05 May 2024 09:30
739
Mədəniyyət
A- A+

Həyatı filmə bənzəyən aktyor

 

Həyatı da yaratdığı obrazlar kimi rəngarəng idi… Uşaqlığı ermənilərin qırğınlar törətdiyi illərə təsadüf edir. Ömrünün gözəl çağları, gənclik illəri  yaddaşında daha çox Birinci Dünya müharibəsi, ermənilərin Naxçıvanda törətdiyi amansız qırğınlarla və Azərbaycan Demokratik Respublikasının yaranması ilə qalır. 
Sovet hökuməti insanlara xoşbəxtlik vəd etsə də, daha çox bədbəxtlik gətirmişdi. Amansız repressiya maşını dəyirman kimi xalqın ziyalılarını, düşünən beyinləri üyütməklə məşğul idi. Bəlalar bitib tükənmək bilmirdi…
Repressiyalar səngimək üzrə idi ki, İkinci Dünya müharibəsi qapını döydü. Elə bir zaman idi ki, ağı qaradan seçmək olmurdu. Yaşamaq da, yaratmaq da çətin idi. O isə həm yaşamağı, həm də yaratmağı bacardı. Adını Azərbaycanın kino, teatr mədəniyyəti tarixinə əbədi olaraq yazdı. Söhbət Azərbaycanın teatr və kino sənətinin inkişafında müstəsna xidmətləri olan, genişmiqyaslı rejissorluq və aktyorluq fəaliyyəti ilə sənət tariximizin parlaq səhifələrini yaradan Xalq artisti Rza Təhmasibdən gedir.
Rza Təhmasib 1894-cü il aprelin 20-də Naxçıvanda sayılıb-seçilən tacir Abbasqulu bəyin ailəsində dünyaya gəlib. 1901-ci ildə o, Məmmədtağı Sidqinin açdığı "Məktəbi-tərbiyə"də dərs alıb. Məktəbdə rus, ərəb, fars dilləri, tarix və coğrafiya fənlərini öyrənib. Beş il sonra "Məktəbi-tərbiyə"ni bitirərək üçsinifli Naxçıvan şəhər məktəbində oxuyub.
Atasının istəyi ilə Tiflisdə ticarət məktəbinə qəbul olunsa da, ticarəti yox, incəsənəti seçib. 16 yaşında ikən Tbilisidə "Müsəlman Artistləri İttifaqı"nın teatr truppasında fəaliyyətə başlayan gənc 1920-ci ilədək Tbilisi, İrəvan, Naxçıvan teatrlarında aktyorluq və rejissorluq edib. 1920-ci ildən isə Təhmasibin yaradıcılığı Azərbaycan Dövlət Dram Teatrı ilə bağlı olub.
 Sovet hakimiyyəti qurulduqdan sonra, 1921-ci ildə Türkiyəyə getmək, diplomatik nümayəndəlikdə tərcüməçi vəzifəsində çalışmaq təklifini alır. Bu təklifi dəyərləndirən Rza Təhmasib 1921-ci ilin sentyabr ayının əvvəllərində Tiflisdən Batuma yola düşür. Batumdan İtaliyanın "Reno" gəmisi ilə Türkiyəyə gedən 28 nəfərlik Azərbaycan nümayəndə heyətinin tərkibində Rza Təhmasib də olur. Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan "Azərbaycan SSR-in Ankaradakı səlahiyyətli nümayəndəliyinin tərkibi və onların aylıq əməkhaqqı cədvəli" adlı sənəddə göstərilir ki, Rza Təhmasib o zaman Azərbaycan nümayəndəliyinin İnformasiya şöbəsinin iki əməkdaşından biri olmuşdur.
Onun Azərbaycan və Türkiyə tarixinin çətin bir dövründə diplomatik nümayəndəliyin fəaliyyətinə cəlb olunması bir tərəfdən geniş dünyagörüşə, əhali arasında xüsusi nüfuza sahib olması idisə, digər tərəfdən isə rus, ərəb, fars və türk dillərini mükəmməl bilməsiydi.
1922-1924-cü illərdə Azərbaycan Dövlət Dram Teatrında bədii rəhbər, 1937-1938-ci və 1953-1959-cu illərdə isə direktor kimi fəaliyyət göstərib. 
Rejissorluq fəaliyyəti haqqında danışarkən "İlk uğurlu rejissor işim üçün "Ölülər" pyesinə minnətdaram" deyən Rza Təhmasibin istər doğma Naxçıvanda, istərsə də Bakıda səhnəyə qoyduğu əsərləri ilə teatr sənətimizn inkişafına göstərdiyi müstəsna xidmətləri danılmazdır. Qoqolun "Ölü canlar"ının, Mirzə Cəlilin "Ölülər"inin teatra gəlişi Rza Təhmasibin adı ilə bağlıdır.
Rza Təhmasibin sənətə gəldiyi dövr Azərbaycan kinosunun yenicə yaranmağa başladığı bir ərəfəyə təsadüf edirdi. Bu böyük sənətkar 1937-ci ildə Ümumittifaq Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsini bitirmiş və elə həmin il də Bakı studiyasında "Ordenli Azərbaycan" sənədli filmini çəkmişdi.
"Səbuhi", "Mahnı belə yaranır", "Bakının işıqları" filmlərini çəkən rejissorlardan biri də Rza Təhmasib olub. Qardaşı Məmmədhüseyn Təhmasiblə birgə çəkdiyi "Onu bağışlamaq olarmı?" filmi bu gün də milli kinomuzun ən dəyərli incilərindən hesab edilir.
Tamaşaçıların yaddaşına adını "Qanun naminə" filmində yaratdığı Qaloşlu adam obrazı ilə yazan aktyor "Almaz", "Bakıda küləklər əsir", "Fətəli xan" və digər ekran əsərlərində də bir-birindən fərqli, maraqlı obrazlar canlandırıb. 
Teatr tariximizdə dünya və Azərbaycan ədəbiyyatının elə bir klassik nümunəsi yoxdur ki, Rza Təhmasibin aktyor və rejissor kimi bu tamaşalarda zəhməti olmasın. Onun yaradıcılığı epoxasında aktyor kimi yaratdığı İsgəndər ("Ölülər"), İblis və Arif ("İblis"), Şeyx Sənan ("Şeyx Sənan"), Qacar ("Ağa Məhəmməd Şah Qacar"), Süleyman ("Həyat"), Koşkin ("Lyubov Yarovaya"), Strijin ("Eskadranın məhvi"), Karl Moor ("Qaçaqlar") kimi rollar klassik teatrımızın ən layiqli sənət nümunələrindən olmuşdur.
Ömrünün son illərini pedaqoji fəaliyyətə həsr edən Rza Təhmasib Azərbaycanda yeni rejissor və aktyor nəslinin yetişməsində mühüm və əhəmiyyətli rol oynamışdır.

Elşən QƏNİYEV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video