26 Yanvar 2023 01:04
1029
SİYASƏT
A- A+

Şuşadan dünyaya...

 

Birinci vitse-prezident Mehriban Əliyevanın ötənilki fəaliyyəti işğaldan azad olunmuş bölgələrin quruculuğundan dünyadakı humanitar problemlərin həllinə qədər böyük silsilə təşkil edir

 

Azərbaycan hər yeni ilə bol uğurlar, böyük nailiyyətlərlə qədəm qoyur. Bu baxımdan 2022-ci il də ölkəmizin iqtisadi, siyasi, hərbi sferada daha da qüdrətlənməsi, diplomatik müstəvidə öz mövqelərini gücləndirməsi baxımından əlamətdar oldu. 
Ümumiyyətlə, ötən illər ərzində dövlət başçısı İlham Əliyevin yürütdüyü hərtərəfli və inkişaf strategiyasına əsaslanan siyasət sayəsində Azərbaycan Cənubi Qafqazın ən güclü və beynəlxalq arenada sözükeçən ölkəsinə, eləcə də dünyanın enerji qovşağına çevrilib. Bu gün dünyada baş verən müharibələrin, pandemiyaların, digər siyasi, iqtisadi böhranların fonunda Azərbaycan dayanıqlı sosial-iqtisadi inkişafı, artan dünyəvi nüfuzu ilə diqqət çəkir. 
O da reallıqdır ki, Azərbaycan Vətən müharibəsində qazandığı parlaq zəfər sayəsində bütün sahələr üzrə hər ötən gün daha da yüksək zirvələr fəth edir. Qələbədən ötən ikiillik qısa zaman kəsiyində  ölkəmizin nailiyyətləri birə-beş artıb. Təbii ki, nail olduğumuz bütün bu müvəffəqiyyətlər birbaşa Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün və məqsədyönlü siyasətə dayanır. Əlbəttə ki, hər birimiz də ölkə vətəndaşı olaraq dövlətimizin rifahına xidmət edən bu inkişaf strategiyasına öz töhfəmizi verməli, vətəndaşlıq borcumuzu layiqincə yerinə yetirməliyik. Bu baxımdan hər zaman milli mənafelərimiz naminə yorulmaz fəaliyyət göstərən və xalqımızın böyük etimadını və sevgisini qazanmış Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ötən il həyata keçirdiyi işlər ən mükəmməl örnəkdir.

 

"Ağalı kəndi. Zəfər rəmzi, Sülh rəmzi"

 

2022-ci ildə də Azərbaycan dövlətinin qarşısında duran milli məsələ işğaldan azad etdiyi əraziləri yenidən quraraq keçmiş məcburi köçkünləri öz yurdlarına qaytarmaq oldu. Dövlət başçısı İlham Əliyevin şəxsi nəzarəti və diqqəti altında böyük sürət və yüksək keyfiyyətlə Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq və bərpa işləri sayəsində artıq ötən ildən Böyük qayıdışa uğurlu start verilib. Zəngilanın "ağıllı kənd" konsepsiyası əsasında yenidən qurulan Ağalı kəndinin sakinləri öz yurdlarına qayıdıblar. 
Ötən il mayın 27-də - Müstəqillik Günü ərəfəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi keçirildi. Ağalı kəndinin mərkəzi meydanında otuz ilə yaxın müddətdə işğal altında qalan əzəli torpaqlarda sülhün əbədi gerçəkləşdirilməsini təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi dövlət başçısı İlham Əliyev tərəfindən işə salındı.
Xalqımız bu tarixi anları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "Ağalı kəndi. Zəfər rəmzi, Sülh rəmzi" başlığı ilə rəsmi instaqram səhifəsindən paylaşdığı videodan gördü, qürurlandı. Eləcə də birinci xanımın "Ağalı kənd sakinləri üçün isti təndir çörəyi. Allah hər evə, hər ocağa bol ruzi-bərəkət nəsib etsin!" deyə paylaşdığı foto Azərbaycan dövlətinin bu yerlərə əbədi həyatı, xoşbəxtliyi qaytarmasına rəmzi işarə oldu. 
Avqustun 26-da Mehriban Əliyeva rəsmi instaqram səhifəsində azərbaycanlıların Laçına qayıdışı ilə bağlı, həmçinin sentyabrın 21-də "Ay Laçın, Can Laçın 21.09.22" adlı video paylaşaraq sevincini bölüşdü. 
Vətən müharibəsindən dərhal sonra qalib lider İlham Əliyev işğaldan azad olunan ərazilərimizə mütəmadi səfərlər gerçəkləşdirərək o yerlərdə sosial-iqtisadi obyektlərin  bünövrələrini qoyur, həyata keçirilən işlərlə tanış olur. Bu səfərlərin hər birində Mehriban xanım Əliyevanın da iştirak etməsi Birinci vitse-prezidentin tarixi ərazilərimizin bərpası və keçmiş məcburi köçkün vətəndaşlarımızın tezliklə öz dədə-baba yurdlarına qaytarılmasına göstərdiyi həssas münasibəti təzahür etdirir. 
Eləcə də ötən il Mehriban Əliyeva dövlət başçısı ilə birgə Şuşaya, Ağdama, Zəngilana, Füzuliyə və digər işğaldan azad olunan ərazilərimizə yollanıb, o yerlərdən müxtəlif paylaşımlar edib. 

