nümunələrini 1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında təşkil olunmuş İstilah Komissiyasının hazırladığı lüğətlərdə müşahidə etmək mümkündür. "Maarif və mədəniyyət" jurnalının 1923-cü il 3-cü sayında Ə.Cövdət İstilah Komissiyasının ərəb və fars mənşəli terminləri dilimizdən tamamilə çıxarmaq prinsipinə əsaslanan terminoloji lüğətlərə tənqidi mövqedən yanaşmışdır. Termin yaradıcılığında purizmin zərərli bir hadisə olduğunu göstərən B.Çobanzadə isə "Türkcə sərf və nəhv istilahları" adlı məqaləsində "Əcəba, Azəri türk sərf və nəhvində hansı tədbirləri işlətməli?" sualına üç müxtəlif cavab təqdim edir: 1.Avropa terminlərini qəbul etmək; 2.Terminləri türk dilinin imkanları hesabına yaratmaq; 3.Əski ərəb terminlərini mümkün olduğu qədər sadələşdirərək müvəqqəti olaraq qoruyub saxlamaq. Əlbəttə, terminologiyamızın çətin anlaşılan ərəb və fars mənşəli sözlərdən təmizlənməsi və ədəbi dilin xalq danışıq dilinə yaxınlaşdırılması prosesində puristlərin xidmətlərini inkar etmək olmaz. Onların yaratdıqları terminlərin bir çoxu bu gün də aktiv işlənməkdədir: fırlanma, yığılma, durum, sıxac, tıxac, biçim, itki, bildiriş, görkəm, uduş və s. 

I Ümumittifaq Türkoloji Qurultayda Həbibulla Əbdürrəşid oğlu Odabaş (1891-1937) məruzəsində purizmin müsbət cəhətlərinə toxunaraq qeyd edir ki, purizm ərəb və fars dillərinin qrammatik qanunlarının Azərbaycan dilinə təsirini zəiflətdi və bu dillərdən söz axınının qarşısını müəyyən dərəcədə aldı. Qeyd etmək lazımdır ki, Odabaş qurultaydakı bir çox məruzəçidən fərqli olaraq, ərəb və fars sözlərinə daha az mühafizəkar münasibət bildirmişdi. 

Artur Rudolfoviç Ziffeld-Simumyagi (1889-1939) "Türk dillərində elmi terminologiyanın yaranma prinsipləri" mövzusunda etdiyi məruzədə ərəb və fars mənşəli terminlərə qarşı açıq şəkildə mənfi mövqe sərgiləyir. O, türkdilli xalqların elmi terminologiyasının formalaşmasında prinsiplərini, əsas ideyalarını aşağıdakı kimi ümumiləşdirir:

1. Elmi terminlərin qaynağı - türk dillərində elmi terminlər ya mövcud türk sözlərindən yaradılır, ya da xarici dillərdən götürülərək fonetik və morfoloji uyğunluq təmin edilir.

2. Fonetik uyğunluq - terminlər türk dilinin səs sisteminə uyğun olmalıdır ki, həm danışıqda, həm yazıda rahat istifadə olunsun.

3. Morfoloji uyğunluq - söz quruluşu və şəkilçilər türk dilinə uyğun seçilir, bununla da yeni terminlər dilin qanunlarına zidd olmur.

4. Dialektlərarası birlik - müxtəlif türk dialektlərində terminlərin oxşar formada olması qarışıqlığın qarşısını alır və elmi kommunikasiya üçün vacibdir.

5. Alınma sözlərin mənimsənilməsi - Avropa dillərindən və digər dillərdən alınan sözlər türk dilinin fonetik xüsusiyyətlərinə uyğunlaşdırılır.

6. Tarixi və mədəni amillər - terminologiya yaradılarkən həm dilin tarixi inkişafı, həm də milli-mədəni xüsusiyyətlər nəzərə alınır.

O, əksər türkdilli xalqların mühitində ədəbi dilə münasibətdə dörd əsas istiqaməti fərqləndirir və onları belə adlandırır: panislamistlər, avropalaşdırıcılar, pantürkçülər, xalqçılar (demokratlar). Bu dörd istiqamətə ictimai baxışdan yanaşmaq üçün həyatın digər sahələrində baş vermiş inqilabı və cəmiyyətin qarşısında duran mövcud vəzifələri nəzərə alır. Onun fikrincə, avropalaşdırıcılar - daha müasir, daha irəliyə getmək istəyən, daha inqilabçı insanlar, mədəniyyət ideallarını Orta əsr müsəlman dünyasında deyil, daha inkişaf etmiş xalqlarda axtarırlar. 

