İqlim dəyişmələrinin qarşısını almaq üçün külli miqdarda vəsait lazımdır
İnsanın təbiəti amansızcasına istismar etməsi dünyanı fəlakət həddinə gətirib. Son dövrlər baş verən aşırı yağışlar, quraqlıq, güclü külək və fırtınalar təbiətin insandan qisas almasıdır. İndi insan ətraf mühitə qarşı törətdiyi fəsadların acı nəticələrini yaşayır.
COP və bunun kimi tədbirlərin əsas məqsədi məhz yaranmış bu acınacaqlı vəziyyətin qarşısını almaqdır. Amma bunun üçün külli miqdarda vəsait lazımdır. Ölkəmizdə keçirilən COP29-un qarşısında duran əsas vəzifələrdən biri də dünya dövlətlərinin səylərini birləşdirərək həmin maliyyə mənbələrini yaratmaqdır. Dövlətlər unutmamalıdır ki, bu problem sözlə, siyasi çıxışlarla deyil, vəsaitlə həll oluna bilər.
Elə COP29 çərçivəsində "İqlim maliyyələşdirilməsi imkanları - dayanıqlı gələcək üçün həlledici məqam və dönüş nöqtəsi" mövzusunda yüksəksəviyyəli "dəyirmi masa"nın keçirilməsinin səbəbi də budur. COP29-un sədrliyi tərəfindən keçirilən tədbirdə əsas müzakirə mövzusu iqlim maliyyələşməsi və qlobal iqlim fəaliyyətinin gələcək perspektivləri, iqlim maliyyələşməsi üçün orta məxrəcin əldə olunması, həmçinin Paris Sazişinin məqsədlərinə çatmaqdan ötrü maliyyə razılaşmalarının əhəmiyyətli araşdırılması olmuşdur.
Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev vurğulayıb ki, iqlim maliyyələşdirilməsi planetimiz üçün xüsusi əhəmiyyət daşıyır: "Hazırda 1,5 dərəcə hədəfinə nail olmaq üçün bütün maraqlı tərəflərlə müzakirə etmək imkanı yaranıb. Bununla bağlı COP29 sədrliyi müzakirələrin uğurla yekunlaşması üçün uzun müddətdən bəri bütün tərəflərlə iş aparıb, ortaq fikrə gəlməsi üçün uğurlu fürsət yaranıb". Nazir həmçinin deyib ki, hökumətlərdən tutmuş özəl sektora kimi, eləcə də beynəlxalq maliyyə institutları ədalətli və iddialı iqlim maliyyələşməsi üçün töhfə verməlidirlər.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil isə çıxışında diqqətə çatdırıb ki, müasir dünyada hər il "yaşıl texnologiya"lara ayrılan vəsaitlər artsa da, bu, iqlim dəyişikliklərinə qarşı yetərli deyil: "Beynəlxalq ictimaiyyət dünyanın gələcəyini xilas etmək üçün kollektiv iqlim fəaliyyətlərini dəstəkləməli, "yaşıl iqlim" hədəfləri istiqamətində səyləri birləşdirməlidir. Bundan ötrü qlobal maliyyə arxitekturası yaradılmalı, iqlim maliyyələşməsinə yeni maliyyə resursları yönəldilməlidir".
Tədbirdə çıxış edən Dünya Bankının prezidenti Acay Banqa və Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava çoxtərəfli inkişaf banklarının ətraf mühitin mühafizəsi üçün həyata keçirdikləri proqramlar, inkişaf etməkdə olan ölkələr üçün iqlim dəyişmələrinin yaratdığı fəsadlarla mübarizə üçün görülən işlərdən danışıblar. Onlar vurğulayıblar ki, bu istiqamətdə təkcə maliyyə ayırmaq kifayət deyil, eyni zamanda ölkələri iqlim böhranı ilə mübarizədə hərtərəfli dəstəkləmək lazımdır.
