18 Avqust 2026 08:50
142
SİYASƏT
A- A+
Tarixi əhəmiyyətə malik səfər

Tarixi əhəmiyyətə malik səfər


Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyur


Qədim Naxçıvan diyarı əsrlər boyu böyük sivilizasiyaların, elm, mədəniyyət və memarlıq məktəblərinin mühüm mərkəzlərindən biri olub. Qədim Atabəylər dövlətinin paytaxtı kimi şöhrət qazanan, Əcəmi Naxçıvani irsi ilə Şərq memarlığına misilsiz incilər bəxş edən bu diyarımız həm də yetişdirdiyi görkəmli şəxsiyyətlərlə milli dövlətçiliyimizin və elmi-mədəni fikrimizin tərəqqisinə əvəzsiz töhfələr verib. Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafı, ağır sınaqlardan üzüağ çıxaraq yüksəlişə qovuşması məhz Ulu Öndər Heydər Əliyevin adı və uzaqgörən dövlətçilik strategiyası ilə sıx bağlıdır.

1990-cı ildə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə Ümummilli Liderin reallaşdırdığı müdrik və qətiyyətli tədbirlər sayəsində qısa müddətdə muxtar respublikanın etibarlı müdafiəsi təmin edilmiş, ölkəmizin müstəqilliyi ilə bağlı mühüm addımlar atılmışdı. Bu tarixi reallıqları dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "O illərdə ancaq Ulu Öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu... Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu".

Ulu Öndər Heydər Əliyevə sıx bağlılığı və dərin sədaqəti ilə seçilən naxçıvanlılar dahi şəxsiyyətin siyasi kursunu uğurla davam etdirən, müasir Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərən Prezident İlham Əliyevi hər zaman böyük sevgi və rəğbətlə qarşılayırlar. Bununla da dövlət başçısının həyata keçirdiyi daxili və xarici siyasətə dəstəklərini ifadə edirlər. Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasına hər səfəri qədim diyarımızda böyük sevinc və bayram əhvali-ruhiyyəsi yaradır, mühüm hadisələrlə yadda qalır. Belə səfərlər zamanı Naxçıvanın sosial-iqtisadi inkişafını nümayiş etdirən mühüm obyektlər istifadəyə verilir, yeni layihələrin təməli qoyulur və qarşıdakı inkişaf mərhələsinin əsas istiqamətləri müəyyənləşdirilir.

Naxçıvan Muxtar Respublikası əsrlər boyu Azərbaycanın strateji qalası, zəngin mədəniyyət və dövlətçilik ənənələrinin mühüm mərkəzlərindən biri olub. Uzun illər mürəkkəb geostrateji şəraitdə və coğrafi təcrid vəziyyətində yaşamasına baxmayaraq, muxtar respublika öz potensialı ilə ölkəmizin sosial-iqtisadi inkişafında mühüm rol oynayıb. Naxçıvan hazırda yeni inkişaf mərhələsinə qədəm qoyur. Prezident 

İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Naxçıvana səfəri muxtar respublika sakinləri üçün ilin ən əlamətdar hadisələrindən biri oldu. Dövlət tərəfindən həyata keçirilən məqsədyönlü proqramlar, nəhəng infrastruktur layihələri, idarəetmədə müasir yanaşmalar və islahatlar Naxçıvanı nəinki dayanıqlı inkişaf diyarına, həm də regionun mühüm nəqliyyat, logistika və enerji mərkəzinə çevirir. Prezident İlham Əliyevin Naxçıvana növbəti səfəri və Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər bu inkişaf mərhələsinin konturlarını, gələcək hədəfləri və strateji baxışı nümayiş etdirir.

Naxçıvan Prezident İlham Əliyevin daim diqqət və qayğı göstərdiyi bölgələrdəndir. Bunun tarixi və siyasi əsasları var. Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamlılığı Naxçıvanın inkişafına münasibətdə də özünü aydın göstərir. Prezident İlham Əliyev Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində bu qədim diyarın Azərbaycanın və daha geniş coğrafiyanın həyatındakı əhəmiyyətinə toxunaraq deyib: "Naxçıvan, eyni zamanda Azərbaycana bir çox görkəmli şəxsiyyətlər bəxş edib. Naxçıvan Azərbaycan xalqına dahi şəxsiyyət Heydər Əliyev kimi Ulu Öndər bəxş edib. Yəni bu bölgənin zəngin tarixi, bu bölgədə yaşayan insanların mərdliyi, doğma Vətənə bağlılığı və eyni zamanda Naxçıvanın strateji yerləşməsi və imkanları, burada icra olunan və olunacaq layihələr bu gün təkcə Azərbaycan üçün deyil, - halbuki birinci növbədə, Azərbaycan üçün, - geniş coğrafiya üçün böyük əhəmiyyət kəsb edir".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın  avqustun 11- də  Naxçıvan Muxtar Respublikasına tarixi səfəri bir sıra sosial obyektlərin açılışında iştirakı və onlarla tanışlıqla yanaşı, muxtar respublikanın gələcək inkişaf istiqamətlərinə dair mühüm mesajlarla yadda qaldı. Prezident İlham Əliyevin Naxçıvana səfərini muxtar respublikanın həyatında yeni bir dövrün başlanğıcı kimi dəyərləndirmək olar. Dövlət başçısının Naxçıvana sayca 17-ci səfəri həm görülən işlərin qiymətləndirilməsi, həm də qarşıdakı mərhələnin əsas hədəflərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyev müsahibəsində də dediyi kimi: "Əslində, səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Qeyd etdiyiniz kimi, mən Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır. Bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək".

