12 Sentyabr 2024 09:25
957
Mədəniyyət
A- A+
Tariximizin səs yaddaşı

Tariximizin səs yaddaşı

 

Ölkəmizdə fəaliyyət göstərən altı dövlət arxivindən birində - Azərbaycan Respublikası Dövlət Səs Yazıları Arxivindəyik... Əlli altı yaşı var bu qiymətli xəzinənin... Nazirlər Sovetinin 154 saylı qərarı ilə 1968-ci il aprelin 5-də yaradılıb. Ancaq saxladıqlarının, mühafizə etdiklərinin tarixi yarım əsrdən də artıqdır. Burada xalqımızın tarixinin, mədəniyyətinin, incəsənətinin çox dəyərli nümunələri qorunur.

 

On beş respublika arasında yalnız Azərbaycanda yaradılmış arxiv

 

Sovet İttifaqının tərkibində olan on beş respublika arasında yalnız Azərbaycanda yaradılmış Səs Yazıları Arxivinin qarşısına ölkənin ictimai, siyasi, elmi və mədəni həyatını əks etdirən, eləcə də Azərbaycana gəlmiş incəsənət xadimlərinin zaman keçdikcə tarixə çevrilmiş səs yazılarının - fonosənədlərin toplanılması, daimi qeydiyyata  alınması, mühafizəsinin təmin olunması vəzifəsi qoyulub.
İlk sənədləri qrammofon valları və maqnitli lentlər olub. Dövlət Səs Yazıları Arxivinin direktoru Xalidə Fərəcullayeva deyir ki, texnikanın inkişafı ilə əlaqədar indi arxivdə səs və görüntü daşıyıcıları, bu gün hamının tanıdığı kompakt kasetlər, rəqəmsal səs və görüntü sənədləri də toplanılır: "Arxivin sənədləri tərkibinə görə çox zəngindir. Hazırda 50000 saxlama vahidindən artıq fonovideo sənəd mühafizə edilir ki, onlardan 9000 saxlama vahidi  görüntü sənədlərinə aiddir".
Xalidə Fərəcullayeva bizi arxivlə tanış edir. Səs Yazıları Arxivində rəsmi olaraq iki şöbə fəaliyyət göstərir. Sənədlərin qeydiyyatı, mühafizəsinin təmin edilməsi və Elmi-texniki şöbə. Mövcud olmayan iki şöbənin - sənədlərin komplektləşdirilməsi, dəyərinin ekspertizası və Milli Arxiv Fondu sənədlərindən istifadə və informasiyanın təminatı şöbələrinin, ötən ildən, həmçinin arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsinin vəzifələrini də bu şöbələr yerinə yetirir.

 

Ötən əsrin əvvəlindən bu günə...

 

