Azərbaycan təbii-coğrafi mövqeyinə və iqlim müxtəlifliyinə görə su ehtiyatlarının idarə olunması baxımından xüsusi əhəmiyyətə malikdir. Ölkə ərazisində yağıntıların qeyri-bərabər paylanması, çay axınlarının mövsümi dəyişkənliyi və əhalinin, kənd təsərrüfatının suya artan tələbatı su ehtiyatlarının səmərəli istifadəsini zəruri edir. Bu baxımdan su anbarları Azərbaycanın su təsərrüfatı sistemində mühüm rol oynayır.
Su anbarları çay sularının tənzimlənməsi, suvarma əkinçiliyinin inkişafı, içməli və suvarma suyu ilə təminatı, hidroenergetika, daşqınların qarşısının alınması və ekoloji tarazlığın qorunması kimi çoxşaxəli funksiyaları yerinə yetirir. Dünyanın hər yerində su anbarlarının enerji istehsalında payı çoxdur. Bu səbəbdən də onların strateji əhəmiyyəti böyükdür və ölkənin enerji istehsalında ən təbii və ən ucuz mənbələrdir.
Hazırda Azərbaycanın ərazisində irili-xırdalı 153 su anbarı var və onların ümumi su həcmi 21,9 milyard kubmetr təşkil edir. Su anbarları həm çayın məcrasında (məcra su anbarları), həm də ondan kənarda (məcradan kənar su anbarları) yaradılır. Onların əksəriyyəti fəsillər üzrə nizamlanır və istifadə etmək üçün ərazilərə açılan kanallarla su daşınır.
Qeyd edək ki, Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda su ehtiyatlarından maksimum səmərəli istifadə etmək niyyətindədir. 44 günlük Vətən müharibəsi bitəndən sonra çox qısa müddətdə "Suqovuşan" su anbarından ətraf rayonlara su verilişi bərpa edildi. Rəsmi məlumata görə, işğaldan azad edilmiş ərazilərdə 14 çay, 9 su anbarı, 7 sututar mövcuddur. Araz, Bərgüşad, Tərtər, Həkəri, Oxçu, Lev, Zabux, Tutqun, Turağay, Bəsit, Qarqar, Quru, Xaçın və Köndələn çaylarının bəzilərinin üzərində "Xudafərin", "Sərsəng", "Qız Qalası", "Xaçınçay", "Aşağı Köndələnçay", "Suqovuşan", "Köndələnçay-1", "Köndələnçay-2" və "Ağdamkənd" su anbarları yerləşir. Bu anbarlardan ən böyüyü "Xudafərin" (1 milyard 612 milyon kubmetr) su anbarıdır. Çaylardan ən böyüyü isə Araz çayıdır. Onun uzunluğu 1072 kilometrdir.
Ona görə də işğaldan azad edilmiş ərazilərdə su ehtiyatlarının düzgün planlaşdırılması və istifadəsi təkcə regional deyil, ümumilikdə ölkənin su təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Qarabağ və Şərqi Zəngəzurda su ehtiyatlarının bərpası və səmərəli idarə olunması bölgənin yenidən qurulmasının əsas dayaqlarından biridir. Məhz bu kontekstdə dövlət başçısı bir neçə gün əvvəl "Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2025-2035-ci illər üçün Dövlət Proqramı"na həsr olunan müşavirədə işğaldan azad olunmuş ərazilərdə su təsərrüfatının, xüsusilə də su anbarlarının strateji roluna xüsusi diqqət çəkdi: "Biz son 20 il ərzində dörd böyük su anbarı inşa etmişik və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən çoxdur. Onların arasında xüsusilə "Taxtakörpü", "Şəmkirçay" su anbarlarını qeyd etməliyəm. Əgər bu su anbarları tikilməsəydi, bu gün həm Bakının su təchizatı, həm də qərb zonasının su təchizatı böyük problemlərlə üzləşə bilərdi. "Taxtakörpü" su anbarı bizə imkan verdi ki, Samur çayının sularını "Ceyranbatan" su anbarına yığaq və orada ehtiyat yaransın. O cümlədən "Ceyranbatan" su anbarı tamamilə yenidən qurulmuşdur, yeni, müasir təmizləyici qurğular kompleksi inşa edilmişdir".