Səfərin mühüm məqamlarından biri də Naxçıvanın gələcək inkişafının ayrı-ayrı layihələr deyil, bir-birini tamamlayan vahid strategiya əsasında həyata keçirilməsinin aydın şəkildə görünməsi oldu. Muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün 258 milyon manat vəsaitin ayrılması, Naxçıvan Sənaye Parkının təməlinin qoyulması, enerji layihələri, nəqliyyat və infrastrukturun yenilənməsi, şəhərin 2044-cü ilədək inkişaf planının təqdim edilməsi, sosial layihələr və Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı verilən mesajlar bu strategiyanın əsas istiqamətlərini müəyyənləşdirir. 

Bu baxımdan, səfəri yalnız yeni obyektlərin açılışı və təməlqoyma mərasimləri ilə məhdudlaşdırmaq doğru olmazdı. Burada söhbət Naxçıvanın iqtisadi potensialının gücləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması sənayenin inkişaf etdirilməsi və şəhər mühitinin müasir tələblərə uyğun yenilənməsindən gedir. Bütün bunlar Naxçıvanın gələcəkdə Azərbaycanın mühüm iqtisadi, nəqliyyat və enerji mərkəzlərindən birinə çevrilməsi üçün yeni imkanlar yaradır. 

Səfər çərçivəsində dövlət başçısının bir sıra müəssisələrin açılışında, yeni layihələrin təməlqoyma mərasimlərində iştirakı və həyata keçirilən tikinti-yenidənqurma işləri ilə tanış olması da xüsusi əhəmiyyət daşıyır. Bu, Naxçıvanın inkişafı ilə bağlı nəzərdə tutulan layihələrin artıq konkret və praktik mərhələyə keçdiyini göstərir. Nəqliyyat və logistika, enerji, sənaye, kənd təsərrüfatı, rəqəmsal texnologiyalar və sosial infrastruktur sahələrində həyata keçirilən layihələr Naxçıvanın iqtisadi modelinin əsas dayaqlarını formalaşdıracaq. Xüsusilə Zəngəzur dəhlizi (TRIPP) ilə bağlı proseslər muxtar respublikanın regional nəqliyyat əlaqələrində rolunu daha da artıracaq. Bu isə Naxçıvanın iqtisadi imkanlarının genişlənməsi ilə yanaşı, onun geostrateji əhəmiyyətinin daha da yüksəlməsinə şərait yaradacaq.

Prezident İlham Əliyevin səfəri çərçivəsində insan amilinin Naxçıvanın inkişaf strategiyasında xüsusi yer tutduğu da bir daha nümayiş etdirildi. Dövlət başçısı 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlini qoydu. 5 hektara yaxın ərazidə 16 çoxmərtəbəli binanın inşası nəzərdə tutulur. Kompleksdə 93 birotaqlı, 37 ikiotaqlı, 351 üçotaqlı və 37 dördotaqlı mənzil olacaq. Burada uşaq bağçası, iaşə obyektləri, yollar, səkilər, yaşıllıq zonaları və zəruri kommunal infrastruktur yaradılacaq.

Bu layihə bir daha göstərir ki, Naxçıvanın inkişafı yalnız iqtisadi göstəricilərlə ölçülmür. Burada əsas məqsədlərdən biri də insanların yaşayış şəraitinin və həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır. Sosial mənzillər kompleksinin yaradılması dövlətin sosial siyasətinin Naxçıvanda ardıcıl şəkildə həyata keçirilməsinin növbəti nümunəsidir.

Naxçıvan Regional DOST Mərkəzinin istifadəyə verilməsi isə səfərin sosial mahiyyətini tamamlayan mühüm hadisələrdən biri oldu. Mərkəzdə 164 sosial xidmətin göstərilməsi, 117 işçi və 50 könüllünün fəaliyyət göstərməsi, gün ərzində orta hesabla 500-600 vətəndaşın qəbul edilməsi nəzərdə tutulur. Xidmətlərin "Bir pəncərə" prinsipi əsasında təqdim olunması Naxçıvan sakinlərinin sosial xidmətlərə çıxışını daha da asanlaşdıracaq. Xüsusilə əlilliyi olan şəxslər üçün tibbi-sosial ekspertiza, reabilitasiya və müvafiq vasitələrlə təminat imkanlarının bir mərkəzdə cəmləşdirilməsi sosial dövlət modelinin praktik ifadəsidir. Bu eyni zamanda müasir idarəçilik prinsiplərinin Naxçıvanda tətbiqinin daha bir göstəricisidir.

