Nəbi Xəzri öz şeirlərində xalqımızın həm qəhrəman keçmişini, həm də bugünkü həyatını və sabahını yüksək ustalıqla, fitri sənətkarlıqla tərənnüm edir. Öz şeirlərində və poemalarında şair cəmiyyətimizin inkişafı üçün, indiki nəslin tərbiyəsi üçün birinci dərəcəli əhəmiyyəti olan problemlər qaldırır. Həm də müəllifin mövqeyi həmişə aydın şəkildə bildirilir, onun xalqa bağlılığı, onlara sədaqətlə xidməti nümayiş etdirilir.
Heydər ƏLİYEV
Dünya xalqlarının ədəbiyyatları içərisində Azərbaycan xalqının ədəbiyyatı həmişə öz zənginliyi və humanist ideyalarının vüsəti ilə seçilmiş və bu fərqlilik indi də davam etməkdədir. Bu zənginliyi yaradan Azərbaycan ədəbiyyatına özünəməxsus naxışlarla iz qoyan ədiblərdən biri də nasir, dramaturq, publisist, tərcüməçi, ssenarist, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq şairi (1984), SSRİ (1973) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı Nəbi Xəzridir.
Ömrü poeziyasının ömrü qədər olan şair Nəbi Xəzri yaradıcılığında vətən sevgisi, insanın daxili aləmi və təbiətlə qarşılıqlı əlaqəsi mövzularında dərin fəlsəfi lirika yaradan Xalq şairidir.
Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakının Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. İkinci Dünya müharibəsi dövründə arxa cəbhədə çalışmış, daha sonra "Kommunist" qəzetində korrektor və Azərbaycan radiosunda diktor işləmişdir. 20 yaşında Səməd Vurğunun tövsiyəsi ilə Yazıçılar İttifaqının üzvü seçilmişdir. İlk şeir kitabı "Çiçəklənən arzular" 1950-ci ildə çap olunmuşdur. O, Azərbaycan Dövlət Universitetində, Leninqrad Dövlət Universitetində və Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır.
Nəbi Xəzri müxtəlif yüksək vəzifələrdə, o cümlədən Azərbaycan Yazıçılar İttifaqının katibi, mədəniyyət nazirinin müavini və Azərbaycan Dövlət Televiziya və Radio Komitəsi sədrinin müavini kimi çalışmışdır. O, poeziyasında fəlsəfi məzmunu, milli koloriti və dərin lirizmi ilə seçilmişdir. Əsərləri insanın mənəvi aləmini və təbiətini incəliklə əks etdirir. Onun şeirlərindən bəstəkarlar ilham almış və əsərləri Azərbaycan musiqisinin incilərinə çevrilmişdir.
Şairin şeirləri və poemaları bir çox dilə tərcümə edilmiş, bədii tərcümələri isə dünya poeziyasını Azərbaycan oxucusuna yaxınlaşdırmışdır. Dram əsərləri teatr səhnələrində uğurla tamaşaya qoyulmuşdur. İctimai xadim kimi Nəbi Xəzri milli mədəniyyətin təbliği istiqamətində çalışmışdır.
"İllər və sahillər", "Ulduz karvanı", "Nəsillər-əsrlər", "Torpaq sənə and içirəm" kimi əsərləri onun zəngin yaradıcılığını əks etdirir.
Şair 2007-ci ildə vəfat etmiş və 1-ci Fəxri xiyabanda dəfn olunmuşdur.
Azərbaycan gerçəkliyinin ictimai-siyasi, mənəvi-psixoloji mənzərəsini, tariximizin bir çox olaylarını, insanlığın duyğu və düşüncələrini əks etdirən N. Xəzri ədəbiyyat və mədəniyyət tariximizdə öz işıqlı düşüncə və əməlləri ilə müasirlərinə və özündən sonrakı nəsillərə əhəmiyyətli dərəcədə təsir etmiş görkəmli sənətkardır. Nəbi Xəzrinin yaradıcılığı sovet və müstəqillik dövrü Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır.
Zərif duyğular, incə hisslər, aylı, günəşli, ulduzlu düşüncələr, sevgililəri öz sahilinə səsləyən mavi dəniz, üstündə mavi səma, bir sözlə, nə varsa, maviliyə bürünmüş bir poeziya örnəyi... Bu, məhəbbətin-işığın-dənizin rəngi idi, ünvanı Nəbi Xəzri şeiriydi. Bu, son illərin, deyərdim ki, bütün zamanların ictimai-siyasi, mənəvi-ruhi burulğanlarından keçəcək mavi tülə bürünmüş Nəbi Xəzri poeziyasının mavi şəfəqləridir...
Şahidi olduğumuz ictimai-siyasi iqlim dəyişdikcə şairlər də dəyişirdilər... Unuduldu ki, şairliyin ən ali mərtəbəsi zamanın axarınca getmək yox, bəlkə zamandan ucada durmaqdadır. Nəbi Xəzri şeiri lap əvvəldən zamanın fövqündə dayana bildi:
Şeir mənim üçün bir kainatdır,
Onun ulduzları, günəşləri var.
Şeir mənim üçün sirli həyatdır,
Onun öz sevinci, öz kədəri var.