 

Böyük qayıdışa dəstək

 

30 il ərzində Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında talançılıqla məşğul olub, yurdlarımızı viranəyə çevirib, tarixi, dini, mədəni irsimizi məhv edib, ekologiyamıza qarşı terror həyata keçirib. İşğaldan azad edildikdən sonra Qarabağa və Şərqi Zəngəzura qalib komandan İlham Əliyevlə birgə səfərlərə gedən Mehriban Əliyevanın dağıdılmış ərazilərimizlə bağlı çəkib paylaşdığı videogörüntülər erməni barbarlığını dünyaya tanıdan ən vacib faktlardandır. 
Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondu Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsi, xüsusilə də xalqımızın o yerlərdə erməni barbarları tərəfindən dağıdılan tarixi, mədəni, dini irsinin bərpası istiqamətində  mühüm fəaliyyət göstərir. Hələ 2020-ci il dekabrın 8-də Birinci vitse-prezident rəsmi instaqram səhifəsindəki paylaşımından duydurmuşdu ki, Heydər Əliyev Fondu qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayır.  Hazırda fond tərəfindən işğaldan azad edilən bölgələrimizdəki bütün tarixi, mədəni, dini abidələrimiz bərpa olunaraq əvvəlki görkəminə qaytarılır.
Heydər Əliyev Fondu Şuşada da quruculuq və bərpa işləri gerçəkləşdirərək şəhərin bərpasına öz sanballı töhfələrini verir. Fond Şuşada  Saatlı, Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidlərinin bərpası ilə bağlı işlər aparır. Yeri gəlmişkən, Ağdam Cümə məscidinin bərpası ilə bağlı işlərə də start verilib.
Mədəniyyət paytaxtımızda bərpası həyata keçirilən binalardan biri də milli memarlıq ənənələrini özündə əks etdirən Şirin su hamamıdır. Məşhur tarzən, bəstəkar və Azərbaycan tarını təkmilləşdirən sənətkar Sadıqcanın vaxtilə Şuşada yaşadığı ev də yenidən qurulur. Şuşadakı mühüm mədəni-tarixi memarlıq abidələrindən olan Mehmandarovların malikanə kompleksində də tikinti işləri aparılır.
Birinci vitse-prezident Mehriban  Əliyevanın tapşırığına əsasən, Heydər Əliyev Fondu Qarabağ bölgəsində tarixən var olan mədəni ənənələrimizi də bərpa edir. 32 ildən sonra, 2021-ci il mayın 12-13-də Şuşada, Cıdır düzündə fond tərəfindən təşkil olunan "Xarıbülbül" Musiqi Festivalı, həmin il avqustun 30-da illərdən sonra yenidən Şuşada təşkil olunan Vaqif Poeziya Günlərinin keçirilməsi və digər mühüm tədbirlər bunun əyani təzahürüdür. Ötən il də sözügedən tədbirlər böyük coşqu ilə qeyd edildi. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada V "Xarıbülbül" Beynəlxalq Folklor Festivalının  açılışında iştirak etdilər. 

