02 Avqust 2024 08:45
1024
Mədəniyyət
A- A+
Tariximizin ekran təcəssümü

Tariximizin ekran təcəssümü

 

2 Avqust Azərbaycan Kinosu Günüdür

 

Milli-mənəvi dəyərlərimizdən, tariximizdən, xalqımızın şöhrətinə şöhrət qatan böyük şəxsiyyətlərimizdən bəhs edən filmlərin çəkilməsinin böyük əhəmiyyəti var. Həmin ekran əsərləri həm də keçmişimizə, bu günümüzə və gələcəyimizə ehtiramımızın ifadəsidir.

1973-cü ildə lentə alınan "Nəsimi" belə filmlərdən biridir. Ekran əsəri Azərbaycan xalqının böyük mütəfəkkir şairi, filosofu, hürufi təriqətinin nümayəndəsi İmadəddin Nəsimiyə (1369-1417) həsr olunub. Bu tarixi-bioqrafik film İmadəddin Nəsiminin 600 illik yubileyi münasibətilə çəkilib. Azərbaycan xalqının mədəni həyatında böyük hadisə olan bu yubileyə "Nəsimi" bədii filminin çəkilməsi kinematoqrafçılarımızın dəyərli töhfəsi idi.

Filmin çəkilişindən iki il əvvəl UNESCO-nun qərarı ilə İmadəddin Nəsiminin anadan olmasının 600 illiyi dünya miqyasında geniş qeyd edilmişdi.

"Nəsimi" filminin ekranlaşdırıldığı illər də kino sənətimizin maraqlı dövrünə təsadüf edir. Araşdırıcılar 1960-1970-ci illəri Azərbaycan kinosunun sürətli yüksəliş vaxtları hesab edirlər. Bu dövrdə yalnız kino sənətində deyil, ədəbiyyatda, incəsənətin digər sahələrində də canlanma var idi.

"Nəsimi" filminin çəkildiyi 1970-ci illərdə kinoda tarixi mövzulara diqqət artdı. Həmin illərdə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal olunan "Yeddi oğul istərəm", "Ulduzlar sönmür", "Axırıncı aşırım", "Nəsimi", "Qatır Məmməd", "Dədə Qorqud", "Babək" filmləri Azərbaycanda müxtəlif dövrlərdə baş vermiş əhəmiyyətli hadisələri və ayrı-ayrı tarixi şəxsiyyətlərimizin həyatını, fəaliyyətini dolğun şəkildə əks etdirirdi.

Haqqında geniş söz açdığımız "Nəsimi" filminin titrində yazılıb: "Bu film orta əsrlərin zülməti içərisində günəş kimi parlayan böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin mürəkkəb və faciəli taleyindən bəhs edir. XIV əsrin axırı XV əsrin əvvəllərində Azərbaycan xalqı bir tərəfdən yadelli işğalçıların, digər tərəfdən bir-birilə aramsız müharibələr aparan yerli feodallarla irticaçı ruhanilərin zülm və talanlarına məruz qalmışdı. Nəsimi yalnız dövrünün ictimai haqsızlıqlarına qarşı çıxan şair və insan ləyaqətini müdafiə edən humanist filosof olaraq qalmamışdı, onun yaradıcılığında islam qaragüruhu ilə mübarizə aparıb öz dövründə mütərəqqi rol oyanayan, eyni zamanda əsrin məhdud, idealist dünyagörüşü təsirindən tamam azad olmayan hürufilik hərəkatının bir çox ideyaları da öz əksini tapmışdı. Film Nəsimi irsinin bizim üçün daha qiymətli ideyaları, zülmə və istibdada qarşı üsyan motivləri əsasında yaradılmışdır".

Tarixi mövzuda əsər yaratmaq böyük zəhmət və məsuliyyət tələb edir. Bəhs olunan dövrü, şəxsiyyəti, eyni zamanda onun müasirlərini, mühitini dərindən öyrənmək əsas şərtlərdən biridir. Diqqətə çatdıraq ki, "Nəsimi" filminin ssenari müəllifi Xalq yazıçısı İsa Hüseynovdur. Film yazıçının "Məhşər" romanı əsasında çəkilib. Quruluşçu rejissoru Həsən Seyidbəylidir. İstedadlı olduqları qədər də öz işinin peşəkarı olan sənətkarlar - ssenari müəllifi və quruluşçu rejissoru "Nəsimi" filminin uğurlu alınması üçün bütün məsələləri, şərtləri nəzərə alıblar. İlk növbədə filmin müəllifləri elmi, tarixi və etnoqrafik cəhətdən dəqiqliyi saxlamağa səy göstəriblər. Bunun üçün görkəmli nəsimişünaslarla, tarixçilərlə, filoloqlarla, filosoflarla, sənətşünaslarla məsləhətləşiblər ki, tarixi hadisələr, şair İmadəddin Nəsiminin dövrü, onun dili, eləcə də hürufilik baxımından yanlışlıqlara yol verilməsin. M.Quluzadə (Nəsiminin yaradıcılığı üzrə), Z.Quluzadə (fəlsəfə üzrə), T.Musəvi (tarix üzrə), R.Əfəndiyev (etnoqrafiya üzrə), Əli Fəhmi (leksika üzrə) məsləhətçi seçilib. Onlar filmin çəkilişləriboyu da öz məsləhətlərini veriblər.

Ekran əsərinin quruluşçu operatoru Rasim İsmayılov, quruluşçu rəssamları Məmməd Hüseynov və Mais Ağabəyov, bəstəkarı Tofiq Quliyev idi. Geyimləri rəssam Elçin Aslanov hazırlayıb.