Nəbi Xəzri poeziyasında zamanın harmoniyası kamil şəkildə əksini tapırdı. Dünən və bu gün, tarixilik və müasirlik, ən ağrılı anlarda gələcəyə nikbin bağlılıq, ölümdə belə ölümsüzlük görmək, kövrək, incə notlar, həssaslıq onun poezyasının ruhunu təşkil edir. Başqa sözlə, Nəbi Xəzri müstəqillik illərinin ağrılı keçid dövründə, ictimai-siyasi kataklizmlərində belə yolundan sapmadı, susqun olub durmadı, yüksək vətənpərvərlik və vətəndaşlıq poeziyasına sadiq qaldı, Səməd Vurğun ədəbi məktəbinin ləyaqətli davamçısı kimi, "Əyilməz vicdanın böyük heykəli!" amalını uca tutdu! Dünya çalxalandı, sistemlər dəyişdi, əbədi-əzəli meyarlar laxladı, ədəbi mühitdə bir çaxnaşma yarandı, amma Nəbi Xəzri poeziyasındakı Çinar obrazı kimi əzəmətini itirmədi, Meydan hərəkatı, 20 Yanvar qırğını, Qarabağ işğalı zamanı qələmi ilə xalqının yanında oldu, haqqa söykəndi, oxucusunu insanla zaman arasındakı əzəli-əbədi harmoniyaya səslədi, disharmoniyaya uymadı və bu gün də, bu poeziya ilə təmasda olanlar bu dinamizmi aydın hiss edirlər...
Vətənimizin ən ağrılı, keşməkeşli günlərində qələmə aldığı "İstiqlal marşı" şeirində Azərbaycanın xoşbəxt, müstəqil gələcəyinə nikbinlik və inamla dolu bu misraları oxuyuruq:
...Gələcəyə mərd addımla,
Uğurla get, Azərbaycan!
Şəhidlərin al-qanından,
Lalə açmış yollar ilə,
İstiqlalın sabahına
Qürurla get, Azərbaycan!
Nəbi Xəzri yaradıcılığında nəzərə çarpan mühüm cəhətlərdən biri də epik-lirik janrda yazılmış ədəbi nümunələrdir. Süjetli lirikanın gözəl nümunələrini yaradan şair, yığcam və mənalı əsərlərində oxucularını düşündürən elə hadisələr seçir ki, biz bunları istedadlı bir şair xəyalının məhsulu kimi qiymətləndiririk. Lakin bu xəyal real və həyatidir. Adi həyat həqiqətləri sənətkar qələmilə yüksək poetik vüsət və məna kəsb edir. Onun poeziyası yüksək lirizmi və dramatik epizmi ilə vəhdətdə olduqca diqqətəlayiq və cazibədardır. Nəbi Xəzri səmimiyyət şairidir, dəniz, səma, torpaq və məhəbbət şairidir...
Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.
Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm - deyə,
Mənimlə danışıb, güləsən bir də.
Şeir ayrılıq haqqında olsa da, o, kədərin deyil, mənəvi dərinliyin ifadəsidir. İlk bənddə "Ayrıldıq qəribə hədiyyələrlə" deyən şair, sanki ayrılığı bir itki yox, bir təcrübə, bir miras kimi təqdim edir. Bu "qəribə hədiyyələr" - yaddaşda qalan xatirələr, dənizin səsi, göylərin rəngi kimi simvolik dəyərlərdir.
"Göylər eşqim kimi mənə əzizdir" - burada göylər təkcə ucalığın yox, həm də sevgidəki saf və əbədi duyğunun rəmzidir. Göy sonsuzdur, sevgi də onun kimi - görünməz, amma var olan bir genişlikdir.
Dəniz - dərinlik, yaddaş, dəyişməzlik və eyni zamanda ayrılıq dalğasıdır.
Göy - ucalıq, təmizlik, əbədi sevgi ideyasıdır.
Sahil - qovuşmanın, həm də başlanğıcın yeridir; insanın özünə dönüş nöqtəsidir.
Bu simvollar vasitəsilə şair sevginin məkanını və zamansızlığını ifadə edir.
İnsan o vaxt xatırlanır ki, özündən sonra bir iz qoyub gedir. Nəbi Xəzri Azərbaycan ədəbiyyatında yüz illərlə yaşayacaq iz qoyub gedib. Fəlsəfi məzmunlu əsərləri ilə ədəbi aləmimizə özünəməxsus bir gözəllik bəxş edib...
Dənizi hədiyyə verirəm sənə,
Mən dedim, sən baxdın, sən gülümsədin,
Göylərin şəfəqi düşdü üzünə,
Mən isə göyləri verirəm dedin.
Ayrıldıq qəribə hədiyyələrlə
Göylər eşqim qədər mənə əzizdir.
Ayrıldıq dənizlə ağ ləpələrlə
Necə aparasan, dəniz dənizdir,
Dənizi verdim ki, sənə hədiyyə...
Nəbi Xəzri geniş və hərarətli yaradıcılıq yolu keçib. O, bir şair olmaqla bərabər, nasir, dramaturq, publisist və tərcüməçi kimi də şöhrət qazanıb. Yaradıcı əməyi yüksək qiymətləndirilib. Bir çox orden və medala, dövlət mükafatlarına, Azərbaycan Əməkdar incəsənət xadimi, Xalq şairi fəxri adlarına, Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - "Şöhrət", "İstiqlal" ordenlərinə layiq görülüb. Xalq şairi Nəbi Xəzri poeziyası daim oxunacaq və yaşayacaq...
Aynur ƏLİYEVA,
"Göy Qurşağı" jurnalının redaktoru