Öyrənirik ki, 1901-1914-cü illərdə dünyanın müxtəlif səsyazma səhmdar şirkətləri - İngiltərənin "Qrammofon", Parisdə Şarl və Emil Pate qardaşlarının yaratdığı "Pate", Varşavanın "Sport-Rekord", Kiyevin "Ekstrafon", Tiflisin "Monarx-Rekord", Bakının "Qrammofon-Rekord" şirkətləri tərəfindən istehsal edilmiş  nadir sənət inciləri içərisində Məşədi Məhəmməd Fərzəliyev, Keçəçioğlu Məhəmməd, Şəkili Ələsgər Abdullayev, İslam Abdullayev (Segah İslam), Cabbar Qaryağdıoğlu, Qasım Abdullayev (Zabul Qasım), Seyid Mirbabayev, Cəmil Əmirov, Məcid Behbudov, Məmməd Tağı, Həmid və Əsgər Malıbəyli qardaşları, Salyanlı Şirin Axundov, Mirzə Güllər xanım, Mirzə Fərəc Rzayev, Mirzə Mansur Mansurov, Qurban Pirimov və daha neçə-neçə istedadların ifasında muğam, təsnif, bəstəkar və xalq mahnıları əbədiləşdirilib.
Səsyazma şirkətləri vallarla bərabər onların kataloqlarını da kitabça şəklində hazırlayıb yayırdılar. Arxivdə belə kataloqlardan bir neçə nümunə var. Onlardan birində - Varşavanın "Sport-Rekord" səsyazma şirkəti tərəfindən buraxılmış kataloqda Cabbar Qaryağdıoğlunun 18 qrammofon valının siyahısı, xanəndənin şəkli, müşayiət edənlər haqqında məlumat və ifa olunmuş musiqinin adı qeyd edilib.
1914-cü ildə Varşavanın "Sport-Rekord" səsyazma şirkəti tərəfindən "Əlli yaşında cavan" və "Evliykən subay" səhnə əsərlərindən bəzi fraqmentlər vala yazılıb. Aktyor Hacıağa Abbasovla yanaşı, əsərin müəllifi bəstəkar Zülfüqar Hacıbəyovun da partiyaları ifa etməsi valın dəyərini artırır.
Arxivin direktoru məlumat verir ki, vala ilk həvəskar xanəndə Əbdülqadir Cabbarovun səsinin yazıldığı güman edilir. Dostları ilə Riqa şəhərində səyahətdə olarkən, onların xahişi ilə ifasında "Heyratı" muğamı İngiltərənin "Qrammofon" səsyazma şirkətinin əməkdaşları tərəfindən lentə alınıb. Həvəskar xanəndənin yeganə valı indi nadir sənədlərindəndir. Özündən xəbərsiz yazılmış fonosənəd isə Çəmbərəkəndli Qədirbalanın çox güclü və məlahətli oxumasının əyani sübutudur.
Azərbaycanın teatr tarixi və onun ilk yaradıcılarından olan Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Dadaş Şaraplı, Mirzəağa Əliyev, Ələsgər Ələkbərov, Sidqi Ruhulla, Fatma Qədri, Rza Təhmasib, Ağadadaş Qurbanov, Kazım Ziya, Adil İsgəndərov, Hökumə Qurbanova, Ülvi Rəcəb, Hacıağa Abbasov, Nəcibə Məlikova və daha neçə-neçə sənətkarın səsləri də xüsusi qayğı ilə qorunur.
Arxivdə musiqinin bütün janrlarında, böyük və kiçikhəcmli, Azərbaycan və dünyanın bir çox ölkə bəstəkarlarının əsərləri mühafizə edilir. Dünyaşöhrətli bəstəkarlardan Üzeyir bəy Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Niyazi və başqalarının məşhur əsərləri arxivin qiymətli sənədlərindəndir. 
Aşıqların həyat və yaradıcılığını əks etdirən 3 minə yaxın səs və görüntü daşıyıcı burada mühafizə edilir. Arxiv əməkdaşları tərəfindən ifaları lentə alınmış 30-dan çox el sənətkarının çıxışları, həmçinin 300-dən çox dastan dinləyənləri heyran edir. Arxivdə aşıqlardan Əsəd Rzayev, Mirzə Bayramov, Şəmkir Qocayev, Əkbər Cəfərov, Hüseyn Saraclı, Əhməd Sadaxlı, Mahmud Məmmədov, Əmrah Gülməmmədov, Şakir Hacıyev və başqa el sənətkarlarının ifaları yazılmış səs və görüntü daşıyıcıları ilə bərabər, 1938-ci ildə Moskvada keçirilmiş Azərbaycan Ədəbiyyatı  və  İncəsənəti Ongünlüyünün iştirakçısı olmuş və səsləri "Melodiya" səsyazma şirkəti tərəfindən vala yazılmış 11 və 13 yaşlı uşaq aşıqlar - Allahverdi Əliyev və Kazım Abdullayevin ifaları yazılmış qrammofon valları var.