COP29-da Paris Sazişini imzalayan tərəflər qlobal maliyyə axınlarının sazişə daha da uyğun olmasını təmin etməli və İqlim sahəsində Maliyyə üzrə Yeni Kollektiv Kəmiyyətləşdirilmiş Məqsədin (NCQG) qəbulu vasitəsilə investisiyaların yatırılmasına imkan yaratmalıdırlar. Hazırda Aİ iqlim sahəsində ən böyük beynəlxalq maliyyə təminatçısıdır. Artıq keçən il 28,6 milyard avro dövlət maliyyə vəsaitinin ayrılmasına və tullantı qazların emissiyalarının azaldılmasında, həmçinin iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaqda inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün əlavə 7,2 milyard avro qeyri-dövlət maliyyə vəsaitinin səfərbər edilməsinə töhfə vermişdir.
Hazırda aparılan danışıqlarda əsas məqsəd keçən il Dubayda razılaşdırılan və fosil yanacaq növlərindən bərpaolunan enerji mənbələrinə keçidi, bərpaolunan enerji mənbələrinin inkişafına ayrılan sərmayələrin üçqat artırılmasını və 2030-cu ilədək enerjinin səmərəliliyi üzrə tədbirlərin ikiqat artırılmasını nəzərdə tutan qlobal enerji məqsədlərini təsdiqləməkdir. Danışıqlarda Aİ-ni təmsil edən nümayəndələr gələn il bütün tərəflərdən təqdim olunacaq milli səviyyədə müəyyənləşdirilmiş töhfələr üzrə iddialı gözləntilər təyin etməyə çalışacaqlar. Bundan əlavə, Aİ-nin danışıqlar qrupu Paris Sazişinin 6-cı maddəsinə uyğun olaraq, beynəlxalq karbon bazarlarına dair danışıqları yekunlaşdırmaq üzərində işləyəcək.
"Mən bu tədbirə Uqandadan qatılıram. COP29-un maliyyə probleminin həllinə müsbət təsir edəcəyini düşünürəm. Maliyyə böhranının həllini səbirsizliklə gözləyirik, çünki nə qədər gecikdirsək, böhran Afrika ölkələrinə bir o qədər çox ziyan verəcək". Bunu Uqandada fəaliyyət göstərən "Yaxşı həyat" beynəlxalq təşkilatının icraçı direktoru Denise Akampurira Ayebare bildirib. O, qlobal istiləşmənin cənuba daha çox zərbə vurduğunu bildirərək deyib: "Afrikaya ayrılan qlobal maliyyənin yalnız çox az bir qismi, təxminən 1,6 faizi onlara çatır. Buna görə də biz iqlim dəyişikliyi ilə mübarizədə sürəti artırmağı səbirsizliklə gözləyirik ki, bu prosesdən əziyyət çəkən ölkələrin hər hansı bir müsbət istiqamətə doğru çıxışını təmin edə bilsin".
Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Camera isə COP29 çərçivəsində keçirilən "Nazirlər dialoqu: Bərpaolunan mənbələrin üçqat artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üçün investisiyaların genişləndirilməsi" mövzusunda çıxışı zamanı deyib: "İqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün yeni kəmiyyətli maliyyə qanunu ilə razılaşmaq lazımdır. Məbləğ vacib deyil, çünki biz bilirik ki, keçid üçün trilyonlara ehtiyacımız var. Təcrübəmizi nəzərə alaraq, biz bütün fəsillər üçün müəyyən nəticə yazmağa çalışacağıq ki, burada danışıqlar aparan şəxs həmin təklifin yekun sənədi üzrə son razılığa gəlmək üçün bu element təklifindən istifadə edə bilsin. Biz, əsasən, bərpaolunan mənbələrin üstünlük təşkil edəcəyi yeni enerji sisteminə doğru gedirik. Bunu heç kim dayandıra bilməz. Biz iqlim dəyişikliyi ilə mübarizə üçün nəzərdə tutduğumuz yerə vaxtında çatacağıq".
Rüstəm KAMAL,
"Azərbaycan"