Xalqa yaxın ədəbi dil yaratmaqda böyük kömək canlı xalq ləhcələrinin izahlı lüğətləri ola bilər; bu lüğətlərə dilçilərin rəhbərliyi altında, kənd müəllimlərinin iştirakı ilə söz materialı toplanmalıdır. Məsələn, anatomiya və tibb ilə bağlı terminlərin bir çoxu qəssablar, baytarlar və həkimlər tərəfindən tapıla bilər; aqronomluq və botanika terminləri fermerlər, bostançılar, bağbanlar tərəfindən; zoologiya - ovçular və balıqçılar tərəfindən və s. Əgər mürəkkəb anlayışları ifadə etmək üçün hazır sözlər yoxdursa, ən faydalı yol doğma dilin köklərindən söz yaratmaqdır, məsələn, demir - yol (dəmir yolu) nümunəsində olduğu kimi. Ərəbçilər tərəfindən gülünc hesab edilən yer-bil tipli terminləri rədd etmək lazım deyil, onları düzəltmək olar: yer-bilik  - torpaqşünaslıq, yıldız-bilik - astronomiya, su-bilik - hidrologiya və s. Xalq dilinin dialekt zənginliklərindən tam istifadə edildikdən sonra belə bəzi boşluqlar qalacaq və onlar yalnız başqa dillərdən götürülməklə doldurula bilər.

Ərəb və fars sözlərinin əleyhinəyəm, hesab edirəm ki, bunlar yalnız dini irsdən qalmışdır, buna görə də türk dillərində yalnız dini anlayışları ifadə edən terminləri saxlamaq mümkündür. Məsələn, ərəb dilindən: "Allah", "şeytan", "molla", "axund", "namaz", "hacı"; fars dilindən: "dərviş", "abdəst" və s. Ümumi qayda olaraq, xarici dillərdən terminlər yalnız son çarə kimi götürülməlidir, yəni öz dilimizin bütün imkanları istifadə edildikdən sonra.

Ziffeld-Simumyaginin məruzə etdiyi prinsiplər klassik terminologiya nəzəriyyəsi ilə ümumən uzlaşır: daxili mənbələrə üstünlük verilir. Bu milli terminologiyaların formalaşdırılmasında təbii yanaşmadır. Dilin öz köklərindən yaradıcılıqla istifadə edilməsi həm dilin milliliyini qoruyur, həm də danışan üçün anlaşıqlığı artırır. Alınma terminlərin yerli dilin səs və söz quruluşuna uyğunlaşdırılması da istifadədə rahatlıq yaradır. Türk dillərinin yaxınlığı nəzərə alınarsa, ortaq terminoloji sahə yaratmaq elmi kommunikasiya üçün çox faydalıdır. Canlı dil materialı üzərində terminologiya qurmaq fikri çox sağlamdır, "yer-bilik", "su-bilik" kimi modellər məhz bu yanaşmanın məhsuludur - yəni termin birbaşa semantik şəffaflıq qazanır. 

Məruzənin ən kəskin hissəsi ərəb və fars sözlərinə qarşı tutduğu mövqedir. O, burada iki böyük problem görür: 1) ideoloji  mövqe. Terminologiyanın ideologiyalaşdırılması ilə elm dilinin mənbələrini sırf dini keçmişlə bağlayıb rədd etmək. Ərəb və fars elementləri təkcə dini sahə ilə məhdudlaşmır; fəlsəfə, məntiq, tibb, ədəbiyyat terminlərinin böyük hissəsi tarixən bu dillərdən keçmişdir. 

2) real dil faktoru. Əksər türk xalqlarının  ədəbi dilində ərəb və fars sözləri artıq "milliləşmiş"dir, onları süni şəkildə çıxarmaq həm sabitlik, həm də anlaşma baxımından parçalanmaya səbəb ola bilər. Ziffeld açıq şəkildə bildirir ki, ərəb və fars sözlərinin əleyhinədir, bunlar dini irsdən qalmışdır. Yəni ərəb və fars terminləri "standart mənbə" yox, yalnız fövqəladə ehtiyat variant kimi görülür: dilin öz leksik imkanlarına böyük önəm verir, türk dilləri üçün milli kimliyi gücləndirir. Ancaq ərəb və fars sözlərini  təkcə dini miras adlandırmaq düzgün deyil, məsələn, "fəlsəfə", "məntiq", "ədalət", "mədəniyyət", "elm" kimi sözlər dini yox, mədəni-elmi terminlərdir, bunlar artıq xalqın dilində milliləşib, islam dünyasında elm yalnız dini deyil.