Məşhur vokal və muğam ifaçıları Bülbül, Rəşid Behbudov, Zeynəb Xanlarova, Şövkət Ələkbərova, Rübabə Muradova, Hacıbaba Hüseynov, Ağaxan Abdullayev, İslam Rzayev, Əlibaba Məmmədov instrumental ifaçılardan Bəhram Mansurov, Habil Əliyev, Ramiz Quliyev, Kamil Cəlilov və başqalarının həyat və yaradıcılığını əks etdirən fonovideo yazıları da arxivdə qorunur.
Arxivdə Türkiyə, Tatarıstan, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Polşa və digər ölkələrin elm, incəsənət və mədəniyyətləri ilə bağlı fono-video sənədləri də var.
2009-cu ildən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Beynəlxalq Muğam Festivalları, milli muğam müsabiqələri keçirilir. Bu möhtəşəm tədbirlərin görüntü sənədləri bu arxivdə mühafizə olunur.
Azərbaycanın klassik şair və yazıçılarının - Nizami Gəncəvi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, İmadəddin Nəsimi, Molla Pənah Vaqif və Cəlil Məmmədquluzadənin ədəbi irsi, həmçinin müasir ədəbiyyatımızın nümayəndələri Mirzə İbrahimov, Süleyman Rüstəm, Əliağa Vahid, Səməd Vurğun, Mirvarid Dilbazi, Mədinə Gülgün, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, İlyas Əfəndiyev, Nəbi Xəzri və başqalarının canlı səsləri, görüntüləri, həyat və yaradıcılıqlarını əks etdirən fonovideo daşıyıcıların da arxiv sənədləri içərisində öz yerləri var.
Lent yazılarından birində türk şairi Nazim Hikmət özünün "Ceviz ağacı" və "Kərəm kibi yana-yana" şeirlərini səsləndirir... Arazın o tayında yaşayan Seyid Məhəmməd Hüseyn Behcəti Təbrizinin titrək səslə söylədiyi, bəzən zümzümə edərək oxuduğu "Heydər babaya salam" poeması eşidənlərə xoş təsir bağışlayır...
İkinci Dünya müharibəsində xalqımızın qəhrəman oğul və qızlarının ön və arxa cəbhədə göstərdikləri rəşadət fonosənədlərdə əksini tapıb. Arxivdə 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Birinci və İkinci Qarabağ müharibələri ilə bağlı fonovideo sənədləri tarixi yaddaşımızın ağrılı parçası olaraq mühafizə olunur. 
Dövlət Səs Yazıları Arxivinin direktoru deyir: "Ulu Öndər Heydər Əliyevin səs və görüntü daşıyıcılarında 1200 saxlama vahidindən artıq olan çıxışları ölkənin ictimai-siyasi həyatını əks etdirən on minlərlə fonovideo yazıları içərisində xüsusi yer tutur. Bu fenomenal şəxsiyyətin 2 dekabr 2002-ci il tarixdə imzaladığı Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında fərman arxiv işinə və arxiv əməkdaşlarına verdiyi yüksək qiymətin bariz nümunəsidir. Layiqli davamçı olaraq atasının açdığı cığırı daha da genişləndirən Prezident İlham Əliyev digər sahələrdə olduğu kimi, arxiv işinə də hər zaman diqqət göstərir. Arxiv xidməti təşkilatlarının maddi-texniki təchizatının təkmilləşdirilməsi, 2008-ci il oktyabrın 12-də arxivlərin yerləşdiyi binanın əsaslı təmirdən sonra açılışında iştirakı arxiv əməkdaşlarını daha səmərəli işləməyə ruhlandırıb. Milli Arxiv İdarəsinin rəhbərliyi  tərəfindən "Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin 12 fevral 2020-ci il tarixli Sərəncamı arxiv quruculuğunun 100 illiyinə layiqli töhfə olub. İlham Əliyevin daxili və xarici siyasəti, eləcə də 44 günlük Vətən müharibəsi ilə bağlı gördüyü işlər, görüşləri, çıxışları, müxtəlif xarici səfərləri, qəbulları qiymətli, son dərəcə əhəmiyyətli sənədlər olaraq toplanılır, mühafizə edilir".
Xalidə Fərəcullayeva qeyd edir ki, respublikanın birinci xanımı Mehriban Əliyevanın Mədəniyyət Fondunun prezidenti kimi Azərbaycan mədəniyyətinə verdiyi töhfələri əks etdirən sənədlər də arxivin xüsusi qiymətli fonovideo daşıyıcılarındandır. 