 

Xarici səfərlər, beynəlxalq əlaqələrə töhfələr

 

Azərbaycan hər ötən il beynəlxalq əlaqələrini daha da genşləndirir, diplomatik əməkdaşlığını daha da dərinləşdirir. Bu mənada Birinci vitse-prezident Mehriban Əliyevanın ötən il gerçəkləşdirdiyi xarici səfərlər, eləcə də Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafı istiqamətində həyata keçirdiyi görüşlər böyük əhəmiyyətə malikdir. Ötən il martın 10-da Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşən Mehriban Əliyeva Azərbaycanla Böyük Britaniya arasında bir çox sahələrdə əlaqələrin genişləndirilməsi məsələlərini müzakirə edib.
Aprelin 20-də birinci xanım Mehriban Əliyevanın Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova, mayın 18-də Litva Respublikasının birinci xanımı Diana Nausediene ilə görüşləri olub. Ötən il Prezident İlham Əliyevlə birgə Səmərqənddə səfərdə olan Birinci vitse-prezident Mehriban Əliyevanın Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyeva ilə də görüşü olub. 
Dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Türkmənistan Parlamenti Xalq Məsləhətinin sədrinin xanımı Oqulgerek Berdiməhəmmədova, Türkiyənin birinci xanımı Əminə Ərdoğan təsviri və dekorativ sənət əsərlərindən ibarət sərgilərlə tanış olublar.
Noyabrın 13-də Mehriban Əliyevanın İstanbulda baş verən partlayış nəticəsində insanların həlak olması ilə bağlı Türkiyənin birinci xanımı Əminə Ərdoğana başsağlığı verməsi bir daha Azərbaycan Türkiyə qardaşlığının xoş gündə də, dar gündə də birlikdə olmasının əyani göstəricisi idi. 

 

Xalqla bərabər 

 

Ötən il dəfələrlə işğaldan azad edilmiş ərazilərə səfərlər edən Mehriban Əliyeva bununla bağlı özünün rəsmi instaqram səhifəsində paylaşımlar edib. Eləcə də may ayının 10-da - Ümummilli Lider Heydər Əliyevin doğum günündə dövlət başçısı İlham Əliyevlə birgə Şuşaya səfərə gələn Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə "Heydər Əliyevin nurlu, xoş xatirəsi qəlbimizdə daim yaşayacaqdır. Xatirimizdədir, sevgi ilə anırıq" deyə paylaşım edib. 
2022-ci ildə Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində 20 Yanvar faciəsinin 32-ci ildönümü, Xocalı soyqırımı, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, sentyabrın 13-də şəhid olmuş hərbi qulluqçularımızla bağlı, sentyabrın 27-si  Anım günü, oktyabrın 17-də Ermənistanın xalqımıza qarşı törətdiyi terror aktları, Ulu Öndərin Anım günü ilə bağlı paylaşımlar edib. Eləcə də Azərbaycan Gəncləri Günü, Od, Torpaq çərşənbələri, Beynəlxalq Qadınlar Günü, Novruz, Ramazan, Qurban, Pasxa bayramları, faşizm üzərində qələbənin 77-ci ildönümü, Müstəqillik Günü, Uşaqların Beynəlxalq Müdafiəsi Günü, Milli Qurtuluş Günü, Silahlı Qüvvələr Günü, Müstəqilliyin Bərpası Günü, Türkiyənin milli bayramı, Zəfər Günü,  Dövlət Bayrağı Günü, Konstitusiya Günü, Milli Dirçəliş Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il, Şuşada keçirilən II Vaqif Poeziya Günləri münasibətilə paylaşımlar edərək xalqımızı təbrik edib. 
Ötən il Birinci vitse-prezident Mehriban Əliyeva İkinci Dünya müharibəsi veteranı Fatma Səttarovanı 100, görkəmli dirijor Rauf Abdullayevi 85, Xalq rəssamı Ömər Eldarovu 95 illik yubileyi münasibətilə təbrik edib. 
Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyi, Xalq artisti Əlibaba Məmmədovun  vəfatı ilə əlaqədar rəsmi instaqram səhifəsində paylaşım edərək başsağlığı verib. 