Ziffeldin təklif etdiyi modelə diqqət edək. 1-ci mərhələ türk dillərinin öz köklərindən termin yaratmaq. Məsələn, torpaqşünaslıq - yer-bilik, astronomiya - yıldız-bilik, hidrologiya - su-bilik və s. 2-ci mərhələ dialektlərdən söz tapmaq. 3-cü mərhələ ən sonda başqa dillərdən söz  almaq. Bu məruzədə ən orijinal fikirlərdən biri budur ki, elmi terminləri yalnız alimlərdən yox, xalq içində olan  konkret peşə sahiblərindən toplamaq lazımdır. O, konkret sosial qrupları sadalayır. Məqsəd  xalq dilinə əsaslanan terminoloji sahə yaratmaq cəhdidir: xalq dilinin canlı resurs kimi qəbul edilməsi, terminologiyanın təcrid olunmuş elit sistemə çevrilməməsi, terminlərin təbiiliyini və işləkliyini artırması. Bu halda da bəzi problemlər ortaya çıxa bilər: xalq dilində bütün sahələr üçün terminoloji ifadələr yoxdur, terminlərin beynəlxalq uyğunluğu zəifləyə bilər, terminlər məişət yönümlü ola bilər, bu halda elmi dəqiqlik itkisi yarana bilər. 

Ziffeld dil siyasətini panislamistlər, avropalaşdıranlar, pantürkçülər, xalqçılar cərəyanları ilə əlaqələndirir və özü avropalaşdıranlara daha yaxındır. Bu, ərəb və fars terminlərinə etirazının sırf dil deyil, həm də mədəni-siyasi mövqeyi ilə əlaqədar idi. Bu mövqe XX əsrin əvvəllərində geniş yayılmış modernist yanaşmadır: keçmişdən qopmaq və Qərb elm modelinə yaxınlaşmaq. 

Məruzə elmi terminologiyanın milliləşdirilməsi üçün güclü və ardıcıl nəzəri çərçivə təklif edir, lakin ərəb-fars mənşəli sözlərə qarşı münasibəti ideoloji xarakter daşıdığı üçün obyektiv elmi mövqe sayıla bilməz. Ziffeldin məruzəsinin əsas müsbət tərəfi: milli dilə böyük hörmət, xalq danışıq dilinin dəyərini vurğulaması, terminologiyanın sistemli qurulmasını tələb etməsi, türk dilləri arasında birlik ideyası.

B.Çobanzadə elmi terminologiya sistemi ilə bağlı çıxış edir. Belə bir nəticəyə gəlir ki, Avropa xalqlarının dilində artıq vahid elmi terminologiya formalaşıb, buna görə də hər hansı bir sahənin mütəxəssisi digər millətlərin mütəxəssisləri ilə çətinlik çəkmədən ünsiyyət qura bilir. Həmin nəticələri verən əsas amillər bunlardır: elmi sistemin vahidliyi, sxolastik latın dili və Renessans dövrünün ortaq bazası Avropa xalqları arasında sıx əlaqə, onların Hind-Avropa dil ailəsinə mənsub olması. Avropa xalqlarının əsası vahid iqtisadiyyat və bu xalqların sıx əlaqəsidir, öz növbəsində ortaq elmi-mədəni dilin formalaşması ilə nəticələnir.  

Türk dillərinin lüğəti üçün 3 ümumi baza mövcuddur. Birincisi, ümumtürk bazasıdır. Digər məsələlərdə biz türk dialektləri arasındakı fərqlilikləri müzakirə etmişik, lakin bu, yalnız dialektlər arasındakı münasibətləri və fərqləri müəyyən etmək üçün edilmişdir. Türk dialektləri arasında ortaq baza təşkil edən böyük material və minlərlə ortaq xüsusiyyət mövcuddur. Bu baza terminologiya hazırlanarkən nəzərə alınmalıdır. Hər hansı yolla dillərimiz bu baza ilə zənginləşsə də, bunu yalnız aqqlütinasiya və ya ahəng baxımından qiymətləndirmək olmaz. Bizdə ahəng və aqqlütinasiya, yəni təmiz türk dilinə xas xüsusiyyətlər ərəb və fars sözləri ilə pozulmuşdur. Dilimiz bu qarışmaları nəzərə alaraq, tamamilə təmiz türk dili deyildir və buna görə də o, aqqlütinasiya və ahəng qanunlarının əsas qaydalarına tam tabe olmur. Çuvaşlar və qismən yakutlar istisna olmaqla, onlar müsəlman olmasalar da, islamın təsirinə məruz qalan digər qohumları ilə yaxınlıq nəticəsində çoxlu Avropa, ərəb və fars sözünə sahib olmuşlar. Fars və ərəb mənşəli sözlər əsasında başqa baza mövcuddur. Məsələn, Əlişir Nəvai, eləcə də XV-XVI əsrlərin istənilən osmanlı klassiklərinin (Baki, Nəbiya və Nadimi və b.) terminologiyasında olan ərəb və fars sözləri sayəsində dilləri oxşardır və bizim üçün başadüşüləndir.

