Şanlı Zəfər tarixi irsimizi də xilas etdi
44 günlük Vətən müharibəsi nəticəsində qazanılan böyük Qələbə Ermənistanın illərdir işğal altında saxladıqları ərazilərimizdəki milli-mənəvi irsimizi də Yer üzündən silinməkdən xilas etdi. Bu parlaq qələbə təkcə Azərbaycan yox, bütövlükdə dünya tarixi üçün böyük əhəmiyyətə malik oldu və bəşəriyyətin daş yaddaşlara həkk olunmuş izlərini qoruyaraq, gələcək nəsillərə ötürülməsinə birbaşa zəmin yaratdı.
Beynəlxalq təşkilatlar ermənilərin cinayətlərini görməzliyə vurublar
Ötən il dekabrın 23-də Prezident İlham Əliyev işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olarkən bu torpaqlarda erməni vandalları tərəfindən yerləyeksan edilən yaşayış binalarımızı, dağıdılan maddi-mənəvi irsimizi gördükdə bir daha bildirdi ki, işğaldan azad edilmiş bu bölgələrdə olarkən, ermənilər tərəfindən törədilmiş vəhşiliyi görərkən bir daha əmin oluram ki, biz nəinki özümüz üçün, bölgəmiz üçün böyük iş görmüşük: “Biz erməni faşizminin başını əzdik. Bizim torpaqlarımızı erməni faşizmi bu günə saldı. Biz Ermənistan faşist dövlətinin, terror dövlətinin belini qırdıq və bu gün məcbur olub, bizim qabağımızda diz çöküb və düzgün nəticə çıxarmalıdır. Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır...”
Dövlət başçısı həm də bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, bizim bütün dini abidələrimiz düşmən tərəfindən dağıdılıb: “Dünya 30 il ərzində buna səssiz qalıb. Biz bu məsələni dəfələrlə qaldırmışdıq, beynəlxalq kürsülərdən qaldırmışdıq, tarixi-dini abidələrimiz dağıdılıb, təhqir edilib. Biz o videoları dəfələrlə göstərirdik. Ağdam məscidini, Şuşa məscidlərini, o vaxt işğal altında olan digər məscidlərin vəziyyətini göstərərək deyirdik ki, mənfur düşmən bizim dini abidələrimizi dağıdıb, təhqir edib...”
Təəssüf ki, ermənilərin tarixi irsimizə qarşı törətdikləri barbarlıqlar faktlar və dəlillərlə göstərilsə də, bir çox ölkələr, beynəlxalq təşkilatlar illər boyu bu cinayətləri görməzdən gəliblər və susqunluq nümayiş etdirərək onların bu dəhşətli əməllərinə qarşı heç bir tədbir görməyiblər...
Abidələrimiz dağıdılıb, tarixləri saxtalaşdırılıb
Amma gün kimi ortadadır ki, Ermənistanın işğalçılıq siyasətinin əsas məqsədlərindən biri də qəsdən Azərbaycan xalqının maddi-mədəni, milli irsinin dağıdılması olub. Erməni vandalları tarixən xalqımıza qarşı etnik və mədəni təmizləmə həyata keçiriblər. Yer adlarımızı, toponimlərimizi dəyişib, mədəni, dini irsimizə yiyələnib özününküləşdirə, dəyişdirə bilmədikləri maddi nümunələri isə, əksəriyyəti dini ocaqlar olmaqla, yerləyeksan ediblər.
Tarixi bir fakta diqqət yetirək: XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 300 məscid qeydə alındığı halda, hazırda Ermənistan ərazisində - İrəvan şəhərində yalnız bir məscid - Göy məscid qismən salamat qalıb. Bu məscidin tamamilə dağılmaqdan qurtulmasının əsl səbəbi isə erməni məkrinin bariz göstəricisidir və yalnız beynəlxalq ictimaiyyət qarşısında gözdən pərdə asmaq məqsədi daşıyır.
Ermənilər vandal əməllərini 30 il müddətində işğalda saxladıqları Qarabağ və ətraf ərazilərdə də həyata keçiriblər və Azərbaycan xalqına qarşı mədəni soyqırımı törədiblər.
1990-cı illərin əvvəllərinə olan statistikaya əsasən, işğal edilmiş ərazilərimizdə 2625 abidə qeydə alınıb. Onlardan 11-i beynəlxalq əhəmiyyətli, 240-ı ölkə əhəmiyyətli və 455-i yerli əhəmiyyətli olmaqla, ümumilikdə 706-sı dövlət tərəfindən mühafizə edilib.
Ermənistanın işğalçılıq siyasəti nəticəsində yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, o cümlədən Füzuli rayonu ərazisində dünyanın ən qədim yaşayış məskənlərindən biri - Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu dağıdılıb vandalizmin qurbanına çevrilib.
İşğal dövründə Qarabağda islam mədəniyyətinə aid olan bütün məscidlər, abidələr dağıdılıb. Erməni millətçiləri qədim Azərbaycan torpaqlarında türk-müsəlman mədəniyyətinin izlərini silmək üçün məscidlərimizi, dini abidələrimizi yerləyeksan ediblər. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub.