Filmdə iştirak edən bütün aktyorlar - istər əsas, istərsə də epizodik rolların ifaçıları üzərlərinə düşən işin öhdəsindən layiqincə gəldilər. Bunun ən böyük səbəbi, şübhəsiz ki, düzgün aktyor seçimi ilə bağlıdır. Rejissor Həsən Seyidbəyli "Nəsimi" kimi bir filmin baş qəhrəmanını oynamaq üçün hələ çoxlarının tanımadığı bir gənc aktyoru seçdi. 1948-ci il avqustun 8-də Ağsu rayonunda dünyaya gələn, 1965-ci ildə Ağsuda orta məktəbi, 1969-cu ildə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən Rasim Balayev o vaxta qədər "Ulduzlar sönmür" filmində kiçik bir rolda çəkilmişdi. "Nəsimi" filmi barədə söz-söhbət getdiyi, ilk hazırlıq işləri görüldüyü vaxtlarda gənc aktyor bədbinliyə qapılmışdı. Sonralar  Rasim Balayev danışırdı: "Təxminən 1972-ci il idi. Xəstəxanada yatırdım. Stress, əsəb məni əldən salmışdı, depressiyada idim. Özümü çox pis hiss edirdim. İkinci rejissor xəstəxanaya gəldi. Oxumaq üçün ssenarini mənə verdi, "oxu" dedi və getdi. Mən heç oxumadım, çünki inanmırdım ki, doğrudan da, filmə çəkmək istəyirlər. Həm də xəstəliyimdən dolayı inanmırdım ki, yenidən düzələrəm... Növbəti dəfə gələndə oxumasam da yalandan dedim oxudum. Çox gəldilər-getdilər, əl çəkmədilər. Nəhayət, xəstəxanadan çıxdım, məni məşqə dəvət etdilər. İki ay məşqdən sonra kinoya çəkilmək üçün təsdiq olundum. Sonradan rəhmətlik Həsən Seyidbəyli dedi ki, məni televiziyada şeir deyəndə görüb, İsa Hüseynovla birlikdə bəyəniblər. Üz cizgilərim onların çox xoşuna gəlsə də, bir aktyor kimi nəyə qadir olduğumu bilməyiblər. İki aylıq məşq də bundan ötrü idi ki, tam qərara gəlsinlər".

Beləliklə, filmin baş qəhrəmanını - Nəsimisini canlandırmaq gənc aktyor Rasim Balayevə həvalə olundu. "Nəsimi" Rasim Balayevin kino sahəsində ilk böyük işi oldu. Bundan sonra o, "Babək" filmində Babək, "Dədə Qorqud"da Beyrək və daha neçə-neçə uğurlu rolları ilə Azərbaycan kino sənətimizi zənginləşdirdi.

Filmin Fatiməsini isə aktrisa Xalidə Quliyeva (Xalidə Qasımova kimi) canlandırdı. O, bu filmə çəkiləndə hələ tələbə idi. Həsən Seyidbəyli Xalidə Quliyevanı Tofiq Tağızadənin "Qızıl qaz" filmindən bəyənmişdi.

"Nəsimi" filminə çəkilən digər aktyorlar - Yusif Vəliyev Əmir Teymuru, İsmayıl Osmanlı Fəzlullah Nəimini, Məmmədrza Şeyxzamanov Şeyx Əzəmi, Səməndər Rzayev Şirvanşah I İbrahimi, Kamal Xudaverdiyev Yusifi, Almaz Əsgərova Şəmsi, Tofiq Mirzəyev Dövlət bəyi, Muxtar Maniyev Miranşahı, Əbdül Mahmudov dərvişi ilə ekran əsərini mükəmməlləşdirdilər.

"Kodak" kinolentinə çəkilən ilk Azərbaycan filmi - "Nəsimi" əsasən Qobustanda, Naxçıvanda - Əlincə qalasında, Suraxanıdakı Atəşgah kompleksində, İraqda - Hələb şəhərində (dəyirmanın fırlanması kadrı), Ramana qalasında, Özbəkistanın Urgenç vilayətinin Xivə şəhərində ekranlaşdırıldı. Rasim Balayev deyib: "Nəsimi" yeganə tarixi filmdir ki, orada heç bir dekorasiyadan istifadə edilməyib. Çəkiliş aparılan bütün məkanlar tam təbiidir".

1974-cü ildə "Nəsimi" filmi Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında tarixi mövzuda ən yaxşı filmə görə mükafat aldı. Ən yaxşı kişi rolunun ifasına görə aktyor Rasim Balayevə II mükafat verildi.

"Nəsimi" filminin yaradıcı heyəti əlli bir il bundan qabaq əsrləri adlayıb Azərbaycan xalqının istedadlı, yenilməz övladlarından olan İmadəddin Nəsimini sənətin qüdrəti ilə bu günümüzə gətirdilər.

Azərbaycan xalqı hər dövrdə istedadlı və qəhrəman övladlar yetirib. XXI əsrin ikinci onilliyində baş verən hadisələr - 2016-ci ilin Aprel döyüşləri, 2020-ci ilin Vətən müharibəsi, 2023-cü ilin lokal xarakterli antiterror əməliyyatları bunu bir daha təsdiq etdi. Azərbaycanın tarixinə cəsur, şücaətli övladlarının yazdıqları yeni salnamələrin filmlərimizdə təcəssümünü tapacağına inanırıq.  

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

“Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında

01:22
18 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda dəyişiklik edilməsi haqqında

01:20
18 Dekabr

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!