SİMA-da biometrik qeydiyyat zamanı cəhdlərin sayının məhdudlaşdırılması, aktiv sessiyaların idarə edilməsi və QR funksionallığı istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, bunu “AzInTelecom”un Məhsul və xidmətlər şöbəsinin müdiri Tamerlan Məşədihəsənli media nümayəndələri ilə görüşdə deyib.
Onun sözlərinə görə, 2025-2026-cı illərdə SİMA ilə bağlı bir sıra yeniliklər tətbiq olunub və təqdimat zamanı əsas diqqət təhlükəsizliklə bağlı həyata keçirilən yeniliklərə yönəldilib.
“Xüsusilə SİMA-ya inteqrasiya olunmuş maliyyə sektorunda bəzi şəxslər başqalarının adına SİMA əldə etməyə çalışıblar. Bunun üçün şəkil, video və digər vasitələrdən istifadə edilməyə cəhd göstərilib. SİMA-da istifadə olunan biometrik yoxlama isə canlılığı həm passiv, həm də aktiv şəkildə yoxlayır və eyniləşdirməni həyata keçirir. Bu cəhdlərin sayı limitsiz idi. Biz vətəndaşlar üçün cəhdləri limitlədik. Hazırkı cəhd sayı 10-dur. 10 cəhdə çatdırdıqdan sonra həmin adamın FİN kodu bloklanır və vətəndaş bizim Çağrı Mərkəzinə müraciət edir. Müraciət xüsusi təhlükəsizlik əməkdaşları tərəfindən araşdırılır. Əgər qeydiyyatdan keçən şəxs həqiqətən həmin vətəndaşdırsa, onun FİN kodu blokdan çıxarılır və vətəndaş növbəti cəhddə qeydiyyatdan keçə bilir. Ancaq vətəndaş özü deyil, başqalarının adından SİMA-ya daxil olmağa çalışırsa, həmin vətəndaşın FİN kodunun bloku onun özü müraciət edənə qədər saxlanılır”, - deyə şöbə müdiri bildirib.
Şöbə müdiri ikinci funksionallığın aktiv sessiyaların idarə edilməsi olduğunu bildirib: “İstifadəçi smartfonunda SİMA tətbiqini açaraq menyudan “Aktiv sessiyaların idarə edilməsi” bölməsinə daxil ola bilər. Bu bölmədə istifadəçi SİMA sertifikatından hansı cihaz və sistemlərdə istifadə edildiyini görə və həmin sertifikatları ləğv edə bilər. Əvvəllər bəzi hallarda istifadəçilər sertifikatlarının ləğv edilməsi üçün müraciət edir və bu proses əl ilə həyata keçirilirdi. Hazırda isə vətəndaş bu əməliyyatı birbaşa öz cihazından həyata keçirə bilər”.
SİMA-ya gətirilən üçüncü funksionallığın isə QR olduğunu deyən Tamerlan Məşədihəsənli bununla vətəndaşa öz SİMA imzasını başqa şəxslə paylaşarkən onun adından hansı əməliyyatın həyata keçiriləcəyini əvvəlcədən görmək imkanı verildiyini deyib.
“Düşünək ki, mənim adımdan kimsə bəyannamə vermək istəyir. Mən vergi portalına daxil olaraq öz SİMA imzamla orada QR-i skan edirəm. Daha sonra bu QR-in linkini “WhatsApp”, “e-mail” və ya hər hansı vasitələrlə qarşı tərəfə göndərirəm. Qarşı tərəf linkə daxil olduqda SİMA imzası açılır və onun adından hansı əməliyyatları icra etmək istədiyini görə bilir. İmzalanacaq sənəd varsa, sənədin növü və mətni, müqavilədirsə, müqavilənin məzmunu, hər hansı sistemə girişdən söhbət gedirsə, həyata keçiriləcək əməliyyat ekranda əks olunur. İmza sahibi özü başa düşəcək ki, onun adından hansı əməliyyat icra olunmalıdır, kim onun adından sistemə daxil olacaq”, - deyə şöbə müdiri vurğulayıb.