 

Sənədlərin ekspertizası, qeydiyyatı və mühafizəsi...

 

Səs Yazıları Arxivi sənədlərinin xüsusiyyətinə görə digər kağız əsaslı arxivlərdən kəskin şəkildə fərqlənməsi yerinə yetirilən iş növlərinə də təsir göstərir. Diqqətimizə çatdırılır ki, ilk növbədə komplektləşdirmə mənbələri və qəbul ediləcək sənədlərin tərkibi müəyyənləşdirilir: "Sonra sənədlərin arxivə təhvil-qəbulu təmin edilir. 1968-ci ildə arxiv yaradılarkən respublika hökumətinin qərarında Televiziya və Radio Verilişləri Komitəsinin hazırladığı ictimai-siyası, elmi, mədəni, bədii xarakter daşıyan səs yazılarının və Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən "Təranə" qrammofon valları fabrikinin istehsal etdiyi valların təmənnasız olaraq arxivə təhvil verilməsi göstərilib. 1980-ci illərin əvvəllərinədək Azərbaycan radiosunda hazırlanan bəzi verilişlər arxivə daimi mühafizəyə təqdim edilib. Elə bu qədər... O vaxtdan arxiv yalnız elm sahibləri, tanınmış şair, yazıçı, bəstəkar, müğənni, ifaçı və digər sənət sahibləri, incəsənət xadimləri, vətəndaşlarla müntəzəm əlaqədədir. Arxivdə yaradılmış fondları zənginləşdirməklə bərabər, yeni fondlar da təşkil edilir". 
Təqdim edilən sənədlər bir neçə prosesdən keçir. Milli Arxiv Fonduna daxil olan sənədlərin dəyərinin ekspertizası təyin edilir. Bu halda sənədin yaranma yeri, tarixi, məzmunu, əhəmiyyəti, fiziki və sanitar-gigiyenik vəziyyəti, orijinal, yaxud surət kimi göstəriciləri, səs və görüntünün keyfiyyəti nəzərə alınır. Daşıyıcılar iki nüsxədə hazırlanmış ilkin təhvil-qəbul aktı ilə qəbul edilir. Təsvir edildikdən sonra əsas qəbul aktı tərtib edilir, ekspert-yoxlama komissiyasına təqdim olunur.
Daşıyıcının qeydiyyat kitabı, elektron formatda yazılmış sığorta, istifadə, nadir və xüsusilə qiymətli sənədlərin qeydiyyat kitabları müəyyən qaydada aparılır. Sənədlərin qəbulu və rəsmiləşdirilməsi aktları da qeydiyyat sənədlərinə daxildir.
Toplanılmış, arxivləşdirilmiş - elmi-məlumat aparatı yaradılmış sənədlərin mühafizəsi prosesi müxtəlif mərhələlərdən keçir. Xalidə Fərəcullayeva izah edir: "Mühafizə dedikdə ilk növbədə, arxiv binasının, mühafizəxana və işçi otaqlarının, sənədlərin saxlanma şəraitinin, stellajların, arxiv qutularının, sənədlərin istilik-rütubət rejiminin, qeyri-normal işıq rejiminin, bioloji zədələnmənin, tozla çirklənmənin qarşısını alan sanitar-gigiyenik rejimin, sənədlərin oğurlanmasının, itməsinin, mühafizəxanadan icazəsiz çıxarılmasının qarşısını alan və müəlliflik hüququnun qorunmasını təmin edən tədbirlər, sənədlərin sığorta nüsxələrinin yaradılması, rəqəmsallaşdırılması və digər proseslər nəzərdə tutulur".
Səs daşıyıcılarının saxlanıldığı mühafizəxanalarda istiliyin dərəcəsinin +15-20, nisbi rütubətin 50-65 faiz olması təmin edilir. Sənədlər fərdi qaydada kip qablaşdırılır. Qrammofon valları və maqnitli lentlər polietilen və  karton qutularda, CD, DVD, sərt disk, disket və digər daşıyıcılar isə qutularda taxta rəflərdə saxlanılır. 
Sənədlərin mövcudluğunun yoxlanılması tədbiri 2-3 ildən bir yerinə yetirilir və aktlaşdırılır. Fonovideo sənədlərində ehtiyac olduqda bərpa və montaj işləri aparılır və onların rəqəmsallaşdırılması "Adobe Premiere", "Adobe Audition", "Sony Sound Forge" proqramları vasitəsilə həyata keçirilir. Rəqəmsal sənədlərin bütün məlumatları "qeydiyyat" kitablarına yazılır. 
Müxtəlif tədbirlər, tarixi günlər radio-televiziya verilişlərinin hazırlanmasında geniş istifadə edilir. Arxivdə ekskursiyalar, tələbələr üçün dərslər təşkil edilir.
Bu arxivin spesifik xüsusiyyətləri səbəbindən sərgilərdə iştirak etmək olmur. Ancaq bir neçə ildir ki, arxivin sənədləri əsasında müəyyən tarixi hadisələrlə əlaqədar "Qarabağa gedən yol", "Əliağa Ağayev", "Nizami Gəncəvi - 880", "İmadəddin Nəsimi - 650", "Küçələrə su səpmişəm", "Ağasadıq Gəraybəyli - 110", "Naxçıvan - 100" və digər videoxülasələr hazırlanır və sosial şəbəkələrdə tamaşaçıların istifadəsinə verilir. 
Arxivdə mühafizə edilən 1901-1930-cu illəri əhatə edən qrammofon vallarının ayrı-ayrı firmalar üzrə kataloqlarının hazırlanması işləri yekunlaşdırılır. Klassik xanəndə və ifaçıların təbliği məqsədilə videoxülasələr hazırlanacaq. Arxiv əməkdaşları sənədlərdən istifadə etməklə Muğam Mərkəzinin "Naməlum xanəndələrin axtarışları" layihəsində yaxından iştirak edirlər. Belə tədbirlər sırasında klassik xanəndələr Məşədi Məhəmməd Fərzəliyev və Məşədi Qafar Qaryağdı (Cabbar Qaryağdıoğlunun özündən 19 yaş kiçik qardaşı) ilə bağlı layihələr var.
Səs Yazıları Arxivində 70-ə yaxın Qarabağ şəhidinin həyatını əks etdirən görüntü sənədləri toplanılıb, daimi mühafizəyə qəbul edilib. Zəfər Günü ərəfəsində şəhidlərimizin valideynləri ilə görüşün keçirilməsi nəzərdə tutulub.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Misli Premyer Liqasında XIV tura yekun vurulub  

