05 May 2024 09:45
471
Mədəniyyət
A- A+

QƏZƏLLƏR

 

Ey mələksima ki, səndən özgə heyrandır sana,
Həq bilir insan deməz, hər kim ki, insandır, sana.

Verməyən canın sənə bulmaz həyati-cavidan,
Zindeyi-cavid ona derlər ki, qurbandır sana.

Aləmi pərvaneyi-şəmi-cəmalın qıldı eşq,
Cani-aləmsən, fəda hər ləhzə min candır sana.

Aşiqə şövqünlə can vermək ikən müşkül deyil,
Çün Məsihi-vəqtsən, can vermək asandır sana.

Çıxma yarım, gecələr, əğyar tənindən saqın,
Sən məhi-övci-məlahətsən, bu nöqsandır sana.

Padişahım, zülm edib aşiq sana zalim demiş,
Xubrulardan yaman gəlməz, bu böhtandır sana.

Ey Füzuli, xubrulardan təğafüldür yaman,
Gər cəfa həm gəlsə onlardan, bir ehsandır sana!

***

Dəhənin dərdimə dərman dedilər cananın,
Bildilər dərdimi, yoxdur dedilər dərmanın.

Olsa məhbublərin eşqi cəhənnəm səbəbi,
Hurü qilmanı qalır kəndisinə rizvanın.

Keçdi meyxanədən el, məsti-meyi-eşqin olub,
Nə mələksən ki, xərab etdin evin şeytanın?

Vurmazam sihhət üçün mərhəm oxun yarəsinə,
İstərəm çıxmaya zövqi-ələmi-peykanın.

Nə bilir oxumayan müshəfi-hüsnün şərhin,
Yerə göydən nə üçün endiyini Quranın.

Yerdən, ey dil, göyə qavmuşdu sirişkin mələki,
Onda həm qoymayacaqdır oları əfğanın.

Ey Füzuli, olubam ğərqeyi-girdabi-cünun,
Gör nə qəhrin çəkirəm dönə-dönə dövranın.

***

Ey müsəvvir, yar timsalinə surət vermədin,
Zülfü rüx çəkdin, vəli, tabü təravət vermədin.

Eşq sevdasından, ey naseh, məni mən eylədin,
Yox imiş əqlin, mənə yaxşı nəsihət vermədin.

Dün ki, fürsət düşdü xaki-dərgəhindən kam alam,
Noldu, ey göz yaşı, göz açmağa fürsət vermədin.

Göz yumub aləmdən, istərdim açam rüxsarinə,
Canım aldın, göz yumub-açınca möhlət vermədin.

Bumudur rəhmin ki, xalin eylər ikən qəsdi-can,
Çıxdı xəttin kim onu mən edə, rüxsət vermədin.

Vermə hüsn əhlinə, ya rəb, qüdrəti-rəsmi-cəfa,
Çün cəfa çəkməkdə eşq əhlinə taqət vermədin.

Ey Füzuli, öldün, əfğan etmədin, rəhmət sənə!
Rəhm qıldın, xəlqə əfğanınla zəhmət vermədin.                          

***

Dəhənin şövqünü cansuz güman etməz idim,
Yoxsa birdəm onu mən munisi-can etməz idim.

Vəsfi-xali-ləbini bilsə idim naməqdur,
Arizusunda qara bağrımı qan etməz idim.

Xublar aşiqə meyl etmədiyin bilsə idim,
Özümü eşq ilə rüsvayi-cahan etməz idim.

Düşməsəydi gözümün yaşinə feyzi-nəzərin,
Onu hər sərvin ayağinə rəvan etməz idim.

Salmasaydım dili-viranə imarət tərhin,
Onda gənci-gühəri-eşqi nihan etməz idim.

Sitəmi-təneyi-əğyarə deyildim vaqif,
Yoxsa yarın səri-kuyində məkan etməz idim.

Etməsəydi sitəmi-yar, Füzuli, məni zar,
Bunca fəryad çəkib, ahü fəğan etməz idim.

***

Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm kəfənim.

Canı canan diləmiş, verməmək olmaz, ey dil!
Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.

Daş dələr ahim oxu şəhdi-ləbin şövqindən,
Nola zənbur evinə bənzəsə beytül-həzənim.

Tövqi-zənciri-cünun daireyi-dövlətdir,
Nə rəva kim, məni ondan çıxara zəfi-tənim.

Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim,
Bir hübabəm ki, həvadən doludur pirəhənim.

Bülbüli-ğəmzədəyəm, bağü bəharım sənsən,
Dəhənü qəddü rüxün, qönçəvü sərvü səmənim.

Edəmən tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video