Böyük Britaniyada novruzgülü aprelin ortalarında çiçək açdığına görə onun şərəfinə “Novruzgülü bayramı” da keçirilir. İngilislərin inancına görə, ecazkar novruzgülünün evlərin ətrafına əkilməsi onları şər qüvvədən qoruyur. Bu coğrafiyada onların becərilməsinə Hollandiyada zanbağın becərilməsi qədər diqqət yetirilir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda novruzgülü mövsümü fevralın axırları-martın əvvəllərindən başlayır, lakin indinin özündə də qar yorğanını üstündən atmamış Kəlbəcər dağlarında torpağın altından ürkək-ürkək baş qaldıran bu zərif və füsunkar çiçəklərlə rastlaşmaq olar.
Novruzgülü təkcə Böyük Britaniyada deyil, hər yerdə yazın nəfəsindən, təbiətə asta-asta qədəm basan baharın gəlişindən soraq verir. Görünür, elə buna görə də onu həyatın təravətli, xoş ətirli müjdəçisi hesab edirlər. Təbiətin bu zərif möcüzəsi qışdan sonra görünən ilk çiçəklərdir və yazın başlandığını, istiliyin soyuq üzərində qələbəsini simvolizə edir. Baharın ilıq nəfəsi ilə oyanan novruzgülü latıncadan tərcümədə “süd gülü” mənasını verir.
Orta əsrlərdə novruzgülünü təmizlik rəmzi kimi qəbul edirdilər. XIX əsrdə isə onu hər yerdə yetişdirməyə başladılar. Hazırda novruzgülünün 20-ə yaxın növü məlumdur və onun əksər növləri “Qırmızı kitab”a düşüb. Onların içərisində ən məşhurları ağ rəngli yunan, Bizans və Qafqaz növləridir. İngilislər növruzgülünə qar damlası və ya qar sırğası, çexlər qar dənəciyi, almanlar qar zəngi deyirlər. Türklər isə çox da hündür olmayan bu bitki qalın qar təbəqəsini yarıb günəşə doğru boylandığına görə qardələn adı veriblər.
Əvvəlcə qardələnin bir cüt yarpağı, sonra ağ zınqırov formasında üzü aşağı doğru açılan çiçəkləri əmələ gəlir. Nə qar, nə şaxta, nə də yazın soyuq keçməsi onu qorxutmur. Elə buna görə də təbiətin bu möcüzəsini tez-tez müxtəlif əfsanə və nağılların qəhrəmanına çevrilməsi çox təbiidir.
Qoparıldıqdan sonra novruzgülü çiçəkləri cəmi bir neçə gün yaşayır. Hazırda novruzgülünün bütün növləri qorunur. Bəzi növləri isə itmək və nəsli tükənmək təhlükəsi ilə üz-üzədir. Ona görə də onu şəxsi təsərrüfatlarda və gül plantasiyalarında yetişdirirlər. Ekoloqlar bu güllərə qarşı diqqətli və ehtiyatlı davranmağı, hətta yaz bayramları ərəfəsində belə onların kütləvi dərilməməsini tövsiyə edirlər.
Birinci olmaq quşlardan qaranquşun, çiçəklərdən isə novruzgülünün, nərgizin bəxtinə düşüb. Birinci olana isə həmişə dəyər vermək, qorumaq, əzizləmək və qayğısına qalmaq lazımdır.