26 Aprel 2024 16:58
191
CƏMİYYƏT
A- A+

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

 

Aprelin 26-da Əqli Mülkiyyət Agentliyi tərəfindən “Əqli mülkiyyət müasir mərhələdə” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov aprelin sonunun əqli mülkiyyət aləmində əlamətdar dövr olduğunu - aprelin 23-nün Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün və aprelin 26-nın Beynəlxalq Əqli Mülkiyyət Gününün qeyd olunduğunu bildirib. O, Azərbaycanda da bu əlamətdar günlərin qeyd edildiyini diqqətə çatdırıb.

Agentliyin rəhbəri Azərbaycan xalqının Qələbə sevinci yaşamasında, ölkənin beynəlxalq nüfuzunun artmasında, söz sahibinə çevrilməsində Prezident İlham Əliyevin müstəsna rolunu vurğulayıb.

Azərbaycanın son illərdə əldə etdiyi nəticələrin kreativliyin, innovativliyin inkişafına böyük təsiri etdiyini söyləyən professor Kamran İmanov bildirib ki, 2022-ci illə müqayisədə 2023-cü ildə müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda (324 müəllif) 717 şəhadətnamə verilib və bu, ötən illə müqayisədə 20 faiz çoxdur. Elektron xidmət bölməsi vasitəsilə 324 müəllif (hüquq sahibi) tərəfindən 626 əsər qeydiyyatdan keçirilib. 2023-cü ildə elektron qaydada 131 müəllifə məxsus 169 əsər qeydiyyata alınıb ki, bu da 2022-ci il ilə müqayisədə 73 faiz çoxdur. Əlaqəli hüquqların obyektləri üzrə 162 ifa (2022-ci ildə 46 ifa) və 37 kompüter proqramı (2022-ci ildə 18) qeydiyyata alınıb.

Sənaye mülkiyyəti sahəsində 2023-cü ildə ixtira, faydalı model və sənaye nümunələrinin patentləşdirilməsinə dair Agentliyə 302 iddia sənədi (2022-ci ildə 271 iddia sənədi) daxil olub. Bu isə ixtira fəallığının 11 faiz artması deməkdir.

İxtiralar üzrə ekspertizanın müddəti ümumi qayda 12 ay təşkil etdiyi halda, 2023-cü ildə 8-9 ay müddətində aparılıb, MDB məkanında ilk olaraq, iddia sənədlərinin 3D-formatında qəbulu həyata keçirilib, hamıya əlçatanlığı təmin edən “açıq reyestr” prinsipi tətbiq edilib.

Qeyd olunub ki, Agentliyin dəstəyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin köməyilə bu universitetdə Əqli mülkiyyət kafedrası yaradılıb. Bakı Dövlət Universitetinin Əqli mülkiyyət hüququ kafedrasının Agentliyin nəzdində daha əvvəl yaradılmış filialının fəaliyyəti isə əqli mülkiyyət sahəsində hüquqşünas mütəxəssislərin hazırlanmasında əhəmiyyətli rol oynayır. Tələbələr üçün mühazirə və məşğələlər Agentlikdə müasir avadanlıqlarla təchiz edilmiş SMART tipli auditoriyalarda keçilir.

Tədbirin açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva vurğulayıb ki, əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini bir yenilikdir. Bu termini Bakı Dövlət Universitetində fəaliyyət göstərən dəyərli alimlərimiz tələbələr, gənc hüquqşünaslar arasında geniş yaymalıdırlar.

Səbinə Əliyeva vurğulayıb ki, Ermənistan ölkəmizə qarşı bir çox müharibə cinayətləri törədib. Həmçinin əsrlər boyu milli-mədəni irsimizi, rəqs nümunələrimizi, kulinariya incilərimizi mənimsəməyə çalışıb. Professor Kamran İmanovun erməni yalanlarının ifşa edilməsi ilə bağlı yazdığı kitablar və həmin nəşrlərin xarici illərdə olan nümunələri qiymətli mənbələrdir.

Sonra Milli Məclisin Regional məsələlər komitəsinin iclasında komitə sədri Siyavuş Novruzov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə və başqaları çıxış edərək əqli mülkiyyət sahəsində Agentliyin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər.

Dəyirmi masada Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanovun “İnnovasiya və yaradıcılıq naminə müəllifliyin dəstəklənməsi” mövzusunda məruzəsi dinlənilib.

Məruzəçi qeyd edib ki, müəlliflik hüququnun qorunması insan şəxsiyyətinin ləyaqəti konsepsiyasına əsaslanaraq ötürülə bilməz və onun qorunmasını yalnız yaradıcılar - müəlliflər tələb edə bilər: “Korporativ hüquq sahiblərinin müəlliflərin maraqlarını təmsil etməli olduğuna inanmaq düzgün deyil, əksinə səhv olardı.

İnsanın müəllifliyini qoruma hüququ sadəcə olaraq müəllif hüquqlarının qorunmasının sinonimi və ya istinadı deyil, müəllif hüquqlarının qiymətləndirildiyi əlaqəli anlayışdır.

Bir insan hüququ kimi müəllifliyin qorunması hazırda əksər ölkələrin müəlliflik hüququ qanunlarında nəzərdə tutulduğundan bəzi hallarda daha çox, bəzi hallarda isə daha az tələb edir və beləliklə, müəllif hüququ qanunu müəllifliyin qorunmasının yalnız bir elementidir.

Yaradıcıların rəqəmsal mühitdə mənəvi və maddi maraqları ifadə azadlığı və mədəni həyatda iştirak hüquqlarına potensial olaraq qeyri-mütənasib şəkildə təsir etmədən onları qorumaq üçün ən yaxşı yolların tapılması istiqamətində müzakirələrin aparılmasını tələb edir.

“Müəlliflik” kateqoriyasının və nəticə etibarı ilə “müəllifliyin qoruma hüququnun təhlili “sosium” və “mədəniyyət” mühitlərinin qarşılıqlı təsiri nəticəsində formalaşan mədəni müxtəliflik məkanında aparılacaq ümumi hal üçün məqsədəuyğundur. Hər iki aspekt vahid bütövlüyün komponentlərini təmsil edir və xüsusi hallarda - müəllif hüququ müstəvisinin ayrı-ayrı subyektlərinin davranışının təsviri hesabına formalaşır”.

Professor Kamran İmanov diqqətə çatdırıb ki, müəlliflər “müəlliflik” kateqoriyasının daşıyıcıları kimi sosiumun tərkibinə daxildir və onlar mədəniyyət səviyyəsində mədəni müxtəlifliyi formalaşdırmaqdadırlar: “Mədəni müxtəliflikdə həm sosiumun təşəbbüsü ilə, həm də mədəniyyətdən qaynaqlanan, qarşılıqlı əlaqəsi onlar arasında baş verən dəyişikliklərlə, keçid prosesinin dayanmasını və sistemin pozulmadığı istənilən tarazlığın əldə olunmasını tələb edir. Mədəniyyətin özünü tənzimləməsi ilə belə bir tarazlığa nail oluna bilər, lakin bu prosesi multikulturallığı təmin edən tədbirlər vasitəsilə sürətləndirən dövlət müdaxiləsi ilə də mümkündür”.

Daha sonra dəyirmi masa müzakirələrlə davam edib.

Qeyd edək ki, bu il Beynəlxalq Əqli Mülkiyyət Günü bütün dünyada “Əqli mülkiyyət və Dayanıqlı İnkişaf Məqsədləri: Ümumi gələcək naminə innovasiya və yaradıcılıq” devizi altında keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video