05 May 2024 09:55
436
SİYASƏT
A- A+

Hayastanda etirazlar səngimir

 

Revanşistlər Paşinyana qarşı indi də terrorçularla birləşirlər

 

Ermənistanda davam edən etirazlar fonunda siyasi böhran gündən-günə kəskinləşir. Bu həm də sosial-iqtisadi vəziyyətin daha da pisləşməsinə səbəb olur. Revanşistlər baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün dəridən-qabıqdan çıxsalar da, hələ ki, heç bir nəticəyə nail ola bilmirlər. 
Keçmiş hərbi xunta etirazlarına səbəb kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərir. Onlar iqtidarın xarici siyasətinin ölkəni uçuruma sürüklədiyini, dövlətçiliyin itirilməsi ilə üz-üzə qoyduğunu iddia edirlər. Azərbaycanla delimitasiya prosesindən narazı qalan erməni sakinlər etiraz aksiyasını davam etdirirlər. 
Ötən günlərdə Hayastan parlamentində müxalifət sayılan qruplaşmanın demarkasiyaya dair bəyanat layihəsi rədd edilib. Layhənin müəllifi keçmiş prezident Rober Koçaryanın sponsoru olduğu "Hayastan" fraksiyasıdır. Onlar baş verənləri təhrif etməklə ölkədə qarşıdurma yaratmağa, eyni zamanda hökumət başçısı Nikol Paşinyanı istefaya göndərməyə çalışırlar. Bu dəstənin əsas hədəfi mövcud hakimiyyətə qarşı çıxıb onu devirməkdir. Ona görə də sərhədlə bağlı məsələdən revanş üçün alət olaraq istifadə etməyə çalışırlar.
Hayastanın baş naziri Nikol Paşinyan delimitasiya və demarkasiya ilə bağlı həm müxalifətin, həm də ölkə ictimaiyyətinin marağına səbəb olan suallara yerli İctimai TV-yə müsahibəsində aydınlıq gətirməyə çalışıb. Baş nazir bildirib ki, bir müddət əvvəl "Hayastan" fraksiyasının başçısı tam məxfi sənədlə tanış olmaq üçün müraciət etmişdi: "İndiki anlaşılmazlıqların bəziləri bununla əlaqədar ola bilər". Onun çıxışından belə görünür ki, müxalifət sərhədlərin müəyyənləşməsinə dair sənədlə tanış ola bilmədikləri, yaxud bu məsələdə onlara etibar edilmədiyi üçün gərginlik yaratmağa başlayıblar. Bu həm də Hayastan müxalifətinə hökumətin inanmadığı anlamına gəlir. Rəsmi İrəvan onların məxfi sənəddəki məlumatları başqa tərəfə ötürə biləcəklərindən ehtiyat edib. Ölkə ictimaiyyətini arxayın salmaq üçün Paşinyan bildirib ki, başçılıq etdiyi hökumət delimitasiya prosesi zamanı qarşısına təkcə ayrı-ayrı bölmələri deyil, həm də iki ölkə arasında bütün sərhədin bərpası üçün hüquqi əsas yaradan prinsipin qəbulunu vəzifə olaraq qoyub.
"Hraparak" nəşri yazıb ki, polisin xüsusi əməliyyatları nəticəsində məlum olduğu kimi, iki həftəyə yaxındır bağlı olan dövlətlərarası yolun Günən (Kirants) hissəsi deyil, Günəndən minalanmış ərazilərə gedən yolun girişi açılıb. Nəşrə görə, polis xüsusi əməliyyatların getdiyini bildirərək, kəndin bütün girişlərini bağlayıb: "Məsələ burasındadır ki, Günəndən o biri kəndlərə, Əskipara (Voskepar), Bağanis və başqa kəndlərə gedən yoldan indidən Paşinyanın gətirdiyi yeni sərhəd sütunları və ya onun dediyi kimi, tarixi dirəklər görünür".
ASALA terror təşkilatının keçmiş üzvü, erməni terrorçu Vazgen Sislyan deyib ki, Tavuşda baş verənlər Hayastanın rəhbəri tərəfindən dövlət əleyhinə hərəkətdir. Onun sözlərinə görə, Tavuşda baş verənlər vətənpərvər insan üçün normal ola bilməz: "Bu torpağın hər santimetri üçün qan tökmüşük və bu adam, Nikol Paşinyan ad-soyadlı şəxs gəlib təhvil verir, o, metrlərlə yox, kilometrlərlə təhvil verir. Qısa desəm, Nikol Paşinyan özünü Allah yerinə qoyub, Hayastan onun mülkiyyəti deyil, o, xalqa xidmət etməlidir, xalqı özünə qulluq etdirməməlidir, bu ölkənin sahibi və ağası deyil. Ermənistanda və diasporda olan insanlar, sizə müraciət edirəm, ayağa qalxın, haradasınız, Ermənistan sizin mülkünüzdür, bu mülk üçün mübarizə aparın".
Bütövlükdə bütün bunlar Hayastanın böyük tənəzzül yaşadığını göstərir. Görünən budur ki, sülh müqaviləsinin imzalanmasının uzadılması fonunda İrəvan üzləşdiyi problemlərdən hələ uzun müddət xilas ola bilməyəcək.

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video