Səfərin diqqətçəkən digər mühüm istiqaməti Naxçıvanın tarixi-mədəni irsinə göstərilən dövlət qayğısının bir daha nümayiş etdirilməsi oldu. Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə tanışlıq, Əcəmi Naxçıvani abidəsinin açılışı Naxçıvanın qədim tarixinin və zəngin memarlıq ənənələrinin qorunmasına verilən önəmin göstəricisidir. Müasir inkişafla tarixi irsin qorunmasının eyni səfərin proqramında yer alması təsadüfi deyil. Çünki Naxçıvanın gələcəyi yalnız iqtisadi və sosial göstəricilərlə ölçülmür. Bu gələcəyin təməlində milli kimliyimiz, tariximiz, mədəniyyətimiz, dilimiz və mənəvi dəyərlərimiz də dayanır. Məhz bu baxımdan Əcəmi Naxçıvaninin şəxsiyyətinə göstərilən ehtiram və onun  adını daşıyan memarlıq irsinin qorunması xüsusi məna kəsb edir. Prezident İlham Əliyevin də vurğuladığı kimi: "Digər vacib sahə, - yəni o sahə də bu gün səfərimin proqramında öz əksini tapmışdır, - Naxçıvanın tarixi-mədəni abidələrinin qorunmasıdır. Bildiyiniz kimi, Naxçıvan çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malikdir. Naxçıvan qədim Atabəylər dövlətinin paytaxtı olub və o dövrə, ondan sonrakı dövrə aid olan bir çox abidələr dünya əhəmiyyətli abidələrdir. Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər bu gün mənə təqdim edildi. Eyni zamanda digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası nəzərdə tutulur". 

Naxçıvanın strateji coğrafi mövqeyi, zəngin tarixi, iqtisadi potensialı və həyata keçirilən genişmiqyaslı layihələr qədim diyarın qarşısında yeni imkanlar açır. Prezident İlham Əliyevin diqqət və qayğısı, dövlət proqramları çərçivəsində görülən işlər və yeni layihələr isə bu imkanların reallığa çevrilməsi üçün möhkəm zəmin yaradır.

Beləliklə, avqustun 11-də baş tutan səfər Naxçıvanın yeni inkişaf mərhələsinin əsas istiqamətlərini bir daha aydın göstərdi. Burada iqtisadi inkişafla nəqliyyat imkanlarının, müasir şəhərsalma ilə sosial infrastrukturun, bütün bunlarla yanaşı tarixi-mədəni irsin qorunmasının vahid inkişaf konsepsiyasında birləşdiyi görünür. 


Aysel DÜNYAMALIYEVA,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Naxçıvan səfəri, yeni layihələr, genişlənən əməkdaşlıq əlaqələri

09:45
18 Avqust

Azərbaycan qlobal tranzit ölkə statusunu genişləndirir

09:38
18 Avqust

Naxçıvan həqiqətən "nəqşi cahan"a çevriləcək

09:31
18 Avqust

Ərdoğan ilə Tramp arasında telefon danışığı olub

09:28
18 Avqust

Türkiyə və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər

09:26
18 Avqust

Rumıniya Parlamentinin senatoru Qarabağda həyata keçirilən infrastruktur layihələri barədə məlumatlandırılıb

09:25
18 Avqust

Rəqəmsal platforma insan nəzarətindən çıxmamalıdır

09:24
18 Avqust

Süni intellekt və milli mədəniyyət

09:17
18 Avqust

Naxçıvanın həyatında mühüm yeniliklərin başlanğıcı

09:10
18 Avqust

Bakı metrosu paytaxtın ictimai nəqliyyat sisteminin gələcək ritminə köklənir

09:00
18 Avqust

Tarixi əhəmiyyətə malik səfər

08:50
18 Avqust

Ermənistanın bitməyən mina terroru: "gizli ölüm"lər böyük təhdid mənbəyidir

08:40
18 Avqust

Azərbaycanın G20-yə dəvət olunması ölkəmizin dünyada yüksələn nüfuzundan xəbər verir

08:30
18 Avqust

Qlobal nüfuzun təzahürü 

08:20
18 Avqust

“Azərbaycan sərhədçisi qalib dövlətin sərhədlərini qorumağın şərəfini və məsuliyyətini daşıyır"

08:10
18 Avqust

NİDADAN SONRA VERGÜL QOYULMUR 

08:00
18 Avqust

"Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 459-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında 

02:52
18 Avqust

Moskvada Müslüm Maqomayevin xatirəsi yad edilib  

21:50
17 Avqust

Türkiyə və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər  

21:45
17 Avqust

Rumıniya Parlamentinin senatoru Qarabağda həyata keçirilən infrastruktur layihələri barədə məlumatlandırılıb

21:40
17 Avqust

Naxçıvanın enerji potensialı beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açır

21:31
17 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!