21:40
24 Noyabr

Ombudsman Səbinə Əliyeva İƏT ölkələrindən Azərbaycanın mina probleminə dəstəyin artırılmasını istəyib  

21:38
24 Noyabr

BMT Baş katibi COP29-un təşkilatçılığında peşəkarlığı və könüllülərin töhfəsini yüksək qiymətləndirib  

21:37
24 Noyabr

Seçmə mərhələ: Azərbaycanın basketbol millisi İsveçrəyə məğlub olub  

20:51
24 Noyabr

Rumıniyada Prezident seçkilərində namizədlər arasında mübarizə güclənir  

19:53
24 Noyabr

Ombudsman: Bəzi islam ölkələrindəki silahlı münaqişələr insanların sağlamlıq hüququnun təmininə ciddi təsir göstərir

19:31
24 Noyabr

Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının 70-ci illik sessiyasında iştirak edir  

18:09
24 Noyabr

Azərbaycandan dəmiryolu ilə ilk ixrac qatarı Çinə yola salınıb  

17:53
24 Noyabr

HAVA: Azərbaycanda bəzi yerlərdə leysan, dağlıq ərazilərdə isə qar yağacaq  

16:19
24 Noyabr

Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır

16:06
24 Noyabr

Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!

15:49
24 Noyabr

Gürcüstan DİN müxalifət partiyalarına müraciət edib  

15:36
24 Noyabr

Bakıda 1,3 trilyon ABŞ dolları həcmində yeni iqlim maliyyəsi hədəf seçilib 

15:27
24 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

14:43
24 Noyabr

MOİK təmsilçiləri Türkiyədə keçirilən kikboksinq çempionatında 7 qızıl medal qazanıblar  

13:59
24 Noyabr

Rumıniyada prezident seçkiləri keçirilir

11:52
24 Noyabr

Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək  

11:51
24 Noyabr

Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb  

11:50
24 Noyabr

COP29-da yeni iqlim hədəfi müəyyən olunub 

11:49
24 Noyabr

Antonio Quterreş: COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur

11:48
24 Noyabr

COP29: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib  

11:06
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!