Qarabağ və Şərqi Zəngəzurda su anbarları regionun sosial-iqtisadi dirçəlişində və dayanıqlı inkişafında mühüm rol oynayır. Bu ərazilərin relyef və iqlim xüsusiyyətləri su ehtiyatlarının tənzimlənməsini zəruri etdiyindən mövcud su anbarları suvarma, içməli su təminatı və enerji istehsalı baxımından strateji əhəmiyyət daşıyır. Xüsusilə kənd təsərrüfatının bərpası və genişləndirilməsi su anbarları hesabına mümkün olur ki, bu da ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir. Azad olunmuş ərazilərdəki mövcud su anbarları həm də keçmiş köçkünlərin qayıdış və yaşayış məntəqələrinin yenidən qurulması prosesində əsas infrastruktur elementlərindən biridir. İçməli suya çıxışın təmin edilməsi, sənaye və sosial obyektlərin fasiləsiz su ilə təchizatı regionda həyatın canlanmasını sürətləndirir.
Onu da əlavə etsək ki, su anbarları "yaşıl enerji" konsepsiyası çərçivəsində elektrik enerjisinin istehsalına da imkan yaradır, mənzərə daha aydın görünür. Digər mühüm məqam isə su anbarlarının ekoloji funksiyasıdır. Onlar çay axınlarını tənzimləməklə daşqın və sel risklərini azaldır, torpaqların şoranlaşmasının qarşısını alır və ekosistemin bərpasına şərait yaradır. Bu səbəbdən də Qarabağ və Şərqi Zəngəzurda içməli su və suvarma layihələrinin icrası dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Məlum müşavirədə Prezident İlham Əliyev son beş ildə bu məqsədlə görülən işlərə aydınlıq gətirib: "Vaxtilə torpaqlarımız işğal altında olanda Ermənistan dövləti bizə qarşı su terroru da həyata keçirirdi. "Sərsəng" və "Suqovuşan" su anbarlarının sularının bağlanması və sudan bir silah kimi istifadə edilməsi bizə böyük problemlər yaradırdı. Su lazım olan aylarda kəsilirdi, ondan sonra buraxılırdı və bu, böyük daşqınlara səbəb olurdu. Yəni, əslində, Ermənistan dövləti su terroru həyata keçirirdi. Bu gün isə "Suqovuşan" su anbarı, "Sərsəng" su anbarı tamamilə yenidən qurulub. Azad edilmiş digər torpaqlarda - Füzuli rayonunda "Köndələnçay" - üç su anbarı yenidən qurulub, Ağdam rayonunda "Xaçınçay" su anbarı yenidən qurulub. Laçın rayonunda tamamilə yenidən qurulmuş "Zabuxçay" su anbarı bu gün artıq istismardadır. Azad edilmiş ərazilərdə daha iki böyük su anbarının - "Həkəriçay", "Bərgüşadçay" su anbarlarının tikintisi də nəzərdə tutulur və artıq hazırlıq işləri gedir. Yəqin ki, biz bu il artıq praktik işlərə başlayacağıq".
Müasir dövrdə iqlim dəyişmələri, su qıtlığı riski və əhalinin artması fonunda su anbarlarının rolu gündən-günə aktuallaşır. Gələcək perspektivlər su ehtiyatlarının inteqrasiyalı idarə olunması, mövcud anbarların modernləşdirilməsi, yeni su anbarlarının inşası və su itkilərinin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsini zəruri edir. Bu baxımdan su anbarları Azərbaycanın su təhlükəsizliyinin təmin edilməsində və davamlı inkişaf strategiyasında əsas dayaqlardan biri hesab olunur.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"