Mütəxəssislər bildirirlər ki, işğal olunmuş ərazilərdə qalan və islam dövrünə aid olan tarixi abidələrin ermənilər tərəfindən xüsusi amansızlıqla dağıdılmasının əsas səbəbi onların üzərində müsəlman epiqrafiyası ilə yazıların olmasıdır. Onlar bu abidələri erməniləşdirməyin və qeyri-Azərbaycan abidələri kimi təqdim etməyin mümkün olmadığını anlayaraq bu cür vəhşiliyə əl atıblar.
Ermənilərin Qafqaz alban mədəniyyətinə sahiblənmək niyyətləri gözlərində qaldı
Erməni barbarlığına sadəcə islam mədəniyyətinə aid abidələr tuş gəlməyib. Mənfur düşmən qədim insan məskənləri olan Azıx, Tağlar mağaralarından hərbi məqsədlərlə istifadə edib. Həmçinin işğalçılar Azıx mağarasında Azərbaycan izlərini itirmək məqsədilə qeyri-qanuni olaraq arxeoloji tədqiqatlar aparmaq üçün xarici ölkələrdən alimlər dəvət ediblər. Azərbaycan hərbçilərinin Xocavənd rayonunun işğaldan azad edilmiş Azıx kəndindəki evlərdən birinə baxış zamanı üzərində “Azıx” yazılmış və içərisində arxeoloji materialların olduğu qutular aşkar edilmişdir.
Ermənilərin zamanla həyata keçirmək istədikləri əsas məkrli niyyətlərindən biri də Azərbaycan ərazilərindəki Qafqaz alban irsinə yiyələnmək idi. Bu səbəbdən də işğal altında qalan bütün alban məbədlərində özününküləşdirmə, tarixi faktların saxtalaşdırılması ilə məşğul olublar. Onlar bu əməlləri ilə həmin ərazilərə olan iddialarını gücləndirməyə, saxta faktlar təqdim edərək dünyanı bu yalanlarına inandırmağa çalışıblar.
Prezident İlham Əliyev Kəlbəcərin işğaldan azad edilməsi ilə əlaqədar xalqa müraciətində söylədi ki, tarixə baxmaq kifayətdir, hər kəs görsün ki, 1830-cu illərdə çar Rusiyası alban kilsəsini ləğv etdi, alban kilsəsinin bütün mülkiyyətini erməni Qriqorian kilsəsinə verdi və erməni keşişləri, onların havadarları bu kilsələri mənimsəməyə başladılar: “Qafqaz Albaniyasının tarixini silmək, unutdurmaq onların başlıca vəzifəsi idi. Amma biz imkan vermədik. Azərbaycanda bu məsələ ilə bağlı kifayət qədər böyük elmi baza var, əsərlər var. Bu əsərlər nəinki elmi ictimaiyyətə, bütövlükdə dünya ictimaiyyətinə çatdırılır və çatdırılmalıdır. Qafqaz Albaniyası böyük dövlət olub. Onun paytaxtı Qəbələ şəhəri olub. Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri qoruyuruq”.
Ermənistan vandalizmə görə hüquqi müstəvidə də cavab verəcək
Erməni vandalları tərəfindən törədilən bütün vəhşiliklər “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının, “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun, “Arxeoloji irsin qorunması haqqında” 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin pozulmasıdır.
Amma tezliklə Ermənistan mədəni irsimizin qəsdən məhv edilməsi, mənimsənilməsi, dəyişdirilməsi və oğurlanması da daxil olmaqla, törətdiyi bütün əməllərə görə hüquqi müstəvidə də cavab verəcək.
Qeyd edək ki, bu il ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərimizdəki abidələrimizə pasportlar verilib. 15 tarixi-memarlıq abidəsinə verilən həmin pasportlar hələ işğal dövründə arxiv materialları, tarixi sənədlər, fotolar və internet resursları hesabına ərsəyə gəlib. Pasportları hazırlanan tarix-memarlıq abidələri Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa və Saatlı məscidləri, Xan qızı Natəvanın evi, Mehmandarovların malikanə kompleksi, Hacıqulların malikanəsi, Əsəd bəyin mülkü, Ağa Qəhrəman Mirsiyab oğlunun karvansarası, Şirin su hamamı, Ağdam şəhərində Qutlu Musa oğlu türbəsi, Cümə məscidi, Kəlbəcər rayonunda Gəncəsər və Xudavəng monastırları, Laçın rayonunda Malik Əjdər türbəsi və Xocavənd rayonunda yerləşən Amaras monastırıdır.
İndi Heydər Əliyev Fondu tərəfindən bütün işğaldan azad edilən torpaqlarda erməni vandalizminə məruz qalan maddi-mədəni irsimizə məxsus tarixi-dini abidələrimizin bərpası prosesi aparılır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı qələbə sayəsində işğaldan azad olunan bütün torpaqlarımızda xalqımızın zəngin milli, mədəni ruhu yenidən yüksəlir.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
Həyatı filmə bənzəyən aktyor
05 May
Məğrur, qürurlu Şuşa
05 May
Fironun məzarının "öldürücü" sirri
05 May
Tovuz kümçüləri bu il də bol məhsul götürmək əzmindədirlər
05 May
Dini konfessiyaların nümayəndələri Tərtərdə olmuşlar
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!