Terminologiya hazırlanarkən diqqət yetirilməli üçüncü ümumi baza isə elmi anlayışların, konsepsiyaların, terminlərin qəbulunda Avropa istiqamətidir. Heç bir xalq, hətta Çin sərhədlərində olsa belə Şərqə deyil, Qərbə yönəlir. Yaponiya çox təcrid olunmuşdur və Uzaq Şərq türk tayfalarına təsir göstərə bilməz. Yakutlardan başlayaraq, Avropa mədəniyyətinə, sivilizasiyasına yönəlmişik, bu da ümumi bazadır.

Terminlərin iki mənası var: elmi və pedaqoji. Terminlər olmadan məktəblərdə dərs deyə və elmi kitablar yaza bilmərik. Terminlərlə biz yalnız öz elmi vəziyyətimiz və mədəni şəraitimizi nəzərə alaraq pedaqoji tərəfə yönələ bilərik, çünki bir neçə ildən sonra artıq 3-cü pillə, yəni ali məktəblər üçün terminlərin yaradılması zəruri olacaq. Mən belə bir mövqedən çıxış edirəm, hələlik elmi tərəfi saxlayaq, pedaqoji tərəf bütün elmi əhəmiyyətli məsələləri əhatə edir. Elmi terminologiya hər anlayış üçün ayrı bir söz tələb edir, sözlərin bir-biri ilə qarışdırılmaması vacibdir. Terminologiya yaradılarkən yerli dillərə, xüsusən də onların fonetik formalarına, yəni sözlərin tələffüzü və morfologiyasına diqqət yetirilməlidir. Bütün türk xalqları elmi terminologiyanın yaradılmasına və Avropa klassik ədəbiyyatına keçidə hazırlaşmalıdır. Bunun üçün əsasları götürməliyik: müsəlman, ərəb-fars, ümumtürk və Avropa bazaları. Avropa terminləri üçün isə vahid mənbəyə yönəlmək lazımdır: məsələn, yunan əsasında termin alınacaqsa, bütün türk xalqları onu yunan formasında qəbul etməlidir. 


(Ardı var)


Nadir MƏMMƏDLİ,

AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Əbu-Dabidə Müsəlman Ağsaqqalları Şurasının baş katibi ilə görüşü olub  

10:20
03 Fevral

Dünyada ilk uşaq xərçəngi peyvəndinin sınaqları Avstraliyada başlayır  

10:18
03 Fevral

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında təhsil sahəsində əməkdaşlıq genişləndirilir  

09:51
03 Fevral

Süni intellekt həkimi əvəz edə bilərmi?

09:35
03 Fevral

Rusiya və Ukrayna arasında davam edən hərbi əməliyyatlarda iştirak etmiş Azərbaycan vətəndaşları məsuliyyətə cəlb olunublar

09:31
03 Fevral

Azərbaycan nefti ucuzlaşıb

09:31
03 Fevral

ABŞ, Rusiya və Ukrayna arasında danışıqlar təxirə salındı

09:30
03 Fevral

ABŞ Prezidenti: İranla danışıqlar aparırıq, prosesi zaman göstərəcək  

09:28
03 Fevral

Media: Trampın idarəetmə tərzi dolların məzənnəsinə mənfi təsir göstərir  

09:27
03 Fevral

Kiyevə çoxkombinasiyalı hava hücumu edilir

09:26
03 Fevral

Belə getsə, yerli mal-qara "Qırmızı kitab"a düşəcək

09:25
03 Fevral

Ərdoğan: Türk dünyası Türkiyənin xarici siyasətində xüsusi yer tutur  

09:24
03 Fevral

Tovuzlular ötənilki nəticələri son hədd saymırlar

09:20
03 Fevral

Keçən il Ağstafada orta aylıq əməkhaqqı 8,7 faiz artıb

09:15
03 Fevral

Xızılı gənclərin sorağı rayon sərhədini çoxdan aşıb

09:10
03 Fevral

Ağsaqqallar Gənclər Gününü Gəncədə qeyd etdilər

09:05
03 Fevral

Terminologiya: ideoloji mübarizənin əsas cəbhələrindən biri

09:00
03 Fevral

Azərbaycan və Gürcüstanın dəniz limanları arasında əməkdaşlıq dərinləşir

08:55
03 Fevral

Bir fərmanın tarixi

08:50
03 Fevral

Dünya ölkələrində şöhrət qazanmış görkəmli memar

08:45
03 Fevral

Bərpaolunan abidələr, yaşayan tarix

08:40
03 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!