 

Bölüşülən sevinc

 

Birinci vitse-prezident Mehriban Əliyeva, "Doğum gününüz mübarək, cənab Prezident! Uca Allah Sizi və Azərbaycan xalqını qorusun!" deyə Prezident İlham Əliyevin doğum günü münasibətilə rəsmi instaqram səhifəsində paylaşım edib.
Mehriban Əliyeva ötən il ailəsində yaşanan xoş gün, oğlu Heydər Əliyevin toyu ilə bağlı da instaqram səhifəsində paylaşım edərək sevincini xalqımızla bölüşüb. 
Avqustun 24-də doğum günü olan Mehriban Əliyevaya saysız təbriklər ünvanlandı. Rəsmi instaqram səhifəsində Birinci vitse-prezident Mehriban Əliyeva ad günü münasibətilə onu təbrik edənlərə təşəkkürünü bildirdi.
Azərbaycanın inkişafı naminə çoxşaxəli fəaliyyət göstərən Birinci vitse-prezident Mehriban Əliyeva idman sahəsinə də xüsusi diqqət göstərir. Birinci xanımın ötən il Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirakı, rəsmi instaqram səhifəsində bununla bağlı paylaşımları, İslamiadada qalib gələn idmançılarımızı təbrik etməsi bunun əyani təcəssümüdür. "Qarabağ" Futbol Klubunun "Nant" üzərində möhtəşəm qələbəsi, İtaliyanın Sardinya şəhərində keçirilən şahmat üzrə gənclər arasında dünya çempionatında qızıl medallar qazanan şahmatçılarımızın uğurları da Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən yüksək dəyərləndirildi, bunlarla bağlı xüsusi paylaşımlar etdi.
Birinci xanımın ötən il dövlət başçısı ilə birgə Qobustana səfər zamanı "Diri Baba" türbəsindən, Şəkidən, İsmayıllıya səfər zamanı  Basqal qəsəbəsindən maraqlı video və fotolar paylaşması həm də bu bölgələrimizdə görülən işləri bir daha nümayiş etdirdi. 

 

İctimai fəaliyyətin əsas prioriteti 

 

Sosial məsələlər Heydər Əliyev Fondunun ictimai fəaliyyətinin əsas prioritetləri sırasındadır. Bu ənənə ötən il də müvəffəqiyyətlə davam etdirilib. 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Binə qəsəbəsində yeni inşa edilən Tədris və Xidmət Kompleksinin Prezident İlham Əliyev və Mehriban Əliyevanın iştirakı ilə ötən il yanvarın 27-də açılışı olub. 
2022-ci il mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kürdəxanı qəsəbəsində inşa olunan 304 nömrəli tam orta məktəbin də açılışında iştirak ediblər.
Avqustun 26-da isə Mehriban Əliyevanın iştirakı ilə daha bir məktəbin - paytaxtın Xəzər rayonunun Binə qəsəbəsində 334 saylı tam orta məktəbin yeni inşa edilmiş binasının açılışı olub. 
Həmin tarixdə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə 277 saylı körpələr evi-uşaq bağçasının əsaslı şəkildə yenidən qurulan binasının açılışında iştirak edən Mehriban Əliyeva körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış olub. 
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası ötən il dekabrın 2-də istifadəyə verilib, Prezident İlham Əliyev açılışda iştirak edib. 
Ümumiyyətlə, ötən il fond tərəfindən ölkənin şəhər və rayonlarında xeyli sayda təhsil müəssisəsi tikilib istifadəyə verilib. Bu nümunələrdən də göründüyü kimi, 2005-ci ildən bəri Heydər Əliyev Fondunun uğurla icra etdiyi "Yeniləşən Azərbaycana - yeni məktəb" proqramı sayəsində ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaradılır. 
Ötən il Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın hərtərəfli inkişafı üçün çoxşaxəli fəaliyyət göstərib. Mehriban Əliyevanın fəaliyyətinin xronikasından da məlum olduğu kimi, həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin yürütdüyü inkişaf strategiyasının gerçəkləşməsinə, Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə, ümumiyyətlə, dövlətimizin və xalqımızın rifahının yüksəlməsinə şərəfli xidməti özündə əks etdirir. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video